Məhkəmə qərarları › İş №1(064)-32/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-32/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-32/2024 02.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Rusiya Federasiyası, Tatarıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində yerləşən «Telnar» şadlıq sarayının içərisindəki ofis otağından (müdir otağından) pul və videokameranın “DVR” aparatını tamah niyyəti ilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq məqsədilə şadlıq sarayının giriş qapısından həyətinə daxil olduqdan sonra şadlıq sarayının qarşısında yerləşən plastik pəncərəni əli ilə itələyib açaraq saxlanc yeri hesab olunan binaya qanunsuz daxil olmaqla oradan ofis otağına yaxınlaşıb otağın plastik qapısını çiyni ilə güc verib itələyərək açdıqdan sonra ofis otağına qanunsuz daxil olaraq otaqdakı stolun üzərindəki orta bazar qiyməti 240,00 (iki yüz qırx) manat olan 01 ədəd 2023-cü il Çin istehsalı olan, «Hikvision» markalı, «DS-7116 HGHİ-K1» modelli, 16 kanallı, 4 TB yaddaş tutumlu “DVR” aparatının naqillərini özündə olan kəlbətinlə kəsib gizli talama yolu ilə qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs2 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən 06 fevral 2024-cü il tarixdə, saat 01-02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində yerləşən saxlanc yeri hesab olunan «Alize studio» gözəllik salonundan tamah niyyəti ilə, hüquqa zidd və əvəzsiz olaraq pul oğurlamaq məqsədilə həmin salonun qarşısına yaxınlaşaraq salonun qarşısında quraşdırılmış videokameranın onun hərəkətlərini çəkməməsi üçün özündə olan kəlbətinlə videokameranın elektrik naqillərini kəsdikdən sonra salonun plastik qapısını çiyni ilə güc verib itələyərək açdıqdan sonra oraya qanunsuz daxil olmaqla salondakı şkafların siyirtməsindən 550 (beş yüz əlli) manat nağd pulu gizli talama yolu ilə qəsdən ələ keçirib zərərçəkmiş şəxs X1 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vuraraq təkrar oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Füzuli rayonu, Arayatılı kəndində yaşayır, subaydır. 2019-cu ilin oktyabr ayından 2021-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət etmiş, İİ Qarabağ müharibəsi veteranıdır. Əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. 2021-ci ilin avqust ayından "xxxx" MMC-nin Füzuli rayonu Horadiz şəhərində yerləşən filialında elektrotexnik işləyir, işdən sonra boş vaxtlarında Füzuli rayonu, Horadiz şəhərində yerləşən «Telnar» şadlıq sarayında ofisiant işləmişdir. 2023-cü ilin noyabr ayından ***-***-**-** saylı nömrədən istifadə edir və adına başqa mobil nömrə yoxdur. Maddi imkanı olmadığından 05 fevral 2024-cü il tarixdə, saat 24 radələrinə Füzuli rayonu, Horadiz şəhərində yerləşən «Telnar» şadlıq sarayından pul oğurlamaq qərarına gəlmişdir. «Telnar» şadlıq sarayının giriş və yan tərəflərində videokameranın olduğunu qabaqcadan bildiyinə görə videokameranın DVR-aparatına qoşulmuş elektrik naqilini şəbəkədən ayırmaq məqsədilə özü ilə kəsici kəlbətin götürüb əynində olan gödəkçənin iç cibinə qoymuşdur. 06 fevral 2024-cü il tarixdə, saat 01 radələrində «Telnar» şadlıq sarayına qarşı tərəfdən yaxınlaşıb binanın qabaq tərəfindəki açıq pəncərədən içəriyə daxil olmuş, sonra isə şadlıq sarayının manqalxanasına gəlmişdir. Oradakı qapını içəridən açıb dəhlizə çıxmaqla müdir otağına yaxınlaşmış, plastik qapını çiyni ilə güc verərək itələyib açdıqdan sonra müdir otağına daxil olmuşdur. Müdir otağındakı şkafın siyirtməsinə, stolun üzərinə və digər yerlərdə pul axtarsa da, tapa bilməyib video kameranın onun hərəkətlərini çəkməsini gördüyündən özü ilə gətirdiyi kəlbətinlə stolun üzərindəki videokameranın ağ rəngli DVR aparatının arxasında 8 ədəd kabelləri kəsib DVR aparatını götürməklə şadlıq sarayının qabaq tərəfindən asfalt yola çıxmışdır. Həmin vaxt saat 01-20 radələri olardı. Asfalt yolun əks tərəfində yerləşən «Alize Studio» gözəllik salonuna daxil olub oradan pul oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə gözəllik salonunun qarşısına yaxınlaşdıqdan sonra orada da videokamera quraşdırılmasını görüb videokameranın giriş naqilini özündə olan kəlbətinlə kəsdikdən sonra salonun plastik qapısını güc verib çiynilə itələyərək qapını açmaqla içəriyə daxil olmuşdur. Salonun içərisi qaranlıq olduğundan özündə olan «SAMSUNQ A-14» markalı telefonun işığını yandırmış və salonun içərisinə göz gəzdirdikdə içəridə ətriyyat, saç kremləri, alt paltarlarının olmasını görmüş, sonra salonun sol tərəfindəki siyirməsini açmışdır. Siyirtmədə şəffaf rəngli sellofanın içərisində pul olduğunu görüb həmin pulları çıxararaq cibinə qoymuş, sonra yan tərəfdəki digər siyirtməni açmış, həmin siyirtmədə kağız vərəqinin içərisində xeyli pullar olmasını görərək həmin pulları da götürüb cibinə qoymuş və qapını örtüb oradan uzaqlaşmış, «Telnar» şadlıq sarayından oğurladığı DVR aparatını yaxınlıqdakı kolun içərisinə atıb piyada yaşadığı evə gələrkən gözəllik salonundan götürdüyü pulları saydıqda pulun ümumi məbləğinin 550 (beş yüz əlli) manat olmasını görmüşdür. Heç kimin ondan şübhələnməməsi üçün piyada yaşadığı Füzuli rayonu, Arayatılı kəndinə getmiş və saat 03-04 radələrində yaşadığı evə çatıb yatmışdır. Oğurluq etməsi barədə ailə üzvlərinə məlumat verməmişdir. 06 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Horadiz şəhərində yerləşən iş yerinə getmiş, oğurladığı 550 (beş yüz əlli) manat pulun 35 manatına siqaret, kontur və su alıb xərcləmişdir. “Telnar” şadlıq sarayından oğurladığı DVR aparatını evə aparsa və yaxud satsa oğurluğun onun tərəfindən törədilməsinin bilinməsindən ehtiyat etdiyi üçün videokameranın DVR aparatını özü ilə yaşadığı evə aparmamış və yaxud satmamışdır. «Telnar» şadlıq sarayının müdiri Zərərçəkmiş şəxs2 ilə qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. «Telnar» şadlıq sarayında işlədiyi vaxtda Barat həmişə onun pulunu vermişdir. “Alize Studio” gözəllik salonundan və “Telnar” şadlıq sarayından oğurluğu tək etmiş, yanında heç kim olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Həmçinin bildirmişdir ki, 1 ədəd DVR aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş üzrə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Eyni zamanda onu da bildirir ki, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi, ev 13-də yaşayır. Fərdi qaydada kafel və metlaq ustası işləyir. 2006-cı ildən arvadı Şahid1 yaşadığı Füzuli rayonu, Horadiz şəhərində, 20 yanvar küçəsində mərkəzi yolun kənarında «Alize studio» adlı gözəllik salonunu işlədir. Həmin salon ona məxsusdur. Namiyə salonda saç kəsimi və saç düzümü işləri görür. Bundan başqa, salonda müxtəlif markalı ətirlər, saç boyaları və kosmetik vasitələrin satışı ilə məşğul olur. Gözəllik salonu bir otaqdan, 5x4 metr ölçüdən ibarətdir. Salonunun giriş qapısı və pəncərələri plastik materialından hazırlanmış, salonda iki ədəd daxildə və iki ədəd çöl tərəfə video kamera quraşdırılmışdır. Videokameranın DVR aparatı salonun içərisində şkafın üzərində yerləşdirilib. Arvadı Namiyə bəzi hallarda alver pulunu salondakı şkafın siyirtəmələrində saxlayır. Özü hər gün səhər saatlarında salonun plastik qapısını açarla açır, axşamlar isə bağlayır. 05 fevral 2024-cü il tarixdə, saat 21 radələrində arvadı Namiyə salonda təmizlik işləri gördükdən sonra salonun plastik qapısını daxili qıfılla bağlayıb açarı cibinə qoymuş və birlikdə yaşadığı evə gəlmişdir. 06 fevral 2024-cü il tarixdə, saat 09:30 radələrində evdən çıxıb salona getmişdir. Salona yaxınlaşdıqda salonun plastik qapısını açıq vəziyyətdə və salonun içərisindəki saç boyalarının döşəmənin üzərinə dağılmasını, şkafın siyirtməsinin açıq vəziyyətdə olmasını görüb orada arvadı Namiyənin şkafın siyirtməsində saxladığı pulların oğurlanmasından şübhələnmiş və istifadə etdiyi ***-***-**-** saylı nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verərək gözəllik salonunun dağıdılması və pul oğurlanmasını bildirmişdir. Daha sonra arvadı Namiyənin istifadə etdiyi nömrəyə zəng edərək ona oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra arvadı Namiyə, ondan bir neçə dəqiqə sonra isə Füzuli rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Onun və arvadı Namiyənin iştirakı ilə hadisə yerinin baxışı aparılmışdır. Baxış zamanı videokameranın elektrik xətləri kəsilmiş, plastik qapı açılaraq içəriyə daxil olunmuş, vitrindəki video kameranın qarşısındakı saç boyalarının döşəmənin üzərinə dağılmasını görmüşdür. Arvadı Namiyə şkafın siyirtməsinə baxıdıqda birinci şkafın siyirtməsində kağızın arasında saxladığı 200 (iki yüz) manata yaxın, digər şkafın siyirtməsində isə 350 (üç yüz əlli) manatadək pulların oğurlanmasını görmüşdür. Həmçinin şkaflara baxış zamanı ikinci şkafın siyirtməsində plasmas qabda saxladığı 170 manat pul aşkar edilmişdir. Baxış zamanı müəyyən edildi ki, salondan yalnız nağd pul oğurlanmışdır. Müraciəti əsasında araşdırma aparılarkən Füzuli rayon Polis şöbəsinin əməkdaşlarından ona məxsus «Alize studio» adlı gözəllik salonundan 550 (beş yüz əlli) manat nağd pulu Füzuli rayonu, Arayatılı kənd sakini Təqsirləndirilən şəxs oğurlamasını öyrənmişdir. Təqsirləndirilən şəxs atası Səfər tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən Rəşaddan şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. O, təqsirləndirilən şəxsin cavan, müharibə iştirakçısı, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, həm məhkəməyə, həm də ibtidai istintaq orqanına təqdim etdiyi ərizələrində də təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini və barışdığını göstərmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi, ev 31-də yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2014-cü ildən Füzuli rayonu, Horadiz şəhərində, 20 Yanvar küçəsindən keçən mərkəzi yolun kənarında «Telnar» şadlıq sarayını tikdirərək işlədir. Füzuli rayonu, Horadiz şəhər sakini Şahid2 şadlıq sarayının gözətçisi işləyir. Şadlıq sarayı iki mərtəbəlidir, şadlıq sarayına giriş arxa və qabaq tərəfdəndir. Şadlıq sarayının müdir otağı birinci mərtəbədə yerləşir. Həmin otağın qapı və pəncərəsi plastik materialından hazırlanmışdır. Şadlıq sarayının videokamerasının «Hikvision» markalı, DVR aparatı müdir otağında quraşdırılmışdır. İşlə bağlı arabir Bakı şəhərində olur. 06 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Şahid2 istifadə etdiyi ***- ***-**-** saylı nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək şadlıq sarayının müdir otağının plastik qapısının açıldığını, otaqda axtarış aparıldığını və videokamerasının «Hikvision» markalı DVR aparatının giriş və çıxış naqillərinin kəsilərək aparatın oğurlandığını bildirmişdir. Bakı şəhərində olduğuna görə Şahid2 ona məxsus «Telnar» şadlıq sarayından 300 (üç yüz) manat dəyərində bir ədəd DVR aparatının oğurlanması barədə Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət etməsini xahiş etmişdir. Həmin gün onun iştirakı ilə hadisə yerinin baxışı aparılmışdır. Füzuli rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılarkən Füzuli rayon Polis şöbəsinin əməkdaşlarından ona məxsus «Telnar» şadlıq sarayından 300 (üç yüz) manat dəyərində DVR aparatını Füzuli rayonu, Arayatılı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını öyrənmişdir. Füzuli rayonu, Arayatılı kənd sakini Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır, Rəşadla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi olmamışdır. Rəşad bir neçə il ona məxsus «Telnar» şadlıq sarayında ofisiant işləmişdir. «Telnar» şadlıq sarayından DVR aparatından başqa hər hansı pul və sair qiymətli əşya və ya əmlak oğurlanmamışdır. Müdir otağının açarı həmişə Şahid2 olur. Rəşad şadlıq sarayının qapısını sındırmaqla qanunsuz olaraq oraya daxil olub bir ədəd DVR aparatını oğurlamışdır. Təqsirləndirilən şəxs ona iş üzrə törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyanı tam ödəmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. O, təqsirləndirilən şəxsin cavan, müharibə iştirakçısı, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, həm məhkəməyə, həm də ibtidai istintaq orqanına təqdim etdiyi ərizələrində də təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini və barışdığını göstərmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə və ibtidai istintaq orqanına təqdim etdiyi yazılı ərizələrində Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, buna görə də, Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını, sonuncu ilə barışdıqlarını göstərmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, ev 15-də yaşayır. 2014-cü ildən Horadiz şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Füzuli rayonu, Horadiz şəhərində, 20 Yanvar küçəsindən keçən mərkəzi yolun kənarında «Telnar» şadlıq sarayında gözətçi və anbardar işləyir. «Telnar» şadlıq sarayı iki mərtəbəlidir. Şadlıq sarayına giriş arxa və qabaq tərəfdəndir. Şadlıq sarayının müdir otağı birinci mərtəbədə yerləşir. Həmin otağın qapı və pəncərəsi plastik materialından hazırlanmışdır. Şadlıq sarayının videokamerasının «Hikvision» markalı DVR aparatı müdir otağında quraşdırılmışdır. Şadlıq sarayının müdiri Zərərçəkmiş şəxs2 işlə bağlı arabir Bakı şəhərində olur. 06 fevral 2024-cü il tarixdə, saat 09 radələrində şadlıq sarayına gəlmiş və müdir otağının plastik materialından hazırlanmış qapısına zor tətbiq etməklə açıldığını, müdir otağında axtarış aparıldığını və videokameranının DVR aparatının oğurlandığını görüb istifadə etdiyi ***-***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs2 istifadə etdiyi nömrəyə zəng edərək şadlıq sarayının müdir otağının plastik qapısının açıldığını, otaqda axtarış aparıldığını və videokamerasının «Hikvision» markalı DVR aparatının giriş və çıxış naqillərinin kəsilərək aparatın oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ondan «Telnar» şadlıq sarayından 300 (üç yüz) manat dəyərində bir ədəd DVR aparatının oğurlanması barədə Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət etməsini xahiş etmişdir. Həmin gün onun iştirakı ilə hadisə yerinin baxışı aparılmışdır. Füzuli rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılarkən Füzuli rayon Polis şöbəsinin əməkdaşlarından «Telnar» şadlıq sarayından 300 (üç yüz) manat dəyərində DVR aparatının Füzuli rayonu, Arayatılı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını öyrənmişdir. Füzuli rayonu, Arayatılı kənd sakini Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, Rəşadla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Rəşad bir neçə il idiki «Telnar» şadlıq sarayında ofisiant işləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək əri Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 fevral 2024-cü il tarixli iki ədəd protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, birinci epizod üzrə hadisə yeri Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan “Alize Studio” adlı gözəllik salonu, ikinci epizod üzrə hadisə yeri Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus olan “Telnar” şadlıq sarayı olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-6-16/2-9/1657/2024 nömrəli ekspert rəyində rəyində göstərilmişdir ki, 01 ədəd 2023-cü il Çin istehsalı olan, “Hikvision” markalı, “DS-7116HGHİ- K1” model, 16 kanallı, 4 TB yaddaş tutumlu dvr aparatının istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 240,00 manat müəyyən edilir. Ekspertiza xərci 50 manat təşkil edir. - polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmək haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - 07 may 2024-cü il tarixli cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif olunması barədə qərardan görünür ki, Füzuli RPŞ-nin İB-nin baş müstəntiqi Bahadur Hüseynov tərəfindən ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət işinin istintaqının ********* nömrə altında davam etdirilməsi və cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunması qərara alınmışdır. - 16 fevral 2024-cü il tarixli “Könüllü təqdim edilmiş videokameranın 01 ədəd DVR aparatına baxış keçirilməsi və götürülməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs “Telnar” şadlıq sarayından oğurladığı 1 ədəd DVR aparatını könüllü olaraq təqdim etmiş, baş müstəntiq Bahadur Hüseynov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd DVR aparatı protokol tərtib edilərək götürülmüşdür. - 10 may 2024-cü il tarixli “maddi sübut kimi tanınma və maddi sübutun saxlanılması üçün təhvil verilməsi haqqında” 10 may 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd DVR aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində saxlanc yerinə daxil olmaqla təkrar oğurluq əməlinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadələri yerində yoxlanılarkən verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, 06 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində yerləşən «Telnar» şadlıq sarayının içərisindəki ofis otağından orta bazar qiyməti 240,00 (iki yüz qırx) manat olan 01 ədəd 2023-cü il Çin istehsalı olan, «Hikvision» markalı, «DS-7116 HGHİ-K1» modelli, 16 kanallı, 4 TB yaddaş tutumlu “DVR” aparatını və 06 fevral 2024-cü il tarixdə, saat 01-02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Füzuli rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsində yerləşən «Alize studio» gözəllik salonundan şkafların siyirtməsindən 550 (beş yüz əlli) manat məbləğində nağd pul oğurladığını, həmin predmetləri zərərçəkmiş şəxslərə qaytardığını qeyd etmiş, ifadələrinin yerində yoxlanılması zamanı həmin gözəllik salonundan və şadlıq sarayından oğurladığı bütün əmlakları götürdüyü yerləri də göstərmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən verdiyi ifadəsində, eləcə də cinayət işi materialları ilə tanış olarkən özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə ibtidai istintaq orqanı tərəfindən onlara qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən verdiyi, yuxarıda məhkəmə istintaqı zamanı elan edildiyi göstərilmiş ifadələrini müdafiəçinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirməsinə, həmin ifadələrin işin faktiki hallarına uyğun olmasına və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilməsinə görə, həmçinin onlarla ziddiyyət təşkil etməyən hissələrdə məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimai təhlükəli hərəkətləri törətmələri onun müvafiq əməllərində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin sübut kimi qiymətləndirilməsi ilə yanaşı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxslər, Şahid2 və Şahid1 şahid qismində verdikləri ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, “Baxış keçirilməsi haqqında” iki ədəd protokollar və onlara əlavə edilmiş fotoşəkillər, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, digər sənədlər və istintaq hərəkəti protokolları, yuxarıda iş üzrə təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanına könüllü olaraq təhvil verildiyi göstərilmiş və maddi sübut qismində tanınmış əmlak, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Füzuli RİHB-nın Arayatılı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs subaydır, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Arayatılı qəsəbəsində yaşayır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə və ibtidai istintaq orqanına təqdim etdiyi yazılı ərizələrində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarının, ona qarşı şikayətinin, tələbinin olmadığını müəyyən edir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İİ Vətən Müharibəsində iştirak etməklə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Kəlbəcərin azad olunmasına görə” (№-1-4351, xx.xx.2020-ci il), Azərbaycan Respublikasının Baş Naziri tərəfindən “Vətən Müharibəsi iştirakçısı” (№1-50510, xx.xx.2022-ci il) medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsiNİ və sonunculara vurduqları maddi ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.12 və 59.1.13-cü maddələrinə, İİ Vətən Müharibəsində iştirak etməklə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının Baş Naziri tərəfindən Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif edilməsi, törətdiyi cinayət əməlindən səmimi peşman olması və əvvəllər məhkum olunmaması isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, sonunculara vurduqları maddi ziyanı ödəməsi, törətdiyi cinayət əməlindən səmimi peşman olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2020-ci il tarixli, 2372 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilməsi və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs cəmi 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarından görünür ki, yuxarıda iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq orqanına könüllü olaraq təhvil verildiyi göstərilmiş və iş üzrə 10 may 2024-cü il tarixli qərarla maddi sübut qismində tanınmış 1 ədəd DVR aparatı həmin tarixli qəbzlə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Bu hal maddi sübutlarla bağlı məsələnin həll edilməsi zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs cəmi 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Cinayət işi üzrə 10 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi – zərərçəkmiş Zərərçəkmiş şəxs2 təhvil verilmiş 1 ədəd DVR onun mülkiyyətinə qaytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar