Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-19/2024 01.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Füzuli rayonu, Alıxanlı kəndinin ərazisində yerləşən «Sizin market» adlı marketindən nağd pul və tütün məhsullarını tamah niyyəti ilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq məqsədilə 19 oktyabr 2023-cü il tarixdə saat 17- 18 radələrində həmin marketə yaxınlaşmış, marketin dəmir barmaqlıqdan olan qapısı üzərindəki asma qıfılı həmin yerdən tapdığı ağac parçası ilə sındırıb saxlanc yeri hesab olunan marketə qapıdan qanunsuz daxil olaraq marketdəki şkafın siyirtməsindən 300 (üç yüz) manat nağd pulu, habelə vitrində olan, 1 qutusunun orta bazar qiyməti 2,60 (iki manat altmış qəpik) olmaqla 20 qutu «Pallmall» və 1 qutusunun orta bazar qiyməti 2,90 (iki manat doxsan qəpik) olmaqla 10 qutu «Winchester» markalı, cəmi 81 (səksən bir) manat dəyərində siqaretləri gizli talamaqla oğurlayıb öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 381 (üç yüz səksən bir) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 ilə bir kənddə yaşayırlar. O, 2023-cü ilin may ayında Loğmandan 20 manat pulu borc olaraq bir neçə gün müddətinə qaytaracağını bildirsə də maddi imkansızlığından aldığı pulu qaytara bilməmişdir. 12 iyul 2023-cü il tarixdə saat 15 radələrində kəndlərində keçirilən toy məclisində olarkən Loğman ona yaxınlaşıb borc verdiyi 20 manat pulu qaytarmasını tələb etmişdir. O, pulu qaytara bilmədiyini bildirdiyindən aralarında mübahisə yaranmışdır. Bundan sonra, o, Loğmanın işlətdiyi «Sizin market» adlı marketdən pul və siqaret oğurlamaq qərarına gəlmişdir. 19 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində nahar zamanı spirtli içki qəbul etmiş, həmin gün saat 17 radələrində sərxoş vəziyyətdə Loğmanın işlətdiyi «Sizin Market» adlı marketə yaxınlaşıb marketin dəmir barmaqlıqdan olan qapısının qıfılla bağlı olduğunu görərək marketin qarşısına yığılmış ağac parçasının bir ədədini götürüb qıfılın arasına salmış və güc verərək qıfılı sındırmışdır. Sonra marketə daxil olmuş, içəridəki açıq vəziyyətdə olan plastik qapıdan marketin içərisindəki ərzaq yığılmış yerə keçərək şkafın siyirtməsini çəkib oradakı pulları götürərək cibinə qoymuş, sonra vitrindəki 20 qutu «Palmall» markalı və 10 qutu «Winçester» markalı siqaretləri, eləcə də cəmi 300 manat pulu götürüb çölə çıxmışdır. Sonra qapının üzərindəki qıfılı yenidən dəmir həlqəyə keçirməklə oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, sonradan tutduğu əməlindən peşman olmuşdur. Vurduğu ziyanı ödədiyi üçün zərərçəkmiş şəxsin hazırda ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Füzuli rayonu, Alıxanlı kəndində yaşayır və kənddə «Sizin Market» adlı marketdə qardaşı Ziyadxanla birlikdə ərzaq və tütün məhsullarının satışı ilə məşğul olur. 19 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində marketin dəmir barmaqlıqdan olan qapısını bir ədəd asma qıfılla bağlayıb yaşadığı evə getmişdir. Qapının açarını evdə qardaşı Ziyadxana verərək nahar fasiləsindən sonra marketə gedib alverlə məşğul olmasını tapşırmışdır. Həmin gün, saat 18 radələrində qardaşı Ziyadxan istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək marketin qapısının üzərindəki qıfılın sındırıldığını, nağd pulun, «Pallmall» və «Winchester» markalı siqaretlərin oğurlandığını bildirmişdir. O, həmin gün işlətdiyi marketə gedərək qardaşı Ziyadxanla təftiş apararkən müəyyən etmişdir ki, şkafın siyirtməsindən 300 (üç yüz) manat nağd pul, vitrindən 20 (iyirmi) qutu «Pallmall» və 10 (on) qutu «Winchester» markalı siqaretlər oğurlanmışdır. Bundan sonra, Azərbaycan Respublikası DİN 102 zəng mərkəzinə məlumat verərək işlətdiyi marketdən tütün məmulatlarının və nağd pulun oğurlanmasıi barədə məlumat vermişdir. Füzuli RPŞ-də aparılmış araşdırmanın nəticəsində marketdən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirdi. İfadəsi elan edilmiş şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı Füzuli rayonu, Alıxanlı kəndində «Sizin Market» adlı marketdə böyük qardaşı Loğmanla birlikdə ərzaq və tütün məhsullarının satışı ilə məşğul olur. 19 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində qardaşı Loğman evə gələrək marketin qapısının açarını ona verib nahar fasiləsindən sonra təsərrüfatlarında olan qoyunları otarmağa aparacağını bildirərək marketi işlətməsini tapşırmışdır. O, həmin gün saat 15 radələrində marketə gedib marketin dəmir barmaqlıqdan olan qapısının üzərindəki asma qıfılı açarla açaraq alverlə məşğul olmuş və alverin pulunu həmişəki kimi şkafın siyirməsinə yığmışdır. Şkafın siyirməsində təxminən 300 manat məbləğində 50, 20, 10, 5 və 1 manatlıq əskinaslar olmuşdur. Həmin gün saat 17 radələrində marketin qapısını bir ədəd asma qıfılla bağlayıb nahar etmək üçün yaşadığı evə getmiş və saat 18 radələrində marketə gəlib qapının üzərində olan asma qıfılı açmaq istədikdə, qıfılın sındırılaraq açıldığını və qıfılın qapının üzərinə taxıldığını görmüşdür. O, marketə daxil olaraq şkafın siyirtməsinə baxdıqda orada olan 300 manat nağd pulun və vitrində olan siqaretlərin oğurlandığını görüb oğurluq barədə qardaşı Loğmana məlumat vermişdir. Bir neçə dəqiqə sonra Loğman marketə gəlmiş və marketdən 20 qutu «Pallmall» və 10 qutu «Winchester» markalı siqaretlərin oğurlandığını müəyyən etmişlər. Onlar öz aralarında oğurluq etmiş şəxsi (şəxsləri) tapmaq qərarına gəlmiş, ona görə də həmin gün oğurluq barədə heç bir hüquq-mühafizə orqanına müraciət etməmişlər. Sonradan qardaşı Loğman istifadə etdiyi nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verərək bir həftə əvvəl işlətdiyi marketdən tütün məmulatlarının və nağd pulun oğurlanması barədə məlumat vermişdir. 28 oktyabr 2023-cü il tarixdə Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Toğrul Əliyev tərəfindən hadisə yerinin baxışı aparılmış və araşdırma aparılarkən Füzuli rayon Polis şöbəsinin əməkdaşlarından marketdən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Cinayət işinə əlavə edilmiş: Füzuli rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Fərid Fərəczadənin 10 noyabr 2023-cü il tarixli, 3-373/1-17386/2023 nömrəli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus Füzuli rayonu, Alıxanlı kəndində yerləşən marketdən nağd pulu və siqaretləri həmin kənd sakini Təqsirləndirilən şəxs oğurlamışdır. «Hadisə yerinin baxışının aparılması haqqında» 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Sizin market» adlı market Füzuli rayonu, Alıxanlı kəndində yerləşir. Market mişar daşından hörülmüşdür, marketin qabaq tərəfi dəmir barmaqlıqlarla bağlanmış dəmir barmaqlıqdan olan qapı üzərindəki asma qıfıl sındırıldan sonra plastik materialından olan qapı quraşdırmışdır. Marketdəki vitrinlərdə müxtəlif adda ərzaq malları, içkilər, yuyucu vasitələr və tütün məhsulları səliqə ilə vitrinlərdə düzülmüşdür. Marketin içərisindəki şkafın siyirtməsində alverdən əldə olunmuş pullar vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 marketin dəmir barmaqlıqdan hazırlanmış qapısı üzərində asma qıfılın sındırıldığı yeri, marketin içərisində pulları və siqaretləri saxladığı yeri təqdim etmişdir. Baxış zamanı marketdən iş üçün əhəmiyyət kəsb edən hər hansı alət və vasitə aşkar edilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 09 yanvar 2024-cü il tarixli, 9/9438 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tütün məmulatlarının 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada 01 qutu «Pallmall» markalı tütün məmulatı - 2,60 manat, 01 qutu «Winchester» markalı tütün məmulatı - 2,90 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 01 dekabr 2023-cü il tarixli tələbnamədən və Şəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsinin 1 aprel 2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən şöbənin qeydiyyatındadır və cəzasının çəkilməsi davam edir. Füzuli RPŞ İB-nin baş müstəntiqi B.Hüseynovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, vurulmuş maddi ziyanın ödənilməklə zərərçəkmiş şəxsin şikayətçi olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.4. azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdən Füzuli rayonİcra və Probasiya şöbəsində qeydiyyatdadır. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə 19 oktyabr 2023-cü il tarixdə hazırkı cinayət əməlini törətsə də əvvəlki törətdiyi cinayətə görə təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından əməlində cinayətlərin residivi yaranmamışdır. Təqsirləndirilən şəxs hazırkı tarixə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət 8 ay 10 gün, cəzanın çəkilməmiş hissəsi isə 7 ay 4 gün təşkil edir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və vurulmuş ziyanın aradan qaldırılması məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı və CM-in 67.1-ci maddəsinin tələbinə əsasən Şəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq MEM-in hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunan əmlak, mülki iddia və maddi sübut yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Şəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 ay 4 gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini (Füzuli rayonu, Alıxanlı kəndi) axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Füzui rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzui rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE**********00********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-19/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-19/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver