Məhkəmə qərarları › İş №1(064)-21/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-21/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-21/2023 05.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X2 və təqsirləndirilən şəxs X3 iştirakları ilə, 20 yanvar 1973-cü il tarixdə Füzuli rayonu, Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olan və Füzuli rayonu, Qayıdış-5 qəsəbəsində yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X1 Bəsdi Nəcəf qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı T.Məhərrəmova şikayətində göstərmişdir ki, X3 AR CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğu və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edərək ona qarşı həqiqi olmadığını bilə-bilə böhtan xarakterli məlumatları yaymışdır. Bununla yanaşı, o, insanların sıx toplaşdğı yerlərdə, o cümlədən müəllim kimi çalışdığı Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi 5 saylı məktəbdə də hər kəsin eşidə biləcəyi şəkildə ucadan danışaraq ona qarşı həqiqi olmadığını bilə-bilə böhtan xarakterli məlumatları yaymışdır. B.Məmmədova müəllimlər arasında geniş təbliğat aparmaqla şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməyə çalışmışdır. B.Məmmədova aşağıdakı böhtan xarakterli informasiyaları yaymışdır: Belə ki, B.Məmmədova Azərbaycan Respublikası Baş Prokurorluğu və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə onu heç bir əsas olmadan şikayət edərək, guya direktoru olduğu Qayıdış qəsəbə 5 saylı tam orta məktəbdə müəllimlərdən pul alaraq onlara dərs saatları verdiyini, korrupsiya əməlləri törətdiyini iddia etmişdir. Bununla yanaşı, o, müəllimlər otağında səsini ucaldaraq müəllimlərin yanında müəllimin etik davranış qaydalarını kobud şəkildə pozaraq ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Ona “bütün məktəbi basıb yeyirsən, gözün doymur” demişdir. Həmçinin B.Məmmədovun əsassız ittihamlarını qaraşdırmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğu və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Qarabağ Regional Təhsil İdarəsinə ünvanlanmış müraciəti əsasında Füzuli rayon Təhsil sektoru qeyd olunan halı araşdırmaq üçün Qayıdış qəsəbə 5 saylı tam orta məktəbə gəlmiş, heç bir əsaslı sübut aşkar edilməmişdir. Həmçinin müəllim kollektivi B.Məmmədovanın iddiasını qəti şəkildə təkzib etmiş və heç bir əsasının olmadığını bildirmişdir. Bütün bunlara baxmayaraq o müəllim kollektivini “yalançı” adlandırmış, qərəzli mövqeyindən əl çəkməmişdir. B.Məmmədova yalan ittihamlarını müdafiə etməyə davam etmiş “onun dizini yerə qoyana qədər dayanmayacam” demişdir. Şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında: Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X6 xüsusi ittiham qaydasında verdiyi şikayətində göstərilənlərlə oxşar məzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, B.Məmmədova ondan üzrxahlıq etdiyi üçün qanunamüvafiq qərar verilməsi məsələsini məhkəmənin mülahizəsinə verir. Təqsirləndirilən şəxs X7 bildirdi ki, məktəbin direktoru T.Məhərrəmova ona əlavə dərs vermədiyindən əsəbləşərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edərək Qayıdış qəsəbə 5 saylı tam orta məktəbdə müəllimlərdən pul alaraq onlara dərs saatları verdiyini bildirmişdir. Hazırda T.Məhərrəmovadan üzrxahlığını qəbul etməsini və onu bağışlamasını xahiş edir. İş materiallarına əlavə olunmuş təqrirdən görünür ki, X7 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmişdir. Müraciətin məzmunu: Qayıdış-5 qəsəbəsində yerləşən orta məktəbin direktoru Təranə Məhərrəmova müəllimlərə əlavə dərs saatı yazaraq həmin pulları özü üçün mənimsəyir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, böhtan və təhqir cinayətlərinin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarından da göründüyü kimi, B.Məmmədova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Qayıdış-5 qəsəbəsində yerləşən orta məktəbin direktoru Təranə Məhərrəmovanın müəllimlərə əlavə dərs saatı yazaraq həmin pulları özü üçün mənimsədiyini bildirmişdir. Belə olan halda, qeyd olunan məlumatları yaymış B.Məmmədovanın hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Odur ki, məhkəmə belə yekun qənaətə gəlir ki, B.Məmmədovanın əməlində CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından ona həmin maddələrlə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 42.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.2. əməldə cinayət tərkibi olmadıqda və s. 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda və s. 350.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-350, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: X5 xüsusi ittiham qaydasında ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri tel.: ***-***-**-** xx.xx.2023-cü il 1(064)-21/2023 Xüsusi ittihamçı X4 Ünvan: Füzuli rayonu, Qayıdış-4 qəsəbəsi Təqsirləndirilən şəxs X5 Ünvan: Füzuli rayonu, Qayıdış-5 qəsəbəsi, ev 90 Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-21/2023 saylı hökmü sizə göndərilir. Qoşma: hökm. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar