Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-2/2023 17.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, dövlət ittihamçısı X2, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, tərcüməçi X1 və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1986-ci ildə İran İslam Respublikasının Meşkin şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi qaydada fəhlə kimi fəaliyyət göstərən, məhkumluğu olmayan, İran İslam Respublikasının Tehran şəhəri, Serayi Şəriyyəti küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 17 sentyabr 2022-ci il tarixdə saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Fizuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsində təhvil verilmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ona CM-in 318.1-ci maddəsi ilə elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, təxminən 15 ildir ki, Tehran şəhərində yaşayır. İranda ailə həyatında yaranmış problemlərə və ciddi rejimə görə Azərbaycanda yaşamaq qərarına gəlmiş, lakin əvvəllər məhkum olunduğuna görə düşünmüşdür ki, rəsmi yolla Azərbaycana gedə bilməz. Buna görə də, sərhədi qanunsuz yolla keçməklə 16 sentyabr 2022-ci il tarixdə yaşadığı Tehran şəhərindən avtobusla Parsabad rayonuna, oradan isə yol maşını ilə Aslandüz rayonuna gəlmişdir. Həmin gün Aslandüz rayonunun çıxacağında olan parkda gecələdikdən sonra 17 sentyabr 2022-ci il tarixdə səhər saat 5-6 radələrində Aslandüz rayonunun Hacılı kəndinə gələrək Araz çayına doğru getmişdir. Araz çayını keçməklə təxminən səhər saat 07:00 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçmişdir. Əsas magistral yoldan keçən maşınlara əl edərək bir neçə maşın dəyişməklə Bakı şəhərinə gəlmişdir. Bakıya çatdıqdan sonra Dənizkənarı Bulvara getmiş və orada gecələmişdir. Səhər açılanda soruşa-soruşa “Taxta bazarı” adlanan yerə getmiş və adını xatırlamadığı mağazalarda fəhləlik etməyə başlamışdır. Bu ilin sentyabr ayının 23-dək həmin yerdə günəmuzd işləmiş və gecələri də orada gecələmişdir. 23 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, onun Azərbaycana gəlməkdə məqsədi burada yaşamaq və işləmək olmuşdur. İfadəsi elan olunmuş şahid Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov RPİ cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində 1 nəfər naməlum şəxsin dövlət sərhədini qanunsuz yolla keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsi və həmin şəxsin Ziya Bünyadov prospektində yerləşən taxta bazarlarından birində günəmuzd fəhlə işləməsi barədə əməliyyat məlumatı daxil olunmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında dərhal xidməti sahədən həmin şəxsin tapılması üçün Ziya Bünyadov prospektində yerləşən taxta bazarına getmişdir. Həmin vaxt qeyd olunan ərazidə axtarış tədbirləri nəticəsində sözügedən şəxsi saxlamış və aydın olmuşdur ki, dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçən şəxs İran İslam Respublikası vətəndaşı 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Həmin şəxs saxlanılan zaman dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçdiyini və keçdikdən sonra taxta bazarında günəmuzd fəhlə işlədiyini səmimi olaraq etiraf etmişdir. İfadəsi elan olunmuş şahid N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçusu əsgər Şahid2 Bahadır oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 06:30-dan 11:30-a dək naryad başçısı X5 ilə birlikdə X7 Gözətşisi xidmətinə təyin olunmuşlar. Əmr aldıqdan sonra xidmət sahəsinə hərəkət edərək o, maneə çəpərinin dibi ilə, naryad başçısı T.Əliyev isə əsas yolla hərəkət edərək xidmət sahəsinə çatmışlar və dövlət sərhədinin pozulmaması, digər şübhəli hal və əlamət olmaması barədə radio rabitə vasitəsilə naryad məruzə etdikdən sonra xidmətlərini davam etdirmişlər. İfadəsi elan olunmuş şahid N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçusu əsgər X5 da Şahid2 Bahadır oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş: N nömrəli hərbi hissə komandiri polkovnik Samir Salamovun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazi 18-ci sərhəd zastavasının 11-ci sahəsi olmuşdur. Azərbaycan Respublikası DSX ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən rəqsi qaydada hərəkəti qeydə alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmışdır. Beləliklə də, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, törətdiyi əməli səmimi şəkildə etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CMin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal (və ya hallar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir…. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə cəzası da nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, törədilmiş cinayətin ictimai təhlükəliliyi, xarakteri və eləcə də idarəetmə qaydası əleyhinə olan cinayətlər kakteqoriyasına aid olması nəzərə alınmaqla ona daha ağır cəza növü olan azadlıqdan məhrumetmənin təyin olunması daha əsaslıdır. Bütün bunlarla yanaşı, məhkəmə həm də əcnəbi Təqsirləndirilən şəxs əlavə cəza növü olan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasını da təyin etməyi zəruri hesab edir. Belə ki, CM-in Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarmadan bəhs edən 52.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Miqrasiya Məcəlləsinin 74.7-ci maddəsində qeyd edilir ki, məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəza çəkməkdən azad edildikdə, bu barədə cəzanı icra edən orqanın verdiyi məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı həmin şəxslərin Azərbaycan Respublikasında qalması və ya bu Məcəllənin 79.1.3-cü maddəsində göstərilən halda Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsini həll edir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə aşağıdakı qənaətə gəlir: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanımalıdır. Əcnəbi Təqsirləndirilən şəxs əlavə cəza təyin olunmalı və o, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2022-ci il tarixindən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bu hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmün bu hissəsinin icrası Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunsun. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-2/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-2/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver