Məhkəmə qərarları › İş №1(064)-11/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-11/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-11/2024 22.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, dövlət ittihamçısı X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Füzuli rayonu, Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10.500 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(064)- 237/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 10.300 manat məbləğində borcunu Zərərçəkmiş şəxs oğuna ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, əslində onun Zərərçəkmiş şəxs cəmi 1.350 manat borcu var və vaxt verilərsə həmin borcun ödənilməsini təmin edə bilər. Ona verilmiş ittihamda 10.300 manat qeyd olunmuşdur ki, bu da Elşənin 1.350 manata əlavə hesabladığı faizlərdir. O, borcuna dair məhkəmə araşdırmalarında iştirak etmədiyindən Elşənə borcunun 10.300 manat deyil, 1.350 manat olmasını sübuta yetirə bilməmişdir. Ona görə də, ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilir. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində onun işlədiyi avtomobil sexinə yanına gələn müştərinin vasitəsi ilə tanımışdır. Bir müddət keçəndən sonra Südabə Quliyeva ondan bir neçə dəfə az məbləğlərdə borc pul almış və geri qaytarmışdır. Sonradan Sudabə onun iş yerinə gələrək uşaqlarının müalicəsi və məktəb xərcləri üçün ondan 10.500 manat borc istəmiş və bir ay ərzində qaytaracağını bildirmişdir. Onun Təqsirləndirilən şəxs etibarı olduğuna görə xx.xx.2017-ci il tarixdə 1.500 manat, xx.xx.2017-ci il tarixdə isə 9.000 manat məbləğində pul vəsaitini X3 vermişdir. Bir neçə ay keçəndən sonra Təqsirləndirilən şəxs zəng vuraraq ona borclu olduğu 10.500 manatı tələb edərkən Təqsirləndirilən şəxs ondan əlavə vaxt istəmiş, o, vaxt versə də yenidən Sudabə onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmadığını görüb Füzuli Rayon Məhkəməsində Təqsirləndirilən şəxs qarşı iddia qaldırmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmiş və Təqsirləndirilən şəxs 10.500 manat pul vəsaitinin alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Sonradan Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış və Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldikdən sonra Füzuli rayon İcra və Probasiya şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ona cəmi 200 manat qaytarmışdır. Füzuli Rayon Məhkəməsinin qərarları ilə Təqsirləndirilən şəxs iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək ona olan borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, 10.300 borcunu ödəməmişdir. Əbu səbəbdən də, S.Quliyev barəsində cinayət işi başlanmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, Təqsirləndirilən şəxs işləyir və onun borcunu hissə-hissə də olsa qaytara bilər. Lakin borcu qəsdən qaytarmadığı üçün Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Şahid Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 10.500 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi Füzuli Rayon Məhkəməsinin qətnaməsi icra olunması üçün Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2018-ci il tarixdə şöbəyə daxil olmuşdur. İcra vərəqəsi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara və məhkəməyə, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Təqsirləndirilən şəxs icra vərəqəsində göstərilən ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs yeri məlum olmadığından onun axtarılması barədə xx.xx.2018-ci il tarixdə qərar qəbul edilərək, qərar icra olunması üçün Füzuli rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə şöbəyə gəlmiş və barəsində qəbul edilmiş icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borcluya rəsmən təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(064)-190/2018 saylı qiyabi qətnaməsindən apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-489/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Borclu Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Ona görə də, borclu Təqsirləndirilən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş bütün icra tədbirləri görülmüşdür, o cümlədən onların təqdimatı əsasında Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sonradan borclu Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin qərarları ilə iki dəfə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər dəfə barəsində 500 manat inzibati cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenə də icra olunmamışdır. İcra zamanı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi 200 manat pul ödənilmiş və xx.xx.2021-ci il tarixədək pul borcu 10.300 manat təşkil etmişdir. Bundan sonra, tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Füzuli rayon icra və probasiya şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs ödənilməmiş qalan 10.300 manat pul borcundan ona heç bir ödəniş etməməsini və borcunu ödəməkdən boyun qaçırmasını bildirmiş və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu səbəbdən borclu Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi tərəfindən qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-in 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə təqdimat göndərilmişdir. Şahid Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 böyük icra məmuru Şahid1lə oxşar məzmunlu ifadə verdi. İfadəsi elan edilmiş şаhid Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2002-ci il tarixdə Ağsu rayonu, Çaparlı kəndində anadan olub, subaydır, hal hazırda Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu, Muğan qəsəbəsində anası Təqsirləndirilən şəxs və qardaşı Əlihüseyn Rüstəmovla birlikdə yaşayır, o, hal hazırda heç bir yerdə işləmir, qardaşı Əlihüseyn fərdi əmək fəaliyyəti ilə məşğul olur, anası Sudabə isə yaşadıqları Hacıqabul rayonu, Muğan qəsəbəsi ilə Meniman kəndinin arasında yerləşən pomidor parnikində işləyərək 360,00 manat əmək haqqı alır. xx.xx.2023-cü il tarixində Füzuli rayon polis şöbəsi tərəfindən anası Təqsirləndirilən şəxs saxlanılarkən bilmişdir ki, anası Sudabə əvəllər Sumqayıt şəhərində yaşadıqları dövrdə adını bilmədiyi hər hansı bir şəxsdən borc pul alıb və onu qaytarmadığı üçün barəsində məhkəmə qətnaməsi çıxıb. Hal-hazırda anası Sudabənin nə qədər borcunun olması barədə xəbəri yoxdur və anası Sudabə bu günə kimi ona və qardaşına kiməsə pul borcunun olması barədə heç nə deməmişdir. Cinayət işinə əlavə olunmuş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 saylı qiyabi qətnaməsi və icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 10.500 manat pulun tutularaq X8 verilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(064)-190/2018 saylı qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Füzuli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, qeyd olunan icra sənədi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(064)-25/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(064)-237/2021 nömrəli qərarının surətindən görünür ki, icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati cərimə edilmişdir. AR ƏƏSMN tabeliyində X2 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixli müraciəti əsasında qeydiyyata alınmışdır. X1 müraciəti əsasında filial tərəfindən onunla əlaqə saxlanılmış, danışıq zamanı Təqsirləndirilən şəxs hal-hazırda işlədiyini və hər hansısa iş tələbinin olmadığını bildirmişdir. xx.xx.2020 və xx.xx.2021-ci il rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmiş və AR CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq olunmuşdur. Füzuli rayon icra və probasiya şöbəsinin xx.xx.2022-cü il tarixli təqdimatından görünür ki, borclu Təqsirləndirilən şəxs AR CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün AR ƏN İstintaq İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası ƏN İmişli Regionl Ədliyyə İdarəsinin müstəntiqi B.Quliyevin 28 mart 2022-ci il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası ƏN İmişli Regionl Ədliyyə İdarəsinin müstəntiqi B.Quliyevin 28 aprel 2022-ci il tarixli axtarış elan edilməsi və tutulma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Nərimanov RPİ MSY-ə yerləşdirilməsi qərara alınmışdır. Füzuli RPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində tutularaq aidiyyəti üzrə Bakı şəhər Nərimanov RPİ MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası ƏN İmişli Regionl Ədliyyə İdarəsinin müstəntiqi B.Quliyevin 10 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi və X6 azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Bakı şəhər Nərimanov RPİ X6 azad edilmişdir. Azərbaycan Respublikası ƏN İmişli Regionl Ədliyyə İdarəsinin müstəntiqi B.Quliyevin 13 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daхil оlmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətdən bəhs edən 84-cü maddəsində aşağıdakılar qeyd olunmuşdur: 84.1. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 84.4. İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək əslində onun Zərərçəkmiş şəxs cəmi 1.350 manat borcu olduğunu bildirmişdir. Lakin məhkəmə onun nəzərinə çatdırır ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə görə onun zərərçəkmiş şəxsə 10.300 manat ödəməli olması müəyyən olunduğundan bu hal yenidən mübahisələndirilə bilməz. Bununla yanaşı, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ondan qeyd olunan məbləğdə pulun tutulmasını müəyyən edən qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və onun bu şikayəti təmin olunmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs dediklərini qeyri-səmimi və özünü müdafiə xarakteri kimi qiymətləndirir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, o cümlədən təsqirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs Südabə Quliyevaya cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzаsını yüngülləşdirən və аğırlаşdırаn hаllar müəyyən еdilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə bildirir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunmuş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə onu da qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara, eləcə də inzibati qaydada məsuliyyətə cəlb edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə cəmi 10.300 manat məbləğində borcundan ödəniş aparmadığına, eləcə də zərərçəkmiş şəxs-tələbkarla razılıq və ya barışıq əldə etməyə ümumiyyətlə cəhd belə göstərmədiyinə görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, onun barəsində sanksiyada nəzərdə tutulmuş ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Məhkəmə hesab edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə bir daha istinad etməyi əsaslı hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı, Təqsirləndirilən şəxs icra sənədinə əsasən yığılmış borcun cüzi hissəsini ödəməsini və qadın olmasını nəzərə alıb törətdiyi cinayət əməlinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni və ədalətli hesab edir. Bununla yanaşı, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza verilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekpertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq iki gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. X1 üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın X5 barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar