Məhkəmə qərarları › İş №1(064)-50/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-50/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-50/2025 08.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Taleh Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1955-ci il tarixdə Füzuli rayonu, Xatınbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, təqaüdçü, məhkumluğu olmayan, Füzuli rayonu, Qoçəhmədli kəndində qeydiyyatda olmaqla, hazırda Füzuli rayonu, Fin qəsəbəsi, ev 76 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs ona pul qarşılığında əvvəllər düzəltmiş olduğu evin giriş qapısının keyfiyyətsiz olduğunu bəhanə gətirərək 07 oktyabr 2024-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gedərək sonuncuya məxsus tövlənin üzərinə yığılmış ot bağlamalarına 2 ədəd kirbitdən istifadə edib od vuraraq 350 manat dəyərində 18 ədəd atmanı, ümumilikdə 400 manat dəyərində 36 ədəd döşəmə taxtasını, ümumilikdə 100 manat dəyərində 18 ədəd reykanı, 15 manat dəyərində çardağın qapısı üçün taxtanı, hər birinin qiyməti 4.50 manat olmaqla ümumilikdə 4500 manat dəyərində 1000 ədəd ot (yonca) bağlamasını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 480 manat dəyərində 6x1.1m ölçüdə 16 ədəd dəmir dam örtüyünü, ümumilikdə 85 manat dəyərində 2x0.90m ölçüdə 12 ədəd dəmir dam örtüyünü, ümumilikdə 30 manat dəyərində uqolniki, ümumilikdə 40 manat dəyərində 16 ədəd kermit şiferi və 300 manat dəyərində ot doğrayan aparatı yandırıb yararsız vəziyyətə salaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 6300 (altı min üç yüz) manat dəyərində əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdaki sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla əvvəllər heç bir düşmənçilik və ya ədavəti olmamışdır və onunla eyni qəsəbədə yaşayırlar. O, 2018-ci ildə Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısını düzəltdirmiş və qarşılığında ona 300 manat pul vermiş, həmin şəxs də qapını düzəltdikdən sonra ona bildirmişdir ki, ona verilmiş 300 manat puldan materiallara verdikdən sonra 52 manat Eloğlanın özünə qalmışdır. O da bundan sonra Eloğlana 2 ədəd hindquşu və bir ədəd kəsici alətləri itiləmək üçün istifadə olunan elektrikli çarx vermişdir. Bir müddət sonra Eloğlanın düzəltdiyi qapının qaynaqları qopmuş, o, Eloğlana zəng edərək bu barədə məlumat vermiş və o da qısa müddətdə gəlib düzəldəcəyini demiş, lakin sözünə əməl etməyərək gəlib qapını düzəltməmişdir. O, Eloğlana və ailə üzvlərinə bu barədə dəfələrlə xəbərdarlıq etsə də Eloğlan, həmin qapının qaynağını düzəltməmiş, nə də ona verdiyi 300 manat pulu, iki Hindquşunu və bir ədəd kəsici alətləri itiləmək üçün istifadə olunan elektrikli çarxı geri qaytarmamışdır. Bundan sonra həmin qapını özü düzəltmişdir. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs qarşı əsəbi olduğu üçün və həmin şəxsin ondan 300 manat pul və 2 ədəd hindquşu alaraq ona keyfiyyətsiz iş görüb ona maddi ziyan vurduğu üçün, o da Eloğlana məxsus 7 ədəd ot bağlamasını yandıraraq ona maddi ziyan vuraraq xəbərdarlıq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs Eloğlana məxsus evin yaxınlığına gedərək, yolun kənarında olan tövləsinin kənarındakı 7 ədəd ot bağlamasına 2 ədəd kibritdən istifadə edərək od vurmuşdur. Bununla da, Eloğlana xəbərdarlıq etmək niyətində olmuşdur. Təqsirləndirilən şəxs Eloğlanın ot bağlamalarının onun tərəfindən yandırıldığını bilməsi üçün Eloğlanın evinin yaxınlığındakı yerləşən mağazanın qarşısında təhlükəsizlik kamerası olan yerdən qəsdən keçərək öz yaşadığı evə geri qayıtmışdır. Növbəti günü, eşitmişdir ki, alov digər ot bağlamalarına keçərək Eloğlanın həyətindəki tövlənin üst hissəsindəki təxminən 60-70 ədəd ot bağlamasında yandırıb. Lakin onun məqsədi sadəcə olaraq ona məxsus yol kənarında olan cəmi 7 ədəd ot bağlamasını yandıraraq Eloğlana xəbərdarlıq etmək olmuşdur. Bundan sonra Füzuli rayon Polis Şöbəsinin əməkdaşları onu rayon Polis Şöbəsinə dəvət edən zaman o, olanları səmimi olaraq etiraf edərək özü də Zərərçəkmiş şəxs ona keyfiyyətsiz iş gördüyü üçün şikayətçi olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişidr ki, Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslə eyni qəsəbədə yaşıyır, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti olmamışdır. O, yaşadığı evin həyətyanı sahəsində təsərrüfatla məşğul olur, həyətində tövlə və onun üzərində ot bağlamaları vardır. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində yaşadığı evdə yatan zaman qonşusu Yasin ona zəng edərək onu oyatmış və ona məxsus tövlənin yandığını bildirmişdir. Həmin vaxt oraya toplaşmış şəxslərlə birlikdə yanğını söndürməyə çalışsalarda söndürə bilməmişlər. X3 Xidmətinin qaynar xəttinə məlumat vermişlər. X3 Xidmətinin əməkdaşları yanğının baş verdiyi yerə gələrək yanğını söndürmüşlər. Lakin, buna baxmayaraq tövlə və ot bağlamaları yanaraq məhv olmuşdur. O, tövlənin yoldan keçən hər hansısa şəxs tərəfindən siqaret atması nəticəsində yanmasını ehtimal etmişdir. Lakin tövlənin necə yandığını öyrənmək üçün onlarla qonşuluqda yerləşən paltar mağazasının təhlükəsizlik kamerasına baxan zaman ona məxsus ot bağlamalarını və tövləni yandıran şəxsin onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Bundan sonra o, bu barədə Füzuli rayon Polis Şöbəsinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs düzəltdiyi ev qapıları, sonuncunun fikrincə keyfiyətsiz olduğuna görə onun ot tayasını yandırmışdır. Halbuki o həmin qapıları keyfiyətli düzəltmiş, əvəzində pulda almamış, lakin lazımı ləvazimatları olmadığından həmin qapıları boyamamış, əvəzində kraskasını alıb vermişdir ki Təqsirləndirilən şəxs özü boyatdırsın. Ona ümumilikdə 6300 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını bildirmiş və ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslə eyni qəsəbədə yaşıyırlar, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibətləri olmamışdır. Əri Zərərçəkmiş şəxs yaşadıqları evin həyətyanı sahəsində təsərrüfatla məşğul olur, həyətdə tövlələri və onun üzərində ot bağlamaları vardır. xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində yaşadıqları evdə yatan zaman Zərərçəkmiş şəxs mobil telefonuna zəng gəlmiş və onlar yuxudan oyanmışlar və həyətdə olan tövlənin üzərindəki otlarla birlikdə yandığını görmüşlər. Həmin vaxt oraya toplaşmış şəxslər həyat yoldaşı ilə yanğını söndürməyə çalışsalarda söndürə bilməmişlər və X3 Xidmətinin qaynar xəttinə məlumat vermişlər. X3 Xidmətinin əməkdaşları yanğının baş verdiyi yerə gələrək yanğını söndürmüşlər. Lakin, buna baxmayaraq tövlə və ot bağlamaları yanaraq məhv olmuşdur. Sonradan eşitmişdir ki, tövləni yandıran şəxsin onlarla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxsdır. Bundan sonra həyat yoldaşı Zərərçəkmiş şəxs Füzuli rayon Polis Şöbəsinə gedərək bu barədə məlumat vermişdir. Onun bildiyi qədəri ilə tövlədə 1000 ədəd ot bağlaması olmuşdur, lakin məhv olmuş tikinti materiallarının adları və sayları barədə heç bir məlumatı yoxdur. Onlara ümumilikdə 6300 manat maddi ziyan dəymişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunu təsdiq etdiyini bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 04 radələrində çöldə, yəni Zərərçəkmiş şəxs məxsus ev tərəfdən səs-küy gəldiyi eşidib, pəncərədən çölə baxan zaman Eloğlanın həyətindəki tövlənin və tövlənin üzərində olan ot bağlamalarının yandığını görmüşdür. Həmin vaxt Eloğlana zəng etmiş, lakin Zərərçəkmiş şəxs zəngə cavab verməmişdir. O, çölə çıxaraq Eloğlangilin giriş qapısını döymüş və Eloğlan həyətə çıxdıqda ot bağlamalarının yandığını görmüşdür. Bundan sonra oraya toplaşmış şəxslərlə birlikdə yanğını söndürməyə çalışsalarda yanğını söndürə bilməmişlər. X3 Xidmətinin qaynar xəttinə məlumat vermişlər. X3 Xidmətinin əməkdaşları yanğının baş verdiyi yerə gələrək yanğını söndürmüşlər. Lakin, buna baxmayaraq tövlə və ot bağlamaları yanaraq məhv olmuşdur. O, yanğın baş verdikdən sonra səsə yuxudan oyanmış, lakin çölə çıxan zaman heç kimi görməmişdir. Sonradan eşitmiş ki, Eloğlan tövlənin necə yandığını öyrənmək üçün onlarla qonşuluqda yerləşən paltar mağazasının təhlükəsizlik kamerasına baxan zaman tövləni yandıran şəxsin qəsəbədə yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Şahid X4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunu təsdiq etdiyini bildirdi. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş sənədlər: - 10 aprel 2024-cü il tarixli “hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs oğluna məxsus ot bağlamalarının və tövlənin yandırıldığı sonuncuya məxsus Füzuli rayonu, Fin qəsəbəsi, 25 nömrəli evin həyətinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs özünə məxsus evin həyətində olan yanaraq yararsız hala düşmüş tövləni və tövlənin üstünə yığılmış ot bağlamalarını təqdim edərək yanğının xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində onunla eyni qəsəbədə yaşayan X5 tərəfindən törədildiyini bildirmişdir. - Zərərçəkmiş şəxs Füzuli rayon Polis Şöbəsinə təqdim etdiyi 01 ədəd içərəisindəki 35 saniyə müddətində olan 01 ədəd videodan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 03:51:11 saniyədə Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlə və üzərində ot bağlamaları olan yerdə yanğın baş verir, yanğının baş verdiyi yerdən qadın cinsindən olan yaşlı bir nəfər şəxs çıxaraq oradan uzaqlaşır, həmin şəxsin əynində qara rəngli uzun qış kurtkası, qara rəngli papaq, həmçinin əlində ağac parçası vardır. Bundan başqa 01 ədəd içərisindəki digər videodan görünür ki, qeyd edilən geyimlərdə olan şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:48:57 saniyədə isə yanğını törətdiyi istiqamətdə hərəkətdə olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd içərəisindəki 35 saniyə müddətində olan 01 ədəd videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və sonuncu görüntünün mötəbərliyinə və həqiqiliyinə etiraz etməmiş habelə görüntüdə olan şəxsin onun özünün olduğunu təsdiq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 9/9525 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, -Analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş siyahıda göstərilən 05 adda malların 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə qaydada təxminən 5419,20 manat müəyyən olunur. Digər 06 adda malların markası, istehsal yeri, ölçüləri və s. barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. QEYD: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. - 29 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evin həyatyanı hissəsində olan ot bağlamalarını və tövləsini xx.xx.2024-cü il tarixdə , saat 04 radələrində onunla eyni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs yandıraraq məhv etmişdir. - “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli rayonu, Quraşdırma Evləri üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli, 200 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, xx xxxx 1955-ci il təvəllüdlü olmasını, yəni 70 yaşının tamam olmasını, təqaüdçü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin xx.xx.2022-ci il tarixdə vəfat etmiş xx.xx.1997-ci il təvəllüdlü oğlu X2 Füzulinin, Xocavəndin, Cəbrayılın və Şuşanın azad olunmasına görə, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, 70 yaşının tamam olmasını, xx.xx.2022-ci il tarixdə vəfat etmiş xx.xx.1997-ci il təvəllüdlü oğlu X2 Füzulinin, Xocavəndin, Cəbrayılın və Şuşanın azad olunmasına görə, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəza çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən əsaslar həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün 20 iş saatı sərf etmişdir. Belə olan halda «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat olmaqla, cəmi 220 manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ31 All B******************** saylı, VÖEN: ********** saylı hesabına köçürülməli və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət Füzuli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması və mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilsin. Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsinə görə sərf edilmiş 20 iş saatı üçün hər saatı 11 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ31 All B******************** saylı, VÖEN: ********** saylı hesabına köçürülsün və həmin hissədə hökmün icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar