Məhkəmə qərarları › İş №1(064)-19/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-19/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-19/2023 07.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd siqaret dənəsi və üç ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 0,25 qram, 2,18 qram, 4,55 qram və 4,85 qram olmaqla, ümumi təmiz çəkisi 11,83 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış, onun iki ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,55 qram və 4,85 qram təşkil edən hissələrini Füzuli rayonu, 95 ailəlik Fin qəsəbəsində yerləşən yaşadığı evin arxa tərəfindəki tikilinin girişində olan dəmir su novunun altında, qalan hissələrini isə əynində olmuş gödəkçənin sol cibində saxlamışdır. Həmin kütlələr 27 oktyabr 2022-ci il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış və qeyd edilən tikiliyə baxış keçirilərkən saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. İş üzrə tutulmamışdan bir neçə gün əvvəl yerdən tapdığı qurudulmuş marixuananı şəxsən istifadə etmək məqsədilə üzərində götürmüşdür. 27 oktyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxanda iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən, ümumi təmiz çəkisi 11,83 qram təşkil edən qurudulmuş marixuananın iki ədəd kibrit qutularında olan hissələrini Füzuli rayonu, 95 ailəlik Fin qəsəbəsində yerləşən yaşadığı evin arxa tərəfindəki tikilinin girişində olan dəmir su novunun altına, bir ədəd siqaret dənəsi və bir ədəd kibrit qutusunda olan hissələrini isə şəxsən istifadə etmək məqsədilə əynindəki gödəkçənin sol cibinə qoymuşdur. Saat 15 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol cibində bir ədəd siqaret dənəsi və bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaları könüllü olaraq təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Əldə etdiyi qurudulmuş marixuanaların qalan hissələrini özünün yaşadığı evin yaxınlığında gizlətdiyini etiraf etmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla özünün yaşadığı evin arxa tərəfindəki tikiliyə baxış keçirilərkən girişdə olan dəmir su novunun altında gizlətdiyi, iki ədəd kibrit qutularında olan qurudulmuş marixuanaları təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Həmin istintaq hərəkətlərinin keçirilməsi zamanı verdiyi izahatlarında da hazırki məzmunda göstərmiş, tərtib edilmiş protokollara imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilən qurudulmuş marixuananın ümumi təmiz çəkisini mübahisləndirmir. Əməlindən səmimi peşimandır. Narkotik vasitədən asılılığını aradan qaldırmaq məqsədilə 18 yanvar 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək “Respublika Narkoloji Mərkəzi”ndə könüllü surətdə stasionar müalicədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbiri, sonuncunun üzərinə şəxsi axtarışın keçirilməsi, Şahid2 isə əlavə olaraq, Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki tikiliyə baxış keçirilməsinin nəticələri barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, sonuncunu 27 oktyabr 2022-ci il tarixdə barəsində narkotik vasitələr əldə etməsi, üzərində və yaşadığı evin arxa tərəfindəki tikilidə saxlaması barədə Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında saxlamışlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatına dair raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış, yazılı razılığı ilə yaşadığı evin arxa tərəfindəki tikiliyə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri, şəxsi axtarış və yaşadığı evin arxa tərəfindəki tikiliyə baxış keçirilməsinin əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların sonuncu və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (səh. 4, 5, 8, 25-27, 32-34). - Məhkəmə-bioloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 18/1165 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki bir ədəd siqaret dənəsi və bir ədəd kibrit qutusunda olan, təmiz çəkiləri müvafiq olaraq 0,25 qram və 2,18 qram olmaqla, ümumi təmiz çəkisi 2,43 qram, üzərində “Təqsirləndirilən şəxs həyətində olan yardımçı binadan ...” sözləri yazılmış zərfdəki iki ədəd kibrit qutularında olan, təmiz çəkiləri 4,55 qram və 4,85 qram olmaqla, ümumi təmiz çəkisi 9,40 qram təşkil edən kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Ekspertiza xərci 31,95 manatdır (səh. 42-44). - Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6933 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 103, 104). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımağa görə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qramdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici, şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evin arxa tərəfindəki tikiliyə baxış keçirilməsi barədə 27 oktyabr 2022-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəməbioloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 18/1165 nömrəli rəyi, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 91). - Füzuli rayon Mənzil Kommunal istismar sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamə, müvafiq şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələr və nikah haqqında şəhadətnamənin surətləri, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 fevral 2023-cü il tarixli məktubları və “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 30 yanvar 2023 və 13 fevral 2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və iki nəfər azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Füzuli Rayon Mərkəzi Xəstəxanasında Təqsirləndirilən şəxs “Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi. Tez-tez olan qıcolma tutmaları” diaqnozu, qızı Adilə Alısoy isə “Qlikogen depo xəstəliyi. İnkişaf etaplarının ləngiməsi. Vitamin D çatışmazlığı” diaqnozu ilə qeydiyyatdadırlar, imtiyazlı dərmanlardan istifadə edirlər. Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdə könüllü surətdə stasionar müalicədə olmuşdur (səh. 75-79). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, “Epilepsiya” xəstəliyindən əziyyət çəkməsi, 18 yanvar 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdə könüllü surətdə stasionar müalicədə olması və qızı Adilə Alısoyun “Qlikogen depo xəstəliyi”ndən əziyyət çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, “Epilepsiya” xəstəliyindən əziyyət çəkməsi, 18 yanvar 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdə könüllü surətdə stasionar müalicədə olması və qızı Adilə Alısoyun “Qlikogen depo xəstəliyi”ndən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növünə və təmiz çəkisinin nisbətən az həddə olmasına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə yaxın müddətə, konkret olaraq 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6933 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,75 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,75 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar