Məhkəmə qərarları › İş №1(064)-51/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-51/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-51/2023 23.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1958-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobili AC 853733 nömrəli sürücülük vəsiqəsi əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 143-cü kilometrliyində Hacıqabul istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək, həmin yolu soldan sağa keçmək istəmiş piyada X5 avtomobili idarə etdiyi zolaqda avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun sol diz nahiyəsinin əzilmiş yarası, üzün sol yarısının sıyrılmış yarası, sol çiyin nahiyəsinin sıyrılmış yaraları, sol əlin arxa səthi, sol diz nahiyəsinin sıyrılmış yaraları, sol qalça darağından başlayıb sol baldırın orta 1/3-nə qədər uzanan, sağ qalça nahiyəsində, sağ əlin arxa səthində qançırlar, sağ saidin yuxarı 1/3-nin ön və arxa səthinin yaralarından ibarət, sağlamlığa zərər vurmadığı üçün sağlamlığa zərər vurmayan xəsarətlər, sol dizüstü nahiyənin üzəri cərrahi tikişli yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, Koma İİ, alın nahiyəsinin hematoması, əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, ağciyərlərin kontuziyasından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, avtoqəza nəticəsində bədənin müxtəlif nahiyələrinin küt travması hesabına ağciyərlərin kontuziyası, beyin qişaları arasına qansızma və koma İİ ilə müşayiət olunan, ənsə sümüyünün kəllə əsasına keçən sınığı və baş beyin əzilməsi səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 143-cü kilometrliyində Hacıqabul istiqamətində saatda 65-70 km. sürətlə idarə edərkən, Qarabulaq yaşayış məntəqəsinə ayrılan yol ayrıcını keçən zaman təxminən 60 metr məsafədən həmin yerdə yolun sol kənarında ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı mikroavtobusun dayandığını və mikroavtobusdan düşən, əvvəllər tanımadığı bir nəfər qadının yolu soldan sağa keçmək istəməsini görmüşdür. Buna görə də idarə etdiyi avtomobilin sürətini azaltmışdır. Bu zaman həmin şəxsin əks hərəkət zolağında dayandığını, mikroavtobusun isə hərəkət edib oradan uzaqlaşdığını gördüyünə görə avtomobilini idarə etməkdə davam etmişdir. Bu ərəfədə həmin qadın dayandığı zolaqdan iti addımlarla yolu soldan sağa, yəni onun avtomobili idarə etdiyi zolağa tərəf keçmişdir. Bu anda onun diqqəti Füzuli rayonu ərazisində keçiriləcək velosiped yarışı ilə əlaqədar yol kənarına toplaşmış şəxslərə yayınmışdır. Bu səbəbdən həmin qadını təxminən 8 metr məsafə qalmış görmüş, həm buna, həm də həyəcanlandığına görə avtomobilinin əyləcindən istifadə edə bilməmiş, nəticədə təxminən saatda 40 km. sürətlə öz hərəkət zolağında idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə həmin qadını vurmuş, sonuncu zərbənin təsirindən asfalt yolun üzərinə yıxılmışdır. Həmin vaxt avtomobilində X9 və tanımadığı bir nəfər sərnişin də olmuşdur. O, dərhal avtomobili saxlayıb həmin qadına yaxınlaşmış, sonuncunu tibbi yardım göstərilməsi üçün ətrafdakı şəxslərlə köməkləşib qoyduqları başqa avtomobillə Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərmiş, sonra özü də başqa avtomobillə həmin xəstəxanaya getmişdir. Orada olarkən adının X6 olmasını bildiyi həmin qadının aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Ehtiyatsızlıqdan törətdiyi həmin cinayət əməlinə görə səmimi peşimandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə bir neçə dəfə səy göstərsə də, buna nail ola bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə hadisə yerində və bundan sonrakı davranışları, 65 yaşlı və İİ qrup əlil olması, bir neçə dəfə, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə səy göstərməsi və iş üzrə digər əhəmiyyətli hallar nəzərə alınaraq, barəsində daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə saat 06 radələrində anası X1 rayonu, Qarabulaq yaşayış məntəqəsində yaşayan bacısıgilə getmək məqsədilə Bakı şəhərindən Füzuli rayonuna tərəf yola düşmüş, saat 09:20-də qardaşı Ruslan Əliyev ona anasının Füzuli rayonunda yolu keçərkən hansısa sürücünün idarə etdiyi “VAZ 21017” markalı avtomobillə vurulduğunu, xəsarətlər aldığını və Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparıldığını dediyinə görə dərhal Füzuli rayonuna tərəf yola düşmüşlər. Həmin xəstəxanada olanda anasının aldığı xəsarətlərdən öldüyünü və hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini eşitmişdir. Sonuncu bir neçə dəfə onunla və ailə üzvləri ilə barışıq əldə etməyə səy göstərsə də, bu hərəkətləri qeyri-səmimi qaydada etdiyinə və hadisə nəticəsində anası öldüyünə görə Təqsirləndirilən şəxslə barışmır, sonuncuya qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təxminən 4-5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş, məhkəməyə bu barədə yazılı ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 11 iyun 2023cü il tarixdə saat 09 radələrində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21017” markalı avtomobildə Füzuli rayonu, Yeni Fin qəsəbəsində yaşadığı evə tərəf sərnişin qismində gedərkən həmin qəsəbənin yaxınlığında yerləşən Qarabulaq kəndinə ayrılan yol ayrıcına çatanda yolun solunda mikroavtobsun dayandığını və arxa tərəfindən bir nəfər qadının yolu keçmək istədiyini görmüşdür. Həmin qadın Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yanına çatanda qəflətən yolun həmin avtomobilin hərəkət etdiyi zolağına doğru hərəkət etmişdir. Bu zaman sonuncu idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə həmin qadını vurmuşdur. Təqsirləndirilən şəxs dərhal avtomobili saxlamış, hadisə yerində olmuş digər şəxslərlə köməkləşib həmin qadının başqa avtomobillə xəstəxanaya göndərilməsi prosesində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin MSY-nin konvoy polis nəfəri vəzifəsində işləyən X3 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə səhər Füzuli rayonu ərazisindən Şuşa şəhəri istiqamətində velosiped yarışı keçirildiyinə görə o, Füzuli rayonu, Fin qəsəbəsi ərazisindəki Qarabulaq yaşayış məntəqəsinə dönən yol ayrıcında xidmətə təhkim olunmuşdur. Saat 09 radələrində qəsəbə sakinləri velosiped yarışına baxmaq üçün yol kənarına toplaşmışdılar. Həmin ərəfədə Hacıqabul istiqamətindən gələn mikroavtobusun Mincivan istiqamətində yol kənarında dayandığını, mikroavtobusdan düşmüş bir nəfər qadının yolu digər tərəfə keçməyə başladığını, Mincivan istiqamətindən Hacıqabul istiqamətində hərəkətdə olan “VAZ 21074” markalı, **- BJ-*** dövlət nömrə nişanlı avtomobilin öz hərəkət zolağında həmin qadını vurduğunu və qadının yerə yıxıldığını görmüşdür. Bundan dərhal sonra o və digər şəxslər, eləcə də hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs xəsarət almış həmin qadına yaxınlaşmış, köməkləşib başqa avtomobillə tibbi yardım göstərilməsi üçün Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərmişlər. Bundan sonra Təqsirləndirilən şəxs də həmin xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus “Mercedes C180” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən hissəsində idarə edərkən orada çoxlu şəxslərin toplaşdığını görüb avtomobilini saxlamış, həmin vaxt əvvəllər tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə piyada olmuş qadını ehtiyatsızlıqdan vurduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona hadisənin təsirindən həyəcanlandığına görə avtomobilini idarə edə bilmədiyini demiş, bu səbəbdən ondan həmin qadını öz avtomobili ilə xəstəxanaya aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və hadisə yerində olmuş digər şəxslər köməkləşib həmin qadını yerdən götürmüş, onun avtomobilinin arxa oturacağına qoymuşlar. O, həmin qadını avtomobilində Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs də həmin xəstəxanaya gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin DYPB-nin YPXnin inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, 11 iyun 2023-cü il tarixdə saat 09 radələrində xidməti vəzifələrini icra edərkən Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən hissəsində sürücünün yolu keçmək istəmiş piyadanı vurduğu barədə əldə etdiyi xidməti məlumat əsasında dərhal xidməti istifadəsində olan avtomobildə hadisə yerinə getmişdir. Oraya çatanda hadisə yerində “VAZ 21074” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin olduğunu görmüş, hadisə nəticəsində xəsarət almış piyada Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparıldığına və həmin avtomobilin sürücüsü, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs da həmin xəstəxanaya getdiyinə görə hadisə yerində olmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 143-cü km-də, yolun sağ hərəkət zolağında, yolun orta xəttindən 1 metr məsafədə baş vermişdir. Hadisə yerində “VAZ 21074” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin üzü Hacıqabul istiqamətində yolun sağındakı dayanacaqda dayandığı, tormoz izinin olmadığı, hərəkət üçün icazə verilən maksimal sürətin 60 km/saat olması müəyyən edilmişdir (səh. 6-12). - məhkəmə-tibbi eskpertizasının 21 avqust 2022-ci tarixli, 11 nömrəli rəyində göstərilmişdir ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sol diz nahiyəsinin əzilmiş yarası, üzün sol yarısının sıyrılmış yarası, sol çiyin nahiyəsinin sıyrılmış yaraları, sol əlin arxa səthi, sol diz nahiyəsinin sıyrılmış yaraları, sol qalça darağından başlayıb sol baldırın orta 1/3-nə qədər uzanan, sağ qalça nahiyəsində, sağ əlin arxa səthində qançırlar, sağ saidin yuxarı 1/3-nin ön və arxa səthinin yaralarından ibarət, sağlamlığa zərər vurmadığı üçün sağlamlığa zərər vurmayan xəsarətlər, sol dizüstü nahiyənin üzəri cərrahi tikişli yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, Koma İİ, alın nahiyəsinin hematoması, əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, ağciyərlərin kontuziyasından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmiş, müxtəlif şəraitlərdə, eləcə də, 11 iyun 2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilmiş şəraitdə əmələ gələ bilər. Onun ölümünə səbəb avtoqəza nəticəsində bədənin müxtəlif nahiyələrinin küt travması hesabına ağciyərlərin kontuziyası, beyin qişaları arasına qansızma və koma İİ ilə müşayiət olunan, ənsə sümüyünün kəllə əsasına keçən sınığı və baş beyin əzilməsi olmuşdur (səh. 95-99). - məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 01 avqust 2023-cü il tarixli, 8/2097 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) böyükdür (Sa>Sd). Buna görə də “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təqsirləndirilən şəxs həmin avtomobili maksimum hərəkət sürəti 3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində həmin Qanunun 64.1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manatdır (səh. 85-87). - 03 may 2016-cı il tarixli, AC 422850 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətaməsi” və 23 noyabr 2016-cı il tarixli, AC 853733 nömrəli sürücülük vəsiqəsinin surətlərindən görünür ki, “VAZ 21074” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt sonuncunun həmin avtomobili idarə etməyə hüququ olmuşdur (səh. 29, 30). - məhkəmə-bioloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 2138/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmişdir (səh. 76, 77). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 avqust 2023-cü il tarixli, 8/2097 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X4 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş X9, X3, Şahid4 və Şahid1 verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 21 avqust 2022-ci tarixli, 11 nömrəli rəyi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 01 avqust 2023-cü il tarixli, 8/2097 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 63). - Füzuli RİHB-nın Quraşdırma Evləri üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamə, AA seriyalı, 236034 nömrəli məcburi köçkün vəsiqəsi, 224260 nömrəli əlillik vəsiqəsi və əlilliklə bağlı verilmiş arayışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, özü və arvadı İİ qrup əlildir, məcburi köçkün kimi arvadı və iki nəfər oğlu ilə birlikdə ünvan 1 ünvanında müvəqqəti olaraq yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 35, 36, 38, 41-44). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə ehtiyatsızlıqdan cinayət əməlini törətdikdən dərhal sonra zərərçəkmiş şəxs X4 təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etməsi, bundan sonra özünün zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi ilə əlaqədar həmin tibb müəssisəsinə getməsi, törətdiyi cinayət əməlindən səmimi peşiman olması, bir neçə dəfə, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, 65 yaşlı və İİ qrup əlil olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, əməlində zərərçəkmiş şəxs X4 təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün hadisə yerindən Füzuli Rayon Mərkəzi Xəstəxanasına göndərilməsində iştirak etməsi, bundan sonra özünün zərərçəkmiş şəxsin səhhətinə diqqət göstərməsi ilə əlaqədar həmin tibb müəssisəsinə getməsi, törətdiyi cinayət əməlindən səmimi peşiman olması, bir neçə dəfə, eləcə də məhkəmə iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, 65 yaşlı və İİ qrup əlil olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in: - 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. - 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 263.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normaları və cəza təyin edilərkən nəzərə alınan hallara əsaslanaraq, eləcə də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il müddətə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının isə 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş əsas cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Buna görə də Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 avqust 2023-cü il tarixli qərarla (səh. 144, 145) Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə ibtidai istintaq orqanı “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçisi olduğuna görə Təqsirləndirilən şəxs qaytarmışdır (səh. 89). İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar