Məhkəmə qərarları › İş №1(064)-42/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-42/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-42/2023 11.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1938-ci il tarixdə Füzuli rayonu, Şəkərcik kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qayıdış-7 qəsəbəsi, ev 184-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 17 radələrində Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi ərazisində yaşadığı 184 nömrəli evin qarşısında əvvəllər aralarında şəxsi münasibətlər zəminində dəfələrlə münaqişə olmuş ədavətləri olan qonşusu Zərərçəkmiş şəxs ona məxsus geyim əşyalarını evindən götürməsini deyib, irad bildirərək onunla şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən bir dəfə zərbə vurub, sinəsindən qəsdən itələyərək onu orada olan dəmir borunun üzərinə yıxaraq Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı üçdə-birinin fraqmentlərini yerinidəyişmiş qapalı sınığı xarakterli, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə eyni qəsəbədə qonşuluqda yaşayır. Koroğlu ilə əvvəldən münasibətləri yaxşı olmamış və mütəmadi olaraq aralarında şəxsi münasibətlər zəminində dava-dalaş olmuşdur. Hazırda 86 yaşı var və ona görə yaxşı yeriyə bilmədiyindən əlində ağac parçası götürərək həmin ağaca söykənib yeriyir. Tarixini konkret xatırlamadığı vaxtda yaşadığı evdə olarkən özünə məxsus olan jaketinin evdə yerində olmamasını görmüş və həmin jaketin qonşusu Koroğlunun ona sataşması üçün götürməsindən şübhələnmişdir. 03 aprel 2023-cü il tarixdə günorta saatlarından sonra, axşam tərəfi evinin qapısından çölə çıxdıqda Koroğlunun evinin qarşısında dayanmasını görərək Koroğludan paltarını istəmişdir. Həmin vaxt Koroğlu ona paltarını qaytarmayacağını bildirib onun sinəsindən itələyərək yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra Koroğlu onun əlindəki ağacı götürüb yerdə ola-ola onun bədəninin müxtəlif nahiyələrindən vurmuş, Koroğlunun onu daha çox vuracağını görüb, əlindəki ağacdan tutub ayağa qalxmışdır. Ayağa qalxdıqdan sonra Koroğlunun onu vurmaması üçün əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs başından bir dəfə zərbə vurub, əli ilə Koroğlunun sinəsindən itələmişdir. Həmin vaxt onu itələməsi nəticəsində Koroğlu orada olan dəmir su borusunun üstünə yıxılmış və ayağının sınmasını qışqıraraq demişdir. Bundan sonra, o, oradan uzaqlaşaraq yaşadığı evə getmiş, sonradan Koroğlunun ayağının sınmasını öyrənmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, sonradan etdiyi əməllərindən peşman olmuş və Zərərçəkmiş şəxs üzrxahlıq etsə də sonuncu onu bağışlamamışdır. Zərərçəkmiş şəxs 1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında bildirdi ki, səhhəti ilə əlaqədar sonrakı məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və zərərçəkmiş şəxsdən şikayətçidir. İfadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə eyni qəsəbədə qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibətləri yaxşı olmamışdır. 03 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsində yerləşən evin həyətinin giriş darvasının qapısını bağlayarkən qəflətən başının arxa tərəfindən zərbə dəyməsini hiss etmiş və həmin zərbənin nəticəsində arxaarxaya gedərək evin qarşısında olan dəmir borunun üzərinə yıxılmış, yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs əlindəki ağacla onun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona paltarlarını niyə oğurladığını irad tutmuşdur. Daha sonra orada olan tanımadığı iki nəfər onu yerdən qaldıranda sağ ayağının sınmasını görmüş, həmin şəxslər onu xəstəxanaya aparmış, xəstəxanada olarkən sağ ayağının sınmasını öyrənmişdir. Şahid Füzuli RPŞ X1 polis sahə rəisi Şahid2 bildirdi ki, ona xidməti ərazi kimi Füzuli rayonu 6, 7 və 8-ci Qayıdış qəsəbələri təhkim olunmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbə sakinləri kimi tanıyır. 04 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə yaşadıqları Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsində yerləşən evin qarşısında mübahisə etmələrini, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməsi və nəticədə Zərərçəkmiş şəxs ayağının dəmir boruya dəyərək sınmasını öyrənmişdir. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər də münasibətləri yaxşı olmamış, onlar mütəmadi olaraq bir-biri ilə mübahisə etmişlər. Dəfələrlə onları barışdırmağa cəhd göstərsə də buna nail ola bilməmişdir. İfadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və Koroğlu ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs isə Koroğlunun qonşusu olmuş, Koroğlu ilə Sərfinazın münasibətləri yaxşı olmamış, mütəmadi olaraq onlar arasında mübahisələr olmuşdur. 03 aprel 2023-cü il tarixdə saat 17-18 radələrində yaşadığı Füzuli rayonu, Qayıdış-4 qəsəbəsində yerləşən 151 nömrəli evində olarkən əvvəldən tanımadığı bir nəfər taksi sürücüsü qardaşı Koroğlunu onun yaşadığı evə gətirmiş, həmin vaxt Koroğlunun sağ ayağının sınmasını görüb ondan nə baş verməsini soruşduqda, Koroğlu ona 03 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında evin həyətyanı darvazasından çıxıb qapını bağlayarkən Sərfinazın ağacla onu vurmasına görə yerə yıxılıb sağ ayağı dəmir boruya dəyməsini və nəticədə sağ ayağının sınmasını demişdir. Bundan sonra, həmin gün müayinə olunması üçün Koroğlunu Füzuli rayon mərkəzi xəstəxanasına aparmış, orada müayinə olunan zaman həqiqətən də Koroğlunun sağ ayağının sınmasını öyrənmişdir. Cinayət işinə əlavə olunmuş: Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2023-cü il tarixli, 127/23 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı üçdə-birinin fraqmentləri yerinidəyişmiş qapalı sınığı olmuş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. 05 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Abbasova X2 Koroğlu Bəbəş oğlu ilə Füzuli rayonu, 7 saylı Qayıdış qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dalaşmışlar. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında 31 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd ağac parçası 10 iyun 2023-cü il tarixli qərarla maddi sübut kmi tanınaraq saxlanılması üçün Füzuli Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi B.Səfiyarlının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, o cümlədən təsqirləndirilən şəxsin özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində deyilir ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməklə əməlindan peşman olmasını və qocalığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə bildirir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunmuş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi və əməlindən sonrakı davranışı məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxs 1938-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşını, yəni qocalığını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalar olan islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini də əsaslı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə heç cür haqq qazandıra bilmədiyini qeyd etməklə yanaşı, həm də onu vurğulayır ki, onun baş vermiş hadisədən sonra davranışı, yəni peşmançılıq hissləri keçirməsini səmimi olaraq biruzə verməsi məhkəmədən də qabaq onun özünü öz vicdanı qarşısında mühakimə etməsinə və deməli islah yoluna qədəm qoymasına dəlalət edir. Odur ki, məhkəmə ədalətli cəza verilməsi məsələsini müzakirə edərkən cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərini unutmayaraq, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını və xüsusən də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona CM-in 127.1-ci maddəsinin sanksiyası ilə müəyyən edilmiş ən yüngül cəza növü olan islah işləri cəzasından daha yüngül cərimə cəzasının təyin edilməsini mümkün sayır. Məhkəmə bir daha qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - ……Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir…. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə, o cümlədən 62-ci maddə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan islah işləri cəzasını deyil, digər daha yüngül cəza növü olan cərimə cəzasının təyin olunmasına imkan verir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanın məqsədlərinin təsbit olunduğu 41-ci maddə qarışıq cəza nəzəriyyəsini müəyyən edir və həmin maddənin tələbinə görə, cəza sosial ədaləti bərqərar etmək, məhkumu islah etmək, məhkum tərəfindən və başqa şəxslər tərəfindən uyğun qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərini güdür. Hazırkı işdə 1938-ci il təvəllüdlü təqsirləndirilən şəxsin səmimi peşmançılığı onun törətdiyi əməllə bağlı sosial ədalətin qismən bərpa olunduğunu təsdiq edən haldır. Beləliklə, məhkəmənin qənaətinə görə, göstərilən hallar təqsirləndirilənə münasibətdə cəzanın məqsədlərinə qismən nail olunduğu təsdiq edən təkzibolunmaz faktlardır və həmin faktlar təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan, yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarla birlikdə müstəsna bir vəziyyət yaradır və məhkəmənin fikrinə görə, həmin müstəsna vəziyyət imkan verir ki, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsində təsbit olunmuş səlahiyyətinə söykənərək, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza olan islah işləri cəzasını deyil, daha yüngül cəza növü olan cərimə cəzası təyin etsin. Azərbaycan Respublikası CM-in: 62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Füzuli rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd ağac parçası məhv edilməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 200 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Füzuli rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş bir ədəd ağac parçası məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən həmin müddət ərzində apelyasiya şikayəti və ya protesti verilməzsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar