Məhkəmə qərarları › İş №1(064)-32/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-32/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-32/2025 07.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Füzuli rayonu, Mahmudlu 2 kəndində anadan olmuş, ali təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Mahmudlu 2 kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə Zərərçəkmiş şəxs etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə İİ qrup əlillik düzəltdirmək üçün müraciət edən tanışı Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbə sakini Zərərçəkmiş şəxs İİ qrup əlillik düzəltdirəcəyini yalandan bildirib aldadaraq belə niyyəti olmadan etibarından sui-istifadə edib onu aldadaraq 16 iyul 2023cü il tarixdə, saat 17:16-da özünə məxsus "xxxx" ASC-də olan 4127-2093-0047-2401 hesab nömrəsinə Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisindən Zərərçəkmiş şəxs mobil telefonunda olan "xxxx" ASC-nin “Birbank” mobil tətbiqi vasitəsilə 2500 (iki min beş yüz) manat pulun köçürülməsini təşkil edərək dəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs cəmi 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Füzuli rayon sakini olduğuna görə tanıyır, Qaşqayla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. Bir müddət əvvəl borcları olmuşdur. Həmin borcları olduğu müddətdə Zərərçəkmiş şəxs ona müraciət edərək ikinci qrup əlillik düzəldə biləcəyini soruşduqda, Qaşqaya ikinci qrup əlillik düzəltdirə biləcəyini və qarşılığında 2500 manat məbləğində pul lazım olmasını demişdir. Bundan sonra Qaşqayla Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında görüşüb söhbət etmiş və həmin vaxt onunla 2500 manat pul qarşılığında ikinci qrup əlillik düzəltdirəcəyi barədə razılığa gələrək Qaşqaya özünə məxsus olan Azərbaycan Beynəlxalq Banka aid olan 4127 2093 0047 2401 saylı bank kartının nömrəsini vermiş və həmin pulu qeyd olunan karta göndərməsini demişdir. Qaşqay ona məxsus həmin bank kartına 16 iyul 2023-cü il tarixdə 2500 manat məbləğində pul göndərmişdir. O, həmin pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs ondan əlilliyi düzəltdirməsini soruşduqda ona işin alınmadığını və pulu geri qaytaracağını demişdir. Maddi imkanı olmadığına görə Qaşqayın pulunu geri qaytara bilməmişdir. Buna görə də sonuncu onun barəsində Füzuli Rayon Polis Şöbəsinə şikayət etmişdir. Qaşqaydan İİ qrup əlillik düzəltdirmək üçün aldığı pulun 880 manatını ona ödəmiş. Qaşqaya əlillik düzəltdirilməsi ilə bağlı hər hansı şəxsə pul verməmiş və ya hər hansı vəzifəli şəxslə bu barədə arasında söhbət olmamışdır. Qaşqayın 2500 manat məbləğində pulu köçürdüyü Azərbaycan Beynəlxalq Banka aid olan 4127 2093 0047 2401 nömrəli bank kartının surətini istintaqa təqdim etmişdir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Zərərçəkmiş şəxs onunla barışmış, o, iş üzrə Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də iş üzrə barəsində icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Füzuli rayonu, Mahmudlu 2 kənd sakini kimi tanıyır, Tacəddinlə əvvəldən arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. 2016-cı ildə aprel ayında olan döyüşlərdə və 2020-ci ildə “Vətən müharibəsində” iştirak etmiş, həmin vaxt döyüşlərdə “qapalı kəllə beyin travması” aldığına görə hərbidən təxris olunmuşdur. Bundan sonra özünə əlillik düzəltdirmək üçün bir neçə dəfə Dövlət Sosial Müdafiə Fonduna gedərək müraciət etmiş, lakin ona əlillik verilməmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Yasamal rayonu “20 yanvar” metrostansiyasının yaxınlığında görüşüb söhbət edərkən Tacəddin ona tanışlarının vasitəsilə İİ qrup əlillik düzəltdirəcəyini söz vermiş və bunun qarşılığında ondan 5000 manat pul lazım olmasını demişdir. Həmin vaxt Tacəddinə ilkin olaraq 2500 manat məbləğində pul verəcəyini, əlilliyi düzəldikdən sonra isə qalan 2500 manat pulu da verəcəyini demişdir. Tacəddinlə birlikdə Bakı şəhərindən Füzuli rayonuna geri qayıtmışlar. 16 iyul 2023-cü il tarixdə Füzuli rayonu 1 saylı Zobucuq qəsəbəsində olarkən Tacəddinin ona göndərdiyi "xxxx"a məxsus kart hesabına mobil telefonunda olan və özünə məxsus "xxxx" ASC-dən olan 4169 7388 8408 6558 saylı kart hesabı ilə qeydiyyatdan keçdiyi “Birbank” mobil tətbiqi vasitəsilə 2500 manat məbləğində pul göndərmiş və daha sonra həmin göndərdiyi pulun qəbzini mobil telefon vasitəsilə Tacəddinə göndərmişdir. Bundan sonra Tacəddinlə danışıb əlilliyini nə vaxt düzəltdirəcəyini soruşduqda Tacəddin ona gözləməsini və əlilliyini düzəltdirəcəyini bildirmişdir. Lakin sonradan Tacəddinin onu aldadaraq pulunu ələ keçirməsini bilmiş və ondan pulu geri istəsə də, Tacəddin müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını demişdir. 2023-cü ilin oktyabr ayında əlilliyi ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmiş və ona İİİ qrup əlillik verilmişdir. Tacəddinə məxsus olan kart hesabına göndərdiyi 2500 manat məbləğində pulu 16 iyul 2023-cü il tarixdə saat 17:16-da "xxxx" ASC-dən olan 4169 7388 8408 6558 saylı kart hesabı ilə qeydiyyatdan keçdiyi “Birbank” mobil tətbiqi vasitəsilə Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisindən göndərmişdir. Tacəddin ona hər hansı adam adı deməmiş, sadəcə tanışlarının olmasını və onlar vasitəsilə əlillik düzəltdirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək iş üzrə Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı təşkil edən 2500 manat məbləğində pulu tamamilə ödədiyini, buna görə də Təqsirləndirilən şəxsla barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzə baxış keçirilməsi protokolundan görünür ki, 16 iyul 2023-cü il tarixdə, saat 17:16-da 416973******6558 saylı bank kartından 4127- 20********2401 saylı bank kartına 2500 (iki min beş yüz) manat məbləğində pul köçürülmüşdür. Zərərçəkmiş şəxs təqdim etdiyi və özünə məxsus olduğunu dediyi bank kartının üzərində 4169 7388 8408 6558 nömrəsi, həmçinin son istifadə müddəti 08/25 olması göstərilmiş, bundan başqa kartın üzərində 443 rəqəmi də qeyd olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs 4127-20********2401 saylı bank kartının Təqsirləndirilən şəxs məxsus olması və 4169 7388 8408 6558 nömrəli bank kartının Zərərçəkmiş şəxs məxsus olmasını və Təqsirləndirilən şəxs məxsus 4127-20********2401 saylı bank kartına Zərərçəkmiş şəxs tərəfindən 4169 7388 8408 6558 nömrəli bank kartından pul göndərməsi müəyyən edilmişdir. (səh. 26-27). - 16 iyul 2023-cü il il tarixli, ********* nömrəli qəbzin surətindən görünür ki, 16 iyul 2023-cü il tarixdə, saat 17:16-da köçürmə yolu vasitəsilə 416973******6558 saylı bank kartından 4127-20********2401 saylı bank kartına 2500 manat məbləğində pul köçürülmüşdür. (səh. 25). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərdab RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə CPM-nin 40.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir (səh. 30-31). - Zərdab RPŞ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, zərərçəkmişlə barışdığına və dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilmişdir (səh. 53-57). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni dələduzluğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittihama dair özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi ifadəsi, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd qəbzinin surəti, digər istintaq hərəkəti protokoları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 73.-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.-1.1-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. - 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə cinayət işi üzrə CPM-nin 40.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayət əməlini xx.xx.2023cü il tarixdə törətmiş, ilk əməlini isə xx.xx.2023-cü il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarına əsasən xx.xx.2023-cü il tarixdə törətmişdir. Bu səbəbdən hazırki əməl xitam verilmiş əməldən əvvəl törədildiyindən məhkəmə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının “qərara aldım” hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, Zərərçəkmiş şəxs verdiyi ifadəsi və məhkəməyə təqdim etdiyi ərizəsi əsasında sonuncunun Təqsirləndirilən şəxs ilə barışması, sonuncunun Zərərçəkmiş şəxs vurduğu 2500 manat məbləğində maddi ziyanı tamamilə ödəməsi, barəsində olan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsi ilə razı olması müəyyən edildiyinə görə Azərbaycan Respublikası CPM-in 43.1.2ci maddəsinə əsasən iş üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirinin ləğv edilməsi barədə qərar daxil edilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməli olduğuna görə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar