Məhkəmə qərarları › İş №1(064)-46/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-46/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-46/2023 23.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Füzuli rayonu, Birinci Mahmudlu kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Birinci Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə qəsdən gizli talamaqla ələ keçirərək oğurlamaq məqsədi ilə 2 may 2022-ci il tarixdə səhər saat 07:30-dan saat 09:30dək olan müddət ərzində Zərərçəkmiş şəxs Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən evinin arxa tərəfinə gələrək, evin həyətinin arxa tərəfində olan qarğı hasardan evin həyətyanı sahəsinə qanunsuz daxil olub, evin arxa tərəfinə doğru olan plastik materialdan hazırlanmış pəncərəsinin orta şüşəsini istintaqa məlum olmayan bərk küt əşya ilə vurub sındıraraq içəridən pəncərənin açılan hissəsini əli ilə açıb, həmin pəncərədən evin yataq otağına qanunsuz daxil olaraq həmin yataq otağında olan kamotun (termonun) üstündəki qadın bəzək əşyalarının arasındakı qara rəngli qadın əl çantasının içərisində olan 17 ədəd 100-lük ABŞ dolları olmaqla 2890 (iki min səkkiz yüz doxsan) manat ekvivalentində 1700 ABŞ dollarını, ümumi dəyəri 1980 (min doqquz yüz səksən) manat olan qızıl-zinət əşyalarını, yəni- 900 manat dəyərində 585 əyarlı 10 qramlıq Rusiya istehsalı olan 1 ədəd qızıl boyunbağını, 540 manat dəyərində 585 əyarlı 6 qramlıq Rusiya istehsalı olan üzərində “Sara” sözləri yazılmış 1 ədəd qızıl klonu, 270 manat dəyərində 585 əyarlı 3 qramlıq Rusiya istehsalı olan 1 cüt, yəni iki ədəd uşaq üçün qızıl sırğanı və 270 manat dəyərində 585 əyarlı 3 qramlıq Rusiya istehsalı olan 1 ədəd qızıl qolbağını, həmçin evin digər yataq otağında olan paltar dolabının birinci rəfində olan paltarların altında 3.000 manat pulu gizli talayaraq, evə daxil olduğu pəncərədən çıxıb getməklə Zərərçəkmiş şəxs ümumilikdə 7.870 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Birinci Mahmudlu kəndində yaşayır. 2022-ci ilin may ayının 1-də axşam saatlarında spirtli içkinin təsiri altında olarkən Füzuli rayonu, Bala Bəhmənli kəndinə getmişdir. Səhər açılandan sonra, yəni 02 may 2022-ci il tarixdə səhər saat 08 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndində “Dördyol” adlanan ərazidən piyada geri, yəni evlərinə qayıdarkən spirtli içkinin təsiri altında olduğundan kənar şəxslərin onu görməməsi üçün yolun kənarında olan təndirin qarşısından sağa dönüb, bir qədər irəliyə getmiş, təxminən soldan axırıncı evin həyətinin darvazası olmadığını görüb oradan həyətə daxil olmuşdur. Oraya getməyinin və həmin həyətə girməyinin xüsusi bir səbəbi olmamış, sadəcə oradan arxa yolla, yəni heç kimə görünmədən həmin evin arxasında olan qəbiristanlığa keçib oradan evlərinə getmək qərarına gəldiyindən həyətə girmişdir. Həyətə girəndən sonra evin sahibsiz olduğunu bilmiş və evin arxasından çəpərdən aşıb getmək istəyərkən hər tərəfin böyürtkən kolu olduğundan keçməyin mümkünsüz olduğunu görmüşdür. Buna görə də evin arxa tərəfinə doğru getmiş, orada çəpərin bir qədər əzilmiş olduğunu və oradan keçib getməyin mümkün olduğunu görmüşdür. Həmin yerə yaxınlaşandan sonra evin arxaya dəmir barmaqlıqları olmayan bir dənə pəncərəsinin olduğunu görmüşdür. O, əvvəlcə evin pəncərəsindən içəriyə baxmış, evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. Bundan sonra, yerdən daş götürüb, pəncərənin şüşəsinə vurmuşdur. Bu zaman pəncərənin açılan tayının şüşəsi sınmışdır. Pəncərənin sınan yerindən əlini salıb, pəncərənin açılan tayını əli ilə açıb, oradan evə daxil olmuşdur. Həmin vaxt sol əlinin bilək nahiyəsini içəri tərəfdən pəncərənin sınan şüşəsi bir balaca kəsmişdir. Spirtli içki içdiyi üçün biləyinin kəsilən hissəsi həddindən artıq qanamışdır. O, həmin vaxt biləyindən axan qanın harasa bulaşmasından xəbərsiz olmuşdur. Həmin evə daxil olduqdan sonra əynində olan ağ rəngli maykasını çıxarıb biləyinə sarımış və qanı dayandırmağa çalışmışdır. Lakin biləyinə sarıdığı maykasını evdə və ya kənarda atdığını xatırlamır. Pəncərədən evə daxil olduğu otaqdakı termonun üstündə olan qadın bəzək əşyalarının olduğunu görüb həmin əşyaları götürmüşdür. O, həmin otaqda başqa yerlərə də baxmış, lakin oradan başqa heç bir şey götürməmişdir. Bundan sonra, həmin otağın sağında olan yataq otağına keçərək orada olan paltar şkafının gözünü və yataq dəstinin üstündə olan yorğan döşəyi axtarmışdır. Həmin otaqda olan paltar şkafının birinci rəfində olan, rəngini və formasını unutduğu paltarların altına əlini saldıqda bir qədər pul olduğunu görmüşdür. O, həmin pulu götürüb cibinə qoymuşdur. Pulu və qızıl əşyalarını götürdükdən sonra evin içərisində olan hamam otağına daxil olub, suyu açaraq əllərini yumuş və evə daxil olduğu pəncərədən bayıra çıxıb getmişdir. Onun Zərərçəkmiş şəxs evindən götürdüyü pulun məbləği təxminən 300 manat civarında olmuşdur. Qızıl bilib götürdüyü əşyaların isə rənginə və formasına baxmamış və əlamətlərini də tam xatırlamır. Bundan bir müddət sonra onu Füzuli rayon Polis Şöbəsinə dəvət etsələr də o, cinayəti törətməsini etiraf etməmişdir. Əvvəlki ifadələrində cinayətin törədilməsindən xəbərsiz olduğunu, yəni cinayətin onun tərəfindən törədilməsini etiraf etməsə də, hazırda verdiyi ifadəsini heç bir fiziki və ya psixi təsir altında olmadan tam sərbəst və düz olaraq vermişdir. O, Zərərçəkmiş şəxs evindən 300 manat civarında pul və qızıl əşyaları oğurlamışdır. Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın məbləğini şişirtmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, sonradan tutduğu əməlindən peşman olmuşdur. Vurduğu ziyanı ödədiyi üçün zərərçəkmiş şəxsin hazırda ondan şikayət və tələbi yoxdur. İfadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən evində yetkinlik yaşına çatmayan qızı Şahid3 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində rabitəçi vəzifəsində işləyir. Anası Şahid1 onunla qonşuluqda yaşasa da, oğurluq hadisəsi baş verməzdən bir qədər əvvəl bacısı Tərgülü avtomobil vurub xəsarət yetirdiyi üçün, həmçinin o, xidmətdə olan zaman Şahid1 onun evində qızı Şahid3 ilə birlikdə qalmışdır. Tərgül Vəliyevanın yol nəqliyyat hadisəsində xəsarət alması səbəbindən onun müalicəsinə başı qarışıq olmuşdur. Tərgül Vəliyevanın səhhəti normala doğru getdiyi üçün bazardan qoyun alıb qurban kəsmək qərarına gəlmişlər. O, xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş, gecəni evində qızı Şahid3 ilə birlikdə qalmışdır. Səhəri gün, yəni 02 may 2022-ci il tarixdə, saat 07:30 radələrində Şahid3 ilə birlikdə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili ilə qurbanlıq qoyun almaq üçün Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində təşkil edilən malqara satışı bazarına getmişdir. Evdən çıxarkən evinin çöl qapısını, yəni dəmir-seyf qapını açarla bağlamış və açarı özü ilə götürmüşdür. Mal-qara bazarına getməyindən heç kimin xəbəri olmamışdır. Həmin vaxt anası və atası yolun kənarında olan təndirlərində çörək bişirib satırmışlar. Saat 09:30 radələrində qızı Sara ilə birlikdə bazardan evə gəlmiş, o, evin həyətində qalmış, Sara isə evə daxil olmuşdur. Bir neçə saniyə sonra qızı Sara qışqıraraq evdən çölə çıxmış və evə oğru girdiyini bildirmişdir. O, dərhal qaçaraq evə daxil olmuş, qızı Saranın yataq otağına keçdikdə pəncərənin şüşəsinin sındırıldığını, pəncərənin açıldığını, şüşə qırıntılarının evə töküldüyünü, otaqdakı termonun üstündə olan bəzək və digər əşyaların dağıdıldığını, çarpayıda və pəncərənin ağ rəngli pərdəsində (günlük) qırmızı rəngli qanabənzər ləkələrin olmasını görmüşdür. Saranın otağında olan termonun üstündə qoyduğu və içərisində 17 ədəd 100-lük əskinaslar olmaqla, cəmi 1700 dollar, qızı Saraya və özünə məxsus olan qızıl-zinət əşyaları, yəni 10 qramlıq 1 ədəd rus qızıl boyunbağı, 6 qramlıq 1 ədəd üzərində SARA sözləri yazılmış rus klonu, 3 qramlıq uşaq üçün 1 cüt, yəni 2 ədəd qızıl rus sırğası və 3 qramlıq 1 ədəd rus qızılından olmaqla bilərzik olan qara rəngli əl çantasının yerində olmadığını, yəni çanta qarışıq aparıldığını görmüşdür. Bundan sonra evin digər yataq otağına, yəni özünün yatdığı otağa keçmiş və otağında olan əşyaların dağıdıldığını, sanki evdə kimsə bütün əşyaları qarışdırmaqla axtarış apardığını görmüşdür. O, yataq otağında olan paltar şkafına baxdıqda orada olan paltarların və geyim əşyalarının dağıdıldığını görmüşdür. İlk olaraq yataq otağında olan paltar dolabının üst gözündə qatlayıb yığdığı paltarlarının altında gizlətdiyi 3.000 manat pulunun yerində olub-olmadığına baxdıqda, həmin 3.000 manat pulun da oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, evin digər otağına, yəni qonaq otağına keçmiş və oradakı qab şkafında (kamotda) olan çəkəcəklərin də axtarıldığını, lakin dağınıq olsa da, orada elə qiymətli şey olmadığı üçün oradan hər hansı bir əşyasının götürülməsini müəyyən etməmişdir. Daha sonra qızı Saranın yataq otağının sağında olan işlənməyən yataq otağına keçmiş və otağın qapısı açıq olsa da, orada işlənməyən yorğan-döşək olduğu üçün heçnəyin oğurlanmadığını müəyyən etmişdir. Daha sonra evin içərisində olan hamam otağına keçmiş, qızı Saranın otağında olan qara rəngli qadın əl çantasının içərisində olan bəzək və kosmetik əşyaların yerə dağıdıldığını və çantanın yerə atıldığını görmüşdür. O, həmin əşyaları əli ilə yoxlamış və həmin əşyaların hamısının suya bulaşdığını görmüşdür. Lakin həmin çantada olan qızılların və pullarının, yəni 1.700 ABŞ dollarının yerində olmadığını görmüşdür. Lakin həmin vaxt orada, yəni hamamda ağ rəngli kişi maykası və qara rəngli bir ədəd papaq olduğunu görmüşdür. Həmin mayka ağ rəngli olsa da, çirkli olmuş və üzərində təxminən iki yerdə qana oxşayan qırmızı ləkələr olmuşdur. Bundan sonra o, mobil telefonu ilə “102 xidmətinə” zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Bundan az bir müddət sonra evinə polis əməkdaşları gəlmiş, evə baxış keçirmişlər. Polislər evdən qan izləri olan mələfədən, yastıq üzündən və pakrvaldan qanabənzər ləkələr olan hissəsni kəsərək, həmçinin pərdəni, kişi maykasını və papağı bütöv götürmüşlər. Onun evindən qızı Şahid3 yataq otağından qadın əl çantasının içərisindən 1.700 X2 dolları və qızıl-zinət əşyaları, yəni ümumi dəyəri təxminən 2.000 manat olan 1 ədəd 10 qramlıq rus qızıl boyunbağı, 6 qramlıq 1 ədəd üzərində “SARA” sözləri yazılmış rus klonu, 3 qramlıq uşaq üçün 1 cüt, yəni 2 ədəd qızıl rus sırğası və 3 qramlıq 1 ədəd rus qızıl bilərzik, həmçinin onun özünün yataq otağındakı paltar şkafından isə 3.000 manat pul oğurlanmış və ona ümumilikdə 7.890 manat maddi ziyan dəymişdir. Evinin giriş qapısı seyf qapıdır və ehtiyat açarı vardır. Lakin ehtiyat açar evdə olur. Hadisə baş verən gün evin ehtiyat açarı evin içərisində olmuş, o, Sara ilə evdən çıxdıqdan sonra qapını çöldən bağlamış, açar evin içərisində qalmışdır. Onun evində nə qədər qızılı və ya pulu olmasından, həmin qızıl və pulların harada olmasından heç kimin xəbəri olmamışdır. Onun heç kiminlə nə mübahisəsi, nə də ki, pulla bağlı hər hansı bir söz-söhbəti olmamışdır. Oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnmir, ancaq eşitdiyinə görə evindən oğurluq hadisəsini Füzuli rayonu, 1-ci Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs törədib. O, Təqsirləndirilən şəxs əvvəllərdən tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi, yaxud qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi ziyan ödədildiyindən Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını və işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid1 bildirdi ki, o, əslən Xocavənd rayonundan olsa da, məcburi köçkün kimi Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır və yaşadığı evinin yanında qızı iş üzrə Zərərçəkmiş şəxs evi var. Ağgül qızı Sara ilə birlikdə həmin evdə yaşayır, qızı Zərərçəkmiş şəxs hərbçi olduğu üçün xidmətdə olanda nəvəsi ilə yəni, Ağgülün qızı Sara ilə birlikdə onlarda qalır. Yaşadığı küçənin girişində asfalt yolun kənarında təndirləri olduğu üçün əri Məhəmməd və digər qızı Tərgül həmin təndirdə çörək bişirib satmaqla məşğul olurlar və ailəsinin əsas dolanışığı çörək bişirib satmaqla keçir. 2022-ci ilin təxminən aprel ayının əvvəllərində qızı Tərgül yolu keçərkən təndirin qarşısından keçən asfalt yolda avtomobil Tərgülü vurub xəsarət yetirdiyindən bir qədər başları qarışıq olmuş, qızının müalicə işləri ilə əlaqədar pul lazım olduğundan təndirdən qazandıqları və qızı Ağgülün qazancı bir yerdə toplanılmış və Tərgülün müalicəsinə xərcləmək üçün Ağgülə verilmişdir. Tərgülün səhhəti düzəldiyinə görə Ağgül qurban kəsmək üçün mal-qara bazarından qoyun almaq qərarına gəlmişdir. Ağgül xx.xx.2022-ci il tarixdə işdən evə gələrək evində olduğu üçün o, gecəni öz evində qalmış, səhəri gün, yəni 02 may 2022-ci il tarixdə, saat 06:30 radələrində həyat yoldaşı Məhəmmədlə birlikdə təndirdə çörək bişirib satmaq üçün oyanıb təndirin yanına getmişdir. Bundan bir müddət sonra, yəni 07:30 radələrində Ağgül qızı Şahid3 ilə birlikdə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə onların yanından keçərkən qurbanlıq qoyun almaq üçün Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində təşkil edilən malqara satışı bazarına getməsini demişdir. Saat 09:30 radələrində qızı Ağgül və nəvəsi Sara ilə birlikdə bazardan evə gəlmişlər, bundan bir neçə dəqiqə sonra Ağgülün səsinin gəlməsini eşitdiyi üçün təndirin yanından Ağgülün evinə getdikdə, Ağgülün evin içərisindən evə oğru girməsini demişdir. Həmin vaxt evə baxanda nəvəsi Saranın yataq otağının pəncərəsinin sındırılmasını, pəncərənin açılıb şüşə qırıntılarının evə tökülməsini, otaqdakı termonun üstündə olan bəzək və digər əşyaları dağıdılmasını, çarpayıda və pəncərənin ağ rəngli pərdəsində (günlükdə) qırmızı rəngli qanabənzər ləkələrin olmasını görmüşdür. Ağgül ona Saranın otağında olan termonun üstündə qara rəngli əl çantasının olmasını və həmin çantanın içində 17 ədəd 100 dollarlıq əskinaslar olmaqla cəmi 1.700 dollar, nəvəsi Saraya və Ağgülün özünə məxsus olan qızıl-zinət əşyaları, yəni 10 qramlıq 1 ədəd rus qızıl boyunbağı, 6 qramlıq 1 ədəd üzərində “SARA” sözləri yazılmış rus klonu, 3 qramlıq uşaq üçün 1 cüt, yəni 2 ədəd rus qızılından olan sırğası və 3 qramlıq 1 ədəd rus qızılından olmaqla bilərziyin yerində olmadığını ona demişdir. Həmin qızılların hər birini Ağgülün pulu ilə o, almış, qızılların hər biri 585 əyarlı olmuşdur. Bundan sonra evin digər yataq otağına, yəni Ağgülün yatdığı otağa keçdikdə, otaqda olan əşyaların dağıdılmasını gördükdə evdə kiminsə bütün əşyaları qarışdırmaqla axtarış aparmasını bilmişdir. Ağgül ona paltar şkafın üst gözündə qatlayıb yığdığı paltarların altında gizlətdiyi 3.000 manat pulun da yerində olmamasını demişdir. Evin qonaq otağına keçdikdə oradakı qab şkafında (kamotda) olan çəkəcəklərin də axtarılmasını, lakin ora dağınıq olsa da, oradan hər hansı bir şey oğurlanmamasını demişdir. Bundan sonra, nəvəsi Saranın yataq otağının sağında olan işlənməyən yataq otağına keçdikdə oradakı qapının açıq olsa da, həmin otağa işlənməyən yorğan-döşək olduğu üçün heç nə oğurlanmamışdır. Daha sonra Ağgülün evin hamam otağından səslənməsini eşidərək həmin yerə getdikdə nəvəsi Saranın otağında olan qara rəngli qadın əl çantası hamada yerə atılmasını, onun yanında çantada olan bəzək və kosmetik əşyaların yerə dağıdılmasını və nəticədə həmin əşyaların hamısının suya bulaşmasını görmüşdür. Ağgül həmin çantaya baxdıqda çantada olan qızıllar və pulları, yəni 1700 dollar pulun yerində olmamasını, həmçinin həmin yerdə ağ rəngli kişi maykası və qara rəngli bir ədəd papaq olduğunu görmüşdür. Həmin mayka ağ rəngli olsa da, çirkli olmuş, üzərində iki yerdə qana oxşayan qırmızı ləkələr olmuşdur. Bundan sonra qızı Ağgül mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermiş, bundan az bir müddət sonra oraya polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Polislər evdən qan izləri olan mələfədən, yastıq üzündən və pakrvaldan qızının istəyi ilə qanabənzər ləkələr olan hissəsini kəsərək, həmçinin pərdəni, kişi maykasını və papağı bütöv götürmüşlər. Ağgülün evində nəvəsinin yataq otağında pul qabının içərisindən 1.700 ABŞ dolları və həmin otaqdan qızıl-zinət əşyaları oğurlanmışdır. Sonradan onlara məlum olmuşdur ki, evdən oğurluğu Füzuli rayonu, 1-ci Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Şahid Füzuli rayon Polis Şöbəsinin KTQ-nin baş inspektor kriminalisti polis kapitanı Şahid5 bildirdi ki, o, 02 may 2022-ci il tarixdə səhər saat 09:50 radələrində Füzuli rayon Polis Şöbəsində xidməti otağında olan zaman şöbənin növbətçi hissəsindən Füzuli rayonu, Bala Bəhmənli kəndində Ağgül adlı şəxsin evindən oğurluq olması barədə məlumat almışlar. Füzuli RPŞ-nin istintaq-əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə çatanda oğurluq olan evin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşməsi, ev sahibi Zərərçəkmiş şəxs adlı xanım olmasını bilmişdir. Hadisə yerini müayinə etməzdən əvvəl evin tərəflərini gəzərək müşahidə etmiş, həmin vaxt evin arxa hissəsinə olan pəncərənin orta şüşəsinin sındığını, şüşə qırıntılarının evin içərisinə töküldüyünü gördükdə onda naməlum şəxs və ya şəxslərin evə həmin pəncərədən evin şüşəsini çöl tərəfdən hansısa bərk bir şeylə vurub sındıraraq, pəncərənin açılan hissəsini açıb, oradan daxil olması ehtimalı yaranmışdır. Evin içərisinə daxil olmuş, ilk əvvəl heç bir əşyaya toxunmadan evin fotoşəkillərini çəkmiş, ev 3 yataq və 1 qonaq otağından, dəhlizdən, məxbədən və hamam otağından ibarət olmuşdur. Ev ümumən ilk baxışda dağınıq halda olmuş, belə ki, əsasən də evin hamam otağı, iki yataq otağı dağınıq olmuş, qonaq otağı isə qismən dağınıq olmuşdur. Əvvəl evin çöldən şüşəsi sındırılmış yataq otağına daxil olub müayinəyə həmin otaqdan başlamış, pəncərənin qarşısında çarpayı olmuş, çarpayının yanında iki ədəd tunba olmuşdur. Həmin otaqda qapıdan girəndə sağ divarda bir ədəd termo olmuşdur. İlk olaraq evin sınan pəncərəsinə yaxınlaşdıqda sındırılmış şüşələrin evin içəri hissəsinə tökülməsini görmüşdür. Pəncərəni müayinə edən zaman evin pəncərəsinə asılmış ağ rəngli pərdə üzərində qana bənzər ləkələr olmasını görmüşdür. Həmçinin çarpayının üzərində olan ağ rəngli mələfədə, ağ gülləri olan palıdı rəngli yastıq üzündə, eləcə də, boz və yaşıl rənglərin qarışığı rənglərində olan yataq örtüyünün üzərində də qana bənzər qırmızı ləkələr olmasını görmüşdür. Termonun üzərində olan qadın bəzək əşyaları dağınıq halda, orada olan dəftər və kitablardan yerə tökülənlərinin də olmasını görmüşdür. Əvvəl otaqda toxunulması aşkar görünən və yararlı əl-barmaq izlərinin olması ehtimal edilən pəncərə və termonun dolabları üzərində kimyəvi tozlar vasitəsi ilə əl-barmaq izlərinin aşkar edilməsinə başlamışdır. Həmin vaxt oradan tədqiqat üçün yararlı əl-barmaq izləri aşkar olunmuş, həmin əl-barmaq izləri müvafiq üsulla götürülərək qablaşdırılmışdır. Üzərində qanabənzər ləkələr olan qeyd edilən parçalar götürülərkən ev sahibi Zərərçəkmiş şəxs qan ləkəsi olan pərdəni tamamilə, lakin yataq üzərində olan mələfənin, yastıq üzünün və yataq örtüyünün konkret qanabənzər ləkələr olan hissəsinin kəsilərək götürməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xahişi tədqiqatın aparılmasına maneə olmadığı üçün bir ədəd pərdə bütöv, qeyd edilən parçalardan isə qanabənzər ləkələr olan hissələr kəsilərək götürülmüşdür. Ev sahibəsi Zərərçəkmiş şəxs həmin otağın onun qızı Saranın yataq otağı olmasını demiş, həmin otaqda qadın çantası olmasını, çantanın içərisində 1.700 ABŞ dolları və qızına, eləcə də özünə məxsus olan qızıl-zinət əşyalarının yığıldığı qab olmasını demişdir. Oğurlanan qızılları- 1 ədəd böyunbağı, bir ədəd üzərində “Sara” yazılmış klon, 1 cüt uşaq üçün qızıl sırğa və 1 ədəd bilərzik olduğunu bildirmişdir. Bundan sonra həmin yataq otağının sol tərəfində olan digər yataq otağına keçmiş, həmin otaq da ümumən dağınıq halda olmuş, həmin otaqda da, tədqiqat üçün yararlı əl-barmaq izlərinin olub-olmamasını müəyyən etmək üçün otaqda toxunulduğu ehtimal edilən əşyalar üzərində xüsusi kimyəvi maddələrlə yoxlama aparmışdır. Burada əsasən otaqda olan paltar dolabının axtarılaraq dağıdılmasını, geyim əşyalarının bir hissəsinin yerə tökülməsini görmüşdür. Həmin otaqda olan əşyalar taxta materialından və əsasən paltarlar olduğu üçün oradan tədqiqat üçün yararlı əl-barmaq izləri aşkar edilməmişdir. Ev sahibəsi Zərərçəkmiş şəxs həmin yataq otağında olan paltar dolabını təqdim edərək yataq otağındakı paltar şkafının üst gözündə olan paltarların altında 3.000 manat nağd pulunun olmasını və həmin pulun da oğurlanmasını bildirmişdir. Zərərçəkmiş şəxs göstərdiyi rəfdə olan paltarların qabarması, sanki paltarın altına əl salındıqdan sonra yaranan qabarmaya oxşar forma almışdır. Bundan sonra, evin hamam otağına keçmiş və həmin vaxt Zərərçəkmiş şəxs hamam otağında dağınıq halda yerə tökülmüş, qadın bəzək əşyalarını, qara rəngli qadın əl çantası, müxtəlif ölçülü kapron kosmetik məhsulların qabları və.s. əşyaları təqdim edərək həmin əşyaların qızı Saranın yataq otağında, yəni pəncərəsi sındırılmış otaqda olmasını demiş, eyni zamanda hamam otağında yerdə bir ədəd ağ rəngli olmasına baxmayaraq çirkli halda, üzərində qanabənzər ləkələr olan kişi maykası və bir ədəd qaramtıl keçirmə papaq olmuşdur. Hamam otağında olan əşyaların üzərindən su axıdıldığı üçün tədqiqat üçün yararlı əl-barmaq izləri aşkar olunmamış, daha sonra naməlum şəxs tərəfindən axtarış aparılması ehtimal olunan evin qonaq otağında olan kamotun üzərində olan əşyalar və dolab üzərində xüsusi kimyəvi tozlarla yoxlama aparmış, kamotun qapısının dəstəyindən tədqiqat üçün yararlı əl-barmaq izləri aşkar edildiyi üçün müvafiq üsulla götürülmüş, qonaq otağında axtarış aparılması müşahidə olunsa da, ümumən dağınıqlıq olmamış, qeyd etdiyi əşyalar, yəni üzərində qanabənzər bulaşıq olan mələfəni, yastıq üzünü, yataq örtüyünü, pərdə və hamam otağında olan kişi maykası və papağı götürmüş və orada qablaşdırıb hadisə yerinin baxışını aparan müstəntiqə təhvil vermişdir. Bundan sonra müstəntiq tərəfindən götürülmüş əşyalar və əl-barmaq izləri DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubda qeyd edilən qana bənzər bulaşığın insan qanı olduğu və həmin qan nümunəsinin xx.xx.1990-cı il təvəllüdlü Füzuli rayonu, Mahmudlu-1 kənd sakini Təqsirləndirilən şəxs məxsus olması barədə məktub daxil olmuşdur. Şahid Füzuli rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid6 bildirdi ki, cinayət hadisəsi baş verən vaxt o, Füzuli rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 02 may 2022-ci il tarixdə səhər saat 09:50 radələrində Füzuli rayon Polis Şöbəsində xidməti otağında olan zaman şöbənin növbətçi hissəsindən Füzuli rayonu, Bala Bəhmənli kənd sakini Ağgül adlı şəxsin evindən oğurluq olması barədə məlumat aldıqdan sonra onun da daxil olduğu əməliyyat-istintaq qrupu hadisə yerinə getmişdir. Hadisə yerinə baxış aparılarkən evin arxa tərəfinə keçib baxarkən, evin arxa tərəfindən çəpərin olmamasını, yəni çəpərin köhnə qarğıdan və dəmir tordan (setkadan) ibarət olmasını, köhnə olduğuna görə əvvəlcədən uçub dağılmasını görmüşdür. Evin arxaya bir pəncərəsinin olmasını, həmin pəncərənin orta açılan şüşəsinin sınmasını görmüşdür. Həmin şüşəyə baxanda sınmaya səbəb çöldən hansısa əşya ilə vurulma olmasını bilmişdir. Şüşənin sınıqları çölə deyil, pəncərinin içəri tərəfinə tökülmüşdür. Həmin vaxt evə həmin pəncərədən girilməsini ehtimal etmişdir. Evin ortadakı yataq otağına, yəni pəncərəsi çöldən sındırılmış otağa keçmiş, evin yataq otağının ümumilikdə dağınıq halda olmasını, otağın pəncərəsində olan ağ rəngli pərdədə, həmçinin yataq dəstinin üstündəki mələfədə, yastıq üzündə və yataq örtüyündə qırmızı rəngli qana bənzər ləkələr olmasını görmüşdür. Yataq otağında olan termonun üzərində olan qadın bəzək əşyaları dağınıq halda və rəfləri axtarılmış vəziyyətdə olmuşdur. Ev sahibəsi Zərərçəkmiş şəxs həmin otağın onun qızı Saranın yataq otağı olmasını, həmin otaqda qadın çantası olmasını, çantanın içərisində 1.700 ABŞ dolları, qızına və özünə məxsus olan qızıl-zinət əşyalarının yığıldığı kapron materialdan olan qab olmasını demişdir. Bundan sonra, həmin yataq otağının sol tərəfində olan digər yataq otağına keçdikdə, ev sahibəsi Zərərçəkmiş şəxs həmin yataq otağında olan paltar dolabını təqdim edərək yataq otağındakı paltar şkafının üst gözündə olan paltarların altında 3.000 manat nağd pulu olmasını və həmin pulun da oğurlanmasını demişdir. Bundan sonra, evin hamam otağına keçmiş və həmin vaxt Zərərçəkmiş şəxs hamam otağında dağınıq halda yerə tökülmüş, qadın bəzək əşyaları, qara rəngli qadın əl çantası, müxtəlif ölçülü kapron kosmetik məhsulların qabları və s. əşyalar olmuşdur. Həmçinin, həmin əşyaların yanında yerdə ağ rəngli üzərində qana bənzər ləkəyə bulaşıq olan bir ədəd kişi maykası və bir ədəd qaramtıl keçirmə papaq olmuşdur. Qeyd edilən yerlərdə tədqiqat üçün yararlı əl-barmaq izlərinin olub-olmamasını müəyyən etmək üçün kriminalist Şahid5 tərəfindən tədqiqat aparılmışdır. Tədqiqatdan sonra qeyd etdiyi əşyalar, yəni üzərində qanabənzər ləkə olan mələfə, yastıq üzü, pakrval, pərdə və hamam otağında olan kişi maykası və papaq götürülmüşdür. Hadisənin kimin tərəfindən törədilməsini müəyyən etmək üçün zəruri əməliyyat-axtarış tədbirləri keçirilsə də, cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün kifayət etməmişdir. Lakin sonradan, yəni hadisə yerindən götürülmüş qana bəzər ləkələr olan mələfə, yastıq üzü, pakrval, pərdə və hamam otağında olan kişi maykası üzərində olan qan nümunəsinin nə olduğunu müəyyən etmək üçün DİN-nin Kriminalistik tədqiqatlar idarəsinə göndərilmiş məktuba gələn məktubda qeyd edilən qana bənzər bulaşığın insan qanı olduğu və həmin qan nümunəsinin xx.xx.1990-cı il təvəllüdlü Füzuli rayonu, Mahmudlu-1 kənd sakini Təqsirləndirilən şəxs məxsus olması qeyd edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Füzuli rayon Polis şöbəsinə gətirmiş, Təqsirləndirilən şəxsla baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq söhbətlər aparılmış, o, cinayəti törətmədiyini, Zərərçəkmiş şəxs tanımadığını, onun evinin yerini bilmədiyini deyərək, cinayətin törədilməsində iştirak etmədiyini və ümumiyyətlə həmin evdə olmadığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində də, şifahi dediklərini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxsla bir qədər əməliyyat xarakterli söhbətlər aparmaları nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən 1700 dollar, qızıl zinət əşyaları və 3.000 manat pul oğurlamasını qəbul etmədi və bildirdi ki, həmin evdən 9 ədəd 100 dollarlıq əskinas, 1 ədəd 200 manatlıq əskinas və qalanları isə 100 manatlıq olmaqla, ümumilikdə 5.600 manat pul oğurlayıb. İfadələri elan edilmiş şahidlər Füzuli PRŞ CAB-ın əməliyyat müvəkilləri Şahid7 və Şahid4 Şahid6 ilə oxşar məzmunlu ifadələr vermişlər. İfadəsi elan olunmuş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində gösərmişdir ki, o, Füzuli rayonu, Bala Bəhmənli kəndində anası ilə birlikdə yaşayır, evdə anası ilə özündən başqa nənəsi Şahid1 da onlarla yaşayır, lakin nənəsinin evi onlardan ayrıdır və onlarla qonşuluqda yaşayır. Yaşadığı evdən oğurluq hadisəsi baş verməzdən bir qədər əvvəl xalası Tərgülü avtomobil vurub xəsarət yetirmiş, ona görə də xalasının müalicə işləri ilə əlaqədar pul lazım olduğundan əldə etdikləri pulu onların evində toplamışlar. Anası Ağgül işdə olanda nənəsi Durna onlarda qalır. Xalasının səhhəti normala doğru getdiyi üçün bazardan qoyun alıb qurban kəsmək qərarına gəlmişlər. Anası xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş və gecəni evlərində qalmışdır. Səhəri gün, yəni 02 may 2022-ci il tarixdə, saat 07:30 radələrində anasının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə qurbanlıq qoyun almaq üçün Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində təşkil edilən malqara satışı bazarına getmişlər. Evdən çıxarkən evin çöl qapısını, yəni dəmir-seyf qapını açarla bağlayıb, evdən çıxmışlar və mal-qara bazarına getmələrindən heç kimin xəbəri olmamışdır. Həmin vaxt nənəsi ilə babası yolun kənarında olan təndirlərində çörək bişirib satmaqla məşğul olmuşlar. Saat təxminən 09:30 radələrində anası ilə birlikdə bazardan evə gəlmiş, evə daxil olduqda və evin dağınıq olduğunu görüb evə oğru girdiyini anlamış və bu barədə anasına məlumat vermidir. Öz yataq otağında pəncərənin sındırıldığını, pəncərənin açıldığını, şüşə qırıntılarının evə töküldüyünü, otaqdakı termonun üstündə olan bəzək və digər əşyalarının dağıdıldığını, çarpayıda və pəncərənin ağ rəngli pərdəsində (günlükdə) qırmızı rəngli qanabənzər ləkələrin olmasını görmüşdür. Otağında olan termonun üstündə qara rəngli əl çantasında olan 17 ədəd 100-lük əskinaslar olmaqla, cəmi 1700 dollar, özünə və anasına məxsus olan qızıl-zinət əşyaları, yəni 10 qramlıq 1 ədəd rus qızıl boyunbağı, 6 qramlıq 1 ədəd üzərində “SARA” sözləri yazılmış rus klonu, uşaq üçün 3 qramlıq 1 cüt, yəni 2 ədəd rus qızılından olan sırğa və 3 qramlıq 1 ədəd rus qızılından olmaqla bilərziyin yerində olmadığını, yəni çanta qarışıq aparıldığını görmüşdür. Bundan sonra evin digər yataq otağına, yəni anasının yatdığı otağa getdikdə otaqda olan əşyaların dağıdılmasını, evdə kiminsə bütün əşyaları qarışdırmaqla axtarış aparmasını görmüşdür. Anasının otağında olan paltar şkafına baxdıqda paltar şkafında olan paltarların və geyim əşyalarının dağıdılmasını görmüş, anası paltar dolabında olan paltarların arasına baxdıqdan sonra paltarların arasında olan 3000 manat pulun da oğurlanmasını demişdir. Bundan sonra evin digər otağına, yəni qonaq otağına keçdikdə oradakı qab şkafında (kamot) olan çəkəcəklərin də axtarılmasını, lakin ora dağınıq olsa da, orada elə qiymətli şey olmadığı üçün oradan nəyinsə götürülməsini müəyyən edə bilməmişlər. Bundan sonra yataq otağının sağında olan işlənməyən yataq otağına keçdikdə qapısı açıq olsa da, həmin otaqda işlənməyən yorğan-döşək olduğu üçün heçnə oğurlanmamasını görmüş, daha sonra hamam otağına keçdikdə onun otağından olan qara rəngli əl çantasının hama otağında yerə atılmasını, onun yanında çantada olan bəzək və kosmetik əşyalar yerə dağıdılmasına görə həmin əşyaların hamısının suya bulaşmasını görmüş, lakin konkret olaraq həmin əşyaların qəsdlə suyu həmin əşyaların üzərinə açmasını və yaxud oğurluq edən şəxs əlini yuyarkən əşyaların islanmasını bilməmiş, lakin həmin çantada olan qızıllar və pullarının, yəni 1700 dollar pulun yerində olmamasını görmüşdür. Həmin vaxt hamam otağında ağ rəngli kişi maykası və qara rəngli bir ədəd papaq olduğunu görmüş, həmin maykaya baxanda maykanın ağ rəngli olsa da, çirkli və üzərində iki yerdə qana oxşayan qırmızı ləkələr olmasını aşkar etmişdir. Bundan sonra anası mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermiş, bundan az bir müddət sonra evinə polis əməkdaşları gəlmiş və evə baxış keçirmişlər. Polislər evdən qan izləri olan mələfədən, yastıq üzündən və pakrvaldan anasının istəyi ilə qanabənzər ləkələr olan hissəsini kəsərək, həmçinin pərdəni, kişi maykasını və papağı bütöv götürmüşlər. Yaşadığı evdə, onun yataq otağında pul qabının içərisindən 1700 X2 dolları və həmin otaqdan qızıl-zinət əşyaları oğurlanmışdır. Qızıl-zinət əşyaları 10 qramlıq 1 ədəd rus qızıl boyunbağı, 6 qramlıq 1 ədəd üzərində SARA sözləri yazılmış rus klonu, 3 qramlıq uşaq üçün 1 cüt, yəni 2 ədəd qızıl rus sırğası və 3 qramlıq 1 ədəd rus qızıl bilərzikdən ibarət olmuş, qızılların ümumi dəyəri təxminən 2000 manata yaxın olmuşdur. Anasının yataq otağındakı mebel dəstindən isə 3000 manat pul oğurlanmış, beləliklə oğurluq nəticəsində ümumilikdə ona 7890 manat maddi ziyanlıq dəymişdir. Evinin giriş qapısı seyf qapısı olmuş və ehtiyat açarı olsa da, həmin açar evdə olur. Bir dənə açar anasında olmuş, dərsə gedəndə evdəki ehtiyat açarla qapını çöldən bağlayır, evə qayıtdıqdan sonra isə açarı həmin yerə qoyur. Hadisə baş verən gün evin ehtiyat açarı evdə olmuş, anası evdən çıxıb gedərkən evin qapısını açarla bağlamış və açar anasında olmuş, qayıdıb gələndə isə qapını açarla açıb evə keçmişdir. Oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnməsə də, deyilənə görə evdən oğurluq hadisəsini Füzuli rayonu, 1-ci Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Cinayət işinə əlavə edilmiş: İstintaq zamanı Füzuli rayon Polis Şöbəsinə verilmiş sorğuya cavab olaraq tərtib edilmiş Füzuli rayon X1 Tədqiqatlar qrupunun baş kriminalist eksperti Şahid5 28 iyun 2023-cü il tarixli raportundan görünür ki, narkotik vasitə və psixotrop maddə istifadəsində şübhəli bilindiyi üçün 02 fevral 2022-ci ildə Füzuli rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs steril pambıqlı çöp vasitəsi ilə götürülmüş yanaq epitel qaşıntısı DNT məlumat bankına daxil edilməsi üçün DNT məlumat bankının formalaşdırılmasına dair xx.xx.2022-ci il tarixli, G62-001-14 nömrəli göstərişin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. İstintaq zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 011-5405-1222 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi zamanı hadisə yerindən götürülmüş 01 ədəd papaq və 03 ədəd parça üzərində aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, hadisə yerindən götürülmüş 03 ədəd parça üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs (xx.xx.1990 Füzuli r.(Füzuli RPŞnin xx.xx.2022-ci il tarixli, 310-1985-1222 nömrəli məktubu ilə) göndərilmiş) məxsusdur. 01 ədəd papağın içərisində tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş, xx.xx.2022-ci il tarixli, 22/379R nömrəli məhkəmə-genetik ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi zamanı hadisə yerindən götürülmüş 01 ədəd parça kəsiyi, 01 ədəd mayka və 01 ədəd pərdə üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir və həmin qan nümunələri Təqsirləndirilən şəxs (xx.xx.1990 Füzuli r.) məxsusdur (eyni yumurta əkizi istisna olmaqla) 01 ədəd papaq üzərində qanabənzər ləkə aşkar edilməmişdir. 01 (bir) ədəd maykanın üzərində insan mənşəli bioloji mənşəli materiallar (epiteli hüceyrələri) və həmin bioloji mənşəli materiallar (epiteli hüceyrələri) Təqsirləndirilən şəxs (xx.xx.1990 Füzuli r.) məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). 01 (bir) ədəd papağın içərisində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən 01 (bir) ədəd papaq üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi mümkün olmamışdır. 15 sentyabr 2022-ci il tarixli, 9/5605 nömrəli məhkəmə-əmtəəşünslıq ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış qızıl- zinət əşyalarının 2022-ci ilin may ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 585 əyarlı 10 qramlıq Rusiya istehsalı olan 1 ədəd qızıl boyunbağı 900 manat, 585 əyarlı 6 qramlıq Rusiya istehsalı olan üzərində “Sara” sözləri yazılmış 1 ədəd qızıl klon 540 manat, 585 əyarlı 3 qramlıq Rusiya istehsalı olan 1 cüt, yəni iki ədəd uşaq üçün qızıl sırğası 270 manat və 585 əyarlı 3 qramlıq Rusiya istehsalı olan 1 ədəd qızıl qolbağı 270 manat olmaqla ümumilikdə 1.980 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 011-5438-1222 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq hadisəsi zamanı hadisə yerindən götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-nə daxil olmuş, həmin əl izləri DİN-nin KTİnin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 06 ədədi xx.xx.2007-ci ildə Füzuli rayonunda anadan olmuş Şahid3 sol əlinin şəhadət, orta və adsız barmaqları, sol əlin ovuc (iki dəfə)və sağ əlin ovuc əksləri ilə eynilik aşkar edilmişdir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 21 iyun 2023cü il tarixli 1742 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında oduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiti xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. Psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, laqeydlik, ö maraqlarını üstün tutmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər-hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətidənasılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqdim edilmiş bir ədə diskdə olan görüntüdə Təqsirləndirilən şəxs hər hansı psixi və ya fiziki təsir altında danışması müəyyən olunmadı. Həmin zaman dediklərinin yalan və ya doğru olması isə istintaq zamanı hadisəşəraitinə uyğun olaraq müəyyən edilir. Məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2023-cü il tarixli, 3941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınması məsləhət görülür. Füzuli RPŞ İB-nin rəisi A.Səmədovun xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqımda protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. Füzuli RPŞ İB-nin müstəntiqi B.Səfiyarlının xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə saat 05:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddələrinə əsasən, vurulmuş maddi ziyanın ödənilməklə zərərçəkmiş şəxsin şikayətçi olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və vurulmuş ziyanın aradan qaldırılması məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini də nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını nisbətən aşağı həddə təyin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Füzuli rayon Polis Şöbəsində saxlanılan bir ədəd parça kəsiyi, bir ədəd mayka, bir ədəd papaq və bir ədəd pərdə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 08 avqust 2022-ci il tarixdə "xxxx" MMC-nin 13761 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə Füzuli rayon Polis şöbəsinə göndərilmiş 1 ədəd disk və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində videoçəkiliş vasitəsi ilə dindirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə vurulmuş 7.870 manat ziyanın zərəçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq AR MEM-in hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunan əmlak, mülki iddia yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 349, 351-353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq dörd gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut Füzuli rayon Polis Şöbəsində saxlanılan bir ədəd parça kəsiyi, bir ədəd mayka, bir ədəd papaq və bir ədəd pərdə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 08 avqust 2022-ci il tarixdə "xxxx" MMC-nin 13761 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə Füzuli rayon Polis şöbəsinə göndərilmiş 1 ədəd disk və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində videoçəkiliş vasitəsi ilə dindirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə vurulmuş 7.870 manat ziyanın zərəçəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar