Məhkəmə qərarları › İş №1(064)-29/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-29/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-29/2023 10.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli şəhəri, XX Qurultay küçəsi ev 2-də qeydiyyatda olan və Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 109-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və xx xxxx 1993-cü il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatında olan və tutulanadək Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 379da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi olmadan özünün şəxsi istehlakı üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün 10 fevral 2023cü il tarixdə axşam saatlarında Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən şəhidlər abidəsinin qarşısında Təqsirləndirilən şəxs2 ilə görüşmüş, həmin tarixdə qeyd edilən yerdə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd kibrit qutusunda təmiz çəkisi 7.49 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda 45 manat pula almaqla əldə edib üzərində saxlamış və daşımış, 14 fevral 2023cü il tarixdə, saat 00:30 radələrində Füzuli rayon polis şöbəsinin əməkdaşları Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində xidmətdə olan zaman onu narkotik vasitələrin aludəçisi kimi tanıdıqlarından kəndin ərazisində yerləşən “Araz” kafenin sonuncu üçün ayrılmış otağında yemək yeyib spirtli içki qəbul edərkən otaqdan narkotik vasitənin istifadəsindən sonra yaranan kəskin qoxunun gəlməsi səbəbindən onun üzərində narkotik vasitə olması şübhəsi olduğu üçün o, polis əməkdaşları tərəfindən saxlanılıb ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxladığı, Təqsirləndirilən şəxs2 aldıqdan sonra özünün isifadəsi üçün ayırdığı siqaretin göy rəngli alüminium kağızına doldurulmuş olan təmiz çəkisi 1.05 qram və “Argo” markalı cırılmış siqaret qutusuna bükülmüş vəziyyətdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6.44 qram olan, ümumilikdə isə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 7.49 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satıb qazanc əldə etmək məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 7.49 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qabaqcadan olan razılaşmaya əsasən satmaq məqsədi ilə əvvəllər tanıdığı Füzuli şəhər sakini Təqsirləndirilən şəxs1 ilə 10 fevral 2023-cü il tarixdə axşam saatlarında Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən şəhidlər abidəsinin qarşısında görüşməklə, satıb qazanc əldə etmək məqsədilə üzərində olan təmiz çəkisi 7.49 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 45 manat pula Təqsirləndirilən şəxs1 satmış, 14 fevral 2023-cü il tarixdə, saat 00:30 radələrində Füzuli rayon polis şöbəsinin əməkdaşları Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində xidmətdə olan zaman narkotik vasitələrin aludəçisi kimi tanıdıqları ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 kəndin ərazisində yerləşən “Araz” kafenin sonuncu üçün ayrılmış otağında yemək yeyib spirtli içki qəbul edərkən otaqdan narkotik vasitənin istifadəsindən sonra yaranan kəskin qoxunun gəlməsi səbəbindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması şübhəsi olduğu üçün sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində satış məqsədi olmadan üzərində daşıdığı, saxladığı və ondan pul müqabilində aldığı “Argo” markalı cırılmış siqaret qutusuna bükülmüş vəziyyətdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6.44 qram və siqaretin göy rəngli alüminium kağızına doldurulmuş olan təmiz çəkisi 1.05 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən, ümumilikdə isə təmiz çəkisi 7.49 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, 2023-cü ilin fevral ayının təxminən ortalarında istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonla Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan dostu Yasinə zəng edərək ondan özünün istifadəsi üçün narkotik vasitə olan marixuana istəmişdir. Yasin də ona Sadiq adlı tanışından narkotik vasitə alıb verəcəyini demişdir. 10 fevral 2023-cü il tarixdə axşam saat 21 radələrində idarə etdiyi “VAZ 2104” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində olan “Şəhidlər” abidəsinin qarşısına gedib Yasinlə görüşmüş və 45 manat pulu Yasinə verməklə ona narkotik vasitə olan qurudulmuş marixuana alaraq ona verməsini demiş və Yasin həmin vaxt 45 manat pulu ondan alaraq oradan uzaqlaşmışdır. Təxminən 10 dəqiqədən sonra Yasin yenidən onun yanına qayıdaraq içərisində narkotik vasitə olan marixuana ilə dolu olan bir ədəd kibrit qutusunu ona vermişdir. O, Yasindən həmin kibrit qutusu ilə dolu olan narkotik vasitəni götürərək avtomobil ilə yaşadığı Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində yerləşən evinə gəlmiş və Yasindən aldığı narkotik vasitəni özündə saxlamışdır. 13 fevral 2023-cü il tarixdə səhər saatlarında iş yoldaşı Asif ilə ev təmir etmək üçün Füzuli rayonu, Horadiz şəhərinə getmiş, həmin gün axşam saatlarında işdən çıxdıqdan Asiflə birlikdə sonra yemək yeyərək spirtli içki qəbul etmək məqsədilə Füzuli rayonu, Kərimbəyli kənd ərazisində yerləşən “Araz” kafeyə gəlmişdir. Orada Asiflə birlikdə yemək yeyərək spirti içki qəbul etmiş və bundan sonra çəkmək üçün ayırdığı narkotik vasitəni çıxardaraq çəkmək üçün hazırlamaq istədikdə, polis əməkdaşlarının kafeyə gəlməsini görərək həmin narkotik vasitəni gizlətmişdir. Bundan sonra, polis əməkdaşları onlara yaxınlaşaraq onları sakit olmağa və ictimai qaydanı pozmamağa dəvət etmiş, daha sonra isə oradan narkotik vasitə qoxusu gəlməsini deyərək onun üzərində narkotik vasitə olmasından şübhələnib Asiflə onu Füzuli rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gələrkən üzərində narkotik vasitə olmasını səmimi etiraf edərək üzərində narkotik vasitə olmasını polis əməkdaşlarına demişdir. Polis şöbəsinə gəldikdən sonra onun üzərində baxış və axtarış keçirilərkən içərisində narkotik vasitə olan kibrit qutusunu və bir ədəd bükümü təqdim etmiş, həmin vaxt kibrit qutusundakı narkotik vasitənin çəkisi 7,5 qram, bükümdə olan narkotik vasitə olan qurdulmuş marixuananın çəkisi isə 1,5 qram olmuş və həmin aşkar olunan narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərində alan narkotik vasitə olan qurudulmuş marixuananı Yasin ona satmamış, sadəcə olaraq istifadə etmək üçün pay vermişdir. İstintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığından narkotik vasitəni Yasindən 45 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, Təqsirləndirilən şəxs1 təxminən 7-8 ildir ki, tanıyır və onun narkotikdən istifadə etdiyini bilir. 10 fevral 2023-cü il tarixdə Vəzir onunla telefonda danışaraq ondan çəkmək üçün narkotik vasitə olan qurudulmuş marixuana lazım olmasını deyərək onunla görüşmək istəməsini demişdir. Həmin vaxt Vəziri Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisinə dəvət etmiş, bir neçə saatdan sonra Vəzir “VAZ 2104” markalı avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində olan “Şəhidlər” abidəsinin qarşısına gələrək onunla görüşmüşdür. Vəzirlə söhbət edəndə Vəzir ondan narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, həmin vaxt Vəzirə bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Sadiq adlı şəxsdən alıb ona verəcəyini bildirmişdir. Həmin vaxt narkotik vasitənin ona məxsus olmasını bilməməsi üçün Vəzirə yalan deyərək narkotik vasitəni Sadiq adlı şəxsdən alacağını demişdir. Təxminən 15-20 dəqiqə ərzində Bala Bəhmənli kəndi ərazisində gəzib vaxt keçirdikdən sonra yenidən Vəzirin yanına qayıdaraq üzərində olan narkotik vasitəni Vəzirə verib onun yanından uzaqlaşmışdır. Sonradan Vəzir polis əməkdaşları tərəfindən tutulmuş və narkotikin onun verdiyini polislərə demişdir. O, narkotik vasitəni Vəzirə satmamış, istifadə etmək üçün pay vermişdir. İstintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığından narkotik maddəni Vəzirə 45 manata satdığını demişdir. Şahid Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili Şahid3 bildirdi ki, 14 fevral 2023-cü il tarixdə saat 00:30 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində Füzuli rayon polis şöbəsinin əməkdaşları olan Şahid2, Şahid1, Xalid Əliyev və Qismət Hüseynov ilə xidmətdə olarkən həmin kəndin ərazisində yerləşən “Araz” kafesində olan otaqlardan birindən uca səs gəldiyini eşitmişlər. Həmin səs gələn otağa girdikdə orada Təqsirləndirilən şəxs1 Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi sakini Asif Quliyevlə birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etməsini və otaqdan narkotik vasitə iyi gəlməsini hiss edib şübhələndikləri üçün həmin şəxsləri Füzuli rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış və baxış aparılarkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Argo” markalı cırılmış siqaret qutusuna bükülü vəziyyətdə olan kibrit qutusunu və siqaretin göy rəngli alüminium kağızına doldurulmuş olan yaşıl rəngli kəskin iyili kütlələr aşkar olunmuşdur. Həmin vaxt qeyd olunan kütlələr elektron tərəzidə çəkilmiş və kibrit qutusunda olan kütlənin çəkisi 7,5 qram, siqaret kağızına bükülü halda olan kütlənin çəkisi isə 1,5 qram olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 45 manat pul müqabilində almasını bildirmişdir. Şahidlər Füzuli RPŞ Cinayət axtarış bölməsinin əməkdaşları - polis kapitanı Şahid1, polis baş leytenantı Şahid4 və polis kapitanı Şahid2 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Cinayət işinə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutmaq haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində tutmaq haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 09:10-da şübhəli şəxs qismində tutulmuşdur. Füzuli RPŞ İB-nin müstəntiqi N.Əhmədzadənin 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Füzuli RPŞ MSY-dən buraxılmışdır. Füzuli Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparılması haqqında 14 fevral 2023cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 02:07-də ünvan 3 ünvanında yerləşən inzibati binasında müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarışı aparılarkən əynində olan boz rəngli cins şalvarın cibindən bir ədəd “Nokia” markalı sadə telefon, sağ cibindən isə 4 ədəd dəmir halqaya keçirilmiş açarlar, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd içərisində 3 ədəd 20 manatlıq əskinas, bir ədəd 10 manatlıq əskinas, 4 ədəd 5 manatlıq əskinas olmaqla, cəmi 90 manat pul, bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart, bir ədəd "xxxx" ASC-yə məxsus “Tamkart” plastik kartı, bir ədəd Azərişıq smartkartı olan tünd qəhvəyi rəngli dəri görünümlü pul qabı aşkar edilmişdir. Həmçinin, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən “Argo” markalı cırılmış siqaret qutusuna bükülü vəziyyətdə kibrit qutusuna doldurulmuş halda cəmi çəkisi 7,5 qram və bir ədəd göy rəngli alüminium kağızına bükülmüş halda ümumi çəkisi 1,5 qram olan narkotik vasitəyə oxşar yaşıl kütlə aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın aparılması haqqında 14 fevral 2023cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılarkən üzərində qanunsuz əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı ona özünün təxminən 3 gün əvvəl Füzuli rayonu, bala Bəhmənli kəndi ərazisində 45 manata satdığını bildirmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 *** ** ** nömrəli və Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 *** ** ** nömrəli mobil telefonlara 01 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS mətnləri və həmin nömrə sahiblərinə, həmin nömrələrin hansı anten dairəsində fəaliyyət göstərmələrinə dair siyahının "xxxx" MMC-dən götürülməsi haqqında Füzuli rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı əsasında 11 aprel 2023-cü il tarixdə "xxxx" MMC-dən Füzuli rayon Polis şöbəsinə daxil olmuş 01 ədəd diskə tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd disk ağ rəngli xüsusi boya ilə boyanmış, üzərində göy rəngli kapilyar qələmlə 6518 rəqəmləri yazılmışdır. Təqdim edilmiş həmin disk «Windows 7» proqram təminatı ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda diskdə bloknot tipli «508848441_sms.txt», “513326064_sms.txt”, “**********41.txt”, “**********64.txt”, «abuneçiler.xls» və «antena.xls» adlı fayllar olmaqla, cəmi altı ədəd fayl vardır. Bloknot tipli həmin fayllara baxan zaman Təqsirləndirilən şəxs1 istifadəsində və adına qeydiyyatda olan 050 *** ** ** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs2 istifadəsində və adına qeydiyyatda olan 051 *** ** ** nömrəli mobil telefonla 10 fevral 2023-cü il tarixdə saat 13:35-də 208 saniyə, 11 fevral 2023-cü il tarixdə saat 11:02-də isə 99 saniyə danışmaları müəyyən olunmuşdur. Həmçinin, «antena.xlxs» adlı fayla baxış keçirdilən zaman Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 10 fevral 2023-cü il tarixdə, saat 13:35-də Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində görüşmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 18/173 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülən 1 ədəd kağız bükümündə təmiz çəkisi 1,05 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,44 qram, ümumi təmiz çəkisi 7,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 7,49 qr, cəmi tədqiqata sərf olundu-0,04 qr (hər ob-0,02 qr), qalıq-7,45 qr. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49,74 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi «Publik hüquqi şəxsi» Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasından verilmiş xx.xx.2023-cü il tarixli, 1905 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi «Publik hüquqi şəxsi» Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasından verilmiş xx.xx.2023-cü il tarixli, 1967 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 13 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Füzuli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 17 aprel 2023-cü il tarixli 94 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli Rayon Məhkəməsinin 18 yanvar 2011-ci il tarixli hökmü ilə 100 saat ictimai işlər cəzasına məhkum edilməsi barədə hökmü icra olunmuş, yəni Təqsirləndirilən şəxs1 cəzasını tam çəkib qurtarmış və 30 mart 2011-ci il tarixdə Füzuli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cərimə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cü il tarixli sərəncamı ilə əfv olunaraq cərimə cəzasından azad olunmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 4 ilə endirilmiş və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 7,49 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspert tədqiqatından sonra qalıq qalmış 7,45 qramı cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Füzuli rayon Polis şöbəsinə təhvil verilmişdir. Füzuli rayon İHB-nin Zobucuq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Atakişiyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı var: xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2. Beləliklə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxslərin özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və digər zəruri iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, bu şəxslərin törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq müvafiq şəkildə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Onlar həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək maddələrin sanksiyaları həddində cəzalandırılmalıdırlar. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, o, digər Təqsirləndirilən şəxs1 narkotik vasitəni istifadə etmək üçün pay vermiş, satmamışdır. Təqsirləndirilən şəxs1 də narkotik vasitəni Yasindən 45 manata almadığını, istifadə etmək üçün pay aldığını bildirmişdir. Lakin hər iki təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik maddə olan qurudulmuş marixuananı Yasindən 45 manata aldığını, Yasin də Vəzirə həmin narkotik maddəni 45 manata satdığını bildirmişlər. Hər iki təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarından etirafedici ifadələr verdiklərini bildirsələr də məhkəmə bu ifadələri səmimi və inandırıcı hesab etmir. Belə ki, təqsirlənirilən şəxslər polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmalarında dair bu müddət ərzində nəzarət qaydasında prokurorluğa və ya məhkəməyə müraciət etməmişlər və bu barədə müvafiq araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə xeyli müddət tanış və yaxın ünsiyyətdə olduqları üçün hazırkı məhkəmə iclasında üzbəüz qaldığından ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə iclasında qeyri-səmimi ifadə vermiş və bununla da, Təqsirləndirilən şəxs2 kömək etməklə onu daha ağır cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarlaşdırmağa çalışmışdır. Bu hal məhkəmənin Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsinin səmimi olmaması və Təqsirləndirilən şəxs2 ifadəsinin isə özünü müdafiə xarakterli olması qənaətinə gəlməsinə əsas verir. Azərbaycan Respublikası CPM-in 25.3-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona ittiham irəli sürülmüş AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində deyilir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalar təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in: 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə. 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2.-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası deyil, ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs1 törətdiyi əməlin az ağır cinayətlər kateqoriyasına aid olması və əməlini etiraf etməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas verir. Məhkəmə digər təqsirkar şəxs Təqsirləndirilən şəxs2 AR CM-in 234.2-ci madddəsi ilə cəza təyin edərkən onun şəxsiyyətini, davranışını və törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə almaqla ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını ədalətli sayır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını da unutmayaraq ona yüngül cəzanın aşağı həddə təyin olunmasını əsaslı hesab edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 49,74 manat Təqsirləndirilən şəxs1 tutularaq MEM-in hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən cəmi üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Füzuli rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,45 qr narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu bir gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq iki gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 49,74 manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə maddi sübut olan şəxsi axtarışın aparılmasını özündə əks etdirən üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,45 qr narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (surəti məhkum Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar