Məhkəmə qərarları › İş №1(064)-26/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-26/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-26/2023 12.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Beyləqan rayonu, 2-ci Şahsevən kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,03 qram və 5,04 qram, dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,50 qram, 0,57 qram, 0,70 qram və 0,72 qram olmaqla, ümumi təmiz çəkisi 11,56 qram təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, əynində olmuş cins şalvarın sol ön cibində saxlamış və daşımışdır. Həmin kütlələr 27 oktyabr 2022-ci il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra üzərinə şəxsi axtarış keçirilərkən saxladığı göstərilmiş yerdən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Füzuli rayonu, Qayıdış qəsəbəsində yerdən iki ədəd kibrit qutuları və dörd ədəd bükümlərdə tapdığı qurudulmuş marixuanaları şəxsən istifadə etmək məqsədilə üzərində götürmüş, lakin onlardan istifadə edə bilməmişdir. 27 oktyabr 2022-ci il tarixdə yaşadığı evdən çıxanda iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən, ümumi təmiz çəkisi 11,56 qram təşkil edən həmin qurudulmuş marixuanaları bir hissəsindən şəxsən istifadə etmək məqsədilə və qalanını isə ailə üzvlərinin görməməsi üçün əynində olmuş cins şalvarın sol ön cibinə qoymuşdur. Saat 14 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sol ön cibində iki ədəd kibrit qutuları və dörd ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları könüllü olaraq təqdim etmiş, həmin kütlələr qablaşdırılıb götürülmüş, hazırki məzmunda izahat vermiş, tərtib edilmiş protokola imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilən qurudulmuş marixuananın ümumi təmiz çəkisini mübahisləndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, X2 və Şahid3 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyataxtarış tədbiri, sonuncunun üzərinə şəxsi axtarışın keçirilməsinin nəticəsi barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, sonuncunu 27 oktyabr 2022-ci il tarixdə barəsində narkotik vasitələr əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlamışlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatına dair raport, “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri, şəxsi axtarış keçirilməsinin əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların sonuncu və şahidlərin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5, 25-27). - Məhkəmə-bioloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 18/1164 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdəki iki ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,03 qram və 5,04 qram, dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,50 qram, 0,57 qram, 0,70 qram və 0,72 qram olmaqla, ümumi təmiz çəkisi 11,56 qram təşkil edən kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Ekspert tədqiqatından sonra həmin qurudulmuş marixuanaların ümumi qalıq çəkisi 11,50 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (səh. 35, 36). - Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6952 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (səh. 79, 80). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qramdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1, X2 və Şahid3 verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 27 oktyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, məhkəməbioloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 18/1164 nömrəli rəyi, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 78). - Beyləqan RİHB-nın 2-ci Şahsevən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri və qardaşı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 97, 98). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növünə və təmiz çəkisinin nisbətən az həddə olmasına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə yaxın müddətə, konkret olaraq 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6952 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,50 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,50 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar