Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-26/2024 13.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yeni Göyçə kənd inzibati ərazi dairəsində pasport qeydiyyatında olmaqla Şəmkir rayonu, Günəşli kəndində yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam’' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 128 və 157.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs1 yaşadığı Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən evinə gedib yüngül həyat tərzi keçirən Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq istəsə də, sonuncu onunla cinsi əlaqədə olmağa razılıq vermədiyi üçün o, başqa qadınla könüllü olaraq pul qarşılığında cinsi əlaqədə olaraq çıxıb getmiş, 01 yanvar 2024-cü il tarixdə gecə saat 03 radələrində kirayədə yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs2 onunla cinsi əlaqədə olmamasının səbəbini aydınlaşdırmaq və buna görə onu cəzalandırıb qisas almaq, mümkün olduğu təqdirdə isə onunla könüllü olaraq cinsi əlaqədə olmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Füzuli rayonu, Əhmədalılar kəndində yerləşən evin qarşısına gəlib evin həyətinin qapısını döymüş, həmin qapının mənzildə yaşayanlar tərəfindən açılmadığını və bağlı olduğunu müəyyən etdikdən sonra Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların, əsasən də Zərərçəkmiş şəxs1 iradəsi ziddinə həyətə daxil olmaq üçün hasarın üzərinə çıxaraq həyətə tullanmış, evin giriş qapısından (dəhlizdən) içəri qanunsuz daxil olub evin yataq otağının qapısını əli ilə döymüş, Zərərçəkmiş şəxs1 evində qonaq olan Zərərçəkmiş şəxs2 qapının döyülmə səsinə yataq otağından evin dəhlizinə çıxdıqda onu görüb qorxaraq qışqırmaqla həmin otağa geri qayıtdıqda o, Zərərçəkmiş şəxs2 arxasınca gedərək həmin mənzilin yataq otağına daxil olmuş, qaranlıq halda olan həmin yataq otağında həmişə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs2 qəsdən ünvansız zərbələr endirərək sonuncuya sol gicgah və sol kürəküstü nahiyəsində olan yaralardan ibarət sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər, eləcə də sol bazu nahiyəsində yerləşən dörd ədəd, sağ bazu nahiyəsində yerləşən bir ədəd, sol çiyin qurşağında yerləşən iki ədəd və qarın nahiyəsində yerləşən üç ədəd yaralardan ibarət olub, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, vahid niyyətlə hərəkət edərək həmin yataq otağında olan və qışqıraraq onu evdən çıxarmağa çalışan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla qəsdən ünvansız zərbələr vuraraq sonuncuya boyunun sağ yarısında və sol kürəküstü nahiyədə yerləşən yaralardan ibarət olan sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər, eləcə də boyunun ön və sol yarısında yerləşən cəmi iki ədəd, çənəaltı nahiyədə bir ədəd, sol bazu nahiyəsində cəmi iki ədəd, sol said nahiyəsində bir ədəd, qarın nahiyəsində bir ədəd və sol bud nahiyəsində cəmi iki ədəd yaralardan ibarət olub, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 157.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli hesab edərək bildirdi ki, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəməklə onlarla barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin iclaslarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığlarını, onlara dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını bildirdilər. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 04 yanvar 2024-cü il tarixli, 01/24 nömrəli məhkəmə-tibbi ekspertizası rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,:
1. 1993-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs2 baş, boyun, hər iki yuxarı ətraf, kürək və qarın nahiyələrində çoxsaylı (ümumilikdə 12 ədəd) kəsilmiş-deşilmiş yaralar aşkar olunmuşdur.
2. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi.
3. Aşkar olunmuş xəsarətlərdən sol gicgah və sol kürəküstü nahiyəsində olan yaralar (cəmi 2 ədəd) sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə, digər xəsarətlər, yəni sol bazu nahiyəsində yerləşən 4 (dörd) ədəd, sağ bazu nahiyəsində yerləşən 1 (bir) ədəd, sol çiyin qurşağında yerləşən 2 (iki) ədəd və qarın nahiyəsində yerləşən 3 (üç) ədəd yaralar isə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘‘Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 04 yanvar 2024-cü il tarixli, 02/24 nömrəli məhkəmə-tibbi ekspertizası rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,:
1. 1958-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs1 boyun, döş qəfəsi, yuxarı ətraf, döş qəfəsi, qarın və sol bud nahiyələrində çoxsaylı (ümumilikdə 11 ədəd) kəsilmiş-deşilmiş yaralar aşkar olunmuşdur.
2. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə bıçaq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdilər.
3. Aşkar olunmuş xəsarətlərdən boyunun sağ yarısında və sol kürəküstü nahiyədə yerləşən yaralar (cəmi iki ədəd) sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə, digər xəsarətlər, yəni boyunun ön və sol yarısında yerləşən yaralar (cəmi iki ədəd), çənəaltı nahiyədə olan yara (bir ədəd), sol bazu nahiyəsində yerləşən yaralar (cəmi iki ədəd), qarın nahiyəsində yerləşən yara (bir ədəd) və sol bud nahiyəsində yerləşən yaralar (cəmi iki ədəd) isə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, xx.xx.2002-ci il tarixdə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 197.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş zərərin aradan qalxdığına dair zərərçəkmiş şəxslərin məhkəməyə təqdim edilmiş ərizəsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 04 yanvar 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübutlar 01 ədəd idman şalvarı, 01 ədəd köynək, 01 ədəd kofta, 01 ədəd jaket, 01 ədəd şortik, 01 ədəd büsqalter sahiblərinə qaytarılmalı və 01 ədəd bıçaq məhv edilməlidir. "xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından daxil olmuş telefon danışıqlarına dair məlumatların qeyd olunduğu cəmi 2 ədəd disk, hadisə yerinə baxış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin aparılması zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 2 ədəd, cəmi 4 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən 28 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə göstərilənlərə əsasən və CPM-in 39.1.9, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci və 157.1-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləgv edilsin. Füzuli rayon prokurorluğunun X2 otağında saxlanılan- iş üzrə maddi sübutlar 01 ədəd idman şalvarı, 01 ədəd köynək, 01 ədəd kofta, 01 ədəd jaket, 01 ədəd şortik, 01 ədəd büsqalter sahiblərinə qaytarılsın, 01 ədəd bıçaq məhv edilsin. İş üçün əhəmiyyət kəsb etdiyindən 28 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş-"xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından daxil olmuş telefon danışıqlarına dair məlumatların qeyd olunduğu cəmi 2 ədəd disk, hadisə yerinə baxış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətlərinin aparılması zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü 2 ədəd, cəmi 4 ədəd disk cinayət işinin materiallarında saxlansın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: imza var. Əsli ilə düzdür.
Hakim Elmir İsmayılov