Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-12/2023 28.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Cəlilabad rayonu, Ağbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, Pişəvəri küçəsi ev 82-də qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Yeni massiv 3 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq 0,517 qram miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edib, qanunsuz olaraq üzərində saxlamış, qanunsuz olaraq üzərində daşımış, 26 may 2022-ci il tarixdə saat 16:30 radələrində Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz kəndi ərazisində yerləşən 2 nömrəli stasionar polis postunda saxlanılıb Füzuli rayon Polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibində bir ədəd sellofan bükülüdə yuxarıda qeyd edilən təmiz çəkisi 0,517 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər işğaldan azad olunmuş Cəbrayıl rayonu, Soltanlı kəndində usta köməkçisi işləmişdir. 26 may 2022-ci il tarixdə Füzuli rayonu “Dördyol” adlanan ərazidə yolun kənarında dayanıb maşın gözləyərkən həmin hissədə yerdən bir ədəd sellofan büküm görüb götürmüşdür. Həmin sellofan bükümü açıb iylədikdə orada olan maddənin narkotik vasitə olan heroin olduğunu müəyyən edib sellofan bükümü bağlayaraq sonra istifadə etməsi üçün əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində işlədiyi Cəbrayıl rayonuna getmək üçün Horadiz kəndi yaxınlığındakı stasionar posta gəlmiş, şəxsiyyət vəsiqəsini polis əməkdaşları portalda yoxlayarkən icazəsinin bitdiyini bildirmişlər. Buna görə də o, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə işlədiyi avtomobil təmiri sexinin müdiri Rafailə zəng edərək portalın açılmadığını bildirmişdir. O, telefonla danışarkən postda olan polis əməkdaşları onun hərəkətlərindən şübhələndikləri üçün onunla şifahi söhbət edərək üzərində narkotik vasitə gəzdirməsində şübhələndiklərini bildirmişlər. Buna görə də, onu Füzuli rayon polis şöbəsinə dəvət etmişlər. O, polislərlə birlikdə Füzuli rayon Polis şöbəsinə gəlmiş, şöbədə şübhəli şəxs kimi tutulmuş, ona müdafiəçi təyin edilmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən o, üzərində narkotik vasitə olmasını deməklə həmin bükülünü cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, bundan sonra onun iştirakı ilə protokol tərtib edilmişdir. O, digər iştirakçılarla birlikdə protokolu imzalamış, narkotik vasitə zərfə qoyulmaqla möhürlənərək götürülmüş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, sonradan əməlindən peşman olmuş və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, sadaladığı halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid Füzuli RPŞ post patrul xidməti alayının polis nəfəri X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta saat 17 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən 2 nömrəli stasionar postda xidmət apararkən işğaldan azad edilmiş ərazidə işləmək üçün həmin ərazilərə getmək istəyən Təqsirləndirilən şəxs davranışları onda şübhə yaratmışdır. O, həmin şəxsə yaxınlaşıb hara getdiyini və hansı şirkətdə işlədiyini soruşduqda, Maarif özünü şübhəli apararaq rabitəsiz cümlələrlə onun suallarına cavab vermiş və söhbət əsnasında narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Bu səbəblə o, cinayət axtarış bölməsinin rəisinə məlumat verdikdən sonra posta yaxınlaşan əməliyyat müvəkkili və Təqsirləndirilən şəxsla birlikdə rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. Polis şöbəsində Maarif üzərində narkotik vasitə hesab edilən kütlənin olduğunu etiraf etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə hesab etdiyi bir ədəd xırda sellofan bükümdə kəskin iyi olan “nəşə” kimi adlandırdığı narkotik maddəyə bənzər kütləni cibindən çıxarıb təqdim etmiş, həmin kütləni tapdığını və şəxsi istifadəsi üçün istifadə etdiyini bildirmişdir. Sözügedən narkotik maddəyə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılaraq ekspertizadan keçirilməsi üçün götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf edərək Füzuli rayonu “Dörd yol” adlanan ərazidə narkotik vasitəsini tapdığını və şəxsi istifadə üçün üzərində daşıdığını bildirmişdir. Şahid Füzuli RPŞ-nin əməkdaşı Şahid1 bildirdi ki, Füzuli RPŞ post patrul xidməti alayının polis nəfəri X1 şöbəyə verdiyi məlumat əsasında Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən 2 nömrəli stasionar postda saxlanılan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Maarif üzərində narkotik vasitə hesab edilən kütlənin olduğunu etiraf etmişdir. Ona görə də, Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Maarif üzərində narkotik vasitə hesab etdiyi bir ədəd xırda sellofan bükümdə kəskin iyli narkotik maddə olan heroini cibindən çıxarıb təqdim etmiş və onu Füzuli rayonu “Dörd yol” adlanan ərazidə tapdığını və şəxsi istifadə üçün üzərində daşıdığını bildirmişdir. Sonra narkotik maddəyə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılaraq ekspertizadan keçirilməsi üçün götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə onun tərəfindən də imzalanmışdır. Şahid Füzuli RPŞ-nin əməkdaşı Şahid2 Eynulla oğlu Şahid1lə oxşar məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş: Füzuli RPŞ TB-nin təhqiqatçısı V.Abdullayevin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə haqqında 26 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində Füzuli rayon polis şöbəsində şəxsi axtarış aparılmış, onun üzərindən əynində olan göy rəngli şalvarının sağ yan cibində bir ədəd sellofan bükülüdə çəkisi 0,7 qram olan narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, məhkəmə-kimyəvi ekspertizasının rəyindən sonra həmin kütlənin təmiz çəkisi 0,517 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) qutu “Maqna” markalı siqaret, sürücülük, şəxsiyyət vəsiqələri və 3 (üç) ədəd bir manatlıq əskinaslar aşkar edilmişdir. Şəxsi axtarış və götürmə foto və videoçəkiliş ilə qeydiyyata alınaraq protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli, 18/590 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış kağız paketdəki, 01 ədəd kağız bükümdə olan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.517 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildi-0,06 qram, qalıq- 0,457 qramdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 30,40 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5344 nömrəli rəyindən görünür Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Füzuli RPŞ İB-nin müstəntiqi Ş.Mehdiyevin xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin gün saat 12:00da saxlanıldığı MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cəlilabad rayon İHB-nin Göytəpə şəhər İƏD üzrə nümayəndəsi E.Əmirov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2848 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var: 2005-ci il təvəllüdlü X3 və 2006-cı il təvəllüdlü X4. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, törətdiyi əməli səmimi şəkildə etiraf etməklə əməlindən peşmançılıq çəkməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməklə etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirilən halların dairəsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza növü nisbətən yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,457 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE**********00********) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,457 qram heroin məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri tel.: ***-***-**-** xx.xx.2023-cü il 1(064)-12/2023 Təqsirləndirilən şəxs Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Yeni massiv 3 Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-12/2023 saylı hökmü sizə göndərilir. Qoşma: hökm. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-12/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-12/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver