Məhkəmə qərarları › İş №1(064)-28/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-28/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-28/2025 05.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X5 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X14 və onun müdafiəçisi Müdafiəçi, tərcüməçi X6 iştirakları ilə xx.xx.1971-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X18 tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin görülməsinin təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, "xxxx" MMC-də mülki tikinti/hidravlika üzrə mühəndis vəzifəsində işləyərkən həmin MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin tələbləri ilə ona iş sahəsində müəyyən edilmiş tələblərə cavab verən iş şəraitinin yaradılması vəzifəsi həvalə edilsə də o, MMC tərəfindən Füzuli şəhərində inşa olunan uşaq bağçasının ikinci mərtəbəsində döşəmə üzərində 2.8 metr dərinlikdə olan boşluğun üzərinin etibarlı şəkildə bağlanmasını təmin etməməklə «İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydaları»nın 2.27 bəndinin və DÜST 12.4.059-89 "Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu inventar çəpərlər. Ümumi texniki şərtlər"in 2.2.11 bəndinin tələblərini pozmuş, nəticədə "xxxx" MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində sonuncuya verilmiş göstəriş üzrə binanın ikinci mərtəbəsində təmizlik işlərinin aparılması gedişində həmin mərtəbədə havalandırma üçün nəzərdə tutulmuş 50sm x 60sm ölçüsündə olan döşəmə boşluğunun üzərinə qoyulmuş taxtaya ayağının toxunmasından sonra sözügedən taxtanın yerini dəyişərək döşəmə boşluğunun üstünün açılması səbəbi ilə Zərərçəkmiş şəxs ikinci mərtəbədən birinci mərtəbəyə, yəni 2.8 metr hündürlükdən yerə yıxılaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ bud sümüyünün burmalardan keçən qəlpəli, fraqmentləri yerini dəyişmiş qapalı sınıq, sağ said nahiyyəsinin əzilmiş yarası xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X18 ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında ailə həyatı qursa da Azərbaycan Respublikasında nikaha daxil olmamışdır. Türkiyə Respublikasındakı nikahdan azyaşlı uşağı yoxdur. Heç bir ruhi-psixi və ya digər xəstəlikdən əziyyət çəkmir. 2007-ci ildə inşaat sektorunda işləmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Alov Qülləri, Bakı Olimpiya Stadionu, Heydər Əliyev adına Bakı Hava Limanı, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində və digər layihələrdə sahə rəisi, anbar müdiri və s. vəzifələrdə işləmişdir. Təxminən 2024-cü ilin əvvəllərindən hazıradək "xxxx" MMC-də mülki tikinti/hidravlika üzrə mühəndis işləyir. "xxxx" MMC subpodratçı kimi sifarişçi olan “Lukoil” şirkəti ilə bağlanmış müqavilə əsasında Füzuli şəhərində 2 mərtəbəli uşaq bağçasının tikintisi ilə məşğuldur. Həmin proqram əsasında MMC-nin işçilərinə göstəriş verib nəzarət edir. "xxxx" MMC-də iş vaxtı həftə içi saat 08:00dan saat 17:00-dək təşkil edir. Onun əmək funkisyası "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan binanın tikintisinin planlaşdırılması, qarşıya çıxan problemlərin həlli və onlar barədə MMC-nin rəhbərliyinə məlumat verməkdən, işinin ümumi gedişinə nəzarət etməkdən və s. ibarətdir. O, işin gedişaatı ilə bağlı göstərişlərini memar Şahid3 və briqadir Şahid2 verir, sonuncular da öz fəhlələrinə bu barədə göstərişlər verirlər. Zərərçəkmiş şəxs ilə heç bir qohumluğu, dostluğu, düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs ilk dəfə "xxxx" MMC-də işə çıxdığı gün, yəni xx.xx.2024-cü il tarixdə görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 08:00-dan 08:30 radələrinə kimi Zərərçəkmiş şəxs da daxil olmaqla "xxxx" MMC-nin bütün işçilərinə MMC-nin SƏTƏM üzrə mühəndisi Şahid1 tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları üzrə təlimat keçirilmişdir. Təlimat bitdikdən sonra briqadir Şahid2 Zərərçəkmiş şəxs və digər iki fəhləyə binanın ikinci mərtəbəsində təmizlik işlərinin görülməsini tapşırmışdır. Belə ki, bina özü A, B və C bloku olmaqla 3 hissəyə bölünür, hər fəhlə bir bloku təmizləməli olmuşdur. O, belə bir göstəriş vermişdir ki, mərtəbədə olan tikinti tullantıları əvvəlcə bir yerə toplanmalı, sonra həmin əraziyə qaldırılmış kran (badya) vasitəsi ilə aşağı endirildir. Həmin gün nahar fəsiləsinə kimi Zərərçəkmiş şəxs ona verilmiş tapşırığı icra etmişdir. O, özü də mütəmadi olaraq Əli və bütün fəhlələrin yanına gedib, onların hansı qaydada işi görməsi ilə maraqlanmışdır. "xxxx" MMC-də nahar fasiləsi saat 12:30-dan 13:30-dək təşkil edir. Şahid2 nahar fasiləsindən sonra qızdırması olmasından dolayı özünü yaxşı hiss etməyərək ondan icazə almış və istirahət üçün ayrılmış otaqların birinə gedib yatmışdır. İkinci mərtəbədə olan bütün şaftların ağzı taxtalarla təhlükəsiz qapadılmış şəkildə olmuşdur. O, nahardan sonra ikinci mərtəbədə gəzinmiş, həmin vaxt Zərərçəkmiş şəxs də təmizlik işləri görmüşdür. İkinci mərtəbədən arakəsmələr olması səbəbi ilə Zərərçəkmiş şəxs bütünlükdə görə bilməmişdir. Əvvəlcə onu görmüşdür ki, Zərərçəkmiş şəxs təmizlik məqsədi ilə aşağı əyilmiş, əlinə taxta parçası almış, ayağa qalxdıqdan sonra yıxılmış və sonuncunun qışqırıq səslərini eşitmişdir. Bundan sonra o və digər işçilər tərəfindən Zərərçəkmiş şəxs ilkin yardım göstərilmiş, X20 çağırılmış və sonuncunun xəstəxanaya aparılması təmin olunmuşdur. Briqadir Şahid2 özü təmizlik işlərinə birbaşa nəzarət etməli şəxs olduğu üçün şaftların üzərinə qoyulmuş mühafizə taxtaları onun iştirakı ilə götürülməli imiş. Zərərçəkmiş şəxs yıxılan zaman ondan başqa digər fəhlələr də olmuşdur. Həmin fəhlələrin kimlər olması barədə dəqiq məlumatı yoxdur. Amin və Nurlan orada olmamışdır. Zərərçəkmiş şəxs briqadir Şahid2 verilmiş təlimatlardan biri də mühafizə taxtalarının şaftların üzərindən sökülməsi ilə bağlı olmuşdur. O, belə hesab edir ki, Zərərçəkmiş şəxs sürüşərək havalandırma üçün nəzərdə tutularaq tikilməmiş döşəmə boşluğundan yıxılması qeyri-inandırıcıdır. O, arakəsmə olduğuna görə Əlinin ayaqlarını tam görməsə də sonuncunun yerə əyildiyini görmüş, təxminən bir neçə saniyə sonra yıxıldığının səsini eşitmişdir. O, belə hesab edir ki, Əli taxtanı götürdüyü yerdən yıxılmışdır. Lakin Əlinin taxtanı konkret olaraq haradan götürməsini şahidi olmamışdır. O, Əlinin taxtanı götürdükdən sonra sürüşməsinin şahidi olmamışdır. Belə ki, həmin vaxt digər yerlərə də baxmış, sırf Əliyə nəzarət etməmişdir. "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan binada olan şaftlar, yəni binanın içərisində yerləşən su və isitmə borularının keçməsi üçün ayrılmış olmaqla daşla tikilməmiş yerdə təhlükəsizlik məqsədi ilə həmin boşluğun üzərinə 2 sm qalınlığında taxta qoyulmuşdur. Həmin yerlərdəki deşiklər xırda olduğu üçün taxta qoyulmasından başqa təhlükəsizlik tədbiri görülməmişdir. Deşiklərin üzərinə qoyulmuş taxtaların hər biri isə bütün deşiyi tam əhatə etmişdir. Zərərçəkmiş şəxs yıxıldığı yerdəki taxta isə kifayət qədər böyük olmaqla deşiyi qapamışdır. O, hadisə baş verən zaman hadisə barədə "xxxx" MMC- nin rəhbərliyinə məlumat vermişdir. MMC tərəfindən hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məlumat verilib-verilməməsi barədə heç bir xəbəri yoxdur. Zərərçəkmiş şəxs işə başlamazdan əvvəl ona dəbilqə, jilet, botinka və əlcək verilmiş idi. Zərərçəkmiş şəxs yıxılan zaman da başında dəbilqə olmuş, buna görə xoşbəxtlikdən daha az xəsarət almışdır. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının rəyinin ona aid olan hissələri ilə razı deyil. Zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 21 sentyabr 2024cü il tarixdə Füzuli şəhərində yaşayan qohumlarının dəvəti ilə Füzuli şəhərinə qonaq getmişdir. Bunun üçün ona müvəqqəti olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron sistemində portal icazəsi açılmışdır. Həmin gün Füzuli şəhərində uşaq bağçasının tikintisi ilə məşğul olan "xxxx" MMC-nin fəaliyyəti ilə tanış olmuş və inşaat aparılan əraziyə daxil olmuşdur. İnşaat sahəsinə daxil olmazdan öncə ona ilkin təhlükəsizlik ilə bağlı qısa təlimat keçirilmiş və bununla əlaqədar müvafiq sənədlərə imza etmişdir. 23 sentyabr 2024-cü il tarixdə yenidən "xxxx" MMC-nin inşaat sahəsinə yaxınlaşmış, müvafiq sənədlərə imza çəkib sahəyə daxil olmuş, oradakı rəhbər şəxslərə işə qəbul olmaq istədiyini bildirmişdir. Orada ona deyilmişdir ki, “əgər işləmək istəyirsənsə sənədlərini yığ, səninlə əmək müqaviləsi bağlayaq, sonra işə çıx”. 23 sentyabr 2024-cü il tarixdə də işə buraxılmamış, sənədlərini qaydasına salmaq üçün evə qayıtmışdır. Bütün sənədərini topladıqdan sonra 25 sentyabr 2024-cü il tarixdə saat 08:00-da "xxxx" MMC tərəfindən tikinti işi aparılan əraziyə daxil olmuşdur. Orada ona "xxxx" MMC-də fəhlə işləyəcəyi bildirilmişdir. Ona və "xxxx" MMC-nin digər işçilərinə əvvəlcə MMC-nin SƏTƏM üzrə mühəndisi Şahid1 tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçirilmişdir. O və MMC-nin digər işçiləri həmin təlimatla tanış olmalarına dair müvafiq sənədlərə imza çəkmişlər. Bundan sonra "xxxx" MMC-nin briqadiri Şahid2 ona bildirmişdir ki, "xxxx" MMC tərəfindən inşa olunan bağçanın ikinci mərtəbəsində təmizlik işləri görməlidir. O, bun görə də həmin gün saat 08:30 radələrində təmizlik işlərinə başlamışdır. İşə buraxılmazdan əvvəl ona dəbilqə, botinka, yeni iş forması və s. verilmiş, lakin təhlükəsizlik kəməri verilməmişdir. Onun işə başladığı binanın ikinci mərtəbəsində bəzi yerlər havalandırma məqsədi ilə mişar daşı və ya hər hansı vasitə ilə tikilməmiş, həmin yerlərin üzərlərinə taxtalar qoyulması yolu ilə qapadılmış şəkildə olmuşdur. Ona verilmiş göstəriş binanın ikinci mərtəbəsinin bütünlükdə təmizlənməsi ilə bağlı olmuşdur. Yəni həmin göstərişə taxtaların açıq döşəmələrin üzərindən götürülərək altının təmizlənməsi işi də daxil olmuşdur. O, havalandırma üçün nəzərdə tutularaq tikilməmiş üzəri taxta ilə qapadılmış yerlərdən taxtanı götürür, həmin taxtaların altını da təmizləyir, bu qayda ilə tikinti tullantılarını bir yerə topalayırmış. Həmin tikinti tullantıları bir yerdə topalandıqdan sonra onlar binaya dəmir iplər vasitəsi ilə bərkidilmiş səbətdən istifadə etmə yolu ilə aşağıya endirilirmiş. Həmin qayda ilə gün ərzində işləməyə davam etmişdir. Həmin gün saat 14 radələrində nahar fasiləsindən geri qayıtmış və işini davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində yenə ikinci mərtəbədə təmizlik işləri görən zaman həmin mərtbədə yerdə olan “dikt” adlanan 1x1.5 metr ölçüsündə olan taxta materialı təmizlik məqsədi ilə əlinə götürdüm, onu tikinti tullantılarını yığdığı yerə aparmaq qərarına gəlmişdir. Yolda olarkən ayağının altına döşəmənin üzərində olan taxta parçalarından biri ilişmiş, müvazinətini itirərək özünü saxlaya bilməmiş, nəticədə bir qədər sürüşmüş, havalandırma üçün nəzərdə tutularaq tikilməmiş üzəri taxta ilə qapadılmış yerə doğru yaxınlaşmış, ayağının həmin taxtaya toxunması nəticəsində taxta yerini dəyişmiş, o da həmin tikilməmiş yerdən aşağıya doğru, yəni binanın ikinci mərtəbəsindən birinci mərtəbəsinə doğru yıxılmışdır. Hadisə baş verən zaman onu ilk görən Türkiyə Respublikası vətəndaşı Ali Dastan adlı şəxs olmuşdur. O, birinci mərtəbəyə yıxıldıqdan sonra Ali qışqırmağa başlamış, "xxxx" MMC-nin digər işçiləri onun yanma gəlmiş və ona ilkin köməklik göstərmişlər. Onun üçün X20 maşını çağırılmışdır. O, əvvəlcə Füzuli rayon X9 hüquqi şəxsinə, oradan da Bakı şəhərində yerləşən “X23”-a aparılmış, orada müvafiq əməliyyat olunmuş və müalicələr almışdır. O, xx.xx.2024-cü il tarixdə saat 08:00-dan "xxxx" MMC-nin Füzuli şəhərində inşa olunan uşaq bağçasının tikintisi ilə bağlı layihəsi üzrə fəhlə kimi işə başlamışdır. Lakin onun şəxsiyyət vəsiqəsi yeni nəsil şəxsiyyət vəsiqələrindən olmadığı üçün onunla əmək müqaviləsi bağlanmaq istənilən zaman “SİMA” proqramı bir neçə dəfə imtina etmişdir. Ona görə də onunla "xxxx" MMC arasında əmək müqaviləsinin bağlanması xx.xx.2024-cü il tarixdə mümkün olmuşdur. Havalandırma üçün nəzərdə tutulmuş yerin üzərinə taxta qoyulması ilə kifayətlənilmiş, həmin taxta döşəməyə hər hansı vasitə ilə bərkidilməmiş və ya həmin yer hər hansı bir formada (təhlükəsizlik lenti və s.) mühafizə olunmamışdır. "xxxx" MMC onun bütün tibbi xərclərini qarşılamış və qarşılamaqdadır. Ona görə onun "xxxx" MMC-nin hər hansı bir işçisinə, eləcə də həmin MMC-də mühəndis mülki tikinti/hidravlika vəzifəsində X15 qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, ona dəymiş ziyan tam ödənilmiş və o, Ali Dastanla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 dekabr 2023-cü il tarixdən "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis işləyir. "xxxx" MMCdə iş vaxtı həftə içi saat 08:00-dan saat 17:00-dək təşkil edir. "xxxx" MMC subpodratçı kimi sifarişçi olan “Lukoil” şirkəti ilə bağlanmış müqavilə əsasında Füzuli şəhərində iki mərtəbəli uşaq bağçasının tikintisi ilə məşğuldur. Həmin binanın tikintisi ilə bağlı təxminən 50 nəfər şəxs işləyir. O, həmin şəxslərə hər gün texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı iş öncəsi təlimat keçir, onlar həmin təlimatla tanış olduqdan sonra müvafiq sənədlərə imza atır və işə başlayırlar. Zərərçəkmiş şəxs ilə heç bir qohumluğu, dostluğu, düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs ilk dəfə xx.xx.2024-cü il tarixdə görmüş, belə ki, sonuncu həmin vaxt iş ilə tanış olmaq üçün "xxxx" MMC tərəfindən tikinti aparılan həmin binanın ərazisinə daxil olmuş, o, Əliyə iş ilə bağlı təlimat keçmiş və onu əraziyə buraxmışdır. Belə ki, MMC-nin daxili qaydalarına əsasən tikinti sahəsinə daxil olan hər bir şəxsə öncə təlimat keçirilməli, sonra əraziyə daxil edilməlidir. Belə ki, həmin şəxsin təlimatdan sonra işləyibişləməməsi təlimatın keçirilməsinə əngəl deyildir. Zərərçəkmiş şəxs "xxxx" MMC-də ilk dəfə xx.xx.2024-cü il tarixdə işə çıxmışdır. O, xx.xx.2024-cü il tarixdə saat 08:00-dan 08:30 radələrinə kimi Zərərçəkmiş şəxs da daxil olmaqla "xxxx" MMC-nin bütün işçilərinə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları üzrə təlimat keçmişdir. Təlimat bitdikdən sonra formen, yəni briqadir Şahid2 Zərərçəkmiş şəxs və digər iki fəhləyə binanın ikinci mərtəbəsində təmizlik işlərinin görülməsini tapşırmışdır. Belə ki, bina özü A, B və C bloku olmaqla 3 hissəyə bölünür, hər fəhlə bir bloku təmizləməli olmuşdur. Nurlan belə bir göstəriş vermişdir ki, mərtəbədə olan tikinti tullantıları əvvəlcə bir yerə toplanmalı, sonra həmin əraziyə qaldırılmış kran (badya) vasitəsi ilə aşağı endirilməlidir. Həmin gün nahar fasiləsinə kimi Zərərçəkmiş şəxs ona verilmiş tapşırığı icra etmişdir. O, işçilərə təlimat keçdikdən sonra ümumi olaraq 1-2 dəfə işin gedişinə nəzarət edir, gün ərzində mütəmadi nəzarət isə briqadir tərəfindən edilir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində tikinti sahəsində yerləşən ofisində olarkən adını xatırlamadığı işçilərdən biri gəlib ona demişdir ki, Zərərçəkmiş şəxs iş vaxtı yıxılmışdır. O, dərhal ilkin tibbi yardım çantasını götürüb Əlinin yıxıldığı yerə getmiş, sonuncuya ilkin tibbi yardım göstərdikdən sonra X20 maşını çağırmış və Əlini xəstəxanaya aparmışlar. O, Zərərçəkmiş şəxs yıxılaraq xəsarət aldığını görməmişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 15:30 radələrində yıxılaraq xəsarət almışdır. O isə həmin vaxt orada olmamış, hadisə yerinə sonradan gəlmişdir. "xxxx" MMC tərəfindən Füzuli şəhərində inşa olunan binada olan şaftlarda, yəni binanın içərisində yerləşən su və isitmə borularının keçməsi üçün ayrılmış olmaqla daşla tikilməmiş yerdə təhlükəsizlik məqsədi ilə həmin boşluğun üzərinə 2 sm qalınlığında taxta qoyulmuşdur. Həmin yerlərdəki deşiklər xırda olduğu üçün taxta qoyulmasından başqa təhlükəsizlik tədbiri görülməmişdir. Deşiklərin üzərinə qoyulmuş taxtaların hər biri isə bütün deşiyi tam əhatə etmişdir. Zərərçəkmiş şəxs yıxıldığı yerdəki taxta isə kifayət qədər böyük olmaqla deşiyi qapamışdır. Həmin yer hörgü üçün nəzərdə tutulduğundan dolayı əlavə bir şey quraşdırılmamışdır. Taxtalar döşəmənin üzərinə qoyulmaqdan başqa əlavə vasitə ilə döşəməyə bərkidilməmiş, üzərində müxtəlif situasiyalarda tərpənməməsi üçün ağırlıq qoyulmamış, qabağına baryer quraşdırılmamışdır. Hadisə baş verən zaman "xxxx" MMC-nin layihə rəhbəri Ali Dastan ərazidə olmuşdur. "xxxx" MMC-nin rəhbərliyi ilə Ali bəyin özü danışıb hadisə barədə onlara məlumat vermişdir. MMC tərəfindən bədbəxt hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə məlumat verilibverilməməsi barədə heç bir xəbəri yoxdur. Zərərçəkmiş şəxs işə başlamazdan əvvəl ona dəbilqə, jilet, botinka və əlcək verilmişdir. Zərərçəkmiş şəxs yıxılan zaman da başında dəbilqə olmuş, buna görə xoşbəxtlikdən daha az xəsarət almışdır. O, bütün işçilərə, o cümlədən Zərərçəkmiş şəxs həmin yerlərin daşla tikilməməsi, bu səbəbdən dolayı taxta ilə örtülməsi ilə bağlı məlumat verərək həmin taxtların yalnız ən sonda, yəni hörgüçüyə təhvil verilən zaman götürülməli olduğunu bildirmiş, onlar da həmin təlimatlarla tanış olub müvafiq sənədlərə imza atmışlar. Zərərçəkmiş şəxs özü də həmin taxta yox, ərazidəki başqa taxta parçasını təmizlik məqsədi ilə atmaq istəyərkən ayağı yerdəki taxta qırıntılarından birinə ilişmiş, sürüşməsi nəticəsində ayağı ilə havalandırma üçün nəzərdə tutulmuş taxtanı itələmiş, taxta yerini dəyişmiş və nəticədə yıxılaraq xəsarət almışdır. Binada gedən bütün işlər üzrə göstərişlər rəhbər qaydada layihə rəhbəri Ali Dastan tərəfindən verilir. Bu minvalla da havalandırma üçün nəzərdə döşəmə boşluqları üzərinə qoyulmuş taxtaların yerləşdirilməsi barədə göstərişi də Ali Dastan vermişdir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzindən daxil olmuş rəyində qeyd edilənlərə tam razıyam. Mən Zərərçəkmiş şəxs bütün lazımi təlimatları keçmişəm. Hadisə zamanı şaftın üzərinə qoyulmuş taxtanın üstündə hər hansı ağırlıq olmamış, həmin taxta başqa formada bərkidilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də briqadir işləyən Şahid2 ifadəsində Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq edərək bildirmişdir ki, o, hadisə vaxtı səhhətinin pis olması ilə əlaqədar Ali Dastandan icazə alaraq istirahət üçün ayrılmış otaqların birinə gedib yatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid "xxxx" MMC-də memar işləyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Cinayət işinin 18-22-ci vərəqələrində olan 03 oktyabr 2024-cü il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Füzuli şəhərində "xxxx" MMC tərəfindən inşası davam etdirilən uşaq bağçasının ikinci mərtəbəsidir. Tikilməkdə olan həmin uşaq bağçası giriş qatı, birinci mərtəbə və ikinci mərtəbədən ibarətdir. Həmin bina üç blokdan ibarətdir. Binanın birinci və ikinci mərtəbələrində bəzi yerlər havalandırma üçün nəzərdə tutulmaqla tikilməmiş boşluqlar üzərlərinə taxta qoyulmaqla örtülmüşdür. Havalandırma üçün nəzərdə tutulmuş həmin döşəmə boşluqlarının üzəri taxta ilə örtülsə də taxtaların heç biri döşəməyə hər hansı vasitə ilə bərkidilməmiş, taxtaların təsadüfi toxunmalar səbəbi ilə asanlıqla yerini dəyişməməsi üçün üzərlərinə hər hansı ağırlıq qoyulmamışdır. Baxış iştirakçısı Şahid1 sözügedən binanın ikinci mərtəbəsində döşəmə boşluqlarından birini göstərərək bildirdi ki, Zərərçəkmiş şəxs həmin döşəmə boşluğundan birinci mərtəbəyə yıxılmışdır. Hadisənin baş verdiyi vaxtdan 8 gün keçdiyi üçün həmin döşəmə boşluğunun ətrafı üç mişarı daşı hündürlüyündə tikilmişdir. Hadisə zamanı isə həmin döşəmə boşluğunun ətrafı tikilməmiş, boşluğun üzərinə onu tam qapayacaq şəkildə taxta qoyulmuş, həmin taxta da döşəməyə bərkidilməmiş və üzərinə müxtəlif situasiyalarda tərpənməməsi üçün hər hansı ağıqlıq qoyulmamışdır. Zərərçəkmiş şəxs yıxıldığı həmin döşəmə boşluğunun eni 50 sm, uzunluğu isə 60 sm təşkil edir. İkinci mərtəbədən birinci mərtəbəyə qədər olan hündürlük isə 2.8 metr təşkil edir. Cinayət işinin 114-117-ci vərəqələrində olan 13 noyabr 2024-cü il tarixli, 359/24 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik hüquqi şəxsinin Beyləqan rayon şöbəsindən daxil olmuş rəyin nəticə hissəsindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bud sümüyünün burmalardan keçən qəlpəli, fraqmentləri yerinidəyişmiş qapalı sınıq, sağ said nahiyəsinin əzilmiş yarası aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 109-113-cü vərəqələrində olan 29 oktyabr 2024-cü il tarixli, 10/8361 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş rəyin nəticə hissəsindən görünür ki, Füzuli şəhərində inşa olunan uşaq bağçasının ikinci mərtəbəsində döşəmə üzərində 2.8 metr dərinlikdə olan boşluğun üzərinin etibarlı şəkildə bağlanması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarımın 2.27 bəndinin və DÜST 12.4.059-89 "Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu inventar çəpərlər. Ümumi texniki şərtlər"in 2.2.11 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Füzuli şəhərində inşa olunan uşaq bağçasının ikinci mərtəbəsində döşəmə üzərində 2.8 metr dərinlikdə olan boşluğun üzərinin etibarlı şəkildə bağlanmasını təmin etmədiyinə görə, «İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydaları»nm 2.27 bəndinin və DÜST 12.4.059-89 "Əmək təhlükəsizliyi standartları sistemi. Tikinti. Qoruyucu inventar çəpərlər. Ümumi texniki şərtlər"in 2.2.11 bəndinin tələbləri əmək müqaviləsinin tələblərinə əsasən iş sahəsində müəyyən edilmiş tələblərə cavab verən iş şəraitinin yaradılması vəzifəsi həvalə edilmiş "xxxx" MMC-də mühəndis mülki tikinti/hidravlika vəzifəsində işləyən X24 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, Zərərçəkmiş şəxs özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının və təlimatlarının tələblərinin pozulması halı müəyyən edilmir. Cinayət işinin 53-64-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X18 həmin tarixdə "xxxx" MMC-də mühəndis mülki tikinti/hidravlika vəzifəsi üzrə işə götürülmüşdür. Həmin əmək müqaviləsinin işçinin əmək funkisyaları adlanan 3-cü paraqrafının 1.4-cü bəndinə əsasən o, tabe işçilərlə əlaqəli olaraq əmək qanunvericiliyinə və əməyin mühafizəsi qanunvericliyinə əməl olunmasını, müəyyən edilmiş tələblərə cavab verən iş şəraitinin yaradılması öhdəliyini öz üzərinə götürür. Həmin paraqrafın 1.13-cü bəndinə əsasən işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri, istehsalat və əmək intizamı, daxili əmək qaydalarına riayət olunmasına nəzarət edir. Cinayət işinin 52-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli, 112/İQ nömrəli əmrin surətindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsinə təyin edilməsi ilə bağlı MMC-nin direktoru A.Əkbərov tərəfindən əmr verilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı 0****** nömrəli icazə vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971 -ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamağa icazə verilmişdir. Ali Dastanın yaşayış yeri olaraq ünvan 1 ünvanı qeyd edilmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan "xxxx" MMC-dən daxil olmuş xasiyyətnamədən görünür ki, X18 iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 155-ci vərəqəsində olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024cü il tarixli, 5-43-20/2-495/2024 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Füzuli rayonu, Kürdmahmudlu kəndində yaşayır. Ailə üzvləri- arvadı X2, övladları 1992-ci il təvəllüdlü X7, 1993-cü il təvəllüdlü X8 və 2001-ci il təvəllüdlü X4 ibarətdir. Cinayət işinin 156-cı vərəqəsində olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 213-cü vərəqəsində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən Füzuli rayon prokurorluğuna daxil olmuş xx.xx.2025-ci il tarixli, 2-2-161/2- 003266/2025 nömrəli məktubdan görünür ki, X24 və Zərərçəkmiş şəxs DİN-in axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin 236-239-cu vərəqələrində olan Təqsirləndirilən şəxs X14 müdafiəçisi Müdafiəçi xx.xx.2025-ci il tarixdə cinayət işinin istintaqından narazı qalmalarıyla bağlı Füzuli rayon prokurorluğuna vəsatəti ünvanlamışdır. “Vəsatətə baxılması haqqında” 24 yanvar 2025-ci il tarixli qərarla vəsatət əsassız olduğu üçün təmin edilmədən rədd edilmiş, qərarın surəti təqsirləndirilən şəxs X15 və onun müdafiəçisi Müdafiəçi qızma göndərilmiş, eləcə də X14 "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi ilə təyin edilmiş iş vaxtından artıq işlədilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə rəsmi məlumat verilmişdir. Zərər çəkmiş şəxsin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, sonuncu təqsirləndirilən şəxslə barışıb, ondan heç bir şikayət və tələbi yoxdur, vurulmuş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X14 məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, X14 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə əsasən tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə X14 əvvəllər məhkum olunmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X14 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi həddində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X18 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, əvvəllər məhkum olunmaması, zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X18 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs X14 cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X14 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, , CPM-in 198.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 100 (yüz) manat X11 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs X14 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq hökm etdi: X18 Azərbaycan Respublikası CM-in 222.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət X14 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat X11 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. X14 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar