Məhkəmə qərarları › İş №1(064)-55/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-55/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-55/2023 03.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Füzuli rayonu, Yuxarı Veysəlli kəndində yerləşən ATK-6 bazasında minatəmizləyici işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CMin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə saat 17:30-da Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən 241 nömrəli yaşayış evinin qarşısında müəyyən şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,427 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini (bundan sonra – metamfetamin) pulla almaqla şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzərində saxlamış və daşımışdır. Həmin kütlə 07 may 2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılıb şübhəli şəxs qismində tutulmasından sonra idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən saxladığı göstərilmiş yerdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər az hallarda metamfetamindən istifadə etmişdir. 06 may 2023-cü il tarixdə X3 (bundan sonra – Rəvan) Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsində yerləşən, yaşadığı evinin qarşısında bir ədəd bükümdə aldığı metamfetamindən şəxsən istifadə etdikdən sonra 07 may 2023-cü il tarixdə istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrə vasitəsilə Rəvanla telefon danışığı zamanı yenə də sonuncudan şəxsi istifadəsi üçün bir ədəd bükümdə metamfetamin istəmişdir. Bununla əlaqədar Rəvanın dəvəti ilə saat 17:30-da sonuncunun yaşadığı evin qarşısına getmiş, mobil telefon vasitəsilə Rəvana bu barədə məlumat verdikdən sonra sonuncu deyil, anası X4 yaşadığı evin qarşısına gəlib ona bir ədəd bükümdə metamfetamin vermişdir. O, bunun müqabilində Saminə Həsənovaya 20 manat məbləğində pul vermişdir. Həmin kütləni idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzərinə qoymuşdur. Saat 18 radələrində polis əməkdaşları Füzuli rayonu, 1 saylı Zobucuq qəsəbəsi ərazisində onun idarə etdiyi həmin avtomobili saxlatmış, onu üzərində narkotik vasitə olması şübhəsi ilə Füzuli RPŞ-yə gətirmişlər. Müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən qabaq sol oturacağının üzərində bir ədəd bükümdə saxladığı metamfetamini könüllü olaraq təqdim etmiş, həmin kütlə qablaşdırılıb götürülmüş, hazırki məzmunda izahat vermiş, tərtib edilmiş protokola imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş metamfetaminin təmiz çəkisini mübahisləndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, 07 may 2023-cü il tarixdə saat 17:30-da Füzuli RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Kamal oğlu ilə birlikdə Füzuli rayonu, 2 saylı Zobucuq qəsəbəsi ərazisində xidməti vəzifələrini icra edərkən əvvəllər narkotik vasitələrdən istifadə edən şəxs kimi tanıdıqları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından şübhələndiklərinə görə idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmaqla saxlamış, həmin avtomobillə birlikdə Füzuli RPŞ-yə aparmışlar. Bundan əlavə, Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin nəticəsi barədə sonuncu ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 07 may 2023-cü il tarixdə Füzuli RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Kamal oğlu tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş raport, sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokol, ona əlavə edilmiş fotocədvəllər və diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs saxlanması, idarə etdiyi avtomobilə baxış keçirilməsinin əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların sonuncu, şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 11, 30-37). - Materialların məhkəmə ekspertizasının 08 may 2023-cü il tarixli, 18/472 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs avtomobilindən ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,427 qram təşkil edən maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra həmin metamfetaminin qalıq çəkisi 0,377 qram təşkil edir. Ekspertiza xərci 49,74 manatdır (səh. 74, 75). - “Mobil telefona baxış keçirilməsi barədə” 10 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A10S” markalı mobil telefona baxış keçirilərkən “WhatsApp” proqramı vasitəsilə 07 may 2023-cü il tarixdə saat 14:40-da sonuncunun istifadəsində olmuş ***-***-**-** mobil nömrədən X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “Daş var?” məzmununda göndərilmiş mesaja “Hə” cavabı verildikdən sonra ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Həmişə geşey verirdin 20 lik”, 14:41-də isə “Yaxşı teli ozunde saxla cxanda deyecem sene” məzmununda mesajların göndərildiyi, həmin tarixdə saat 14:55, 15:15, 15:16-da göstərilən mobil nömrələr arasında telefon danışıqları aparılmışdır (İ cild, səh. 130-135). - Məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 3496 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatordan istifadə etmə halı olub. Hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 213, 214). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşımağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Onun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 verdikləri ifadələr, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə 07 may 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 08 may 2023-cü il tarixli, 18/472 nömrəli rəyi, “Mobil telefona baxış keçirilməsi barədə” 10 may 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış metamfetamin qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 150). - Füzuli RİHB-nın Horadiz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2023cü il tarixli arayış və xasiyyətnamə, Azərbaycan Respublikası Medalının 1-1918, 1-3987 və İ-45222 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs subaydır, anası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. O, İİ Qarabağ müharibəsində fəal iştirakı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 və 2364 nömrəli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (İ cild, səh. 209, 210). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı sərbəst qaydada dindirilərkən, eləcə də X4 və X7 ilə üzləşdirilərkən sonunculara qarşı məhkəmə istintaqı zamanı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadələr vermiş, nəticədə həmin ifadələr əsasında ibtidai istintaq orqanı tərəfindən X4 və X7 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs: - ibtidai araşdırma zamanı X4 və X6 qarşı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda verdiyi ifadələri əsasında ibtidai istintaq orqanı tərəfindən X4 və X5 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsini həmin Məcəllənin 59.1.10-cu maddəsinə, - əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, İİ Qarabağ müharibəsində fəal iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, ibtidai araşdırma zamanı X4 və X6 qarşı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda verdiyi ifadələri əsasında ibtidai istintaq orqanı tərəfindən X4 və X5 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, iş üzrə törətdiyi əməldən səmimi peşiman olması, İİ Qarabağ müharibəsində fəal iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünü həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 0,427 qram olmasına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə yaxın müddətə, konkret olaraq 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə 07 may 2023-cü il tarixli protokol və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 09 may 2023-cü il tarixli qərarla (İ cild, səh. 20, 100, 101) 07 may 2023-cü il tarixdən 09 may 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 3496 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının 08 may 2023-cü il tarixli, 18/472 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,377 qram təşkil edən metamfetamin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdən 09 may 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Materialların məhkəmə ekspertizasının 08 may 2023-cü il tarixli, 18/472 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, materialların məhkəmə ekspertizasının 08 may 2023-cü il tarixli, 18/472 nömrəli rəyi üzrə ekspert tədqiqatından sonra qalıq çəkisi 0,377 qram təşkil edən metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar