Məhkəmə qərarları › İş №1(064)-11/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-11/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-11/2025 05.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1999-cu il tarixdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində 04 oktyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ondan ötrü ki, o, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi şüşə materialdan olan pivə bakalı ilə Zərərçəkmiş şəxs baş və ağız nahiyəsinə zərbələr vuraraq zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq hərəkətləri edərək, 26 may 2024-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndi ərazisində yerləşən ictimai yer hesab edilən Şahid1 işlətdiyi adsız çayxanada etdiyi zarafatın ona xoş gəlmədiyini bəhanə gətirərək Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib sonuncunun ünvanına nalayiq söyüşlər söyərək qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi şüşə materialdan olan pivə bakalı ilə qəsdən Zərərçəkmiş şəxs alın və ağız nahiyələrindən ard-arda iki zərbə vuraraq sonuncuya alın, üst dodaq və hər iki gicgah nahiyələrinin əzilmiş yaraları, üst iki ədəd mərkəzi kəsici dişlərin sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirməklə həmin çayxanada olan şəxslərin istirahətlərini pozaraq onların narahatçılığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır, həmkəndli kimi normal münasibəti olmuşdur. 26 may 2024-cü il tarixdə, saat 19 radələrində dostu Aslanla birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində yerləşən Zakir adlı şəxsə məxsus kafedə oturub pivə içərkən Zərərçəkmiş şəxs həmin kafeyə gəlmiş, həmin vaxt onlar oturan masada 3 ədəd bakalda pivə olmuşdur. Orxan masanın üstündən pivə dolu bakalın birini götürərək başqa stolda oturmuşdur. O, Orxana pivənin ona süzülmədiyini deyərək pivəni götürməməli olduğunu bildirmişdir. Orxan isə ona gözləyə bilmədiyini, onun gözləyə biləcəyini demişdir. Bundan sonra aralarında narazılıq yaranmış, Orxan ona “sən kişi deyilsən” deyərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Orxan onun ünvanına nalayiq söyüşlər söyərək əli ilə boğaz nahiyəsindən tutmuşdur. Bu zaman o, masanın üzərindəki şüşə materialdan olan boş pivə bakalını götürərək Orxanın baş nahiyəsinə bir dəfə zərbə vurmuş və aralarında dava-dalaş başlamışdır. Dava zamanı Orxan onu dalaşdıqları kafenin ikinci mərtəbəsindən aşağı atmaq istəmiş, lakin orada olan kafenin sahibi Zakir və onun dostu Aslan onları aralaşdırmışlar. Bundan sonra o, oradan aralanaraq öz yaşadığı evə getmişdir. O, Orxanla 26 may 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində yerləşən Zakir adlı şəxsə məxsus kafedə dalaşmış, davaya səbəb Orxanın onun oturduğu stola gələrək stolun üzərindən ona aid olan pivə ilə dolu bakalı götürüb içməsi olmuşdur. O, Orxana sifət nahiyəsindən pivə bakalı ilə zərbə vurarkən yanlarında dostu Aslan, kim olduqlarını xatırlamadığı 6-7 nətər müştəri və kafe sahibi Zakir adlı şəxs olmuşdur. Onların arasında dava-dalaş təxminən 3-4 dəqiqə davam etmişdir. Zərər çəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Etdiyi əməldən peşiman olduğunu bildirərək Məhkəmədən yüngül cəza təyin etməyi xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu. Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla aralarında əvvəldən hər hansı ədavəti və ya düşmənçiliyi olmamış, əksinə həmkəndli kimi normal münasibəti olmuşdur. 26 may 2024-cü il tarixdə 19 radələrində pivə içmək üçün yaşadığı Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində yerləşən Zakir adlı şəxsə məxsus kafeyə getmişdir. O, həmin kafeyə çatanda Təqsirləndirilən şəxs həmin kafedə tək oturub pivə içməsini görüb ilk öncə onun yanında oturub pivə içməyə başlamışdır. O, Təqsirləndirilən şəxslə bir bakal pivə içdikdən sonra ikinci bakal pivəni sifariş vermiş, həmin pivə gələndən sonra pivəni yarıya qədər içmiş və həmin ərəfədə İlkinlə zarafat etməyə başlamışdır. İlkin ondan əvvəl də pivə içdiyi üçün pivənin təsirindən sərxoş olmuşdur. O, gördükdə ki, onun zarafatı İlkinin xoşuna gəlmir və İlkin onun zarafatından əsəbiləşir ona görə də pivə bakalını da götürüb İlkinin oturduğu masadan duraraq həmin kafedə digər stolda tək oturub pivə içməyə davam etmişdir. Buna baxmayaraq İlkin sakitləşməyərək uca səslə onunla mübahisə etməyə davam etmişdir. O, İlkinin onunla mübahisə etməyə davam etdiyini görüb, öz içdiyi pivənin hesabını verib masadan duraraq kafedən çıxmaq istəyərkən İlkin onun haqqında nalayiq danışmağa davam etmiş və o, buna görə İlkinə tərəf çevriləndə İlkin qəflətən pivə bakalı ilə ilk olaraq onun baş nahiyəsindən, sonra isə həmin pivə bakalı ilə onun ağız nahiyələrindən zərbələr vurmuşdur. İlkin pivə bakalı ilə onun ağız nahiyəsindən zərbə vurduqda onun üç ədəd dişi zərbənin təsirindən qırılmışdır. Daha sonra İlkin yenə də pivə bakalı ilə ona zərbə vurmaq itsəyərkən o, qolunu həmin zərbənin qabağına verərək İlkinin onu vurmasının qarşısını almışdır. Daha sonra orada olan həmkəndliləri İlkini ondan aralaşdıraraq uzaqlaşdırmışlar. Daha sonra o da kafedən çıxaraq yaşadığı evə getmiş, evə çatdıqda anası Tərgül Əliyeva onun baş və ağız nahiyəsinin qanamasını görüb, ondan nə baş verməsini soruşduqda o, anasına İlkinin pivə bakalı ilə onu vurmasını demişdir. Bundan sonra anası Tərgül Əliyeva DİN-in 102 xidmətinə zəng edərək onun İlkin tərəfindən döyülməsi barədə məlumat vermişdir. İlkinlə onun arasında olan dava təxminən 5-10 dəqiqə davam etmiş, dava zamanı kafedə digər həmkəndliləri Şahid2, Şahid6 və Şahid3, həmçinin kafe sahibi Şahid1 olmuşdur. Həmin vaxt onları kafeni işlədən Şahid1 aralaşdırmış, İlkin onunla dalaşan zaman kafenin iş fəaliyyəti tamamilə pozulmuşdur. Təqsirləndirilən şəxslə barışdığını və ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Füzuli şəhərində yerləşən Azvirt şirkətində fəhlə işləyir. Həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanıyır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Hər ikisi ilə kənd sakini kimi normal münasibəti vardır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində həmkəndlisi Təqsirləndirilən şəxslə kənd ərazisində qarşılaşmış və bir qədər söhbət etdikdən sonra Zakir adlı şəxsin işlətdiyi çayxanaya gedib orada pivə içmək qərarına gəlmişlər. Onlar çayxanaya gedəndə çayxana sahibi Zakir orada tək olmuşdur. Onlar bir masada əyləşmiş, pivə sifariş vermişlər və pivə şüşə bakalda gəlmişdir. Həmin vaxt çayxanada başqa şəxslərin olmasını xatırlamasa da, sonradan xatırlamışdır ki, həmin vaxt çayxananın birinci mərtəbəsində həmkəndliləri Elgünlə Məzahir çay içirlər. Onlar təxminən bir saat ərzində sayını tam dəqiq xatırlamadığı sayda pivə içmişlər. Saat təxminən 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs həmin çayxanaya gəlmişdir. Orxan əvvəl onlarla eyni masada oturmuşdur. Orxanla İlkin bir qədər deyib gülüb şeir dedikdən sonra Orxan həmin masadan digər masaya keçmişdir. Bundan sonra İlkinlə Orxan qarşılıqlı birbiri ilə zarafat etməyə davam etmişlər. Ani bir zamanda onların zarafatları mübahisəyə çevrilmiş, artıq zarafat deyil onlar bir birlərinə nalayiq söyüşlər işlətməyə başlamışlar. Bu zaman Orxan oturduğu masadan qalxıb onların masasına yaxınlaşmış və İlkinə əl atan zaman İlkin masadan qalxaraq pivə içdiyi şüşə bakalı Orxanın baş nahiyəsinə vurmuşdur. Həmin vaxt o, özü də spirtli içkinin təsiri altında olduğundan hadisənin xırda detallarını tam xatırlamır. Bundan sonra oraya çayxana işlədən Zakir gəlmiş və o, Zakirlə köməkləşib Orxanla İlkini aralaşdırmışdır. O, görmüşdür ki,davadan sonra Orxanın ağız nahiyəsindən qan axır. Dava vaxtı çayxanada yuxarıda adlarını çəkdiyi həmkəndliləri olmuşdur, bundan başqa şəxsin olmasını görməmiş və bunu xatırlamır. Ancaq həmin şəxslərin dava-dalaşa və mübahisəyə heç bir qarışacağı olmamış, onlar aşağıda oturduqlarından davanın necə baş verməsini görməmişlər. Dava dalaş təxminən 5-10 dəqiqə davam etmiş, dava-dalaş çayxanada olan müştərilərin narahatçılığına səbəb olmuş, çünki onların hər ikisi birbirlərinə nalayiq ifadələr işlədirdilər. O, Zakirlə birlikdə davanın qarşısını aldıqları üçün müddəti uzanmamışdır. Həmin vaxt nə o, nədə Zakir xəsarət almamışdır. O, davanın konkret olaraq kimin tərəfindən başlanılmasını xatırlamır, lakin İlkinlə Orxan qarşlıqlı zarafat etmiş, bundan sonra onlar zarafatdan pozuluşmuşlar deyə bir birlərinə nalayiq ifadlər işlətmiş və bundan sonra dava başlamış, həmin vaxt İlkin Orxanı pivə bakalı ilə vurmuşdur, lakin o, İlkinin Orxana neçə zərbə vurmasını xatırlamır. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. O, yaşadığı kənddə yerləşən adsız çayxananı işlədir. Həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanıyır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Hər ikisi ilə kənd sakini kimi normal münasibəti vardır. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində işlətdiyi çayxanada olan zaman Təqsirləndirilən şəxs və Şahid4 həmin kafeyə gəlmişlər. Onlar çayxanaya gələrkən spirtli içki qəbul etmişlər ki, buda onların davranışlarından açıq-aydın hiss olunmuşdur. Onlar çayxananın ikinci mərkətbəsində əyləşib pivə sifariş vermişlər. O, sifarişə uyğun olaraq onların hərəsinə bir bakal pivə vermişdir. Bundan təxminən 20-25 dəqiqə sonra digər həmkəndlisi Zərərçəkmiş şəxs də çayxanaya gəlmişdir. Orxan salam verib çayxanaya girən zaman o, Orxana “onlar içkilidirlər və sən digər masada əyləş” demişdir. Orxan ona bir bakal pivə sifariş verib kənarda bir masada əyləşmişdir. Bir qədər sonra İlkin Orxanı öz masalarına dəvət etmişdir ki, “gəl bir yaxşı şeir de, çəkək Tik-tok-da paylaşaq”. Orxan onunla razılaşmış və pivəsini də götürüb İlkinin əyləşdiyi masaya keçmişdir. O, çayxanada olan digər şəxslərin sifarişlərini yerinə yetirmək üçün çayxanadan bayra çıxıb qayıdan zaman Orxanın şeir dediyini, İlkinin isə onu çəkdiyini və əlavə olaraq onun şeirinə müsiqi verdiyini görmüşdür. Həmin vaxt onların arasında mehribançılıq olmuş və heç bir mübahisə olmamışdır. O, çayxananın birinci mərtəbəsində əyləşən digər müştəriləri olan Məzahir, Elgün və Mayılxan adlı şəxslərə dəmlədiyi çayı aparıb vermiş, birinci mərtəbədən yuxarı qalxıb, mətbəxə keçmişdir. Mətbəxdə olan zaman səs-küy qalxmış, o, zala qayıdanda görmüşdür ki, Orxan oturuludur, İlkin isə ayaq üstə əlində pivə bakalı tutmuşdur. Orxanın isə başı al qanın içərisindədir. O, həmin masada əyləşmiş Aslana qışqıraraq “niyə onları dalaşmağa qoyursan aralaşdır deyərək həmin yerə yaxınlaşmış və onları aralaşdırmışdır. Bu zaman Aslan İlkini, o isə Orxanı kənara çəkib onların davasının davam etməsinin qarşısını alaraq onları sakitləşdir. O, İlkinlə Orxanın davasının hansı şəraitdə olmasını, İlkinin Orxana neçə zərbə vurmasını görməmiş, lakin İlkinin Orxanı pivə bakalı ilə vurmasını dəqiq bilir. Sonradan eşitmişdir ki, onların hansısa nalayiq ifadə işlətdiyi üçün mübahisələri yaranmış və İlkin onu pivə bakalı ilə vurub xəsarət yetirmişdir. Həmin vaxt çayxanada yuxarıda adlarını çəkdiyi həmkəndliləri və üç nəfər isə qonşu kəndin sakinlərindən olmuşdur, lakin o, həmin üç nəfər şəxsin adlarını bilmir. Həmin şəxslərin dava-dalaşa və mübahisəyə heç bir qarışacağı olmamış, onlara hər hansı bir xəsarət yetirilməmişdir. Dava dalaş təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxt çayxanada olan müştərilər narahat olmuşdur. Dava zamanı ona hər hansı bir maddi zərər dəyməmişdir. Məhkəmə iclasında Şahid6 ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kənd sakini kimi tanıyır onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Hər ikisi ilə kənd sakini kimi normal münasibəti vardır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində həmkəndliləri Məzahir və Mayılxanla birlikdə Zakir adlı həmkəndlisinin işlətdiyi çayxanaya gedərək çayxananın birinci mərtəbəsində oturub çay içmişlər. Onlar çayxanaya gedən zaman çayxananın ikinci mərtəbəsində həmkəndliləri Orxan, İlkin və Aslanın pivə içib uca sələ danışdıqlarını görüb, yuxarıda yəni ikinci mərtəbədə deyil birinci mərtəbədə oturmuşlar. Mayılxan onlarla çay içdikdən sonra işi olduğunu deyərək qalxıb getmişdir. Bir qədər sonra yuxarıda səs küy gəlmiş, çayxana dəmir dirəklərin üstündə inşa edildiyi üçün çayxana silkələnməyə başlamışdır. Çayxanaya girən zaman həmkəndliləri İlkini, Orxanı eləcə də, Aslanı orada gördüyü və onların içkili olduğunu bildiyi üçün yuxarıya qalxmamış və müdaxilə etməmişlər. Bir qədər sonra onlar aşağı düşdükdə bilmişdir ki, Orxanla İlkin dava ediblər. O, çayxana işlədən Zakirdən eşitmişdir ki, yuxarıda dava dalaş düşmüş, İlkin Orxanı pivə bakalı ilə vurub xəsarət yetirmişdir. O, Orxanın baş nahiyəsində xəsarət olduğunu və onun dişlərinin sındığını görmüşdür. Lakin davanın nə üstə və hansı şəraitdə baş verməsini görməmişdir. Onların davasının səbəbini dəqiq bilmir. Lakin eşitdiyinə görə onların arasında dava söyüş üstündə olmuşdur. Həmin vaxt çayxanada İlkin, Orxan, onların yanında Aslan adlı həmkəndlisi və üç nəfər isə qonşu kəndin sakinlərindən olmuşdur. Lakin onların adlarını bilmir. Ancaq həmin şəxslərin dava-dalaşa və mübahisəyə heç bir qarışacağı olmamışdır. Dava dalaş təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxt çayxanada olan müştərilər narahat olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd edilmiş xüsusatları özlərinə aid hissədə təsdiq etmişdirlər. Məhkəmə iclasında Şahid5 ifadə verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Heç bir yerdə işləmir və evdar xanımdır. Zərərçəkmiş şəxs onun oğludur və onunla birlikdə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla və ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə, saat təxminən 19 radələrində yaşadığı evdə olan zaman kim olduğunu unutduğu şəxs onun mobil telefonuna zəng edərək Orxanı döydüklərini və Orxanın hazırda kəndin baş tərəfində olduğunu bildirmişdir. O, evdən çıxıb piyada həmin istiqamətdə getmiş və Orxan yolun kənarında oturulu vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Orxanın baş və ağız nahiyəsi qanın içərisində olduğunu görmüşdür. Orxandan nə baş verdiyini soruşmuş, Orxan ona, İlkinin onu Zakirin kafesində pivə bakalı ilə vurub xəsarət yetirdiyini demişdir. Bundan sonra o, əsəbləşərək mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək oğlu Orxanın həmkəndlisi İlkin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Orxanı evə apardıqdan sonra 103 təcili tibbi yardım xidmətinə zəng etmiş və həkimlər gəlib Orxana ilkin tibbi yardım göstərərək xəstəxanaya aparmışlar. O, hadisənin necə və hansı səbəbdən baş verməsini bilmir, lakin Zakirin çayxanasında İlkinin Orxanı pivə bakalı ilə vurub ona bədən xsəarətləri yetirdiyini bilmişdir. Orxanın alın nahiyəsində xəsarətdən başqa iki dişi düşmüş, bir dişi isə yarıdan sınmışdır. İş materiallarında olan: - Məhkəmə tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 143/24 nömrəli rəyindən görünür ki, X4 alın, üst dodaq və hər iki gicgah nahiyələrinin əzilmiş yaraları, üst iki ədəd mərkəzi kəsici dişlərin sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (i.v. 19-22). - Füzuli rayon X6 Bölməsinin müstəntiqi polis kapitanı Bəhruz Səfyarlı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Hadisə yerinin baxışının aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dalaşıb ona bədən xəsarəti yetirərərdiyi yer Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində yerləşən Şahid1 işlətdiyi adsız çayxanadır (i.v. 14-18) - Füzuli rayon X6 Bölməsinin müstəntiqi polis kapitanı Bəhruz Səfyarlının xx.xx.2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd şüşə materialdan olan pivə bakalı maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli rayon Polis Şöbəsinə təhvil verilmişdir (i.v. 23-24). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Füzuli rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 91). - Füzuli rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 69-77). - Füzuli rayon X5 Hüquqi şəxsin direktoru Elçin Qurbanovun xx.xx.2024-cü il tarixli, 18-1-36/2-1048/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdən Füzuli rayon X2 kabnetində qeydiyyatdadır, Ruhi-Əsəb Kabnetində qeydiyyatda yoxdur (i.v. 97). - Füzuli rayon İcra Hakimiyyəti başçısının Yuxarı Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-20/2-345/2024 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində yaşayır və kənd icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (i.v. 93-94). - Notarial qaydada təsdiq edilmiş ərizədən müəyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarına və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Bundan əlavə Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)-9/2024 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesablanmaqla 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd şüşə materialdan olan pivə bakalı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)-9/2024 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsinin müvafiq olaraq iki günə bir gün hesablanmaqla 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 05 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd şüşə materialdan olan pivə bakalı hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar