Məhkəmə qərarları › İş №1(064)-50/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-50/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-50/2023 19.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 (X11 Adel), onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi və tərcüməçi X5 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə İran İslam Respublikası, Ərdəbil şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Ərdəbil şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X1 (X11 Adel) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 N iyul 2023-cü il tarixə keçən gecə saat 05 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini İran İslam Respublikası (bundan sonra - İran İR) tərəfdən N nömrəli hərbi hissənin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 16-cı sahəsi istiqamətindəki xidməti ərazisində nəzarətburaxılış məntəqəsindən kənarda keçmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, siyasi baxışlarına görə İran İR-in hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması və pandemiya ilə əlaqədar Azərbaycan Respublikası ərazisinə qanuni yolla gəlməsinin mümkün olmaması səbəbindən yaşamaq üçün Azərbaycan Respublikası ərazisinə qanunsuz yolla gəlmək qərarına gəlmiş, bu məqsədlə sonradan tanış olduğu, İran İR-in Parsabad şəhərində yaşamış, adını bilmədiyi şəxs onu verdiyi 1600 manat məbləğində pul müqabilində 17 iyul 2023-cü il tarixdə “Aslandüz” adlı yer istiqamətində, oradan da Araz çayının sahilinə gətirmişdir. O, N iyul 2023-cü il tarixə keçən gecə Araz çayını üzüb Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasından Azərbaycan Respublikası ərazisinə qanunsuz yolla keçmiş, həmin ərazidə aşkar şəkildə sərhədçilərə tərəf gəlmiş, sonuncuların “dayan” əmrinə tabe olmuş, qaçmağa cəhd etməmiş, sərhədçilərə müqavimət göstərmədən təslim olmuşdur. O, sərhədçilər tərəfindən saxlanılıb zastavaya aparılmış, sərhədçilərə Azərbaycan Respublikasının dövlət sərhədini hazırki ifadəsində göstərdiyi səbəbdən pozduğunu bildirmişdir. Törətdiyi həmin cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçuları Şahid1 və Şahid2 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, N iyul 2023-cü il tarixdə saat 04:00dan 08:00-dək “Gözətçi” sərhəd xidmətinə təyin olunmuşlar. Saat 05 radələrində N nömrəli hərbi hissənin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 16-cı sahəsi istiqamətindəki xidməti ərazisində xidmətdə olarkən bir nəfər şəxsin İran İR tərəfdən Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etməsini görmüşlər. Buna görə də həmin şəxsə “dayan” əmrini vermişlər. Sərhəd pozucusu həmin əmrə tabe olmuş, qaçmağa cəhd etməmiş və onlara müqavimət göstərməmişdir. Sərhəd pozucusunu saxladıqdan sonra bu barədə sərhəd zastavasına məlumat vermişlər. Sonradan həmin şəxsin adının X4 olduğunu bilmişlər. Sonuncu onlara Azərbaycan Respublikasının dövlət sərhədini siyasi baxışlarına görə İran İR-in hüquq-mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması səbəbindən Azərbaycan Respublikası ərazisində yaşamaq məqsədilə pozduğunu demişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” N iyul 2023-cü il tarixli protokolda göstərilmişdir ki, X1 hadisə yerində göstərməsinə əsasən həmin tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini İran İR tərəfdən nəzarət-buraxılış məntəqəsindən kənarda keçdiyi yerin N nömrəli hərbi hissənin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 16-cı sahəsi istiqamətindəki xidməti ərazisində yerləşdiyi müəyyən edilmişdir (səh. 18, 19). İş üzrə ibtidai istintaq orqanı tərəfindən X3 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs X1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X4 oğlunun Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələr, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” N iyul 2023-cü il tarixli protokol və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı X1 Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, X4 əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır (səh. 69). Məhkəmə göstərilənlərə əsasən X1 əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd olunanlara əsasən X4 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətinin normal xarakterizə edilməsindən ibarət halı, əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün X3 həmin Məcəllənin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən X4 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissəsinin N iyul 2023-cü il tarixli məktubunda və “İnzibati qaydada tutma haqqında” N iyul 2023-cü il tarixli protokolda göstərilmişdir ki, X4 N iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini İran İslam Respublikası tərəfdən N nömrəli hərbi hissənin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 16-cı sahəsi istiqamətindəki xidməti ərazisində pozduğuna görə saat 08:00-da inzibati qaydada tutulmuşdur (səh. 4, 13, 14). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 4(009)488/2023 nömrəli qərarından görünür ki, X4 barəsində əvvəli N iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (səh. 63-65). Məhkəmə həm buna, həm də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, X3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı N iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, X3 iş materiallarına əlavə edilmiş pasportun əslinə əsasən İran İR vətəndaşı olduğuna və Azərbaycan Respublikası CM-in 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli, həmin cəza onun əsas cəzanı çəkməsindən sonra icra edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı N iyul 2023-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən X3 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Həmin cəza X1 əsas cəzanı çəkməsindən sonra icra edilsin. Onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan olunduğu, həbsdə olan X3 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar