Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-15/2025 21.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Füzuli rayonu, Mahmudlu-1 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu-1 kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 221.3 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən, yaşadığı evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs sonuncunun saat 16 radələrində onun istifadəsində olan mobil nömrəyə zəng edib anası Şahid3 sahib çıxmasını və sonuncunun ünvanına nalayiq sözlər deməsi, bundan sonra həmin həyətdə bunun səbəbini soruşarkən bu sözləri bir daha təsdiq etməsi, beləliklə də zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətlər etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas almaq məqsədilə istifadəsində olan “Xiaomi Note 12 S” markalı mobil telefonla sifət nahiyəsinə qəsdən bir dəfə zərbə vurması, saçından tutub dartması, yumruq və təpiklə qəsdən zərbələr vurması nəticəsində hər iki gözətrafı nahiyənin qançırları, sol almacıq nahiyəsinin hematoması, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin deformasiyası, burun sümüyünün yerdəyişən sınığı və sol bud nahiyəsinin ön-iç səthinin qançırından ibarət, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü mahiyyəti baxımdan qismən, yəni Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin əksər hissələrinin məzmununa uyğun olaraq göstərmişdir ki, Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən, yaşadıqları həyətyanı torpaq sahəsində üç sayda yaşayış evləri mövcuddur. Həmin evlərin birində o, arvadı Şahid4 (bundan sonra - arvadı) və uşaqları, birində qardaşı Zahir (bundan sonra - Zahir), arvadı Zərərçəkmiş şəxs (bundan sonra – Təranə) və uşaqları, digərində isə anası Şahid3 (bundan sonra - anası) yaşamışlar. Əvvəllər onunla Təranə arasında normal münasibət olmuşdur. Əvvəllər dəfələrlə anası ilə Təranə arasında müxtəlif səbəblərdən mübahisələr olduğuna görə sonuncuya anası ilə aralarında mübahisəli vəziyyət yaranarkən anası ilə mübahisə etməməsi üçün onun yaşadığı evə, arvadının yanına getməsini, orada onun gəlməsinə qədər gözləməsini xahiş etmiş, yaşadığı evə gəldikdən sonra anasını sakitləşdirəcəyinə dair vəd vermişdir. Buna baxmayaraq, 16 avqust 2024-cü il tarixdə saat 16 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndində xalası Zərgülün yaşadığı evdə fəhlə işləyərkən arvadının da gördüyü və eşitdiyi şəraitdə Təranə onun istifadə etdiyi mobil nömrəyə zəng edib onunla danışarkən anasının ünvanına nalayiq sözlər demiş, ondan anasına sahib çıxmasını tələb etmişdir. Buna görə də saat 19 radələrində yaşadığı kənddə çayxanada olmuş qardaşı Zahirin istifadəsində olan mobil nömrəyə zəng edib sonuncuya yaşadığı evə gəlməsini tapşırdıqdan sonra yaşadıqları həyətə gəlmiş, həmin vaxt anası işdə olmuş, arvadı isə həyətdə olmuşdur. Həyətdə olarkən arvadının yanında Təranədən qardaşı Namiqlə anasının ünvanına nalayiq sözlər demələrinin səbəbini soruşmuş, Təranə cavabında özünün və qardaşı Namiqin ünvanına anası tərəfindən nalayiq sözlər deyilməsinə görə haqlı olaraq sonuncunun ünvanına nalayiq sözlər dediyini bildirmişdir. O, Təranənin onunla mobil telefonla danışarkən anasının ünvanına nalayiq sözlər deməsindən və yaşadıqları həyətdə olarkən həmin sözləri haqlı olaraq deməsini təsdiq etməsindən əsəbiləşdiyinə görə Təranənin ünvanına nalayiq söz demiş, sonuncuya istifadəsində olmuş “Xiaomi Note 12 S” markalı mobil telefonla sifətinə bir dəfə zərbə vurmaqla, saçından tutub dartmaqla, yumruq və təpiklə zərbələr vurmaqla müxtəlif xəsarətlər yetirmişdir. Həmin vaxt Təranə onun sol qolunu dişləmişdir. Arvadı onu və Təranəni bir-birindən aralaşdırdıqdan sonra qonşuları Şamama, Gülaçar, müvafiq olaraq onların gəlinləri olan Səmayə və Şəlalə səs-küy eşitdiklərinə görə onların yaşadıqları həyətə gəlmiş, Təranənin burnundan qan axdığını, sonuncu ilə onun bir-birinin ünvanına nalayiq sözlər deyib mübahisə etdiklərini görmüş, onları sakitləşdirmiş, Təranəni Şamamanın yaşadığı evə aparmışlar. Bundan sonra anası və Zahir yaşadıqları həyətə gəlib ondan nə baş verdiyini soruşmuşlar. O, anasına və Zahirə cavabında Təranəni anasının ünvanına nalayiq sözlər deməsinə görə döydüyünü demişdir. Təranə Şamamagildən yaşadıqları həyətə gəlib Zahirə anasının ünvanına nalayiq sözlər deməsinə görə onun tərəfindən döyüldüyünü demiş, bundan sonra mətbəxdən götürdüyü, üzərində “ACE” sözü yazılmış kimyəvi maddədən içmişdir. Göstərdiklərinə əsasən anası, Zahir, qonşuları Şamama, Gülaçar, Səmayə və Şəlalə onun Təranəyə zor tətbiq etməsini görməmişlər. Əgər Təranə onun göstərdiyi vəziyyətlərdə anasının ünvanına nalayiq sözlər deməsəydi, o, Təranəyə zor tətbiq etməzdi. Həmçinin, sonuncu onun tövsiyyəsinə əsasən anası ilə mübahisə etməmək üçün onun yaşadığı evə gəlməsinə qədər həmin evə gedib arvadının yanında olsaydı, iş üzrə hadisə baş verməzdi. Göstərdiklərinə əsasən iş üzrə xuliqanlıq cinayət əməlini törətməmişdir. İş üzrə törətdiyi cinayət əməlindən səmimi peşiman olması, Təranə ilə barışıq əldə etməsi, himayəsində dörd nəfər azyaşlı uşağın olması və İİİ qrup əlil olması nəzərə alınaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 22 oktyabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməli ilə bağlı halları hadisə yerində göstərmişdir (səh. 88-91). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində işin bütün faktiki halları, o cümlədən iş üzrə ona qarşı törədilmiş cinayət hadisəsinin baş vermə səbəbi barədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmiş, həmçinin, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu hazırki ifadəsinə uyğun olan hissələrdə təsdiq etmiş və əlavə olaraq qeyd etmişdir ki, 16 avqust 2024-cü il tarixdə saat 16 radələrində qardaşı X3 (bundan sonra - Namiq) onun yaşadığı evdə qalmış, özünə məxsus olan şəxsiyyət vəsiqəsini götürmək üçün onun yaşadığı evin həyətinə gələndə o, Namiqdən həmin həyətə ailə üzvlərinin gəlməsinə qayınanası Şahid3 (bundan sonra – Laləzər) razı olmaması, əks halda onu təhqir edəcəyinə görə daxil olmamasını xahiş etmiş, bu səbəbdən Namiq həyətə giriş darvazasının yanında dayanmışdır. O, yaşadığı evdən götürdüyü, Namiqə məxsus şəxsiyyət vəsiqəsini sonuncuya vermək istəyəndə Laləzər Namiqin onların yaşadıqları həyətə gəlməsinə görə onun və Namiqin ünvanına nalayiq sözlər demiş, sonuncudan həmin həyətə gəlməməsini tələb etmişdir. Namiq Laləzərin ünvanına nalayiq söz demədən getdikdən sonra göstərdiyi səbəbdən Laləzərlə onun arasında mübahisə yaranmış, o və Laləzər bir-birinin ünvanına nalayiq sözlər demişlər. İş üzrə Təqsirləndirilən şəxs (bundan sonra - Əfqan) ona qarşı törətdiyi qanunsuz hərəkətlər barədə dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edib məlumat vermiş və 17 avqust 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə yazılı qaydada şikayət vermişdir. Əgər o, Əfqana Laləzərin ünvanına nalayiq sözlər deməsəydi, Əfqan ona zor tətbiq etməzdi. O, Laləzərin ünvanına nalayiq sözlər deməsindən peşimandır. Əfqanla qohumu olduğuna görə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Buna görə də Əfqan barəsində azadıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid1 və Şahid8 verdikləri ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Şahid4 işin bütün faktiki halları, Şahid3, Şahid1 və Şahid8 isə işin onlara aid olan faktiki halları, Şahid3 və Şahid1, həmçinin iş üzrə cinayət hadisəsinin baş vermə səbəbi barədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda göstərmişlər. Məhkəmə istintaqı zamanı Şahid3 verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən gəlini Zərərçəkmiş şəxs (bundan sonra – Təranə) qardaşı Namiqin (bundan sonra - Namiq) onların yaşadıqları həyətə daxil olmasını gördüyünə və əvvəllər Namiqin müəyyən hərəkətlərindən narazı qaldığına görə Təranədən Namiqin onların yaşadıqları həyətə gəlməməsini tələb etmiş, lakin Namiqin ünvanına nalayiq söz deməmişdir. Təranə Namiqin şəxsiyyət vəsiqəsini sonuncuya verdikdən və Namiq getdikdən sonra Təranə ona Namiqin onların yaşadıqları həyətə gəlməsinə razı olmamasına görə etiraz etmiş, bununla əlaqədar onunla Təranə arasında mübahisə olmuşdur. Lakin o və Təranə bir-birinin ünvanına nalayiq söz deməmişlər. Bundan sonra o, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən iş yerinə getmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 verdiyi ifadəsində əlavə olaraq göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə saat 16 radələrində qayınanası Şahid3 ilə qayını arvadı Zərərçəkmiş şəxs arasında sonuncunun qardaşı Namiqin onların yaşadıqları həyətə gəlməsinə qayınanasının etiraz etməsi səbəbindən mübahisə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə saat 19 radələrində özünə məxsus iri buynuzlu heyvanları örüş otlaq sahəsindən yaşadığı həyətə gətirərkən qonşusu Təqsirləndirilən şəxs yaşadığı həyətin giriş darvazası tərəfdən səs-küy eşitmiş, bir neçə qonşusunun orada olduğunu, qonşusu Zərərçəkmiş şəxs öyüyüb qaytardığını görmüş, sonuncuya Təqsirləndirilən şəxs tərəfindən zor tətbiq edilməsini, eləcə də sonuncunun Zərərçəkmiş şəxs ilə mübahisə etməsini görməmişdir. Məhkəmə iclaslarına şahid qismində dindirilmək üçün lazımi qaydada çağırılsalar da, gəlmədiklərinə görə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən bütün cinayət prosesi tərəflərinin razılığı ilə iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 və Şahid6 (səh. 79-82) həmin ifadələrində işin faktiki hallarının özlərinə aid olan hissələri barədə Təqsirləndirilən şəxs, Şahid2 (səh. 63, 64) isə həmin ifadəsində işin faktiki hallarının özünə aid olan hissələri barədə Zərərçəkmiş şəxs ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs 17 avqust 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, o, 16 avqust 2024-cü il tarixdə qaynı Təqsirləndirilən şəxs ona mobil telefonla sifət nahiyəsinə zərbə vurmaqla, saçından tutub dartmaqla və yumruqla zərbələr vurmaqla müxtəlif xəsarətlər yetirdiyini göstərmiş, buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh. 8). - Məhkəmə-tibbi ekspertizasının 21 avqust 2024-cü il tarixli, 1427 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı hər iki gözətrafı nahiyənin qançırları, sol almacıq nahiyəsinin hematoması, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin deformasiyası, burun sümüyünün yerdəyişən sınığı və sol bud nahiyəsinin ön-iç səthinin qançırından ibarət xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər (sonuncudan başqa) bərk küt əşyanın (əşyaların) birbaşa zərbəvi təsirindən 16 avqust 2024cü il tarixdə törənmiş, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aiddir (səh. 28, 29). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etməyə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına az ağır zərər vurmağa görə həmin Məcəllənin 127.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının müəyyən edilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Cinayət işi materiallarından görünür ki,: - Füzuli rayon prokurorunun 16 sentyabr 2024-cü il tarixli qərarı (səh. 1) ilə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 62c-24 nömrəli araşdırma materialı üzrə qəsdən sonuncunun sağlamlığına az ağır zərər vurulması faktına görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə başlanmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Füzuli Rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilmişdir. - Füzuli RPŞ-nin baş müstəntiqinin 24 oktyabr 2024-cü il tarixli qərarları (səh. 110- 126) ilə iş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş əməlin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 221.3 və 127.1-ci maddələrinə tövsif edilməsi sonuncunun Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş ictimai-təhlükəli hərəkəti hərəkətləri ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə, Zərərçəkmiş şəxs anası Şahid3 ünvanına nalayiq sözlər deməsini səbəb gətirməklə törətməsi, həmçinin yaxınlıqda yaşayan qonşuların həmin ictimaitəhlükəli hərəkətlərdən narahat olub hadisənin baş verdiyi həyətə gəlib Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralaşdırması ilə əsaslandırılmışdır. - İbtidai istintaq orqanı tərəfindən “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2024-cü il tarixli qərar və ittiham aktı (səh. 141, 142, 169-181) əsasında Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 221.3 və 127.1-ci maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 16 avqust 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən, yaşadığı evin həyətində qardaşı arvadı Zərərçəkmiş şəxs sonuncunun saat 16 radələrində onun istifadəsində olan mobil nömrəyə zəng edib anası Şahid3 sahib çıxmasını və sonuncunun ünvanına nalayiq sözlər deməsinə görə bunun səbəbini soruşduqdan sonra uca səslə ünvanına nalayiq sözlər deməklə, istifadəsində olan silah qismində əşya kimi istifadə etdiyi “Xiaomi Note 12 S” markalı mobil telefonu sifət nahiyəsinə qəsdən bir dəfə vurması, saçından tutub dartması, yumruq və təpiklə qəsdən zərbələr vurması nəticəsində hər iki gözətrafı nahiyənin qançırları, sol almacıq nahiyəsinin hematoması, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin deformasiyası, burun sümüyünün yerdəyişən sınığı və sol bud nahiyəsinin ön-iç səthinin qançırından ibarət, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə silah qismində əşyadan istifadə edib, özünü ətrafda olan şəxslərə qarşı qoyan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş və qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman həmin cinayətin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221-ci maddəsilə tövsif olunmalıdır. Məhkəmə bu hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, cinayətin tövsifi zamanı ilkin olaraq, şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.1, yoxsa 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilməlidir. Əgər şəxsin əməlində həmin Məcəllənin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilərsə, yalnız bundan sonra həmin Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin də olması müəyyən edilə bilər. Buna görə də şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.2.3-cü deyil, 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilərsə, cinayətlərin məcmuyu qaydasında, həm də həmin Məcəllənin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması müəyyən edilə bilməz. Çünki cinayətin tövsifi zamanı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olması əməlin cinayətlərin məcmuyu qaydasında həmin Məcəllənin 221-ci maddəsi ilə də tövsif edilməsini istisna edir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun törətdiyi, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş əməldə həm məzmun, həm də rəqəm ifadəsi ilə əvvəlcə Azərbaycan Respublikası CM-in 221.3-cü, sonra isə həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin mövcud olmasının göstərilməsi, eləcə də, bu halın Təqsirləndirilən şəxs həmin əməli xuliqanlıq niyyətilə törətmədiyinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edildiyi halda, cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə də tövsif edilməsi ilə nəticələnməsi, beləliklə də xuliqanlıq niyyəti müəyyən olunmadan əməlin xuliqanlıq kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun formalaşdırdığı yuxarıda göstərilən hüquqi mövqeyə zidd olmuşdur. Məhkəmə göstərilən əlamətləri iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda sonuncunun törətdiyi, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurulması ilə nəticələnmiş əməli cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə tövsif etməsinin qanuni olmamasına dair ilkin göstərici kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in: - 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. - 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki,: - cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. - Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. - Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sonuncu Qərarda və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında, həmçinin göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Azərbaycan Respublikası CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” İcmalında (https://supremecourt.gov.az/storage/pages/301/ali-mehkemenin-icmali-xuliqanliq-2.pdf) göstərilmişdir ki,: - xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. - Təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsinin əhatə olunmadığı, təqsirkarın hərəkətlərinin konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətləri şərtləndirdiyi, mübahisə və yaxud dalaşmanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladığı, münaqişəyə zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətlərinin səbəb olduğu hallarda əməl xuliqanlıq kimi tövsif edilə bilməz. - Zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Buna görə də hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, nəticədə xuliqanlıq niyyəti müəyyən olunmadan əməlin xuliqanlıq kimi qiymətləndirilməsi əsassızdır. Məhkəmə iş üzrə ibtidai istinaq orqanının Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən başqa, 221.3-cü maddəsilə də tövsif edərkən əsaslandığı yuxarıda göstərilən hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq İcmalında formalaşdırılmış yuxarıda göstərilən hüquqi mövqeləri tətbiq edərək hesab edir ki,: - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid4 və Şahid1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri əsasında Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə saat 19 radələrində Füzuli rayonu, Mahmudlu-1 kəndində yerləşən, yaşadığı evin həyətində zərərçəkmiş şəxs olan qardaşı arvadı Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) zor tətbiq etməsinin səbəbini və ya Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsinə sövq edən amili zərərçəkmiş şəxsin saat 16 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edib anası Şahid3 ünvanına nalayiq sözlər deməsi, həmin sözləri həyətdə Təqsirləndirilən şəxs bir daha təkrarlaması, beləliklə də zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətlər etməsi təşkil etdiyinə, nəticədə Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədilə törətməsi, bu halların ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etməməsi müəyyən edildiyinə görə həmin hadisə zamanı yaranmış səs-küyün onların yaxınlığında yaşayan bir neçə nəfər qonşuları tərəfindən eşidilməsi və həmin qonşuların hadisə yerinə gəlib Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxsi aralaşdırmaları özü-özlüyündə Təqsirləndirilən şəxs törətdiyi həmin ictimai-təhlükəli hərəkətlərin hüquqi təbiətini dəyişən, bu hərəkətləri zərərçəkmiş şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hallar kimi qəbul edilə bilməz. Çünki göstərilən qaydada zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs anasının ünvanına nalayiq sözlər deməsi sonuncunun zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlərin əsasını (motivini) təşkil etmişdir. - Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayətkar hərəkətlərində xuliqanlıq niyyətinin olmaması onun ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq Zərərçəkmiş şəxs qarşı, sonuncunun sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərər vurmadığını göstərir. - İş üzrə ibtidai istintaq orqanının “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2024-cü il tarixli qərar və ittiham aktında Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda sonuncunun Zərərçəkmiş şəxs qarşı müvafiq ictimai-təhlükəli hərəkətləri məhkəmənin müəyyən etdiyi səbəbdən törətdiyini müəyyən etsə də, sonuncunun Təqsirləndirilən şəxs anası haqqında nalayiq sözlər deməsini Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, nəticədə bu hərəkətlərə bəhanə kimi qiymətləndirməsi aşkar surətdə faktlarla uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış etmişdir. Beləliklə, iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən başqa, cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə tövsif etməsi, nəticədə sonuncuya həmin Məcəllənin 221.3-cü maddəsi ilə də ittiham irəli sürməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibinin olmadığı müəyyən edildikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPMin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə ona qarşı həmin Məcəllənin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində iş üzrə ona qarşı Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Şahid3 və Şahid1 verdikləri ifadələri, Şahid5 və Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdikləri, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadələri, məhkəmə-tibbi ekspertizasının 21 avqust 2024-cü il tarixli, 1427 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmışdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal yoxdur. Buna görə də o, həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CM-in: - 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. - 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə göstərilən qanunvericilik normalarına, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnaməyə və Füzuli Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(064)23/2022 nömrəli qərarının surətinə (səh. 59, 93, 94) əsaslanaraq hesab edir ki, həmin qərarla Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verildiyinə və o, cinayət məsuliyyətindən azad edildiyinə görə onun yenidən eyni əsasla cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. O, əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Füzuli RİHB-nın Bala Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə, AZ-İ seriyalı, 551266 nömrəli nikah haqqında şəhadətnamə, AZE seriyalı, 12649537 və 12649538 nömrəli, AA seriyalı, ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, Füzuli rayonu, Mahmudlu-1 kəndində arvadı, 17 avqust 2011, 2018 və 2023-cü il təvəllüdlü olan üç nəfər azyaşlı, 2010-cu il təvəllüdlü olan bir nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 95-99, 102, 103). - əlillik haqqında elektron arayış və 036529 nömrəli əlillik haqqında vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİİ qrup gözdən əlildir (səh. 77, 100). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsində də Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərərək, Təqsirləndirilən şəxs barəsində azadıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, iş üzrə cinayət əməlini Zərərçəkmiş şəxs onun anası Şahid3 ünvanına nalayiq sözlər deməsi, beləliklə də zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini həmin Məcəllənin 59.1.8-ci maddəsinə, sonuncu ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, İİİ qrup əlil olması, himayəsində 2010-cu il təvəllüdlü olan bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, zərərçəkmiş şəxslə qohumluq münasibətində olması, himayəsində üç nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olması, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, İİİ qrup əlil olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, həmçinin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etməsini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də məhkəməyədək icraat zamanı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-15/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-15/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver