Məhkəmə qərarları › İş №1(064)-20/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-20/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-20/2024 04.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, 15 dekabr 1982-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Şəkərcik kəndində pasport qeydiyyatında olmaqla Füzuli rayonu, Qayıdış-3 qəsəbəsi, ev 13-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,532 qram, ümumi təmiz çəkisi 0,736 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımış, 18 noyabr 2023-cü il tarixdə, saat 09 radələrində Füzuli rayon Polis şöbəsinin əməkdaşları Füzuli rayonu, Yuxarı Alıxanlı kəndi ərazisində xidmətdə olarkən onu narkotik vasitələrin aludəçisi kimi tanıdıqlarından və sonuncu “VAZ-2107” markalı, ** BK *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən özünü şübhəli apardığından o, saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş və həmin tarixdə, saat 10:33-də üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,532 qram, ümumi təmiz çəkisi 0,736 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yanındakı aşağı cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə еlan edilmiş ittihamla özünü təqsirli bilərək bildirdi ki, o, ümumiyyətlə narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. 14 noyabr 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Füzuli rayonu, Qayıdış-3 qəsəbəsindən idarə etdiyi “VAZ-2107” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu ərazisindəki yanacaqdoldurma məntəqəsinə gedən zaman Füzuli rayonu, Qayıdış qəsəbələri arası mərkəzi yolun qəsəbədən keçən hissəsində avtomobilin yanacağının bitməsi səbəbi ilə avtomobil dayanmışdır. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə piyada irəliləyən zaman qəsəbə ərazisində yolun kənarında təzə tütün paketi görmüş və bu paketi götürən zaman paketin içərisində 2 ədəd bükümü açıb baxdıqda orada metamfetamin olmasını görmüşdür. Həmin maddəni üzərində götürüb avtomobilinə qoyaraq orada saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində idarə etdiyi avtomobilə minərkən avtomobilə qoyduğu 2 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini istifadə etmək üçün şalvarının cibinə qoymuş və özü istifadə etməsi üçün saxlamışdır. Həmin gün saat 06 radələrində Beyləqan rayonu, Üzümçülük sovxozu adlanan ərazidən əvvəlcədən tanıdığı üç nəfər şəxsi idarə etdiyi “VAZ-2107” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə Füzuli rayonu, Alıxanlı kəndi ərazisindəki stasionar polis postuna aparmışdır. Sonra yaşadığı Füzuli rayonu, Qayıdış-3 qəsəbəsinə qayıdan zaman saat 09 radələrində Alıxanlı kəndi ərazisində polis əməkdaşları onu saxlayaraq üzərində narkotik vasitənin olub-olmamasını soruşmuş, polislərə üzərində psixotrop maddə olan metamfetamin olmasını səmimi olaraq dediyinə görə polis əməkdaşları onu Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında vəkilin iştirakı ilə şəxsi axtarış aparılan zaman üzərindən 2 ədəd bükümdə olan metamfetamini çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına metamfetamini tapdığını və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Şahid Füzuli RPŞ CAB-ın baş əməliyyat müvəkkili Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi kimi tanıyır. 18 noyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində Füzuli RPŞ-nin əməkdaşı olan Şahid2 ilə xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobildə özünü şübhəli aparmasını görüb sonuncunu saxlatdıqdan sonra onunla söhbət aparan zaman Xəyal özünü şübhəli apararaq onlardan uzaqlaşmağa çalışdığına görə onun üzərində narkotik vasitə olmasına şübhə yarandığı üçün Xəyal şöbəyə dəvət olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılarkən onun əynində olan tünd qəhvəyi rəngli şalvarın cibindən bir ədəd kağız bükümdə və bir ədəd sellofan bükümdə ağ rəngli kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, onu tapdığını və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Şahid Füzuli RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. Cinayət işinə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması haqqında 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı onun üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ağ rəngli kütlələrin çəkiləri 0,3 və 0,8 qram olmuşdur. 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı videoçəkilişlə aparılmış və həmin videoçəkiliş 1 ədəd diskə köçürülmüşdür. Həmin 1 ədəd disk 08 fevral 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2023-cü il tarixli, 18/1061 nömrəli kimyəvi ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən 2 ədəd bükümdə təmiz çəkisi 0,204 qr, 0,532 qram, ümumi çəkisi 0,736 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə olan metamfetamindən 0,10 qram ekspert tədqiqatına sərf olunduqdan sonra 0,636 qram psixotrop maddə olan metamfetamin qalmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 manat təşkil edir. 08 fevral 2024-cü il tarixli qərarla ekspert tədqiqatından sonra qalmış 0,636 psixotrop maddə olan metamfetamin cinayət işi üzrə 02 fevral 2024-cü il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Füzuli rayon polis şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasından verilmiş xx.xx.2023-cü il tarixli, 8142 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli RPŞ İB-nin müstəntiqi polis kapitanı B.Səfiyarlının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da MSYdən azad edilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi polis kapitanı B.Səfiyarlının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Seriya AZE № 10250870, seriya AZE № 10250869 və AA ******* şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var: xx.xx.2007-ci il təvəllüdlü Ləman, xx.xx.2008-ci il təvəllüdlü Kənan və xx.xx.2014-cü il təvəllüdlü Nurgül. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməklə etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olması məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,636 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq dörd gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0,636 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar