Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-38/2023 11.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, onun və Zərərçəkmiş şəxs1 nümayəndələri vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü-çilingər işləyən, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, H.Hacıyev küçəsi, 325 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə saat 15 radələrində 18 noyabr 2022-ci il tarixdə verilmiş, 01 yanvar 2025-ci il tarixədək qüvvədə olan 056 nömrəli etibarnamə və eyni tarixli 56 nömrəli “Yol vərəqi” əsasında, 25 iyul 2022-ci il tarixdə verilmiş, 25 iyul 2032ci il tarixədək qüvvədə olan BD-904963 nömrəli, B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobillə Mincivan-Hacıqabul yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən 129-cu kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasını və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmalı, əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verməklə təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda, bu qaydalara riayət etməmiş, hadisənin qarşısını texniki cəhətdən almağa imkanı olduğu halda, Mincivan istiqamətində hərəkətdə olan X3 etibarnamə olmadan idarə etdiyi, X10 mülkiyyətində olan “Vaz-2106” markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşdığını və hərəkət üstünlüyünə malik olduğunu nəzərə almayıb özündən irəlidə eyni istiqamətdə hərəkətdə olan, dövlət nömrə nişanı istintaqa məlum olmayan sarı rəngli «Vaz-2106» markalı nəqliyyat vasitəsinin yanından ötmək üçün qarşı hərəkət zolağına çıxaraq sol hərəkət zolağında «Vaz-2106» markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə o, yuxarıda qeyd edilən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan sürücü X1 tağı və kəllə əsası sümüklərinin açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, üz-skelet sümüklərinin soltərəfli, fraqmentləri yerinidəyişmiş və qəlpələnmiş açıq sınıqları, sol bayır topuğun fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları və sıyrıqları xəsarətləri ilə müşaiyət olunan və kəllə tağı, kəllə əsası və üz-skelet sümüklərinin çoxsaylı sınıqları nəticəsində törənmiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok nəticəsində Maksim Cəfərovun hadisə yerində ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri almasına «Vaz-2106» markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sol bud-çanaq oynağının çıxığı, simfizpubis aralanması, sol sirkə kasasının qəlpəli sınığı, oma-bud sınığı, sağ qasıq sümüyünün sınığı xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri almasına, «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün orta üçdə birinin qapalı, qəlpəli, fraqmentləri yerinidəyişən sınığı xəsarətləri ilə müşaiyət olunan və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, bir ilddən artıqdır ki, “ALPHA DEMANİNG” şirkətində sürücü-çilingər işləyir və həmin şirkətə məxsus «Mitsubişhi L200»markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobili idarə edir. 15 mart 2023-cü il tarixdə günorta saat 15 radələrində şirkətin Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində yerləşən bazasından iş icraçısı Zərərçəkmiş şəxs2 ilə birlikdə qeyd etdiyi avtomobillə Beyləqan rayonu, Daşburun qəsəbəsində yerləşən avtomobil hissələri satışı mağazasından avtomobillərə ehtiyat hissələr almaq üçün yola düşmüşdür. Avtomobili o, idarə etmiş, İlham isə qabaq oturacaqda əyləşmişdir. Həmin gün saat 15 radələrində yolun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 90 km/saat sürətlə hərəkətdə olarkən ondan irəlidə eyni istiqamətdə hərəkətdə olan «Vaz-2106» markalı avtomobilin sol yanından ötmək üçün qarşı hərəkət zolağına çıxmışdır. Bu zaman yolun əks istiqamətində qara rəngli «Vaz-2106» markalı avtomobilin qarşısına çıxdığını görmüşdür. Aralarındakı məsafə az olduğuna və qəflətən onun gəldiyini gördüyünə görə tormozlama apara bilməmiş və əks zolaqda həmin avtomobillə toqquşmuşdur. Zərbədən o, huşunu itirmiş və bir müddətdən sonra gözünü açanda görmüşdür ki, avtomobillər yolun sol ehtiyat hissəsində qarşı tərəfləri əzilmiş vəziyyətdə dayanmışlar. Avtomobildə yanında olan Zərərçəkmiş şəxs2 isə sağ qolunu tutub qalmışdır. O, özü avtomobildən yerə düşmüş və baş vermiş hadisəyə görə çoxlu sayda yoldan keçən avtomobillərdən adamlar onların yanına toplaşmışlar. Onun avtomobili ilə toqquşmuş «Vaz-2106» markalı avtomobildə sürücünün sükanın arxasında baş hissəsinin qana bulaşmış vəziyyətdə olduğunu görmüşdür. Az sonra ona məlum olmuşdur ki, həmin sürücü elə sükan arxasında ölmüşdür. Həmin avtomobildə bir nəfər xəsarət almış qadını orada olan çoxsaylı şəxslər kənara çıxardaraq hadisə yerinə gələn ambulans avtomaşınla xəstəxanaya yola salmışlar.Bu zaman hadisə yerinə gələn yol polisi işçiləri onu avtomobilə qoyub, sərxoşluq müayinəsi üçün xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən öyrənmişdir ki, onun avtomobili ilə toqquşan «Vaz-2106» markalı avtomobili X6 idarə etmiş, avtomobildə olan və xəsarət alan qadın isə onun arvadı olmuşdur. Hadisə zaman onun özü heç bir bədən xəsarəti almamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, X11 yas mərasimlərində onu təmsil edən ağsaqqallar iştirak edərək üzrxahlıq etmiş, eləcə də qarşı tərəfə dəfn xərclərini qarşılamaq üçün 2.000 manat vermişdir. Hazırda əlavə olaraq vurulmuş ziyanın aradan qaldırılması üçün əlavə 15.000 manat təklif etsə də qarşı tərəf ondan 30-35 min manatın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 bildirdi ki, o, bir ildən çoxdur ki, “ALPHA DEMANİNG” şirkətində düşərgə rəhbərinin müavini vəzifəsində işləyir. 15 mart 2023-cü il tarixdə günorta saat 14:45 dəqiqədə şirkətin Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində yerləşən bazasından Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubişhi L200” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonu, Daşburun qəsəbəsində yerləşən avtomobil hissələri satışı mağazasından avtomobillərə ehtiyat hissələr almaq üçün yola düşmüşdür. Avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o, özü isə avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Saat 15 radələrində yolun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs avtomobili idarə edərkən onlardan irəlidə onlarla eyni istiqamətdə hərəkətdə olan «Vaz-2106» markalı avtomobilin sol yanından ötmək üçün qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını aparmışdır. Bu zaman əks istiqamətdən “Vaz-2106” markalı avtomobilin sürətlə hərəkət etdiyini görmüşlər. Həmin avtomobil yüksək sürətlə gəldiyi üçün onların, o cümlədən sürücü Elnurun bir anda həmin avtomobili görməsi çox çətin olmuşdur. Ona görə də, Elnur tormoz verməyə macal tapmadığından hər iki avtomobil yolun sol zolağında qarşı-qarşıya toqquşmuşdur. Toqquşmadan sonra o, sağ qolunda ağrılar hiss etsə də, avtomobildən yerə düşmüşdür. Təqsirləndirilən şəxs yaxşı olub-olmadığını soruşmuş və Elnur başı ilə ona yaxşı olduğunu bildirmişdir. O, toqquşduqları avtomobilə tərəf yaxınlaşan zaman avtomobilin sürücü oturacağında bir nəfər kişinin və sağ arxa oturacaqda isə qadın olduğunu görmüşdür. Hər iki avtomobil zərbənin təsirindən əzilərək yararsız hala düşmüş, «Vaz-2106» markalı avtomobil isə daha çox əzilmişdir. “Vaz-2106” markalı avtomobilin sürücüsünün sükan arxasında öldüyünü, arxa oturacaqda olan qadının isə xəsarət aldığını görmüşdür. O, xəsarət almış qadına köməklik edən zaman yoldan keçən bir avtomobil saxlamış, avtomobildən 3-4 nəfər tanımadığı cavan oğlanlar düşərək xəsarət alan qadını avtomobildən düşürməyə köməklik göstərmişlər. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili həmin qadını xəstəxanaya aparmışdır. Özünün sağ qolunda ağrılar şiddətləndiyi üçün tanımadığı şəxsin idarə etdiyi avtomobillə xəstəxanaya getmiş, sürücü Təqsirləndirilən şəxs hadisə yerində qalmışdır. Füzuli MRX-da müayinə zamanı həkimlər sağ qolunun sındığını ona demişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs özü heç bir xəsarət almamışdır. O, sonradan öyrənmişdir ki, «Vaz-2106» markalı avtomobili X6 idarə etmiş, avtomobildə olan qadın isə onun arvadı olmuşdur. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 bildirdi ki, mərhum X6 onun atasıdır. 15 mart 2023cü il tarixdə günorta saat 15 radələrində işdə olarkən xatırlamadığı şəxs ona mobil telefonla zəng edib atası Maksim Cəfərovun idarə etdiyi «Vaz-2106» markalı, ** BH *** dövlət nömrə nişanlı avtomaşınla Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən digər avtomobilin gəlib onu vurduğunu və digər avtomobildə olan bir nəfər şəxsin rəhmətə getdiyini, atası ilə anasının xəsarət aldıqları üçün onları xəstəxanaya aparıldığını demişdir. O, dərhal digər avtomobillə Füzuli MRX-yə gəlmiş və orada görmüşdür ki, anası Zərərçəkmiş şəxs1 hadisə zamanı sol bud nahiyəsindən ağır xəsarət almış və həkimlər ona tibbi yardım göstərir. Atasını soruşanda oradakı şəxslər ona konkret məlumat verməmişlər. Bundan sonra o, evlərinə gəlmiş və görmüşdür ki, çoxlu sayda kənd sakinləri və qohumlar oraya toplaşmışlar. Həmin vaxt başa düşmüşdür ki, atası qəza zamanı aldığı xəsarətlərdən rəhmətə getmişdir. Az sonra atasının meyiti avtomobillə həyətə gətirilmiş və həmin gün Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilmişdir. Anasının aldığı xəsarəti ağır olduğu üçün o, Bakı şəhərində yerləşən Tibbi cərrahiyyə xəstəxanasına göndərilmişdir. O, anasından hadisə barədə soruşanda anası baş vermiş hadisəni ona danışmışdır. Sonradan atasının üç mərasimi keçirilərkən o, öyrənmişdir ki, atasının idarə etdiyi avtomaşınla toqquşan «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobili Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs idarə etmişdir. Təqsirləndirilən şəxs təmsil edən ağsaqqallar atasının yas mərasimlərində iştirak edib üzrxahlıq etmiş və yas mərasimi üçün ona 2.000 manat vermişlər. Lakin bu məbləğ onları qane etmir. Belə ki, anasının müalicə xərclərinə, atasının yas mərasiminin keçirilməsinə və qəbir daşının qoyulmasına təxminən 30-35 min manat vəsait lazımdır. Zərərçəkmiş şəxsin hüquqi varisi A.Rəsulov həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin qohumları yas mərasimlərində iştirak etsələr də onlar tərəfindən barışığa cəhd edilməmiş, maddi və mənəvi zərərin ödənilməsi tam şəkildə təmin edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 bildirdi ki, 15 mart 2023-cü il tarixdə günorta saat 15 radələrində əri X3 idarə etdiyi «Vaz-2106» markalı, ** BR *** qeydiyyat nişanlı avtomaşınla maaş kartının vaxtı keçdiyinə görə onu Füzuli rayonu, Horadiz şəhərində yerləşən "xxxx" ASCdə dəyişdirmək məqsədilə yaşadığı kənddən yola çıxmışlar. Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində hərəkətdə olarkən qarşıdan «Mitsubişhi L200»markalı avtomobilin yüksək sürətlə onların hərəkətdə olduğu zolağa çıxıb onların üzərinə doğru gəldiyini görmüşdür. Maksim Cəfərov avtomobilin sürətini azaldıb yolun sağına doğru çıxsa da, həmin avtomobil qarşı tərəfi ilə onların avtomobili ilə toqquşmuşdur. Zərbədən onların avtomobili gəldikləri yola doğru yolun sağ kənarındakı xırda təpəyə çıxıb dayanmışdır. O, Maksimi əli ilə tərpətmiş, baş nahiyəsinin qana bulaşmış olduğunu, xırıldadığını və başının çiyninə düşüb öldüyünü görmüşdür. Hadisə yerinə gələn ambulans avtomaşınla o, Füzuli MRX-yə aparılmış və orada sol bud-çanaq, qasıq sümüklərinin sındığı müəyyən edilmişdir. İlkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən X5 yerləşdirilmiş, orada cərrahi əməliyyat olunmuş və bir müddət sonra evə buraxılmışdır. Hazırda ambulator qaydada müalicələrini davam etdirir. Sonradan öyrənmişdir ki, onların avtomobili ilə toqquşan «Mitsubişhi L200» markalı avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Zərərçəkmiş şəxs1 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona heç bir maddi köməklik edilmədiyindən hazırda şikayətçidir. Şahid Füzuli RPŞ DYPB-nin inspektoru Şahid2 bildirdi ki, 15 mart 2023-cü il tarixdə günorta saat 15 radələrində iş yoldaşları Şahid1 və X12 ilə birlikdə xidmətdə olarkən Mincivan-Hacıqabul yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb dərhal xidməti avtomobillə həmin yerə getmişdir. Hadisə yerinə çatanda Təqsirləndirilən şəxs idarə etdiyi «Mitsubişhi L200»markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobillə X3 idarə etdiyi «Vaz-2106» markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobilin toqquşduğunu, sürücü Maksim Cəfərovun hadisə yerində öldüyünü, onun avtomobilində olan sərnişin-arvadı Zərərçəkmiş şəxs1 ağır bədən xəsarətləri aldığını, «Mitsubişhi L200» markalı avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 isə sağ qol nahiysindən xəsarət aldığını görmüşdür. Hadisə yerinə gələn ambulans avtomaşınla yaralıları Füzuli MRX-yə, Maksim Cəfərovun meyitini isə ekspertiza müayinəsi üçün Füzuli Müalicə və Diaqnostika Mərkəzinə digər avtomobillə yola salmış, hadisə barədə Füzuli rayon Polis şöbəsinin Növbətçi hissəsinə telefonla məlumat verib, hadisə yerini qorumağa başlamışdır. Hadisə yerinə ölən şəxs Maksim Cəfərovun yaxınlarının gəldiyini və onların aqressiv hərəkətlər etdiyini görüb, «Mitsubişhi L200»markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qarşı xoşagəlməz hadisənin qarşısını almaq məqsədi ilə onu xidməti avtomaşına mindirib sərxoşluq müayinəsindən keçirmək üçün Füzuli RMX-yə aparmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Şahid Füzuli RPŞ DYPB-nin inspektoru X12 Şahid2la oxşar məzmunlu ifadə verdi. İfadəsi elan edilmiş şahid Füzuli RPŞ DYPB-nin inspektoru Şahid1 ifadəsindən görünür ki, şahid Füzuli RPŞ DYPB-nin inspektoru Şahid2la oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş: Hadisə yerinin baxışının aparılması haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Mincivan-Hacıqabul yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən 129-cu km-də, yolun sol hərəkət zolağında yerləşir. Yolun hərəkət hissəsinin səthi asfalt örtüklü, quru, düz və quru, eni 7,3 metr olmaqla, sağ və sol yol çiyinlərinin səthləri torpaq və xırda çınqıllıqdır.Hadisə «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobilin ötmə əməliyyatı aparmaq üçün qarşı hərəkət zolağına çıxması səbəbindən baş vermişdir. Meyitə baxış keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, X3 meyitinin baxışı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən X7 Mərkəzinin təşrihxanasında aparılmışdır. Təşrih masası üzərində düzgün bədən quruluşlu, boyu 180 sm olan, kafi qidalı, kişi cinsli meyit təqdim edilmişdir. Meyitin əynində olan paltarları: 1.qara rəngdə şalvar, 2. boz rəngdə trusik, 3.qara: rəngdə bir cüt corab, 4.qara rəngdə jilet, 5.göy rəngdə köynək: 6.mavi rəngdə mayka. Üst geyimləri müxtəlif forma və ölçülərdə qanla bulaşmış haldadır. Meyitin dəri örtüyü və görünən selikli qişaları solğundur. Meyit periferik hissələrində soyumuş, digər hissələrdə isə isti haldadır. Meyit qacıması periferik əzələ qruplarında qismən inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərində adacıq şəklində yerləşməklə solğun bənövşəyimtil çalarlıdır, təzyiq etdikdə ağarır, 1-2 dəqiqəyə bərpa olur. Meyitin başının tük örtüyü qara rəngdədir, yanlarda qismən çallaşmış haldadır: 0,5-1 sm uzunluğundadır, hissəvi olaraq yarıqurumuş qanla bulaşmış haldadır. Sifət yarıqurumış qanla bulaşmış haldadır. Sağ göz tamdır, birləşdirici toxuma qişaları kəskin solğundur, buynuz qişa parlaqdır, bəbəyi 0.4 sm diametr ölçüdədir. Sol göz almasının yuvada strukturu çətinliklə ayırd olunan qalıqları vardır. Burun dəlikləri və xarici qulaq keçəcəklərində yarıqurumuş qan qalıqları vardır. Ağzı yarıaçıqdır, dodaqları quru və solğundur. Görünən dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir.Boynu bədəninə mütənasibdir, orta yoğunluqda və uzunluqdadır. Döş qəfəsi silindrik formadadır, elastik və simmetrikdir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf edib, formalaşmışdır, kişi cinslidir. Meyitin bədən səthi üzərində olan xəsarətləri: alın nahiyəsinin tüklü hissəsində, bir qədər solda 6x0,3 sm ölçüdə, kənarları nahamar, sıyrıqlı və qansızmalı, bucaqları küt, birləşdirici toxuma atmaları ilə müşayiət olunan qeyri-müəyyən formalı yara vardır. Yanağın sol yarısında, üst dodağın sol yarısını, burunun sol qanadını, sol gözətrafı yumşaq toxuma və göz almasını əhatə etməklə 8x7 sm ölçüdə, kənarları nahamar, dəri və dərialtı yumşaq toxumaların losqutvari aralanması ilə müşaiyət olunan yara vardır. Sol göz alması strukturunu itirmiş, onun yuvada hissəvi qalıqlar görünür.Həmin proyeksiyada burun sümük-qığırdağının, solda üz-sklet sümüklərinin çoxsaylı, qəlpələnmiş, yerinidəyişmiş, basılmış sınıqları qeyd olunur. Sol bazunun yuxarı üçdə-birinin bayır səthində 10x3 sm, sol diz oynağının iç səthində 2x1 sm, sağ diz oynağının ön səthində isə 2,5x1 sm ölçülərdə, səthi ətraf zədələnməmiş dəri səviyyəsindən çökək, qurumuş, qırmızımtıl rəngdə qeyri-müəyyən formalı sıyrıqlar vardır. Sol əl pəncəsinin arxa səthində 3,0x1,5 sm, sağ mil-bilək oynağının bayır səthində 2x0,5 sm, sağ baldırın yuxarı üçdəbirinin ön səthində 12x2,5 sm ölçülərdə kənarları nahamar, bucaqları küt, birləşdirici toxuma atmaları ilə qeyd olunan yaralar vardır. Sol aşıq-baldır oynağı patoloji hərəkətlidir. Meyitə baxış zamanı başqa xəsarət və dəyişiklik aşkar olunmadı. Baxış təbii işıqlandırma şəraitində keçirilmiş, “Soni” markalı fotoaparatla fotoşəkilləri çəkilmiş, şəkillər protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertin 10 aprel 2023-cü il tarixli, 08/23 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı onda kəllə tağı və kəllə əsası sümüklərinin açıq, xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, üz-sklet sümüklərinin soltərəfli, fraqmentləri yerinidəyişmiş və qəlpələnmiş açıq sınıqları, sol bayır topuğun fraqmentləri yerinidəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı əzilmiş yaraları və sıyrıqları xəsarətləri ilə müşaiyət olunan və kəllə tağı, kəllə əsası və üz-sklet sümüklərinin çoxsaylı sınıqları nəticəsində törənmiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok xəsarətləri aşkar edilmiş, həmin xəsarətlər ətraf yumuşaq toxumalara yayılmış qansızmaların olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın (əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15 mart 2023-cü il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin təsiri nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb kəllə tağı, kəllə əsası və üzsklet sümüklərinin çoxsaylı sınıqları nəticəsində törənmiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok olmuşdur. X11 meyitindən götürülmüş qan nümunəsində məhkəməkimyəvi tədqiqat zamanı etil spirti və narkotik tərkibli maddələr aşkar olunmamışdır. Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, onun ölümünün müddəti 15 mart 2023-cü il tarixinə uyğun gəlir. Məhkəmə-tibbi ekspertin 02 may 2023-cü il tarixli, 146/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi onda sol bud-çanaq oynağının çıxığı, simfizpubis aralanması, sol sirkə kasasının qəlpəli sınığı, oma-bud sınığı, sağ qasıq sümüyünün sınığı xəsarətləri aşkar olunmuşdur. Bu xəsarətlər bərk, küt əşyanın (əşyaların) təsirindən törənmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gəlməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Təkrar məhkəmə-tibbi ekspertizasının 21 avqust 2023-cü il tarixli, T 552/2023 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol bud-çanaq oynağının çıxığı, simfiz-pubis aralanması, sol sirkə kasasının qəlpəli, sağ sirkə kasasının yerdəyişmiş sınığı, oma sümüyünün yerdəyişmiş sınığı, sağ qasıq sümüyünün yerdəyişməmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertin 16 may 2023-cü il tarixli, 160/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi onda sağ bazu sümüyünün orta üçdəbirinin qapalı, qəlpəli, fraqmentləri yerinidəyişən sınığı xəsarəti aşkar olunmuşdur. Bu xəsarət bərk, küt əşyanın təsirindən törənmişdir.xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşın salonunun qabarıq interyerlərinə zərblə dəyməsi nəticəsində əmələ gəlməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 03 may 2023-cü il tarixli, 8/1009 nömrəli ekspert rəyindən görünür ki, «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Vaz-2106» markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə-kimyəvi ekspertin 03 aprel 2023-cü il tarixli, 1170/K nömrəli rəyinə əsasən sürücü Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş qan nümunələrinin tərkibində etil spirti aşkar edilməmişdir. Füzuli rayon Polis şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-73/1-5060/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BD-904963 nömrəli, “B1,B,C1,C” dərəcəli sürücülük hüququ vardır, sürücülük hüququndan məhrum edilməmişdir. X3 AE- 815477 nömrəli, “B,C”dərəcəli sürücülük vəsiqəsi vardır, sürücülük hüququndan məhrum edilməmişdir. BD-904963 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci ildə verilmiş, 25 iyul 2032-ci ilədək qüvvədə olan “B1,B,C1,C” dərəcəli sürücülük vəsiqəsi vardır. Füzuli RPŞ İB-nin müstəntiqi polis polkovnik-leytenantı S.Ağalarovun qərarı ilə “VAZ- 2106” markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilərək cinayət prosesi başa çatanadək saxlanması üçün Füzuli rayon Polis şöbəsinə, «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobil isə iş üzrə maddi sübut hesab edilərək mülkiyyətçi "xxxx" MMC-yə saxlanması üçün təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi polis polkovnik-leytenantı S.Ağalarovun 24 may 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. AZ-İV № 129222 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var: xx.xx.2018-ci il təvəllüdlü X9. Məhkəmə tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham irəli sürülmüş maddə ilə təqsirli bilinməli və maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində qeyd olunur ki, «…..yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır». Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətməklə əməlindən peşmançılıq çəkməsini, vurulmuş ziyanın qismən ödənilməsini və Zərərçəkmiş şəxs2 şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in: 45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində. 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə ədalətli əsas və əlavə cəza verilməsi məsələsini müzakirə edərkən iş üzrə bütün diqqətəlayiq halları, o cümlədən bu cinayət əməlinin xarakterini və ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olmasını, Zərərçəkmiş şəxs2 şikayətçi olmamasını nəzərə almaqla yanaşı, həm də digər zərərçəkmiş şəxs S.Səfərovanın və zərərçəkmiş şəxsin hüquqi varisi A.Rəsulovun şikayətçi olmalarını və Təqsirləndirilən şəxs onlarla barışıq əldə etməməsini də nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ-2106” markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün Füzuli RPŞ-ə, «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobilin isə mülkiyyətçi "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub MEM-in hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutub, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ-2106” markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün Füzuli RPŞ-ə, «Mitsubişhi L200» markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobilin "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxin hüquqi varisi A.Rəsulova maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmələri izah edilisn. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-38/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-38/2023
11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver