Məhkəmə qərarları › İş №1(064)-33/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-33/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-33/2024 07.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bir neçə gün əvvəl həmkəndlisi Zərərçəkmiş şəxs ilə mobil telefonla danışarkən sonuncunun onun ünvanına nalayiq sözlər deməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə ilə əlaqədar 16 may 2024-cü il tarixdə saat 12 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən “Elçin" çay evinin yaxınlığında Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruqla qəsdən bir dəfə zərbə vurması nəticəsində sağ gözaltı nahiyənin hematoması fonunda əzilmiş yara və ənsə nahiyəsinin qançırından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı barəsində böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılan şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində ibtidai araşdırma orqanı tərəfindən həmin icraatın nəticələrinə dair tərtib edilmiş yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin məhkəməyədək icraat zamanı verdiyi izahatının məzmununu təsdiq edərək göstərmişdir ki, bir neçə gün əvvəl Zərərçəkmiş şəxs (bundan sonra – Səfa) ilə mobil telefonla danışarkən sonuncu onun ünvanına nalayiq sözlər dediyinə görə 16 may 2024-cü il tarixdə saat 12 radələrində avtomobilini Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən “Elçin" çay evinin yaxınlığında idarə edərkən Səfanın həmin yerdə olmasını görüb avtomobilini saxlamış, sonuncudan onun ünvanına nalayiq sözlər deməsinin səbəbini soruşmuşdur. Səfanın ona cavabında “yaxşı etmişəm” deməsindən əsəbiləşdiyinə görə Səfanın sağ göz nahiyəsinə yumruqla qəsdən bir dəfə zərbə vurmuş, nəticədə həmin nahiyədə xəsarətlər yaranmışdır. Həmin əməlindən səmimi peşimandır. Səfa onunla barışmış, hazırki material üzrə Səfaya vurduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırki material üzrə icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində, həmçinin məhkəməyədək icraat zamanı verdiyi izahatının məzmununu təsdiq edərək, işin faktiki halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmiş, sonuncu ilə barışdığını, hazırki material üzrə Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində, həmçinin məhkəməyədək icraat zamanı verdiyi izahatının məzmununu təsdiq edərək göstərmişdir ki, 16 may 2024-cü il tarixdə ona qohumu Zərərçəkmiş şəxs xəsarət alması barədə telefon vasitəsilə məlumat verildiyinə görə sonuncunun yanına getmişdir. Zərərçəkmiş şəxs ona sağ gözaltı nahiyəsindəki xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini demişdir. Hazırki icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş,: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı 17 may 2024-cü il tarixli yazılı şikayətindən görünür ki, o, həmin tarixdə Füzuli RPŞ-yə təqdim etdiyi müraciətində 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini göstərib, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Buna görə də Azərbaycan Respublikası CPM-in 294.1.2-ci maddəsinə uyğun olaraq, 17 may 2024-cü il tarixdə Füzuli RPŞ-də həmin şikayətə dərkənar qoyulmaqla Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır (səh. 1). - “Baxış keçirilməsi haqqında” 18 may 2024-cü il tarixli baxış protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxışda iştirak etmiş Zərərçəkmiş şəxs hazırki icraat materialları üzrə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən “Elçin” çay evinin yaxınlığında baş vermiş hadisə yerini göstərmişdir (səh. 22-24). - Məhkəmə-tibb ekspertizasının 17 may 2024-cü il tarixli, 131/24 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sağ gözətrafı nahiyənin hematoması fonunda əzilmiş yara və ənsə nahiyənin qançırından ibarət xəsarətlər 16 may 2024-cü il tarixdə yumruq zərbəsinin təsirindən yaranmış, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir (səh. 9, 10). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində hazırki icraatın nəticələrinə dair tərtib edilmiş yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən göstərilən əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Azərbaycan Respublikası CPM-in 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası CM-in, həmçinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatı və məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan aydın olur ki, o, yekun protokolda ona qarşı göstərilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəməyədək icraat zamanı verdiyi etirafedici izahatı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs və Şahid1 məhkəməyədək icraat zamanı verdikləri izahatları və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, icraat materiallarında olan “Baxış keçirilməsi haqqında” 18 may 2024-cü il tarixli baxış protokol, məhkəmə-tibb ekspertizasının 17 may 2024-cü il tarixli, 131/24 nömrəli rəyi və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasında verdikləri ifadələri, eləcə də məhkəməyə yazılı qaydada təqdim etdikləri yazılı ərizələri əsasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışması, sonuncunun hazırki icraat materialları üzrə Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəməsi və icraata barəsində bəraətverici əsaslar olmadan xitam verilməsi ilə razı olması, məhkumluq haqqında tələbnamə (səh. 34) əsasında əvvəllər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə bağlı, yəni həmin Məcəllənin 73-cü maddəsinə əsasən deyil, 05 yanvar 2017-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilməsi müəyyən edildiyinə görə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən hazırki icraat materialları üzrə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Hazırki icraat materialları üzrə maddi sübüt və ekspertiza xərci yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar