Məhkəmə qərarları › İş №1(064)-41/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-41/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-41/2023 17.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Şükürbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Füzuli rayonu, Şükürbəyli kənd sakini Zərərçəkmiş şəxs Məhyəddin oğlunun əmlakını qanunsuz və əvəzsiz olaraq tamah məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə gizli talamaqla ələ keçirərək oğurlamaq üçün çoban işlədiyi, həmkəndlisi Şahid5 Füzuli rayonu, Şükürbəyli kəndində yerləşən ferması ilə qonşuluqda yerləşən Zərərçəkmiş şəxs məxsus fermada heç kimin olmadığına əmin olduqdan sonra 2023-cü ilin fevral ayının əvvəllərindən 2023-cü ilin mart ayının 25-dək olan müddət ərzində saat 11-12 radələrində, çoban işlədiyi Şahid5 məxsus fermanın yay tövləsi ilə Zərərçəkmiş şəxs fermasının arasında olan dəmir torun (setkanın) üstündən Zərərçəkmiş şəxs məxsus olan, saxlanc yeri hesab edilən yay tövləsinə ayrı-ayrı vaxtlarda, yəni ümumilikdə 9 (doqquz) dəfə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs məxsus hər birinin diri çəkisi 45 kiloqram, təmiz əti 25 kiloqram, bir yaş üç aylıq, hər birinin dəyəri 270 manat olmaqla, ümumilikdə 4320 manat dəyərində 16 baş dişi cinsli toğlunu və hər birinin diri çəkisi 65 kiloqram, təmiz əti 35 kiloqram, üç-dörd yaşlı, hər birinin dəyəri 350 manat olmaqla, ümumilikdə 3150 manat dəyərində 9 baş ana qoyunu tutaraq bir-bir yay tövləsinə qanunsuz daxil olduğu dəmir torun üstündən çoban işlədiyi Şahid5 yay tövləsinə keçirmiş, həmin xırdabuynuzlu heyvanlardan 1 baş xırdabuynuzlu heyvanı cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid5 idarə etdiyi “Niva” markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə, ümumilikdə 8 baş xırdabuynuzlu heyvanı cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid4 Səmid oğlunun idarə etdiyi “VAZ-2106” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobillə, 8 baş xırdabuynuzlu heyvanı cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid3 idarə etdiyi “VAZ-2106” markalı, ** BK *** dövlət nömrə nişanlı avtomobillə, 8 baş xırdabuynuzlu heyvanı isə özü ayrı-ayrı günlərdə piyada olaraq Füzuli rayonu, Şükürbəyli kəndində yaşayan atası Şahid2 qapısına gətirərək həmin heyvanlardan 19 baş xırdabuynuzlu heyvanı cinayətdən xəbərsiz olan atası Şahid2 vasitəsi ilə müxtəlif vaxtlarda Füzuli və İmişli rayonları ərazisində yerləşən mal-qara satışı bazarlarında, 6 baş xırdabuynuzlu heyvanı isə Füzuli rayonu, Şükürbəyli kəndinə gələrək səyyar mal-qara alışı ilə məşğul olan və cinayətdən xəbərsiz olan, şəxsiyyəti ibtidai istintaqla müəyyən edilməmiş tanımadığı şəxslərə satıb, ümumilikdə 4700 manat qazanc əldə etməklə gizli talayaraq, Zərərçəkmiş şəxs Məhyəddin oğluna vahid niyyətlə ümumilikdə 7.470 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, Şükürbəyli kəndində yaşayır, Xaləddin adlı şəxsin fermasında çoban işləyir və gündəlik olaraq həmin fermaya gedib gəlir. Gündəlik işi xırdabuynuzlu heyvanları otarıb geri qaytarmaqdan ibarət olmuş, bunun qarşılığında Xaləddin ona aylıq 300 manat əmək haqqı verir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun işlədiyi ferma yaşadığı kəndin kənarındadır və həmin ferma ilə yanaşı Zərərçəkmiş şəxs da ferması var, Rəşad həmin fermada iri və xırda buynuzlu heyvanlar saxlayır. Onun Rəşadın fermasına aidiyyəti olmamış, belə ki, o, yalnız Xaləddinin fermasında işləyir. Atası Ələkbər onunla eyni kənddə yaşayır, lakin evləri ayrıdır. Atası Ələkbər mal-heyvan alveri ilə məşğul olur. Örüşdə quraqlıq olduğundan və heyvanlar örüş sahəsinə getmədiyindən ancaq tövlədə qalmışdır. Belə ki, tövlədə heyvanların otu, yemi verilir və tövlədə yerbəyer edilmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində işlədiyi fermada olan zaman Zərərçəkmiş şəxs fermasının sahibsiz olmasını görmüş, bir qədər düşündükdən sonra qızı Arzumun müalicəsi üçün ona lazım olan təxminən 3000 manat pulu Rəşadın fermasından xırda buynuzlu heyvanlardan oğurlayıb satmaqla düzəldə biləcəyi qərarına gəlmişdir. Həmin vaxt Xaləddinin fermasının yay tövləsində olan özünün qulluq etdiyi heyvanlarla yanaşı, Zərərçəkmiş şəxs məxsus yandakı yay tövləsində olan heyvanlara baxmaq üçün Rəşadla Xaləddinin tövlələrinin arasında olan dəmir torun üzərindən keçərək Rəşadın heyvanlarının yanına getmişdir. Rəşadın heyvanlarının yanına keçdikdən sonra oradan bir baş dişi cinsli rəngini unutduğu toğlunu tutub setkanın üstündən Xaləddinin yay tövləsinə, yəni onun heyvanlarının içərisinə atmış, həmin vaxt orada heç kim olmamışdır. Bundan bir müddət sonra işlədiyi fermanın sahibi Şahid5 özünə məxsus yaşıl rəngli Niva markalı avtomobillə oraya gəlmiş, heyvanların fermadan açıb bir qədər kənardakı örüş sahəsində otarmış, heyvanları geri qaytaranda Xaləddinin hələ də fermada olmasını görmüş, Xaləddinlə köməkli heyvanları yerbəyer etdikdən sonra evə getmək məqamında Xaləddinə örüşdə olan zaman tanımadığı Zobucuq qəsəbəsindən olan çobandan bir baş dişi toğlu almasını və həmin toğlunun heyvanlarının içərisində olmasını demişdir. Xaləddin heyvanı kimdən və hansı qiymətə aldığını soruşmuş, o, Xaləddinə həmin heyvanı aldığı şəxsin adını bilmədiyini yalnız üzdən tanıdığını və 150 manata aldığını demişdir. Həmin vaxt Xaləddin heyvana baxaraq ona başqa hər hansı söz deməmiş və onun Rəşadın tövləsindən oğurladığı bir baş toğlunu avtomobili ilə onun atası Ələkbərin yaşadığı evin qapısına gətirmişdir. Atası Ələkbər ondan həmin heyvanı haradan əldə etməsini soruşduqda atasına həmin heyvanı tanımadığı çobandan 150 manata almasını deyərək həmin heyvanı öz heyvanlarını satan zaman bazarda satmasını xahiş etmişdir. Bir neçə gün sonra atası onu çağıraraq həmin heyvanı 200 manata satmasını deyərək 200 manat pulu ona vermişdir. Qızının müalicəsi üçün yazılmış dərmanları almaq üçün pul lazım olduğundan təxminən bir həftə sonra saat 11 radələrində Rəşadın fermasına eyni qaydada dəmir torun (setkanın) üstündən aşıb oradan ikisi qoyun, biri toğlu olmaqla cəmi 3 baş heyvanı dəmir torun digər tərəfinə, yəni Xaləddinin fermasına keçirmişdir. Bundan sonra həmin gün kəndə gedəndə həmkəndlisi taksi sürücüsü Şahid4 Xaləddinin fermasında üç baş heyvanının olmasını və həmin heyvanları bazara aparması üçün fermadan gətirməli olduğunu demiş, Həbib onunla razılaşaraq fermadan heyvanları kəndə gətirmək üçün ondan 5 manat pul alacağını dedikdən sonra Həbiblə razılığa gəlmiş və o, Şahid4 idarə etdiyi ağ rəngli VAZ-2106 markalı avtomobilə əyləşərək onunla birlikdə Xaləddinin fermasına getmişdir. Həmin vaxt Rəşad və Xaləddinin fermasında heç kim olmamış, Həbib avtomobili fermanın yay tövləsinin yanında saxlamış, heyvanları Xaləddinin fermasındakı heyvanların arasından bir-bir tutub gətirərək Həbibin avtomobilinin yük yerinə yığmışdır. Həbib avtomobili işə salmış, Həbibə avtomobili atası Ələkbərin qapısına sürməyini xahiş etmiş, Həbib avtomobili atasıgilin həyətinin yanına sürdükdən sonra həmin heyvanları avtomobildən atasının həyətinə düşürtmüş, Həbibə 5 manat pul vermiş və daha sonra Həbib oradan getmişdir. Atası ondan bu heyvanları haradan aldığını soruşduqda onunla eyni yerdə qoyun otaran şəxsdən iki baş qoyunu 180 manatdan, bir baş toğlunu isə 190 manatdan almasını deyərək öz heyvanlarını satmaq üçün bazara aparanda onun aldığı heyvanlarıda aparıb satmasını xahiş etmişdir. Atası da onunla razılaşmış, bir neçə gün sonra, yəni, tarixini dəqiq xatırlamadığı vaxtda atası onu çağırıb heyvanların hər birini 200 manatdan satdığını deyərək ona 600 manat pul vermiş, atası qoyunları bazara taksi ilə apardığı üçün həmin qoyunları aparması üçün taksiyə verdiyi 15 manat pulu atasına vermişdir. Bundan 1 həftə sonra, yenə fermadan heyvanları yerbəyer etdikdən sonra fermalarda heç kimin olmadığını görüb, yenə eyni qayda ilə Xaləddinin yay tövləsindən Rəşadın yay tövləsinə keçmiş və oradan rəngi və digər əlamətlərini xatırlamadığı üç baş qoyun tutaraq həmin qoyunları bir-bir Xalədinin yay tövləsinə, yəni onun heyvanlarının içərisinə atmış, sonra yemək yemək üçün evə gedəndə Həbiblə qarşılaşmışdır. Həmin vaxt Həbibə Xaləddinin fermasında 3 baş qoyunu olmasını deyərək həmin qoyunları kəndə gətirməli olduğunu və çörək yedikdən sonra onunla birlikdə həmin heyvanları fermadan atasının evinə gətirməsini demiş, həmin vaxt Həbib onunla razılaşmışdır. Yemək yedikdən sonra küçəyə çıxaraq Həbibi çağırmış və sonuncunun avtomobili ilə Xaləddinin fermasına getmiş, həmin vaxt Fermada yenə heç kim olmamış, heyvanları həmin vaxt saat 11-12 radələrində Xaləddin və Rəşadın fermasında heç kim olmayanda Rəşadın fermasından oğurladığı 3 baş qoyunu Xaləddinin qoyunlarının arasından götürərək Həbibin avtomobilinin yük yerinə qoymuşdur. Bundan sonra Həbib avtomobili işə salıb, atasının qapısına sürmüş, atasının həyətinə düşürtmüş, Həbibə 5 manat pul verdikdən sonra sonuncu oradan getmişdir. Həmin vaxt atası ondan yenə bu heyvanları haradan almasını soruşmuş, o, atasına heyvanları Zobucuq qəsəbəsindən heyvan otardığı yerə gətirən çobanlardan almasını demişdir. Atası ondan pulu haradan aldığını soruşduqda, atasına heyvanları satandan sonra həmin şəxsin pulunu verəcəyini demiş, atası ondan heyvanları neçəyə almasını soruşduqda ona qoyunun birini 170 manatdan almasını deyərək pula ehtiyacı olduğundan qoyunları baha satacağı təqdirdə qazancı olacağını demişdir. Həmin vaxt atası onunla razılaşaraq öz heyvanlarını bazara apararkən onun aldığı heyvanları da aparıb satacağını demişdir. Bundan bir neçə gün sonra atası onu çağıraraq həmin üç baş heyvanı 575 manata satmasını, həmin puldan 15 manat yol pulu verməsini deyərək ona ümumilikdə 560 manat pul vermiş, lakin atasının həmin heyvanları hansı bazarda satdığını və bazara kiminlə getdiyini bilməmiş, çünki mal bazarına kənddən bir neçə nəfər heyvan aparır və atası özü mal heyvan alveri etdiyi üçün, demək olar ki, hər dəfə mal qara satış bazarına gedir. Bundan təxminən 4 gün sonra yenə fermada tək olan vaxt saat 12 radələrində Xaləddinin fermasında heyvanları yerbəyer etdikdən sonra, fermada sakitçilik olduğu üçün yenidən eyni qayda ilə Rəşadın yay tövləsinə daxil olaraq oradan 2 baş qoyunu tutaraq Xaləddinin yay tövləsinə atmışdır. Fermada işlərini yerbəyer etdikdən sonra yemək yeməyə evinə gedəndə Həbibi görüb ona iki baş heyvan almasını və həmin heyvanların Xaləddinin fermasında olmasını demiş, yemək yedikdən sonra heyvanları atasının qapısına gətirmək lazım olduğunu demişdir. Evində yeməyini yedikdən sonra saat 14 radələrində Həbibin avtomobili ilə fermaya getmiş və həmin vaxt fermada heç kim olmamışdır. Fermaya getdikdən sonra Həbib avtomobili saxlamış, o, avtomobildən düşərək Xaləddinin yay tövləsinə atdığı Rəşadın fermasından oğurladığı iki baş qoyunu bir-bir tutub gətirib Həbibin avtomobilinin yük yerinə qoymuş, daha sonra Həbib avtomobili işə salıb atasının qapısına gətirmiş, heyvanları atasının həyətinə düşürüb, Həbibə 5 manat pul vermiş və daha sonra Həbib oradan getmişdir. Atası onun heyvan alveri ilə məşğul olduğunu düşündüyü üçün ondan heyvanları neçəyə aldığını soruşduqda, atasının heyvanların oğurluq olmasını bilməməsi üçün oğurladığı heyvanları aldığı qiyməti real bazar qiymətindən bir qədər aşağı demişdir ki, atası ondan şübhələnməsin. Buna görə də, atasına heyvanları hər birini 200 manatdan aldığını demiş, bir neçə gün sonra atası çağırıb ona heyvanların birini 225 manata, digərini isə 220 manata satmasını, həmin puldan 10 manat yol pulu verməsini deyərək həmin 10 manatı çıxaraq ona ümumilikdə isə 435 manat pul vermişdir. Təxminən 3-4 gün sonra yenə Xaləddinin fermasında heyvanları yerbəyer edərkən Rəşadla qardaşı da öz fermasında heyvanları yerbəyer etmiş, onlar getdikdən sonra, fermaların tam sakitçilik olmasından əmin olub saat 12 radələrində eyni qaydada dəmir torun üstündən keçərək Rəşadın fermasından 2 baş dişi cinsli toğlunu tutub bir-bir Xaləddinin fermasına keçirmişdir. Daha sonra fermada işlərini yerbəyer etdikdən sonra evinə gedib yeməyini yeyib küçəyə çıxdıqda dayısı Xankişi ilə qarşılaşmış, ona iki baş toğlu almasını və onu Xaləddinin fermasından atasıgilə gətirmək lazım olmasını demişdir. Dayısı Xankişi onunla eyni kənddə yaşayır və özünə məxsus qara rəngli “VAZ-2106” markalı avtomobili vardır, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və mal bazarı olan günlər isə həmin avtomobillə mal bazarına heyvan daşıyır. Atası heyvan alveri ilə məşğul olduğu üçün və özü də fermada işlədiyindən dayısı Xankişi ondan heç nə soruşmamış, həmin vaxt atasına iki baş toğlu almasını və həmin toğluları gətirmək üçün Xankişi ilə fermaya gəlməsini demişdir. Yeməyini yeyib fermaya getmiş və bundan bir müddət sonra atası Xankişinin avtomobili ilə onun işlədiyi fermaya gəlmiş, Xaləddinin fermasına Rəşadın fermasından oğurlayıb atdığı heyvanları, yəni iki baş toğlunu bir-bir gətirərək Xankişinin avtomobilinin yük yerinə qoymuş və atası ilə Xankişi oradan getmişdir. Həmin vaxt atasına həmin toğluları 150 manatdan aldığını demişdir. Atası həmin heyvanların birini 175 manatdan satmış və bir-iki gün sonra ona 340 manat pul vermişdir. Bundan sonra, yəni 2023-cü ilin mart ayının əvvəllərində, saat 12 radələrində fermada olan zaman fermanın sahibsiz olmasını görüb eyni ilə Xaləddinin fermasından dəmir torun üstündən yenə Rəşadın fermasına keçərək oradan 1 baş qoyun və 3 baş dişi cinsli toğlu tutmuş, heyvanları eyni qayda ilə dəmir torun üstündən Xaləddinin yay tövləsinə atmış və özü də həmin dəmir torun üstündən keçərək Xaləddinin fermasına qayıtmışdır. Həmin gün evə gələrkən atasına 4 baş heyvan almasını və həmin heyvanları qapıya gətirmək lazım olmasını demiş, bundan sonra yeməyini yeyib, fermaya qayıtmış və günorta saatlarında atası Xankişinin avtomobili ilə fermaya gəlmişdir. O, Xaləddinin fermasına atdığı, Rəşada məxsus, ümumilikdə 4 baş heyvanı tutaraq gətirib, Xankişinin avtomobilinin yük yerinə qoyaraq atasına heyvanların bir qədər arıq olmasına görə hamısını üst-üstə 165 manatdan almasını demiş və həmin heyvanları 180-190 manatdan satmasını bildirmişdir. Həmin vaxt atası ona heyvanların qiymətinin bazardan asılı olmasını demişdir. Bundan sonra o, atası ilə Xankişinin avtomobilinə əyləşərək özü də onlarla birlikdə evə gəlmiş, heyvanları atasının qapısına düşürdükdən sonra öz evinə getmişdir. Bir neçə gün sonra atası ona heyvanların hər birini 180 manatdan satdığını və cəmi 720 manat pul olmasını bildirib, ona 700 manat pul vermiş, 20 manat pulu isə yol haqqı olaraq çıxmışdır. Təxminən 10 gün sonra, yəni mart ayının 12-də Xaləddinin fermasında olan özünə məxsus qoca qoyununu satmaq üçün atasının evinə gətirməli olmuş, saat 10 radələrində fermada olan zaman fermanın sakitçilik və havanın isə dumanlı olmasından istifadə edib, Rəşadın yay tövləsinə daxil olmuş və oradan iki baş dişi cinsli toğlu tutub Xaləddinin fermasına aparmışdır. Bundan sonra öz heyvanı ilə birlikdə həmin toğluları da qabağına qataraq piyada atasının qapısına gətirmişdir. Atası bazarda qoca qoyununu 100 manata, oğurladığı iki baş toğlunu isə 180 manatdan sataraq ona ümumilikdə 345 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra, yəni mart ayının 17-də eyni qayda ilə fermada işini yerbəyer etdikdən sonra saat 11 radələrində Rəşadın fermasında heç kimin olmadığını görüb, ətrafa göz gəzdirmiş və hər iki fermada ondan başqa heç kimin olmadığına əmin olduqdan sonra Xaləddinin yay tövləsindən Rəşadın yay tövləsinə keçərək onun qoyunlarının içərisindən 1 baş qoyun və 1 baş dişi cinsli toğlu tutuaraq dəmir torun üstündən Xaləddinin fermasına keçmişdir. Sonra özü də dəmir torun üstündən Xaləddinin fermasına keçərək oradan çıxıb piyada evinə getməzdən əvvəl atası Ələkbərə zəng etmiş və iki baş qoyun almasını, həmin qoyunları aparmasını ona demişdir. Atası ona Şahid3la gələcəyini demiş, bir neçə dəqiqə sonra fermada olan zaman atası Ələkbər Şahid3 avtomobili ilə fermaya gəlmiş, həmin gün Rəşadın fermasından oğurlayıb Xaləddinin fermasına atdığı iki baş heyvanı Xaləddinin heyvanlarının arasından tutub, Xankişinin avtomobilinin yük yerinə qoymuşdur. O, atasına həmin heyvanların birini, yəni qoyunu 160, toğlunu isə 180 manata aldığını demiş, bundan sonra özü də Xankişinin avtomobilinə əyləşərək kəndə doğru getmiş və yolda düşərək öz evinə getmişdir. Bundan təxminən iki gün sonra atası onu yanına çağıraraq heyvanların birini, yəni qoyunu 180 manata, toğlunu isə 210 manata satdığını bildirərək ona heyvanların bazara aparılması üçün verdiyi yol pulunu çıxdıqdan sonra 380 manat pul vermişdir. Bundan bir müddət sonra tarixini tam dəqiq xatırlamadığı vaxtda, ancaq təxminən Novruz bayramından iki gün sonra, Rəşadın fermasının yenə sahibsiz olduğunu və Rəşadın heyvanlarının oğurlanmasından xəbərsiz olduğu üçün oradan eyni qayda ilə dəmir tordan keçməklə 6 baş toğlu tutaraq bir-bir Xaləddinin fermasına atmış, sonra həmin heyvanları qabağına qatıb atasının qapısına gətirmişdir. Həmin vaxt atası xəstə olduğu üçün bazara gedə bilmədiyindən heyvanlar bir neçə gün orada qalmışdır. Bundan bir neçə gün sonra axşam üstü kənddə olan zaman iki nəfər heyvan alan şəxslərin olmasını görərək həmin şəxslərə 6 baş toğlusu olmasını və satmasını demiş, həmin şəxslər onunla birlikdə atasıgilin qapısına gəlmişdir. O, qeyd olunan şəxslərə heyvanları özünün heyvanı kimi təqdim etmiş, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin şəxslər ondan qiymət soruşduqda, o, toğluların birini 200 manatdan satdığını demiş, həmin şəxslər ona qiyməti baha olduğunu deyib, ona 180 manatdan toğluları ala biləcəyini bildirmiş, onlarla razılaşmış və həmin şəxslər ona 1.080 manat pul vermiş, bundan sonra kiməsə zəng edib evin yerini izah etmişlər. Bir neçə dəqiqədən sonra həmin şəxslər “Qazel” markalı avtomobilə ondan aldıqları 6 baş toğlunu yığmış və onunla xeyirləşərək getmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, ailəlidir, iki azyaşlı övladı vardır, qızı Arzumun 12 yaşı, oğlu Aqşinin isə 1 yaşı vardır. Qızı Arzumun başında xəstəliyi olduğu üçün və tez-tez sudurğa keçirdiyinə görə onu müalicə etdirmək üçün mütəmadi həkimlərə aparır, müalicəsi və dərmanları bahalı olduğundan aldığı maaş onu qane etmir və daha artıq pula ehtiyacı vardır. Bu cinayəti də maddi ehtiyacından törətmişdir. Belə ki, Rəşadın heyvanlarını oğurlayaraq ümumilikdə 4700 manat pul əldə etmiş və həmin pulun hamısını övladının müalicəsinə xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs Məhyəddin oğlu bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Şükürbəyli kəndində yaşayır. Həmin kəndin kənarında ferması var və orada qaramal və xırdabuynuzlu heyvanlar saxlayır. Fermada ümumilikdə 200 baş xırdabuynuzlu, 15 baş qaramalı var və həmin heyvanlara özü baxır. Belə ki, heyvanları gündüz vaxtı yerbəyer etdikdən sonra, gecə fermanın qapısını bağlayıb evinə gəlir. Fermasının yanında həmkəndlisi Şahid5 da ferması var və o, da həmin fermada xırdbuynuzlu heyvan saxlayır. 29 yanvar 2023-cü il tarixdə heyvanlarını saymış və heyvanlarından, yəni qaramal olduğu kimi 15 baş yerində olub, həmçinin xırdabuynuzlu heyvanı da, yəni 5 baş keçi, 9 baş qoç, 186 baş isə qoyun olmuş, 186 qoyundan 56 başı quzu, 130 baş isə doğar qoyun olmuşdur. Hər gün qoyunu özü rahatladığı və həmçinin gündəlik olaraq nəzarət etdiyinə görə fermanın qapısında, pəncərəsində heç bir sındırma, dağıtma izi olmadığı üçün heç vaxt heyvanlarının oğurlanmasından şübhələnməmişdir. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində yaşadığı evdən fermaya getmiş, fermada hər şeyin qaydasında olmasını, heç bir sındırma, dağıtma izləri görməmiş və heç nədən şübhələnməmişdir. xx.xx.2023-cü il tarixdə sabah tezdən gedəndə quzuları süd əmmələri üçün qoyunların yanına buraxanda quzulardan birinin mələməsini və anasını tapa bilməməsini görüb heyvanlara gözucu baxmış və mələyən quzunun anası, yəni qomral rəngli iki yaşlı qoyun heyvanların arasında olmamasını görüb, heyvanların sayılmasına zərurət olduğunu anlayıb, heyvanlarını saymağa başlamışdır. Heyvanlarını sayan zaman 25 baş heyvanının kəm olmasını aşkar etmişdir. Bu barədə qardaşı və eyni zamanda onunla birlikdə həmin fermaya gedib təsərrüfat işlərində ona köməklik edən Nurəddindən telefonla zəng edib soruşmuş və o, həmin vaxt Bakı şəhərində olduğu üçün ona hər hansı məlumat verə bilməmişdir. Bir neçə gün soraq etmiş və böyük qardaşı Nurəddinin Bakıdan gəlməsini gözləmiş, Nurəddin Bakı şəhərindən xx.xx.2023-cü il tarixdə gəldiyi üçün qardaşı ilə birlikdə heyvanları saydıqda heyvanlardan 25 baş heyvanın oğurlanmasını bir daha dəqiqləşdirmiş və bu barədə Füzuli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış heyvanlardan 16 baş toğlu, 9 baş isə ana qoyun olmuş, toğluların hər biri dişi cinsli olub, təxminən 1 yaş 3 aylıq, diri çəkiləri 45 kq, təmiz əti isə təxminən 25 kq olan heyvanlardır. Ana qoyunlar isə hər biri damazlıq olmaqla, yaşları 3-4 yaşlı, hər biri 3-4 qarın doğan, diri çəkisi 65 kq, təmiz əti isə 35 kq olan doğar qoyunlardır. Oğurlanmış qoyunlarının hamısının eyni günlərdə yox, müxtəlif vaxtlarda oğurlanmasını fikirləşir, belə ki, 200 baş qoyunun içindən 25 baş qoyun bir dəfəyə oğurlansa qoyunların sayının azalmasını bilmiş olardı. Qoyunlar müxtəlif vaxtlarda oğurlandığı üçün həmin qoyunların oğurlanmasını sonradan bilmişdir. xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək bunun fərqinə varmamış, 25 mart 2023-cü il tarixdə qoyunları sayarkən 25 baş qoyununun oğurlanmasını aşkar etmişdir. Oğurlanmış 16 baş, hər-biri dişi cinsli olub, təxminən 1 yaş 3 aylıq, diri çəkiləri 45 kq, təmiz əti isə təxminən 25 kq olan toğluların hər-birinin qiyməti 270 manat olmaqla 4320 manat, 9 baş damazlıq, 3-4 yaşlı, hər biri 3-4 qarın doğan, diri çəkisi 65 kq, təmiz əti isə 35 kq olan doğar qoyunların isə hər biri 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 3.150 manat təşkil etmiş, oğurluq nəticəsində ona ümumilikdə 7.470 manat maddi ziyan dəymişdir. Fermasının ətrafında həmkəndlisi Şahid5 ferması yerləşir, onun fermasında həmkəndlisi Təqsirləndirilən şəxs çoban işləyir, əvvəllər konkret olaraq heyvanlarını oğurlanmasında şübhələndiyi şəxs olmasa da, sonradan heyvanlarını həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamasını öyrənmişdir. Belə ki, polisə məlumat verdikdən sonra polis əməkdaşları tərəfindən ona məxsus xırdabuynuzlu heyvanlarını Təqsirləndirilən şəxs oğurlaması müəyyən olunmuş, Nicad ona da qoyunlarını oğurlamasını etiraf etmişdir. Həmçinin Nicadın atası Şahid2 ona dəymiş 7.470 manat maddi ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini bildirmişdir. Şahid2 bildirdi ki, o, özünə məxsus traktorla kənd ərazisində mövsümi işlər görür, iş olmayanda isə mal-qara alveri ilə məşğul olur. Təqsirləndirilən şəxs onun oğludur və onunla eyni kənddə, lakin başqa evlərdə yaşayırlar. Zərərçəkmiş şəxsla həmkəndlidir. Oğlu Təqsirləndirilən şəxs həmkəndlisi Şahid5 fermasında çoban işləyir, Nicadın himayəsində iki azyaşlı uşağı var və həmin uşaqlar xəstə olduğundan oğlu onları mütəmadi olaraq müayinə etmək üçün həkimə aparır. Nicadın özünə məxsus heyvanı yoxdur. Təxminən fevral ayının əvvəllərində Nicad işlədiyi fermaya yaxın ərazidə qoyun otaran şəxslərdən 2 baş qoyun almasını deyərək ondan həmin iki baş heyvanı satmasını istəmişdir. O, həmkəndlisi olan və taksi sürücüsü işləyən Həbib adlı şəxsin avtomobili ilə Xaləddinin fermasına getmiş, həmin vaxt Nicadın ona təklif etdiyi iki baş qoyuna baxdıqda həmin heyvanlar ikisinin də dişi qoyunlar olmasını görmüşdür. Nicaddan həmin heyvanları haradan almasını soruşduqda Nicad ona həmin heyvanları Zobucuq qəsəbəsində yaşayan tanışından almasını demişdir. Mal-qara alveri ilə məşğul olduğu üçün Nicadın ona göstərdiyi qoyunları almaq qərarına gəlmiş və hər bir qoyuna 150 manat pulu isə Nicada verərək heyvanları Həbibin avtomobili ilə öz qapısına aparmışdır. Həmin vaxt özünün də satılası heyvanları olduğu üçün yaşadığı kənddən İmişli rayonu ərazisində yerləşən malqara satılan bazara mal-qara aparan Vasif Qasımovun “Ford” markalı avtomobili ilə aparıb həmin yerdə satmışdır. Bundan bir həftə sonra Nicad ona 200 manata bir baş qoyun almasını və həmin qoyunu satmaq istəməsini deməsinə görə yenə də, həmkəndlisi Həbiblə Nicadın işlədiyi Xaləddin adlı şəxsə məxsus fermaya getdikdə Nicadın ona təklif etdiyi qoyunun bir baş arıq qoyun olmasını görərək Nicada qoyunun dəyərinin 200 manat olmadığını və heyvanı baha aldığını demişdir. Nicad isə ona heyvanı aparıb satmasını, satdıqdan sonra həmin heyvanın pulunu ona verməsini demişdir. Nicadla razılaşaraq heyvanı Həbibin avtomobili ilə öz qapısına apararaq saxlamış, bir müddət sonra isə həmin heyvanı qayını Xankişiyə məxsus avtomobillə Füzuli rayonu ərazisində yerləşən mal-qara satışı bazarına aparıb 150 manata satmış və həmin pulu da Nicada vermişdir. Mütəmadi mal-heyvan alveri ilə məşğul olduğuna görə mal bazarına tez-tez gedib gəlir və bunun üçün də kiminlə gedib gəldiyini ardıcıllıqla konkret olaraq xatırlamadığından Nicadın ona verdiyi heyvanları kiminlə bazara apardığını ardıcıllıqla xatırlamır. Bundan sonra Nicad onun qapısına Həbibin avtomobili ilə bir dəfə 3 baş heyvan gətirərək həmin heyvanları mal bazarında satmasını deməsinə görə Nicadın gətirdiyi heyvanları növbəti mal bazarı gününə qədər öz qapısında saxlamış və mal bazarı günü həmin heyvanları aparıb satmışdır. Lakin konkret olaraq həmin heyvanları Nicadın hansı tarixdə gətirməsini və onun həmin heyvanları hansı tarixdə satmasını konkret olaraq xatırlamır. Təxminən mart ayının 25-də Nicad ona 4 baş heyvan almasını və həmin heyvanları satmaq istəməsini deməsinə görə qayını və həmkəndlisi olan Xankişi ilə Nicadın işlədiyi fermaya gedərək oradan 3 baş dişi toğlu və bir baş qoyun götürüb həmin heyvanları qapısına gətirmişdir. Həmin gün axşam Xankişi ilə İmişli rayonu ərazisində yerləşən mal bazarına aparıb satmış, lakin qoyunları satdığı pulun məbləği, qoyunların qiymətini xatırlamasa da, həmin qoyunları sataraq əldə etdiyi pulun hamısını xeyir götürmədən Nicada vermişdir. Polis şöbəsinə dəvət olunduqdan sonra oğlu Nicadın həmkəndlisi Rəşada məxsus fermadan ümumilikdə 25 baş qoyun oğurlamasını bilmiş, əvvəldən bu barədə hər hansı məlumatı olmamış, həmçinin Nicad bu barədə ona hər hansı məlumat verməmişdir. Həmçinin Nicadın ona verdiyi və onun satdığı qoyunların da oğurluq olmasını sonradan polis şöbəsində öyrənmişdir. Belə ki, Nicad onu aldadaraq həmin heyvanları başqa şəxsdən almasını ona demiş, oğurluq olmasını ona deməmişdir. Nicadın Rəşad adlı həmkəndlisinin fermasından oğurladığı 25 baş qoyunun 13 baş qoyunu Nicad aldadaraq ona satdırmış, həmin 13 baş qoyunların pulunu heç bir xeyir götürmədən oğlu Nicada vermiş, qalan 12 baş qoyundan isə hər hansı məlumatı olmamışdır. Nicaddan qalan 12 baş qoyunu kiminlə oğurladığını və kimə satdığını soruşsa da, Nicad həmin heyvanları tək oğurlayaraq satdığını, oğurluqda başqa şəxsin məlumatının olmamasını demişdir. Nicad həmin heyvanları 2023-cü ilin fevral ayının əvvəllərindən, 2023-cü ilin mart ayının 25-dək olan müddətdə oğurlamışdır. Nicad oğurluq etdiyini ona etiraf etdiyi üçün oğlunun törətdiyi əmələ görə vurduğu maddi ziyanı, yəni 7.470 manatı Zərərçəkmiş şəxs ödəmişdir. Şahid1 Məhyəddin oğlu bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, Zərərçəkmiş şəxs isə onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs kəndin kənarında ferması var və orada qaramal və xırdabuynuzlu heyvanlar saxlayır. 2023-cü ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs heyvanlarını sayan zaman 25 baş heyvanının yerində olmamasını aşkar etmişdir. Zərərçəkmiş şəxs bu barədə ondan telefonla zəng edib soruşmuş və o, həmin vaxt Bakı şəhərində olduğu üçün ona hər hansı məlumat verə bilməmişdir. O, Bakı şəhərindən xx.xx.2023-cü il tarixdə gəldiyi üçün qardaşı ilə birlikdə heyvanları saydıqda heyvanlardan 25 baş heyvanın oğurlanmasını bir daha dəqiqləşdirmişlər. Fermadan oğurluq olmasından şübhələndikləri üçün Zərərçəkmiş şəxs bu barədə ərizə ilə Füzuli Rayon Polis Şöbəsinə müraciət etmişdir. Oğurlanmış heyvanlardan 16 baş toğlu, 9 baş isə ana qoyun olmuş, toğluların hər biri dişi cinsli olub, təxminən 1 yaş 3 aylıq, diri çəkiləri 45 kq, təmiz əti isə təxminən 25 kq olan heyvanlardır. Ana qoyunlar isə hər biri damazlıq olmaqla, yaşları 3-4 yaşlı, hər biri 3-4 qarın doğan, diri çəkisi 65 kq, təmiz əti isə 35 kq olan doğar qoyunlardır. Qoyunlar müxtəlif vaxtlarda oğurlandığı üçün həmin qoyunların oğurlanmasını sonradan bilmişlər. Oğurluq nəticəsində qardaşına ümumilikdə 7.470 manat maddi ziyan dəymişdir. Sonradan müəyyən etmişlər ki, fermadan oğurluğu edən Təqsirləndirilən şəxs olmuşdur. İfadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Şükürbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun bacısı oğludur və onunla eyni kənddə yaşayır. Zərərçəkmiş şəxs isə həmkəndlisidir və onunla da münasibəti həmkəndli kimi yaxşı olmuşdur. Etibarnamə ilə istifadəsində olan “VAZ-2106” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur, eyni zamanda həmin avtomobillə mal-qara satışı bazarına xırdabuynuzlu heyvanlar aparır, bunun müqabilində heyvan satmağa aparan şəxslər ona pul ödəyirlər. Təqsirləndirilən şəxs atası, yəni onun yeznəsi Şahid2 mal-qara alveri ilə məşğul olur. Təxminən xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yeznəsi Ələkbər mobil telefonla zəng edərək ona İmişli rayonunda olan mal bazarına gedib-getməyəcəyini soruşduqda, Ələkbərə mal bazarına gedəcəyini demişdir. Ələkbər ona Nicadın işlədiyi fermada, yəni həmkəndlisi Xaləddinin fermasında Nicadın Zobucuq qəsəbəsindən aldığı 3 baş qoyun olmasını, həmin heyvanları qapısına gətirməsini və axşam bazara gedərkən evdən onu və heyvanları götürüb getməsini demiş, həmin avtomobillə Ələkbərin qapısına getmiş və onu avtomobilə götürərək birlikdə kəndin kənarında olan Xaləddinin fermasına getmişlər, həmin vaxt Təqsirləndirilən şəxs da fermada olmuşdur. Nicad Xaləddinin fermasındakı yay tövləsindən onun heyvanlarının arasından 3 baş dişi cinsli qoyun tutaraq Ələkbərlə birlikdə həmin heyvanları onun avtomobilinin arxasında olan qoşquya mindirmişlər, daha sonra Nicadla Ələkbər avtomobilə minmiş və o, avtomobili işə salaraq oradan kəndə geri qayıtmış, kəndə çatanda Ələkbər avtomobilindən düşərək öz yaşadığı evə getmiş, Ələkbər isə öz evinə gəldikdən sonra avtomobili onun tövləsinin yanına sürmüş və Ələkbər həmin üç baş qoyunu öz qapısına düşürtmüş, yol haqqı olaraq ona 5 manat pul vermiş, bundan sonra avtomobili sürüb oradan uzaqlaşaraq evinə getmişdir. Həmin gecə, yəni xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində avtomobili işə salıb Ələkbərin qapısına getmiş, Ələkbər onunla qapısına gətirdiyi 3 baş qoyunu avtomobilinin qoşqusuna mindirmiş, özü isə avtomobilə əyləşmiş, həmin vaxt özü də öz heyvanlarından 6 baş qoyun satmaq üçün apardığı üçün, avtomobilində başqa heç kim olmamış, avtomobili işə salıb birbaşa İmişli rayonu ərazisində olan mal-qara satışı bazarına sürmüş, Ələkbərin həmin heyvanları hansı qiymətə satması barədə hər hansı məlumatı olmamış, bazar qurtardıqdan sonra ona hər bir baş qoyuna görə 5 manat olmaqla, ümumilikdə 15 manat məbləğində yol pulu vermiş, sonra isə Ələkbər onunla birlikdə rayona geri qayıtmışdır. Bundan başqa, təxminən mart ayının 25-i günü Ələkbər ona zəng edərək Füzuli rayonu ərazisində təşkil olunan mal-qara satışı bazarına gedib-getməyəcəyini soruşmuş, Ələkbərə ona gedəcəyini demiş və həmin vaxt Ələkbər ona 4 baş heyvanı olmasını və həmin heyvanları satmaq üçün bazara aparacağını dediyi üçün Ələkbərlə razılaşaraq xx.xx.2023-cü il tarixdə saat 04 radələrində onu qapısından götürəcəyini bildirmişdir. Razılaşdıqları vaxtda Ələkbərin qapısına gedərək sonuncunun qapısından 4 baş qoyunu onun avtomobilinin yük yerinə mindirmiş, ondan başqa bir neçə nəfər heyvan satan həmkəndlisini də qapısından bazara apardıqları heyvanları ilə birlikdə götürərək bazara getmiş, Ələkbərin apardığı heyvanların cinsinə, toğlu və ya qoyun olmasına fikir verməmiş, bazarda heyvanları satdıqdan sonra onunla bazara gedən şəxsləri, o cümlədən də Ələkbəri avtomobilinə mindirib kəndə qaytarmış, Ələkbər ona yol pulu olaraq 20 manat pul vermişdir. Füzuli rayon Polis Şöbəsinə polislər dəvət etdikdən sonra Ələkbərin onun avtomobili ilə bazara apardığı heyvanların oğurluq olmasını bilmiş, həmin heyvanları bacısı oğlu Təqsirləndirilən şəxs həmkəndlisi Rəşadın fermasından oğurlamasını və atası Ələkbərin isə aparıb bazarda satmasını sonradan bilmişdir. Nicadın Rəşadın fermasından ayrı-ayrı vaxtlarda ümumilikdə 25 baş qoyun oğurlamasını polis şöbəsində bilmiş, həmin heyvanları bazara aparan zaman, eləcə də, Xaləddinin fermasından 3 baş qoyunu gətirərkən heyvanların oğurluq olmasını bilməmiş və onlar heyvanların oğurluq olması barədə ona hər hansı məlumat verməmişdir. Ələkbərin heyvanların oğurluq olmasından xəbəri olmamış, çünki heyvanları günorta vaxtı kənd sakinlərinin gözü qarşısında aşkar evinə gətirmiş, daha sonra onunla həmkənlilərinin yanında açıq halda aparıb bazarda satmışdır. İfadəsi elan edilmiş Şahid4 Səmid oğlu ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs X1 və Zərərçəkmiş şəxs Məhyəddin oğlu ilə həmkəndlidir. Nicadın atası Ələkbər kənddə mal-qara alveri ilə məşğul olur. Özünə məxsus “VAZ-2106” markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili olmuş, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. Təxminən fevral ayının əvvəllərində Əkbər ona zəng edərək həmkəndlisi Xaləddindən 2 baş qoyun almasını və onunla fermaya gedərək heyvanları gətirməyi xahiş etmiş, onunla fermaya gedib gəlməyi 5 manata razılaşmış və saat 11 radələrində Əkbərlə Xaləddin adlı şəxsə məxsus fermaya özünün qeyd etdiyi avtomobili ilə getmiş, fermaya çatdıqda Xaləddin də orada olmuşdur. Həmin fermanın sahibi Xaləddin sürünün içinə girərək bir dişi bir erkək qoyun çıxarıb Əkbərə vermiş, heyvanları avtomobilə qoyduqdan sonra kəndə Əkbər gilin qapısına qayıtmış, həmin heyvanları Ələkbər Xaləddindən almasını bilmişdir. Bundan təxmini 10 gün sonra, saat təxminən 12 radələrində Ələkbər yenə heyvan almasını deyərək Xaləddinin fermasına getməyi xahiş etdiyi üçün avtomobili ilə Əkbərlə birlikdə Xaləddinin fermasına getmiş, həmin vaxt Əkbərin Xaləddinin fermasında çoban işləyən oğlu Nicad sürünün içindən bir baş qoyunu tutaraq Əkbərlə birlikdə onun avtomobilinin yük yerinə qoymuş, həmin heyvanı Əkbərin qapısına apardıqdan sonra Ələkbər ona 4 manat məbləğində yol pulu vermişdir. Həmin vaxtdan 6-7 gün sonra isə Əkbər yenə heyvan almasını bildirərək ondan fermaya gedib heyvanları gətirməyi xahiş etdiyi üçün Əkbərlə birlikdə həmin fermaya getmiş, həmin vaxt fermada Nicaddan başqa heç kim olmamış, Nicad sürünün içinə girərək oradan 2 baş qoyun tutmuş, onlar həmin qoyunları onun avtomobilinə yüklədikdən sonra avtomobili Əkbərin qapısına sürmüş və orada Əkbər heyvanları boşaltdıqdan sonra ona 5 manat məbləğində pul vermiş, bundan başqa oradan heyvan gətirməsini xatırlamır, həmin fermadan ümumilikdə 5 baş heyvan gətirmiş, həmin heyvanların oğurluq olmasını bilməmiş, Nicad və Əkbər bu barədə ona hər hansı məlumat verməmişdir. Nicadın Xaləddinin fermasından qoyun oğurlamasını əvvəlcədən bilməmiş, Füzuli rayon polis şöbəsinə dəvət olunduqdan sonra Nicadın həmkəndlisi Rəşada məxsus fermadan ümumilikdə 25 baş qoyun oğurlamasını öyrənmişdir. Cinayət işinə əlavə edilmiş: Hadisə yerinin baxışının aparılması haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Füzuli rayonu, Şükürbəyli kəndinin ərazisində yerləşən fermer təsərrüfatıdır və həmin təsərrüfat həmin kənd sakini Zərərçəkmiş şəxs Məhyəddin oğluna məxsusdur. Fermer təsərrüfatında bir neçə tikili və yarım tikili olsa da, xırdabuynuzlu heyvanların oğurlandığı yay tövləsinin üç tərəfi dəmir torla, bir tərəfi isə təsərrüfatda olan tövlənin çöl divarı ilə əhatə olunmaqla əmlak sahibinin əmlakını məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə inşa etdiyi saxlanc yeri hesab edilir. Məhkəmə-eskpertizası mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 9/2494 saylı ekspert rəyində qeyd edilmişdir ki, qərarda göstərilən heyvanların 2023-cü ilin yanvar-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 16 baş hər biri dişi cinsli olub, təxminən 1 yaş 3 aylıq, diri çəkiləri 45 kq, təmiz əti isə təxminən 25 kq ilan toğlular-5.280 (16 başx330 manat) manat, 9 baş hər biri damazlıq olmaqla, yaşları 3-4 yaşlı, 3-4 qarın doğan, diri çəkisi 65 kq, təmiz əti isə 35 kq olan doğar qoyunlar-3.240 (9 başx360 manat) manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli rayon PŞ İB-nin rəisi A.Səmədovun xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. AA ******* şəxsiyyət vəsiqəsi və AZ-İV № 682885 doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var – xx.xx.2011-ci il təvəllüdlü Arzum Səfərova və xx.xx.2022-ci il təvəllüdlü Aqşin Səfərov. Zərərçəkmiş Zərərçəkmiş şəxs Məhyəddin oğlunun ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.1.13-cü maddəsinə görə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və CM-in 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və ilk dəfə cinayət əməli törətməklə vurulmuş ziyanın aradan qaldırılması məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat Təqsirləndirilən şəxs tutularaq MEM-in hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 50 manat tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar