Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-24/2024 16.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 13 avqust 1983-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikası (bundan sonra - İran İR) istiqamətində keçmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən dövlət sərhəd xəttindən 800 metr aralıda saxlanıldığına görə cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən sabiq arvadı X2 olan aliment borcunu ödəmək üçün Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən, yaşadığı evi satdığına, satışdan əldə etdiyi pulu həmin aliment borcuna görə ödədiyinə, hazırda iş yeri tapa bilmədiyinə, yaşamağa evi olmadığına, səfil həyat tərzi keçirdiyinə və maddi vəziyyətinin çox pis olması səbəbindən aliment borcunun qalan hissəsini ödəyə bilmədiyinə görə işləmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq İran İR-ə getmək qərarına gəlmişdir. Bu səbəbdən 01 fevral 2024-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının dövlət sərhədinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının xidməti ərazisində yerləşən hissəsindəki sərhəd çəpərinə yaxınlaşmış, çəpəri aralıyıb İran İR istiqamətinə doğru hərəkət etmiş, təxminən 2 dəqiqə sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb sərhəd zastavasına gətirilmişdir. Əks halda cinayətkar niyyətini başa çatdırmaq üçün İran İR ərazisinə keçəcəkdi. Həmin əməlindən səmimi peşimandır. Barəsində cərimə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçuları Şahid1 Hüseyin oğlu, Şahid2 və Şahid3 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, 01 fevral 2024-cü il tarixdə saat 14 radələrində 18-ci sərhəd zastavasının gözətçisinin Azərbaycan Respublikasından İran İR istiqamətində bir nəfər şəxsin hərəkət etməsini müşahidə etdiyi barədə rabitə vasitəsi ilə məlumat verməsindən dərhal sonra hadisə yerinə getmişlər. Oraya çatanda sərhəd pozucusuna “Dayan” komandası vermişlər. Sərhəd pozucusu komandaya tabe olub dayanmış, onlar sərhəd pozucusunu saxlayıb sərhəd zastavasına gətirilmişlər. Araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonuncu Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib İran İR-ə getmək istədiyini bildirmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 fevral 2024-cü il tarixli protokol və ona əlavə edilmiş sxemdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs saxlanıldığı yerə baxış keçirilərkən həmin yerin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindəki 18-ci sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 800 metr aralıda, 53 nömrəli sərhəd nişanından 250 metr solda, mühəndis çəpərindən 30 metr içəridə yerləşdiyi müəyyən edilmişdir (səh. 20, 21). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 Hüseyin oğlu, Şahid2 və Şahid3 verdiyi ifadələr, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 fevral 2024-cü il tarixli protokol və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (səh. 56, 57). - “Elektron məhkəmə portalı”ndan əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü bir nəfər azyaşlı və 2009-cu il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmış uşaqları vardır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini və məhkumluğu olmayan şəxs olmasını, himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmamış uşaqlarının olması, iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddə, yəni 3 (üç) ay müddətə təyin edilməsi zəruridir. Cinayət işi materiallarında olan: - “İnzibati qaydada tutma haqqında” 01 aprel 2024-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 570-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin tarixdə saat 14:30-da 24 saat müddətinə inzibati qaydada tutulmuşdur (səh. 19). - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh. 48). Göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək iş üzrə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək iş üzrə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yeri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-24/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-24/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver