Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-2/2025 03.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X8 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilən Təqsirləndirilən şəxs və onun Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Rusiya Federasiyası, Bryansk vilayəti, Bryansk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, 16 noyabr 2021 -ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara görə “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Qərarının 2.2-ci maddəsinə əsasən cəzadan azad edilmiş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,052 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmin kağız paketdə salfet kağızının içərisində 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda özünün istehlak etməsi üçün qanunsuz olaraq əldə edib, qanunsuz olaraq üzərində saxlamış, qanunsuz olaraq daşımış, 27 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Qarabağ kəndinin ərazisindən keçən hissəsinin yaxınlığında yerləşən “Elgiz” adlı kafedə yeyib içdikdən sonra, kafedən çıxıb cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi “VAZ-21070” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək yaşadığı evə qayıtmaq üçün avtomobillə az məsafə qət etdikdən sonra Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin kafenin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Füzuli rayon Polis şöbəsinə gətirilmiş, Füzuli rayon Polis şöbəsinin inzibati binasında müdafiəçisi X5 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarışı aparılarkən əynində olan gödəkçəsinin cibindən “Vest” markalı siqaret qutusunun içərisində 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,052 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin kağız paketdə salfet kağızının içərisində 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verdi. Əlavə olaraq əməlindən səmimi peşman olduğunu bildirərək Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 yanvar 2023cü il tarixdə Beyləqan rayon sakini Zaur adlı şəxsin Füzuli rayonu, Qarabağ kəndinin ərazisində yerləşən kafelərin birində Şahid1 ilə görüşməyə gələrkən qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə daşıyacağı barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı Adil Səmədovun tərəfindən əməliyyat-axtarış tədbiri keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmiş, onun cinayət-axtarış bölməsinin əməkdaşları polis baş leytenantları Şahid6, Şahid4 və polis leytenantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qərar rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq edildikdən sonra həmin gün saat 19:30 radələrində Əhmədbəyli-Füzuli yolunun Füzuli rayonu, Qarabağ kəndinin ərazisindən keçən hissəsində “Elgiz” adlı kafenin qarşısında Şahid1 idarə etdiyi “VAZ-2107” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və onlar Füzuli rayon Polis şöbəsinə gətirilmişlər. Füzuli rayon Polis şöbəsinin inzibati binasında təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Süleyman Süleymanov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun razılığı əsasında polis əməkdaşlarının və onun müdafiəçisi X6 iştrakı ilə videoçəkilişlə şəxsi axtarışı aparılmış, şəxsi axtarış zamanı onun əynində olan göy rəngli gödəkçənin cibindən «Vinston» markalı siqaret qutusunun içərisindən bir ədəd plastmas borucuq, bir ədəd şüşə flakon, bir ədəd salfet bükümündə ağ rəngli kristal maddə, əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən dəmir “Vazelin” qutusunda bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə qəhvəyi rəngli maddə, bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə şəffaf rəngli kristal maddə, bir ədəd «Vinston» markalı siqaret qutusunda bir ədəd salfet kağızın içərisində bir ədəd sellofan kəsiyi bükümündə şəffaf rəngli kristal maddə, şalvarının sağ yan cibindən qara rəngli kaburda göy rəngli bir ədəd “Samsunq” markalı mobil telefon aparatı, bir ədəd “Leo Bank” plastik kartı, 10 manat 30 qəpik pul, bir ədəd alışqan, bir ədəd “Vinçester” markalı boş siqaret qutusu, bir ədəd qulaqcıq və iki ədəd fəhlə əlcəyi aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Vinston” markalı siqaret qutusunu kafeyə gələrkən kafenin qarşısında yerdə gördüyünü və ona maraqlı gəldiyi üçün həmin qutunu götürüb içərisinə baxdıqda qutunun içərisində bir ədəd şüşə flakon bir ədəd plasmas borucuq, Vazilen qabının içərisində isə iki ədəd kağız salfetka kəsiyi bükümü, həmin bükümlərin birində olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, şəffaf rəngli kristal maddələrin isə metamfetamin olduğu üçün öz istifadəsi üçün cibinə qoyduğunu bildirmişdir. Vazelin qutusundan aşkar edilmiş iki ədəd gümüşü rəngli kağız bükümdə şəffaf rəngli kristal maddələr elektron tərəzidə çəkilərkən müəyyən edilmişdir ki, bir ədəd gümüşü rəngli kağıza bükülü qəhvəyi rəngli maddə 0,2 qram, bir ədəd gümüşü rəngli kağıza bükülü şəffaf rəngli kristal maddə 1,4 qram, üç ədəd salfet kəsiyi bükümlərdə olan şəffaf rəngli kristal maddələrin hər biri 0,4 qramdır. Həmin narkotik vasitə və psixotrop maddələr baş təhqiqatçısı polis mayoru Süleyman Süleymanov tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara oxunduqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Ondan sonra şübhəli şəxs qismində tutulmuş Şahid2 razılığı əsasında onun müdafiəçisi Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarışı aparılmış və onun əynində olan şalvarın bel nahiyəsinə keçirilmiş bir ədəd qara rəngli kaburanın içərisində olan dəstəyi qara rəngli lenta ilə sarınmış bir tərəfi kəsici əldə düzəldilmiş bıçaq, şalvarın ön sol cibindən 3 ədəd alışqan, bir ədəd cib dəsmalı, bir ədəd salfet, arxa sol cibindən qara rəngli kişi papağı,qabaq sağ cibindən bir ədəd içərisində 4 ədəd müxtəlif mağazalara məxsus kart, iki ədəd "xxxx" ASC-yə məxsus plastik kart, bir ədəd Bakı karta məxsus kart, bir ədəd “Umico” kart, iki ədəd “Araz” marketə məxsus “Spar” kart, X3 adına olan sürücülük vəsiqəsi, bir ədəd “Qarabağ qaziləri” birliyinin üzvlük vəsiqəsi, bir ədəd telefon nömrəsi, bir ədəd özünə məxsus fotoşəkil, 3 ədəd “Rapira” markaı lezva aşkar edilərək götürülmüşdür. Onun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Daha sonra Şahid1 idarə etdiyi “VAZ-2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, bu barədə baş təhqiqatçı, polis mayoru Süleyman Süleyman tərəfindən protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Füzuli rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid6 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 20-21-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhə şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50-də Füzuli Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 3-4,19-21,70-74-cü vərəqələrində olan materiallardan görünür ki, Füzuli rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Füzuli rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 21:53-də Füzuli rayon Polis şöbəsinin inzibati binasında müdafiəçisi X6 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarışı aparılarkən əynində olan gödəkçəsinin cibindən “Vest” markalı siqaret qutusunun içərisində 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,052 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin,həmin kağız paketdə salfet kağızının içəsində 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 70-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli, 18/101 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,052 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; həmin kağız paketdə salfet kağızının içəsində 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Həmin salfet kağızın içərisində 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,776 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir; 1 ədəd şüşə flakonda narkotik vasitə heroinin izi, 1 ədəd plastmas borucuqa psixotrop maddə metamfetamin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu şəbədən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 187-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi “Publik hüquqi şəxsi” Ambulator məcburi-narkoloji X15 komissiyasının xx.xx.2023-ci il tarixli, 867 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserlərində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 149-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən verilmiş 09 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə və əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan amnistiya aktının tətbiq edilməsi haqqında 16 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay (beş) gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssəsinə keçirilmişdir. Cəzasının əvvəli xx.xx.2010-cu il tarixdən hesablanmaqla, çəkilməmiş cəzası 2 (iki) ay 18 (on səkkiz) gün təşkil edir. “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2-ci bəndində deyilir ki, Bu qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa aşağıdakı məhkumlar bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzə alınmaqla, cəzalardan azad edilsinlər. Həmçinin Qərarın 2.2-ci bəndində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssəsində cəza çəkən şəxslərin cəzadan azad olunması nəzərdə tutulur. Məhkum Təqsirləndirilən şəxs “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli Qərarının 2.2-ci bəndinin təsiri altına düşür və məhkum Təqsirləndirilən şəxs həmin qərara əsasən cəzadan azad edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin CAB-si tərəfindən 760437 nömrəli axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə verilmiş ittihamla bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən: 1.0.8. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərarın 16-cı bəndinə görə satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixotrop maddələrin) heç olmasa bir növünün miqdarının adıçəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 18-ci maddəsində müəyyən olunmuşdur ki, residivin yaranmasını şərtləndirən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsidir. Qanunverici cinayətlərin residivinin yaranmasını qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən təyin edilmiş cəzanın real çəkilməsi ilə şərtləndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və Məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin Məhkəmə hazırki ittihamın “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması” hissəsi ilə bağlı bildirir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanunun tələbinə görə narkotik vasitə olan heroinin xeyli miqdar hesab edilməsi üçün minimum miqdar 0,15 qram müəyyən edilmişdir. İttihamda göstərilən miqdar qanunvericiliklə müəyyən edilmiş miqdardan az olduğundan Məhkəmə hesab edir ki, ittihamdan “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd “gümüşü” rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,064 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması” hissəsi xaric edilməlidir. Bununla da müəyyən olunur ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən narkotik vasitədən istifadə etdiyi üçün bundan səmimi peşman olmaqla əməlini könüllü olaraq etiraf etməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi peşmanlığını, cinayətlərin residivini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını 1 (bir) il 6 (altı) ay təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Ona görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, cinayət işinin istintaqı zamanı Füzuli Rayon Polis X7 baş təhqiqatçısı, polis mayoru X2 xx.xx.2023-cü il tarixli qərarı ilə saat 20:00-da Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həmin tarixdə, saat 17:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 20:00-dan xx.xx.2023-cü il tarixdə saat 17:50-dək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli həbsdə olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Plenum qərarının 28-ci bəndində göstərilir ki, Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi “Publik hüquqi şəxsi” Ambulator Məcburi-narkoloji X15 Komissiyasının xx.xx.2023-cü il tarixli, 867 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd videodisk və Azercell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş 49,74 manat xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra 1 ədəd bükümdə təmiz çəkisi 0,064 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,052 qram psixotrop maddə metemfetamin və 1 ədəd sellofon kəsiyi bükümdə təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-dan xx.xx.2023-cü il tarixdə saat 17:50-dək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanıb ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın. Onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli həbsdə olduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra 1 ədəd bükümdə təmiz çəkisi 0,064 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,052 qram psixotrop maddə metemfetamin və 1 ədəd sellofon kəsiyi bükümdə təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 03 ədəd videodisk və Azercell Telekom MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-2/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-2/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver