Məhkəmə qərarları › İş №1(064)-23/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-23/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-23/2024 01.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 12 avqust 1984-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CMin) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvü olmadığı, beləliklə də ovçuluq peşəsi ilə bağlılığı olmadığı halda, kustar üsulla hazırlanmış, deşicikəsici xassəyə malik, istifadəyə yararlı, atipik soyuq silah hesab edilən bir ədəd predmeti qanunsuz olaraq əldə etmiş, 30 oktyabr 2023-cü il tarixdə axşam saatlarından 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrinədək idarə etdiyi “VAZ-21154” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağı ilə qapısı arasındakı hissəsində yaşadığı Ağdaş şəhərindən Füzuli rayonu, Alıxanlı kəndinə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən saxlanılıb aşkar edilməsinə qədər gəzdirmişdir. Həmin predmet 31 oktyabr 2023-cü il tarixdə Füzuli RPŞ-də Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən saxlandığı göstərilmiş yerdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğuna görə 30 oktyabr 2023-cü il tarixdə saat 19-20 radələrində tanışı Şahid1 sifarişi ilə, sonuncunun ov silahı alması üçün özünə məxsus “VAZ-21254” markalı, **-RC-*** dölət qeydiyyat nişanlı avtomobili Ağdaş şəhərindən Füzuli rayonuna tərəf idarə etmişdir. Həmin avtomobildə onlarla birlikdə tanışı Şahid2 da olmuşdur. 31 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Füzuli RPŞ-nin əməkdaşları onun idarə etdiyi avtomobili Füzuli rayonu, Alıxanlı kəndi ərazisində saxlatdırdıqdan sonra onları Füzuli rayonuna gəlmələri ilə bağlı müxtəlif səbəblər demələrindən şübhələndiklərinə görə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla onun idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən o, avtomobilin sürücü oturacağı ilə qapısı arasındakı hissəsində saxladığı bir ədəd atipik soyuq silahı polis əməkdaşlarına təqdim etmiş, həmin predmet qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Mərhum qardaşı Ruslandan ona yadigar qalmış həmin predmeti aşkar edilməsindən təxminən iki gün əvvəl avtomobilinin sürücü oturacağı ilə qapısı arasındakı yerə hər hansı şəxsə zərbə vurmaq məqsədilə deyil, suvenir kimi qoymuşdur. O, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvü olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Füzuli RPŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və əməliyyat rabitə qrupunun kiçik inspektoru, polis baş setjantı Şahid5 ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi müvafiq hallarla bağlı sonuncu ilə eyni məzmunda bildirmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Avtomobilə baxış keçirilməsi barədə” 31 oktyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21254” markalı, **-RC-*** dölət qeydiyyat nişanlı avtomobilə müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla baxış keçirilərkən avtomobilin sürücü oturacağı ilə qapısı arasındakı hissəsində saxladığı bir ədəd deşici aləti polis əməkdaşlarına təqdim etmiş, həmin predmet qablaşdırılıb götürülmüşdür (səh. 21-24). - Məhkəmə-ballistik ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1875 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla hazırlanmış deşicikəsici xassəyə malik atipik soyuq silahdır və istifadəyə yararlıdır. Həmin predmetin soyuq silah kimi xüsusi əlamətləri onun zədə yetirmək üçün xüsusi olaraq hazırlanması, konstruksiyası, ölçüləri və deşici-kəsici xassəyə malik olmasıdır. Ekspertiza xərci 64 manatdır (səh. 49-51). - Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 29 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin Birlikdə qeydiyyatdan keçməmişdir (səh. 57). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə qanunsuz olaraq soyuq silahı əldə etmə və ya gəzdirməyə görə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimaitəhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid4 və Şahid5 verdikləri ifadələr, “Avtomobilə baxış keçirilməsi barədə” 31 oktyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, məhkəmə-ballistik ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1875 nömrəli rəyi, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 29 yanvar 2024-cü il tarixli məktubu, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetin məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 58). - Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, valideynləri, arvadı, bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Ağdaş rayonu, Qolqəti kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 59-61). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınan hallara, o cümlədən cəzanı yüngülləşdirən hallara görə onun barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Lakin Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmeti olan alətin soyuq silah kimi xüsusi əlamətləri - zədə yetirmək üçün xüsusi olaraq hazırlanması, konstruksiyası, ölçüləri və deşici-kəsici xassəyə malik olması həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha az ciddi cəza növləri olan ictimai işlər və ya islah işləri cəzasının deyil, onlara nisbətən daha ciddi cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay müddətə təyin edilməsini zəruri edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağdaş rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, istifadəyə yararlı, atipik soyuq silah hesab edilən bir ədəd predmet xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağdaş rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, istifadəyə yararlı, atipik soyuq silah hesab edilən bir ədəd predmet xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar