Məhkəmə qərarları › İş №1(064)-47/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-47/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-47/2025 16.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun nümayəndəsi Qanuni nümayəndə və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1999-cu il tarixdə Füzuli rayonu, Mahmudlu 2 kəndində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Füzuli rayonu, Mahmudlu 2 kəndində qeydiyyatda olmaqla hazırda Füzuli rayonu, Qarabağ kəndində yaşayan, hazırda barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2008-ci il tarixdə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, subay, natamam orta təhsilli, əvvəllər məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla hazırda Füzuli rayonu, Qarabağ kəndində yaşayan, hazırda barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər verməklə qəsdən cinayətkar fəaliyyətə cəlb edib qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 qazanc əldə etmək barədə vədlər verməklə qəsdən cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olub qrup təşkil edərək 12 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus olan saxlanc yeri hesab edilən Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən fermanın ərazisində olan tövləyə qapıdan qanunsuz daxil olaraq oradan dəyəri 700 (yeddi yüz) manat olan iki baş xırdabuynuzlu heyvan olan toğlunu gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Abışov X3 Amid Nadir oğlu tərəfindən vədlər verilməklə cinayətkar fəaliyyətə cəlb edilib qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olub qrup halında birləşərək 12 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus olan saxlanc yeri hesab edilən Füzuli rayonu, Qarabağ kəndi ərazisində yerləşən fermanın ərazisində olan tövləyə qapıdan qanunsuz daxil olaraq oradan dəyəri 700 (yeddi yüz) manat olan iki baş xırdabuynuzlu heyvan olan toğlunu gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 qohumu olduğuna görə tanıyır, Elşənlə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. Elşənin yetkinlik yaşına çatmadığını, yəni 18 yaşı olmadığını bilmiş və dərk etmişdir. Zərərçəkmiş şəxs Füzuli rayonu, Qarabağ kəndi ərazisində ferması olmuş, Fuad həmin fermada iri-buynuzlu mal qara və xırda buynuzlu mal-qara yəni qoyun saxlamışdır. Təxminən 2-3 il əvvəl Fuada məxsus olan fermada çoban işləmiş, sonradan isə başqa iş yeri tapdığı üçün Fuadın fermasından işdən çıxmışdır. Ona və ailə üzvlərinə məxsus mal-qarası yoxdur. Hazırda işləmədiyi üçün hər hansı qazanc mənbəyi olmadığına görə pula ehtiyacı olmuşdur. Pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmiş və oğurluğu Qarabağ kəndində yerləşən Fuad adlı şəxsə məxsus olan fermadan etməyi fikirləşmişdir. Belə ki, Fuada məxsus fermadan iki baş quzu oğurlamağı fikirləşmişdir. Oğurluğu tək edə bilməyəcəyini dərk etdiyindən Elşəni də dəvət edərək sonuncu ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də 12 dekabr 2024-cü il tarixdə saat 22 radələrində istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə ilə Elşənin istifadəsində olan unutduğu mobil nömrəyə zəng edərək onunla işi olduğunu və qohumu Kamilin evinə gəlməsini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Elşən Kamilin evinə gəlmiş və Elşənlə ilk öncə orada damino oyunu oynamış, daha sonra oradan çölə çıxmışlar. Çöldə olarkən Elşənə Fuada məxsus fermadan quzu oğurlamaq istədiyini bildirmiş və Elşənə onunla birlikdə oğurluq etməkdə kömək etməsini bildirmişdir. Həmin vaxt Elşən onunla razılaşmışdır. Həmin vaxt Elşən ondan quzuları oğurladıqdan sonra kimə satacaqlarını soruşmuş, Elşənə quzuları kimə satacağını bilmədiyini demişdir. Bundan sonra Elşən qohumu olan və onun da tanıdığı Zahir adlı şəxsin oğurlayacaqları quzuları ala biləcəyini bildirmiş, həmin vaxt Elşən ona Zahirin mobil nömrəsini vermiş, bundan sonra Zahirə məxsus mobil telefona zəng edərək iki baş quzu olacağını və satacağını bildirərək quzuları ala bilməsini soruşmuş, həmin vaxt Zahir ondan quzunun oğurluq olub-olmamasını soruşmuş, Zahirə quzuların oğurluq olmasını deməmişdir. Bundan sonra Zahirə Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində olan “Dördyol” adlanan yerdə gözləməsini, o, deyərkən gəlib quzuları Qarabağ kəndində yerləşən yeznəsi Dəyanətin evinin yaxınlığından götürəcəyini demiş və Zahir onun təklifi ilə razılaşmışdır. Bundan sonra Elşənlə birlikdə Fuadın ferması istiqamətində getmişdir. Həmin vaxt Elşənlə arasında fermanın içindən quzuları Elşənin götürməsi, onun isə kənar şəxslərin gəlməsinə görə fermada duraraq ona nəzarət etməsi barədə razılığa gəlmişlər. Bundan sonra Elşən fermanın içinə girmiş, o isə fermanın qarşısında duraraq başqa şəxslərin gəlib-gəlməməsinə nəzarət etmişdir. Elşən təxminən 2-3 dəqiqə sonra iki baş quzu götürüb, quzularında ayaqlarını bağlayıb tövlədən çölə çıxmışdır. Daha sonra Elşən tövlənin qapısını kəndirlə bağlayıb və quzuların hərəsi birini götürüb yeznəsi Dəyanətgilin məhləsi istiqamətində getmişlər. Yol gedərkən Zahirə məxsus unutduğu mobil nömrəyə zəng edərək həmin yerə gəlməsini demişdir. Bundan sonra həmin yerə gələrək ara yolda Zahirin gəlməsini gözləmişlər. Elşən həmin vaxt Zahirin onu görməməsinə görə oradan uzaqlaşaraq getmişdir. Bir neçə dəqiqə sonra Zahir “Mercedes 190” markalı, dövlət qeydiyyat nişanının son rəqəmləri 632 olan avtomobillə həmin yerə gəlmişdir. Zahir oraya gəldikdən sonra həmin iki baş quzunu Zahirin maşının arxa yük yerinə qoymuş və o, da Zahirin maşınına minərək onun yaşadığı məhlə tərəfə gəlmişdir. Həmin vaxt Zahirə quzuları 400 (dörd yüz) manata verə biləcəyini demiş, lakin sonda 340 manata razılaşmış və Zahir pulu ona məxsus kart hesabına göndərəcəyini bildirmişdir. Bundan sonra Zahirin maşınından düşərək yaşadığı evə getmişdir. Sabahısı gün Zahir onunla əlaqə saxlayaraq 330 (üç yüz otuz) manat pul göndərəcəyini demiş və Zahirlə razılaşmışdır. Bundan sonra Zahir onun kart hesabına 330 manat məbləğində pul göndərmişdir. Həmin gün tezdən Elşənlə Qarabağ kəndi ərazisində görüşüb Əhmədbəyli kəndi ərazisinə gedib orada olan "xxxx" ASC-dən olan bankomat vasitəsilə özünə məxsus “Cashback” kartından Zahirin ona göndərdiyi 330 manat məbləğində pulu çıxartmış və elə həmin yerdə 150 manatını Elşənə vermişdir. Bundan sonra Beyləqan rayonuna gedərək orada bazardan bir sıra geyim əşyaları almış, həmçinin həmin pul ilə Aptekdən dərman da alıb geri qayıtmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 onun qohumu olduğuna görə tanıyır, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs onun anasının bibisi oğludur, yəni onunla qohumluq əlaqəsi olmuşdur. Zərərçəkmiş şəxsla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs Füzuli rayonu, Qarabağ kəndi ərazisində ferması vardır, Fuad həmin fermada iri-buynuzlu mal qara və xırda buynuzlu mal-qara yəni, qoyun saxlamışdır. Təxminən 5-6 il əvvəl həmin fermada işləmişdir. Təqsirləndirilən şəxs1 bir neçə ay bundan əvvələ qədər həmin fermada çoban işləmişdir. O, ailəsi ilə birlikdə İmişli rayonunda yaşamış, ancaq nənəsi rəhmətə getdiyinə görə 2024-cü ilin dekabr ayının əvvəllərində ailəsi ilə birlikdə Füzuli rayonu, Mahmudlu 2 kəndinə gəlmiş və həmin müddətdən Füzuli rayonu ərazisində yaşamışdır. 12 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Füzuli rayonu, Qarabağ kəndi ərazisində nənəsinin evində olarkən Amid öz istifadəsində olan 050 *** ** ** saylı mobil telefonundan onun istifadəsində olan 051 *** ** ** saylı mobil telefonuna zəng edərək harada olmasını soruşduqda Amidə nənəsigildə olmasını bildirmişdir, bundan sonra Amid onunla işi olduğunu deyərək onu qohumu Kamilin evinə dəvət etmiş və Amidin təklifi əsasında həmin yerə getmişdir. Bundan sonra orada damino oyunu oynamış, həmin vaxt Amid spirtli içkinin təsirində olmuşdur. Həmin vaxt Amid ona Fuadın fermasında iki dənə quzusunun olmasını onları gətirməyi təklif etmiş, o, isə ona gecə olduğunu, onunla getməyə qorxduğunu, hər hansı problemin olacağını bildirərək ilk öncə getməyə razı olmadığını demiş, Amid ona heç bir problemin olmadığını bildirmişdir. Həmin vaxt söhbət əsnasında Amid ondan qohumu olan Zahirin mobil nömrəsini istəmiş və həmin vaxt Amidə Zahirin mobil nömrəsini vermiş, Amiddən Zahirin nömrəsini nəyə görə istəməsini soruşduqda işi olduğunu deyərək ondan kənarlaşaraq Zahirlə mobil telefonda danışmış, ancaq Zahirlə nə danışmasını eşitməmişdir. Amid Zahirlə danışdıqdan sonra piyada Amidlə birlikdə Fuadın fermasına getmişlər. Fuadın fermasına gedərkən artıq Fuadın fermasından götürəcəkləri quzuların oğurluq olmasını bilmiş, yəni həmin quzuları oğurlayacaqlarını tam olaraq dərk etmişdir. Fuadın fermasına gedərkən Amid ona quzuları götürdükdən sonra Zahirə satacağını demiş və Amidə Zahirin onu görməsini istəməməsini demişdir. Fuadın fermasına çatdıqda Amid qolunun ağırmasını və ondan daha cəld olmasını bildirərək tövlədən quzuları girib götürməyi ona demiş, özü isə təxminən tövlənin 15 metrliyində gözləmişdir. Tövləyə yaxınlaşıb tövlənin qapısını açmış, həmin vaxt tövlənin qapısı pres kəndiri ilə bağlandığı üçün əli ilə kəndiri açıb tövləyə daxil olmuş, Amid isə çöldə onu gözləmişdir. Qoyunların içindən iki baş quzu götürüb tövlədən çölə çıxmış, daha sonra Amid tövlənin qapısını bağlamış və hərəsi quzulardan birini götürərək piyada olaraq oradan kənarlaşmışlar. Quzuları Amidin dediyi yerə yəni, Qarabağ kəndi ərazisində yerləşən Amidin bacısının həyətinin aşağı tərəfində ara yola qoymuşlar. Bundan sonra Amid Zahirin quzuları almaq üçün oraya gələcəyini demiş və Amidə Zahirin onu görməməsi üçün oradan getməli olduğunu deyərək oradan uzaqlaşaraq nənəsigilə getmiş və gecəni orada qalmışdır. Həmin gün bu barədə heçkimə məlumat verməmişdir. 13 dekabr 2024-cü il tarixdə saat 10 radələrində Amidlə Qarabağ kəndi ərazisində görüşdükdə Amid quzuları 300 (üç yüz) manata satmasını demişdir. Daha sonra Amid Beyləqan rayonuna gedib oradan paltar almaq istədiyini dediyinə görə birlikdə tanımadığı taksi ilə Beyləqan rayonuna bazara getmişlər. Bazarda paltar almış, həmin vaxt Amid ona 100 manatlıq paltar almış, yəni şalvar, kurtqa və ayaqqabı almışdır. Amid də özünə bir sıra paltarlar almış, lakin həmin paltarların pulunun nə qədər etməsini bilməmişdir. Zahirin quzuların oğurluq olmasından bildiyi qədərilə məlumatı olmamışdır. Zahirlə quzuları satarkən hər hansı əlaqəyə girməmiş, Zahirlə Amid danışıb quzuları ona satmışdır. Quzuları oğurlamasına görə 150 (yüz əlli) manat məbləğində pul əldə etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, özünə məxsus Füzuli rayonu, Qarabağ kəndi ərazisində ferması vardır, həmin fermada iri və xırda buynuzlu mal-qarası vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun fermasında əvvəllər çoban işlədikləri üçün tanımış, onlarla arasında hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs2 təxminən 2 il əvvələ qədər onun fermasında işləmiş, sonradan isə onun fermasından çıxmışdır. Təqsirləndirilən şəxs1 isə 2024-cü ilin oktyabr ayında onun fermasından çıxmışdır. Fermasında qoyunları saxlamaq üçün tövlə vardır. Qoyunları fermanın ərazisində yerləşən ağılda saxlamış, belə ki, həmin ağılda qoyunlara ot verib, axşam olanda isə tövləyə salmışdır.12 dekabr 2024-cü il tarixdə axşam tərəfi qoyunları sayıb tövləyə salaraq öz yaşadığı evə getmişdir. Qoyunları tövləyə saldıqdan sonra tövlənin qapısını bağlamış və daha sonra kəndirlə qapını bağlamışdır. Həmin vaxt qoyunları və quzuları saydıqda hamısı yerində olmuşdur. 13 dekabr 2024-cü il tarixdə səhər saatlarında fermaya gəlib qoyunları yerindən çıxardarkən bir baş erkək toğlunun, bir baş isə boğaz halda olan dişi toğlunun yerində olmamasını aşkar etmişdir. Bundan sona şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getdiyi üçün bu barədə polisə məlumat verməmişdir. 15 dekabr 2024-cü il tarixdə isə Bakı şəhərindən qayıdıb Füzuli rayonuna gəlmişdir. Füzuli rayonuna gəldikdən sonra polis şöbəsinə ərizə ilə müraciət edərək iki baş toğlusunun oğurlanmasını bildirmişdir. Sonradan polis əməkdaşları tərəfindən toğlularını oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını öyrənmişdir. Həmçinin Amidin qoyunlarını Zahir adlı tanışına satmasını öyrənmiş və Zahirin fermasına gedərək oğurlanmış iki baş toğlusunu onun fermasından götürmüşdür. Oğurlanmış toğluların biri erkək, biri isə dişi cinsindən olmuşdur. Dişi toğlunun bir yaşı olmuş, 4 (dörd) aylıq boğaz, Tatalılar cinsindən, diri çəkisi təxminən 45 kiloqram, təmiz ət çəkisi isə 22 kiloqram olmuşdur. Erkək toğlu 7 (yeddi) aylıq, Tatalılar cinsindən, diri çəkisi 35 kiloqram, təmiz ət çəkisi isə təxminən 17 kiloqram olmuşdur. Dişi toğlunun qiyməti 400 (dörd yüz) manat, erkək toğlunun qiyməti isə 300 (üç yüz) manat olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış və ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun olan ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə qohumdur, Amidlə əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamış, yaxın münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs2 isə onun bacısı oğludur, Elşənlə münasibəti yaxşıdır, hər hansı ədavəti və düşmənçiliyi olmamışdır, normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs isə tanışıdır, Fuadla da münasibəti yaxşı olmuşdur. Özünə məxsus “Mercedes 190” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobil onun mülkiyyətindədir, həmçinin “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Öz istifadəsində 050 *** ** ** saylı mobil telefonu vardır, həmin mobil nömrə Babaşov Elmir Vaqif oğlunun adınadır, həmin mobil nömrəni təxminən 2 ildir ki, istifadə edir. 12 dekabr 2024-cü il tarixdə axşam tərəfi təxminən saat 18 radələrində Amid ona zəng edərək iki baş quzusunun olmasını və satmasını, həmin quzuları ala biləcəyini soruşduqda Amidə quzuları almayacağını demiş, bundan sonra Amid pula ehtiyacı olmasını və quzuları almaqda ona təkid etmiş, bundan sonra quzuları almağı qəbul etmiş, Amiddən quzuları haradan əldə etməsini soruşduqda Amid həmin quzuları işlədiyi yerdən onun payına düşdüyü üçün götürməsini demişdir. Amiddən quzuların oğurluq olub-olmamasını soruşduqda Amid ona quzuların oğurluq olmamasını və özünə məxsus olmasını demişdir. Bundan sonra Amidlə danışdıqda quzuları haradan götürəcəyini soruşduqda Amid quzuları Füzuli rayonu, Qarabağ kəndindən götürəcəyini demiş və Amidlə razılaşmışdır. Bundan bir neçə saat sonra təxminən saat 22 radələrində evdə olarkən Amid ona zəng edərək quzuları gedib almağını demişdir. İlk öncə ona pulu olmadığını, pulu sabah verə biləcəyini demiş, Amid onun təklifini qəbul etmiş və bundan sonra yuxarıda qeyd etdiyi avtomobili ilə Füzuli rayonu, Qarabağ kəndinə getmişdir. Qarabağ kəndinə çatdıqdan sonra Amidə zəng edərək harada olmasını soruşmuş, həmin vaxt Amid Ələsgərin mağazası tərəfə gəlməsini demiş, bundan sonra Amidin dediyi yerə getmişdir. Oraya çatdıqda Amidin tanımadığı şəxsə məxsus olan evin yanında dayanmasını yanında iki baş quzu olmasını görmüşdür. Quzulardan bir başı erkək, bir başı isə dişi quzu olmuşdur. Amiddən həmin vaxtı da quzuları haradan əldə etməsini soruşduqda Amid ona işlədiyi yerdən onun payına düşən quzular olmasını demişdir. Həmin vaxt Amiddən quzuları neçəyə satdığını soruşduqda Amid həmin quzuların ikisini birlikdə 400 (dörd yüz) manata satmasını bildirmiş, bundan sonra quzuları baha deməsini, həmin quzuların ikisinə 340 (üç yüz qırx) manat verəcəyini bildirmişdir. Həmin vaxt Amid onunla razılaşmış və quzuları maşının arxa yük yerinə qoymuşdur. Bundan sonra maşına minib oradan uzaqlaşmış, Amidi Qarabağ kəndində yerləşən öz yaşadığı evin qarşısında düşürtmüş və oradan çıxaraq yaşadığı evə getmişdir. Evə getdikdən sonra quzuları maşından düşürdüb öz qoyunlarının yanına atmışdır. Sabahısı gün isə Amidə zəng edərək quzulara görə 330 manat pul verəcəyimi bildirmiş və Amidin ona dediyi kart hesabına 330 (üç yüz otuz) manat pul göndərmişdir. Bir neçə gün sonra isə Amidin ona satdığı quzuların oğurluq olmasını öyrənmiş və bundan sonra polisə bu barədə məlumat vermişdir. Cinayət işinin 4-6-cı vərəqələrində olan Füzuli Rayon Polis X2 təhqiqatçısı polis kapitanı Mahir Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Hadisə yerinin baxışının aparılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri, yəni Zərərçəkmiş şəxs iki baş xırda buynuzlu heyvanının oğurlandığı yer Füzuli rayonunun Qarabağ kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın ərazisində yerləşən tövlədir. Cinayət işinin 14, 94-104-cü vərəqələrində olan 25 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan iki baş xırda buynuzlu heyvan Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Araşdırma zamanı iki baş xırda buynuzlu heyvanın 25 dekabr 2024-cü il tarixli qəbzlə sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Həmin iki baş xırda buynuzlu heyvan cinayət işi üzrə 24 aprel 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 27-30,94-104-cü vərəqələrində olan inayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan 04 mart 2025-ci il tarixli, 3-16-16/2-119/25 nömrəli məktubdan görünür ki, qiymətləndirmə fəaliyyəti elmin hər hans bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edilmədiyindən daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.), eləcə də digər qiymətləndirmə obyektlərinin qiymətinin müəyyən edlməsi ilə bağlı Mərkəzə ekspertizalar təyin olunduğu halda həmin qərarlar icra edilmədən geri qaytarılacaqdır. Yuxarıda göstərilənlərə əsasən cinayət işi üzrə iki baş xırda buynuzlu heyvanın qiymətinin müəyyən edilməsi üçün nəzəri qaydada məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmamış və cinayət işi üzrə iki baş xırda buynuzlu heyvanın qiyməti Zərərçəkmiş şəxs dediyi 700 (yeddi yüz) manat qiymət əsas götürülmüşdür. Beləliklə, Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş, Məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən təqsirləndirilən şəxslərin hər ikisinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, səh. 82). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, səh. 93). - Füzuli rayon İcra Hakimiyyəti başçısının 3 saylı Zobucuq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-43/2-95/2025 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Abışov X4 rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatdadır və icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (İ cild, səh. 78-80). - Füzuli rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-19/2-198/2025 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X6 rayonu, Mahmudlu 2 kəndində qeydiyyatdadır, hazırda Füzuli rayonu, Qarabağ kəndində yaşayır və icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur (İ cild, səh. 62-63). - Zərərçəkmiş şəxs 03 aprel 2025-ci il tarixdə ərizəsi əsasında müəyyən olunur ki, o, Füzuli Rayon Polis şöbəsinə müraciət edərək cinayət işi üzrə ona dəymiş ziyanın tam şəkildə ödənilməsini və həmin şəxslərlə barışmasını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir (İ cild, səh. 64). Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını (X5), Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını, əvvəllər məhkum olunmamasını və vurulmuş ziyanın az həcimli olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını və əvvəllər məhkum olunmamasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onların törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etmələri, sonuncuya vurduqları maddi ziyanı qismən ödəmələri, törətdikləri cinayət əməlindən səmimi peşiman olmaları və əvvəllər məhkum olunmamalarından ibarət cəzalarını yüngülləşdirən halların olduğunu və cəzalarını ağırlaşdıran halın olmadığını, onlara təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsinə görə on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədəqorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 170.1, 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Belə olan halda Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması (X5), Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi, törətdiyi cinayət əməlindən səmimi peşiman olması, əvvəllər məhkum olunmaması və vurulmuş ziyanın az həcimli olmasından ibarət olan cəzanı yüngülləşdirən ayrı-ayrı hallar (CM-in 62.2-ci maddəsi) əsasında Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Həmin məcəllənin Məcəlləsinin 170.1ci maddəsi üzrə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə isə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs1 barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə onun barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs2 barəsində olan yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarında olan 25 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan iki baş xırda buynuzlu heyvan Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Araşdırma zamanı iki baş xırda buynuzlu heyvanın 25 dekabr 2024-cü il tarixli qəbzlə sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Bu hal maddi sübutlarla bağlı məsələnin həll edilməsi zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi üzrə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri üzrə isə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut hesab olunan iki baş xırda buynuzlu heyvanın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar