Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-41/2025 15.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən X1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən Füzuli Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, 2024-cü ilin yanvar ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə sistemində “1-C" mühasibatlıq proqramı tətbiq edilmişdir. Proqramın apardığı hesablamalar zamanı Ü.Əjdərzadənin rəhbərlik etdiyi 9 saylı körpələr evi-uşaq bağçasında sanitar dayə vəzifəsində çalışan C.Rüstəmovanın ixtisas dərəcəsinin aşağı olması müəyyən edilmiş nəticədə onunla əmək şərtlərinin dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq əmək şərtlərinin dəyişdirilməsi barədə rəsmi şəkildə C.Rüstəmovaya təklif göndərdikdən sonra o, müqaviləni imzalmaqdan imtina etmiş və köhnə şərtlər ilə işinə davam etməsinin təmin edilməsi üçün müxtəlif dövlət strukturlarına şikayətlər etmişdir. C.Rüstəmova yeni əmək şəraiti ilə işini davam etdirməyə razı olmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla əmək müaviləsinə Ü.Əjədrzadə tərəfindən xitam verilmişdir. C.Rüstəmova işdən azad edilməsi barədə məlumat aldıqdan dərhal sonra bildirmişdir ki, əlində Ü.Əjədrzadəni “biabır” edəcək video görüntülər var, əgər onu öz işinə bərpa etməsə, həmin video görüntüləri sosial şəbəkələrdə yayımlayacaqdır. C.Rüstəmova xx.xx.2024-cü il tarixdə “Biabırçılıq, Füzuli rayon 9 saylı bağçanın drektoru rüşvət alması görüntüsü yayılıb” başlığı ilə öz şəxsi tik tok səhifəsində, FİM.az xəbər saytında və çoxsaylı izləyicisi olan tiktok blogeri Zamiq Quliyevin səhifəsində video görüntülər yayımlamışdır. Həmin görüntülərdə Ceyran Rüstəmovanın “otuz manat düzəldə bildim, istəyirsiniz sayın, narahatçılıq ya ehtirazınız yoxdu?" deyərək Ü.Əjdərzadəyə 30 (otuz) manat pul təqdim edir, Ü.Əjdərzadə isə bildirmişdir ki, “heç bir problem yoxdur narahat olma.” C.Rüstəmova həmin pulu təqdim edərkən gizlin şəkildə video görüntü çəkməklə bu məsələni Ü.Əjdərzadənin “rüşvət alması” kimi sosial şəbəkə izləyicilərinə təqdim etmiş və bununla da onun şərəf və ləyaqətini ləkələmək, işgüzar nüfuzunu aşağı salmaq və hədə-qorxu ilə işdən azad edilməsi barədə əmrin ləğvinə nail olmağa çalışmışdır. Ü.Əjdərzadə bildirir ki, video görüntülərin çəkilməsi təqribən 2018-ci ilə təsadüf etdiyi üçün o, ilk dəfə həmin pulun nə üçün aldığını xatırlamayıb, ancaq videonun çəkildiyi baxçanın işçiləri bildiriblər ki, onun həmin dövürdə geyindiyi pencəklərdən birini C.Rüstəmova bəyənmiş və həmin pencəyi ona satmağını xahiş etmişdir. Ü.Əjdərzadə həmin pencəyi 50 (əlli) manata aldığını bildirmiş, C.Rüstəmova isə 30 manat təqdim edərək bu qədər düzəldə bildiyini bildirmişdir, işçilər bu məsələni xatırlatdıqdan sonra Ü.Əjdərzadə hadisəni təsdiqləmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs C.Rüstəmova şikayətin əsassız olması səbəbilə icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən Ü.Əjdərzadə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3.6-cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarına əlavə edilmiş sübutlardan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən cinayət əməlinin törədilməsini müəyyən etmək mümkün deyildir. Belə olduğu təqdirdə CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 verdiyi xüsusi ittiham qaydasında şikayətdə X4 tərəfindən internet informasiya resurslarında və şəxsi hesabından təhqir və böhtan xarakterli yazıların yayılmasını göstərsə də, X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə barəsində internet informasiya resurslarında və mətbuatda yayılmış məlumatın X4 tərəfindən yayılmasını təsdiq edən sübutlar əlavə etməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin Qərarın 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-41/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-41/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver