Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-20/2023 14.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, 25 avqust 1972-ci ildə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X2 İdarəsinin Zobucuq-1 nasos stansiyasında maşinist işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, ev 184-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə saat 14:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində olarkən yaşadığı Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, 184 nömrəli evin qarşısından keçən qəsəbəarası yolda qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun oğlu Elnur Vəliyevin 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində ağır cinayət törətməsi barədə ona vaxtında məlumat verməməsi səbəbindən aralarında uzun müddətdir davam edən, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onunla qarşılıqlı olaraq dalaşıb həyət darvazasının qarşısından keçən qəsəbəarası yolun kənarında saxladığı «Kamaz 55111» markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ayaqaltından götürdüyü dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs başına zərbələr vurmuş, sonuncu həmin zərbələrin təsirindən huşunu itirərək yerə yıxıldıqdan sonra o, yerdə də Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə həmin dəmir parçası ilə zərbələr vurub ona baş beyin silkələnməsi ilə müşayət olunan təpə və sağ gicgah nahiyələrinin əzilmiş yarası, sol çiyin qurşağının qançırı, hər iki əl nahiyələrinin sıyrığı xarakterli olmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, 20 oktyabr 2022-ci il tarixdə günorta saat 13-14 radələrində yaşadığı evdə nahar edərkən spirtli içki qəbul etmiş, bir neçə dəqiqədən sonra siqaret çəkmək üçün evinin həyət darvazasının qarşısından keçən yola çıxmışdır. Bu vaxt qonşusu Elşənin də öz yaşadığı evin həyətindən yola çıxmasını görmüş, Elşən onu görən kimi heç bir səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, Elşənin söyüşlərinə fikir verməmək üçün telefonunu qulağına tutaraq özünü eşitməməzliyə vurmuş və həyət darvazasından içəriyə daxil olmuşdur. Elşən yol tərəfdən həyət darvazasını daşlamış, həmin daşlar onun həyətinə düşmüşdür. O, yenidən yola çıxdıqda Elşən onun üzərinə hücum edərək əlindəki plasmas boru ilə boyun və baş nahiyəsinə zərbələr vurmuşdur. Buna görə yenidən qaçıb həyətinə girmiş və həyət darvazasını arxadan bağlayıb istifadə etdiyi telefonla Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Elşən ona nalayiq söyüşlər söyməsini davam etdirmiş, səs-küyə yetkinlik yaşına çatmayan qızı Gülnur evdən çıxıb ona yaxınlaşmış, onlar birlikdə yenidən yola çıxdıqda Gülnür ona təmkinli olmasını və ondan həyətlərinə keçməsini xahiş etmişdir. O, həyətinə keçərək oradan polis sahə rəisinin köməkçisi polis serjantı Qismət Hüseynovun telefonuna zəng edib qonşusu Elşənin onunla dalaşması barədə məlumat verərək onu hadisə yerinə çağırmışdır. Sahə rəisinin köməkçisi Qismət Hüseynov hazırda tədbirdə olduğunu bildirərək gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəqiqə sakitlik yaranmış, o, Elşənin oradan uzaqlaşıb evinə getməsini güman edərək həyət darvazasının açıb yenidən qəsəbəarası yola çıxdıqda Elşən əlində tutduğu balta ilə onun üstünə gəlmişdir. Bunu görən qızı Gülnur onun qolundan tutaraq ona baş qoşmamasını demiş, Gülnurun bu sözlərindən əsəbləşən Elşən əlindəki balta ilə Gülnurun başına vurmaq istəmişdir. O, sol biləyini zərbənin qabağına vermiş və baltanın dəmir borudan olan sap hissəsi onu bilək nahiyəsinə dəyərək xəsarət yetirmişdir. O, qızı Gülnurla yenidən həyətinə daxil olub həyət darvazasını arxadan bağlamış, Elşən onun ünvanına nalayiq söyüşlər söyüb hədələmişdir. Gülnur əmisi Rabil Heydərova sonra isə 103 X3 şöbəsinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra qardaşı Rabil idarə etdiyi avtomobillə onlara gəlmiş və avtomobili yolda saxlayaraq onun həyətinə daxil olmuşdur. O, yol tərəfdən səs gəlməsini eşidərək yenidən qızı Gülnurla həyət darvazasını açıb yola çıxdıqda Elşənin öz həyət darvazasının qarşısında dayanmasını görmüşdür. Elşən onları görən onu tutduracağını deyərək əlində olan baltanın dəmir borudan olan sapı ilə özünün başına zərbələr vuraraq özünə xəsarətlər yetirmişdir. O, Elşənin alın və sifət nahiyəsinin qanadğını görüb yenidən öz həyətinə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra X3 avtomobili ilə gələn tibb işçisi ona ilk tibbi yardım göstərmiş və təzyiqin düşməsi üçün iynə vuraraq onu Füzuli rayon mərkəzi xəstəxanasının X3 şöbəsinə aparmışdır. Həmin xəstəxanada ona tibbi yardım göstərilmiş və həmin gün xəstəxanadan evə buraxılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, aralarında ədavət olduğundan Zərərçəkmiş şəxs ona qarşı yalan və qərəzli ifadə verir. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur və aralarında bir neçə dəfə münaqişə olmuşdur. 20 oktyabr 2022-ci il tarixdə günorta saat 14:30 radələrində yaşadığı evin qarşısından keçən yola çıxmışdır. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs da öz həyət darvazasının qarşısından keçən yola çıxmış və onu görən kimi ünvanına nalayiq söyüşlər söymüşdür. Həmçinin həyətdə saxladığı «KAMAZ» markalı avtomobilin qapısını açaraq ayaq altından dəmir parçası götürüb onun üstünə gəlmiş və dəmir parçası ilə sol gicgah nahiyəsinə qəsdən zərbələr vurmuşdur. O, ağrıdan uca səslə qışqırmış, gözü qaralmış, bir anlığa huşunu itirərək yerə yıxılmışdır. Rahil yerdə də onun baş və sol çiyin nahiyələrinə dəmir parçası ilə zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Onun başı qanamış və səs-küyə çıxan arvadı Şahid2 onu yıxıldığı yerdən qaldıraraq evlərinə aparmışdır. O, mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə zəng vuraraq qonşusu Rahil tərəfindən döyülərək xəsarətlər alması barədə məlumat vermişdir. Sonra isə telefonla 103 X3 şöbəsinə zəng edib döyülərək xəsarətlər almasını bildirməklə X3 çağırmışdır. Təxminən yarım saat sonra X3 avtomobili ilə gələn tibb işçisi onu həmin avtomobil ilə Füzuli rayon mərkəzi xəstəxanasının X3 şöbəsinə aparmışdır. Xəstəxanada ona ilk tibbi yardım göstərilmiş, həmin gün məhkəmə-tibbi ekspertizasından müayinədən keçmiş və cərrah həkim tərəfindən təpə nahiyəsində olan xəsarətlərinə tikişlər qoyulmuşdur. O, 24 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən dəmir parçası ilə xəsarətlər yetiriləsi barədə Füzuli rayon Polis şöbəsinə ərizə və izahat vermiş, 31 oktyabr 2022-ci il tarixədək Füzuli rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsində müalicə olunmuşdur. O, həmin gün səhər yeməyi yeyərkən 100 qram spirtli içki qəbul etsə də sərxoş vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs guya onun dava zamanı plasmas boru ilə Rahili vurması, balta ilə Rahilin qızı Gülnur Heydərovanı vurmaq istəməsi, eləcə də əlindəki baltanın sapı ilə özünə xəsarətlər yetirməsi barədə verdiyi ifadəsi yalandır. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və onun ağır cəzalandırılmasını xahiş edir. Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə qonusudur. 20 oktyabr 2022-ci il tarixdə günorta saat 14 radələrində yaşadığı evdə olarkən əri Elşən həyət darvazalarının qarşısından keçən yola çıxmışdır. Bir neçə dəqiqədən sonra Elşənin uca səslə qışqıraraq kömək istəməsini eşitmiş və dərhal yola çıxanda onu yolda yerə yıxılaraq özündən getmiş vəziyyətdə görmüşdür. O, Elşənə yaxınlaşdıqda başının qanadığını, Rahilin isə əlində dəmir parçası olduğunu görmüşdür. O, Elşəni yıxıldığı yerdən qaldırıb evə aparmışdır. Elşən bir neçə dəqiqədən sonra özünə gəlmiş və Rahilin onu görən kimi ünvanına nalayiq söyüşlər söydükdən sonra yolun kənarında saxladığı «KAMAZ» markalı avtomobilin salonundan götürdüyü dəmir parçası ilə onu vurub xəsarətlər yetirməsini ona bildirmişdir. Sonra Elşən mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə, daha sonra isə 103 X3 şöbəsinə zəng edib döyülərək xəsarətlər alması barədə məlumat vermişdir. Təxminən yarım saat sonra X3 avtomobili ilə gələn tibb işçisi Elşəni Füzuli rayon mərkəzi xəstəxanasının X3 şöbəsinə aparmışdır. Həmin xəstəxanada Elşənə ilk tibbi yardım göstərilmiş, cərrah həkim tərəfindən təpə nahiyəsində olan yaralara tikişlər qoyulmuşdur. İfadəsi elan edilmiş şahid Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 Beyləqan rayonlararası şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, Füzuli RPŞ təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Süleyman Süleymanovun 20 oktyabr 2022-ci il tarixli qərarı əsasında Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə başlamış, müayinə zamanı Zərərçəkmiş şəxs təpə, sağ gicgah nahiyəsində 4 x 5,02 sm, eləcə də 5x 0,3 sm ölçülərdə yaralar, sol çiyin qurşağında qançır, hər iki əl nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs Füzuli rayon mərkəzi xəstəxanasında qeydiyyatda olduğunu bildirmişdir. O, 31 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs adına tərtib edilmiş xəstəlik tarixinə baxış keçirərək qeydiyyatlarını götürmüş və 02 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs barəsində 385/22 nömrəli məhkəmə-tibbi ekspertinin rəyini tamalayaraq aidiyyəti üzrə Füzuli rayon Polis şöbəsinin təhqiqat bölməsinə göndərmişdir. Zərərçəkmiş şəxs baş nahiyəsində aşkar olunmuş yaralar böyük həcmli olması və həmin xəsarətlərin hər birinin huşun itirilməsi ilə nəticələnən baş beyin silkələnməsi ilə müşayət olunduğundan həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi mümkün deyildir. Cinayət işinə əlavə edilmiş: 06 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə dalaşdıqları yer Füzuli rayonu, Zobucuq-1 qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı 184 nömrəli evin arxasından keçən qəsəbəarası yolla Zərərçəkmiş şəxs yaşadığı 181 nömrəli evin arasında baş vermişdir. Baxış Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə aparılmış, baxış zamanı həmin yerdən iş üçün sübuti əhəmiyyət kəsb edən hər hansı alət və vasitə aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinin baxışı bir ədəd diskə köçürülmüş və bir ədəd disk 18 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Beyləqan rayonlararası şöbəsindən verilmiş 02 noyabr 2022-ci il tarixli, 385/22 №-li ekspert rəyindən görünürki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayət olunan təpə və sağ gicgah nahiyələrinin əzilmiş yarası, sol çiyin qurşağının qançırı, hər iki əl nahiyələrinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli RPŞ İB-nin müstəntiqi polis polkovnik-leytenantı B.Hüseynovun 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də məhkəmə onun ifadəsini qeyri-səmimi və özünü müdafiə xarakteri kimi qiymətləndirir və bildirir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başından aldığı xəsarətlərin özü-özünə yetirdiyini bildirsə də ibtidai istintaq zamanı dindirilmiş ekspert Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs baş nahiyəsində aşkar olunmuş yaralar böyük həcmli olması və həmin xəsarətlərin hər birinin huşun itirilməsi ilə nəticələnən baş beyin silkələnməsi ilə müşayət olunduğundan həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmənin qənaətinə görə, bütün bu halların məcmusu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və onun azadlıqdan məhrumetmə cəzasına məhkum olunması cəzanın məqsədlərinə uyğun hesab edilmir. Digər tərəfdən azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməsini nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını əsaslı hesab etmir. Məhkəmə belə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə təqsirkar şəxs Təqsirləndirilən şəxs AR CM-in 128-ci maddəsi ilə cəza təyin edərkən onun şəxsiyyətini, ailədə və məişətdə davranışını, eləcə də zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə almaqla ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını ədalətli sayır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə qarşı əvvəllər hüquqpozuntusu, indi isə ictimai təhlükəli cinayət əməli törətdiyinə görə hələ də qanunlara və birgəyaşayış qaydalarına əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Bu hal onda cinayət törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməlin ictimai təhlükəliliyinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 1(064)-20/2023 xx.xx.2023-cü il Təqsirləndirilən şəxs Ünvan: Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, ev 184 Zərərçəkmiş şəxs Ünvan: Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, ev 181 Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-20/2023 saylı hökmü sizə göndərilir. Qoşma: hökm. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-20/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-20/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver