Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-23/2023 03.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" İş Mərkəzi MMC-də “sosial işçi, ictimai işlər” ştatı üzrə işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,505 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra – heroin) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Həmin kütlə 21 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşlarının Təqsirləndirilən şəxs onları görüb qaçmasından ibarət şübhəli davranışına görə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə saxlayıb Füzuli RPŞ-yə gətirmələri və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sağ cibindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iş üzrə tutulmamışdan təxminən bir ay əvvəldən başlayaraq heroindən istifadə etmiş, 2-3 gün əvvəl isə Füzuli rayonu, Mahmudlu kəndi ərazisində yerdən bir ədəd bükümdə tapdığı heroini şəxsən istifadə etmək məqsədilə üzərində götürmüş, əynində olmuş gödəkçənin sağ cibində saxlamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə olarkən üzərində narkotik vasitə olmasına görə polis əməkdaşlarını görüb qaçmaq istəmiş, polis əməkdaşları onu bu şübhəli davranışına və üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ cibində bir ədəd bükümdə olan heroini könüllü olaraq təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Həmin istintaq hərəkətinin keçirilməsi zamanı verdiyi izahatında da hazırki məzmunda göstərmiş, tərtib edilmiş protokola imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroinin təmiz çəkisini mübahisləndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs saxlanılması, üzərinə şəxsi axtarış keçirilməsinin əsası, mexanizmi və nəticəsi, bu zaman müəyyən edilmiş halların sonuncu və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (səh. 3, 17-19). - Materialların məhkəmə ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 18/1252 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,505 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,455 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (səh. 30, 31). - Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 7608 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 66, 67). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, özünü irəli sürülmüş ittiham üzrə müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 21 noyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 18/1252 nömrəli rəyi, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış heroin qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirini tam sübuta yetirmiş və əməlini düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 64). - Füzuli rayon İcra Hakimiyyəti başçısının Bala Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli arayış və xasiyyətnamə, elektron məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri və qardaşı ilə birlikdə yaşayır, "xxxx" İş Mərkəzi MMC-də “sosial işçi, ictimai işlər” ştatı üzrə işləyir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 72, 73). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 0,505 qram olması və özünün hazırki iş üzrə oxşar cinayət əməli ilə bağlı əvvəllər məhkum olunmamasına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 7608 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,455 qram təşkil edən heroin məhv edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,455 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-23/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-23/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver