Məhkəmə qərarları › İş №1(064)-44/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-44/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-44/2023 12.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-cı il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CMin) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvü olmadığı, beləliklə də ovçuluq peşəsi ilə bağlılığı olmadığı halda, ümumi təyinatlı ov bıçaqları formasında hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq məlum olmayan mənbədən və vaxtda əldə etmiş, 27 yanvar 2023-cü il tarixdə saat 15 radələrindən 19:30 radələrinədək yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndindən Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Qarabağ kəndi ərazisindən keçən hissəsinə kimi əynində olmuş qara rəngli cins şalvarın kəmərinin arxa hissəsinə keçirdiyi qara rəngli qoburun içində, Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən saxlanılıb aşkar edilməsinə qədər gəzdirmişdir. Həmin bıçaq 27 yanvar 2023-cü il tarixdə Füzuli RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın arxa bel hissəsindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Füzuli RPŞ-nin əməkdaşları onu Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Qarabağ kəndi ərazisindən keçən hissəsinin yaxınlığında bir yerdə olduğu digər şəxslərlə üzərilərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Füzuli RPŞ-yə gətirmiş, orada müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın arxa bel hissəsində saxladığı bir ədəd bıçağı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bıçaq qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Atasından ona yadigar qalmış həmin bıçağı 27 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndində yaşadığı evdən çıxarkən məişət təyinatı üzrə istifadə etmək məqsədilə özü ilə götürmüş, üzərində gəzdirmişdir. O, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvü olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ictimai işlər cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid6 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, 27 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs yanında olmuş digər şəxslərin üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə hərəkətlərində şübhəli hal olmasını hiss etdiklərinə görə həmin şəxslərlə birlikdə saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın arxa bel hissəsində saxladığı bir ədəd bıçağı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bıçaq qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə” 27 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın arxa bel hissəsində saxladığı bir ədəd bıçağı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bıçaq qablaşdırılıb götürülmüşdür (səh. 43-46). - Məhkəmə-ballistik ekspertizasının 09 mart 2023-cü il tarixli, 3/364 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq əldədüzəltmə üsulu ilə ümumi təyinatlı ov bıçaqları formasında hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malikdir, soyuq silah hesab edilir. Ekspertiza xərci 64 manatdır (səh. 74-76). - Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 31 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin Birlikdə qeydiyyatdan keçməmişdir (səh. 109). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə qanunsuz olaraq soyuq silahı əldə etmə və ya gəzdirməyə görə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimaitəhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 27 yanvar 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, məhkəmə-ballistik ekspertizasının 09 mart 2023-cü il tarixli, 3/364 nömrəli rəyi, Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 31 may 2023-cü il tarixli məktubu, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd bıçağın məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Ağdam Rayon Məhkəməsinin 23 may 2007-ci il tarixli, 1- 8/2007 nömrəli hökmü və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli, 1(006)444/2012 nömrəli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 23 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 26 may 2014-cü il tarixli, 513 nömrəli Fərmanına əsasən əfv edilərək cərimə cəzasından azad edilmişdir (səh. 77, 83-86, 103-106). Buna görə də Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir. - Beyləqan RİHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə, AZ-İ seriyalı, 656711 nömrəli nikah haqqında şəhadətnamə, AZ-İV seriyalı, 356986 nömrəli doğum haqqında şəhadətnamə, AZE seriyalı 11449356 və 11449360 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və üç nəfər azyaşlı uşağı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (səh. 94-99). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini səciyyələndirilən halları, himayəsində üç nəfər azyaşlı uşağın olması və iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki,: - Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınan hallara, o cümlədən cəzanı yüngülləşdirən hallara görə onun barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. - Lakin Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 23 may 2007-ci il tarixli hökmü və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilsə də, yenidən iş üzrə cinayət əməlini törətməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün hazırki iş üzrə barəsində həmin Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha az ciddi cəza növləri olan ictimai işlər və ya islah işləri cəzasının təyin edilməsinin qarşısını alır, onlara nisbətən daha ciddi cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay müddətə təyin edilməsini zəruri edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin ediləcək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, soyuq silah hesab edilən bir ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar