Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-36/2023 17.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini İran İslam Respublikası (bundan sonra - İran İR) tərəfdən N nömrəli hərbi hissənin Füzuli rayonu, Qazaxlar kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 15-ci sahəsi istiqamətindəki xidməti ərazisində nəzarət-buraxılış məntəqəsindən kənarda keçmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyətlər siyahısında “Saxla” statusuna qoyulduğuna görə N mart 2023-cü il tarixdə DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi üçün təşkil edilmiş səyyar xidmətə müraciət edərkən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2011-ci ilin aprel ayında Sədərək sərhəd keçid məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisindən çıxıb Turkiyə Respublikasına getmiş, orada yaşamış və işləmişdir. Türkiyə Respublikasında qanunsuz yaşadığına görə qanuni yaşamasına icazə verən sənədi əldə etmək məqsədilə məcburiyyət qarşısında qalıb Azərbaycan Respublikası ərazisinə qanunsuz yolla keçmək qərarına gəlmişdir. Çünki Türkiyə Respublikası ərazisindən qanuni qaydada çıxsaydı, deportasiya edilə bilərdi. Onu 2021-ci ilin avqust ayının ortalarında “İsmayıl” adlı Turkiyə Respublikası vətəndaşı verdiyi 400 ABŞ dolları məbləğində pul müqabilində qanunsuz yolla Turkiyə Respublikasından İran İR ərazisinə, 03 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində “Şəhriyar” adlı İran İR vətəndaşı isə verdiyi 1200 manat məbləğində pul müqabilində N nömrəli hərbi hissənin Füzuli rayonu, Qazaxlar kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 15-ci sahəsi istiqamətindəki xidməti ərazisində qanunsuz yolla İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirmişlər. Bundan sonra Bakı şəhərində kirayədə yaşamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyətlər siyahısında “Saxla” statusuna qoyulduğuna görə N mart 2023-cü il tarixdə DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi üçün təşkil edilmiş səyyar xidmətə müraciət edərkən saxlanılmış, DSX-nın hərbi qulluqçularına təhvil verilmişdir. Verdiyi ilkin izahatında hər hansı qanunsuz təsir olmadan iş üzrə törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmin əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - İAMAS-dan edilmiş çıxarışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 14 aprel 2011-ci il tarixdə Sədərək sərhəd keçid məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisindən çıxmış və Azərbaycan Respublikası ərazisinə qanuni şəkildə geri qayıtmamışdır (səh. 21). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə yerində göstərməsinə əsasən 03 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini İran İR tərəfdən nəzarət-buraxılış məntəqəsindən kənarda keçdiyi yerin N nömrəli hərbi hissənin Füzuli rayonu, Qazaxlar kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasının 15-ci sahəsi istiqamətindəki xidməti ərazisində yerləşdiyi müəyyən edilmişdir (səh. 24, 25). - N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının sərhədin mühafizə kitabından edilmiş 2/3 sentyabr 2021-ci il tarixli Çıxarışda göstərilmişdir ki, həmin tarixlərdə qabaqlayıcı əməliyyat məlumatı daxil olmamışdır (səh. 30). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokol və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində ictimai işlər cəzası təyin edilmişdir. Buna görə də sonuncu hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir (səh. 61, 62). - Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs subaydır, qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Dəmirçi kəndində hazırda tək yaşayır, əvvəllər uzun müddət yaşamadığına görə şəxsiyyətinin xarakterizə edilməsi mümkün olmamışdır (səh. 94-96). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs iş materiallarında əleyhinə digər sübut növünün olmadığı halda, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olması və şəxsiyyətinin normal xarakterizə edilməsindən ibarət halları, iş materiallarında əleyhinə digər sübut növünün olmadığı halda, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələr verməsi və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının 2500 (iki min beş yüz) manat məbləği həddində təyin edilməsi Azərbaycan Respublikası CM-in 41.2ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Cinayət işi materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsinin N mart 2023-cü il tarixli məktubunda və “İnzibati qaydada tutma haqqında” N mart 2023-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhdudiyyətlər siyahısında “Saxla” statusuna qoyulduğuna görə N mart 2023-cü il tarixdə DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi üçün təşkil edilmiş səyyar xidmətə müraciət edərkən saxlanılmış, ilkin araşdırma zamanı onun 03 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmaqla qanunsuz yolla İran İR tərəfdən Azərbaycan Respublikası ərazisinə keçdiyi müəyyən edildiyinə görə N mart 2023-cü il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuşdur (səh. 4, 13). - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2023cü il tarixli qərardan görünür ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (səh. 58, 59). Məhkəmə Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə və Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə N mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 1 (bir) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 2400 (iki min dörd yüz) manat məbləğində cərimə cəzası saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə N mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 1 (bir) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 2400 (iki min dörd yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-36/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-36/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver