Məhkəmə qərarları › İş №1(064)-56/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-56/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-56/2024 18.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdam rayonu, Maqsudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə saat 11 radələrində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 1 Saylı ASAN xidmət mərkəzindən verilmiş “B1, B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “BMW 328İ Minik” markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonun girişindən keçən 139cu kilometrliyində Füzuli rayonu, Horadiz şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda bu tələblərə əməl etməyib öz hərəkətini 90 km/saat sürətlə davam etdirərkən onunla eyni istiqamətdə yolun sağ hissəsindən onun qarşısı ilə manevr edən Şahid1 xx.xx.2014cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin İmişli Regional X3 Baxış Şöbəsindən verilmiş “B, C” dərəcəli sürücülük vəsiqəsi əsasında, BD304196 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ilə mülkiyyətində olan, idarə etdiyi “Nissan X-Trail Minik” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə qarşı hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobildə arxa sərnişin oturacağında əyləşmiş, Zərərçəkmiş şəxs L1 və L2 (bel) fəqərələrinin sağ köndələn çıxıntısının yerdəyişməyən sınığı və L2 fəqərəsinin kompression sınığı ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulması ilə nəticələnən, sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, özünə məxsus olan B dərəcəli sürücülük vəsiqəsi vardır. Şahid3 onun dostudur, Həmidlə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs isə Həmidin qohumudur. Həmidin özünə məxsus “BMW” markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 19 dekabr 2023-cü il tarixdə saat 07 radələrində Həmidə məxsus qeyd etdiyi avtomobili ilə Bakı şəhərindən çıxaraq Füzuli rayonuna yola düşmüşlər. Həmin vaxt maşını o idarə etmiş, Həmid isə qabaq sağ oturacaqda, Vilayət isə arxa sol tərəfdə oturmuşdur. Həmin gün saat 11 radələrində Füzuli rayonuna çatanda yenə də maşını özü idarə etmişdir. Füzuli rayonuna çatarkən rayonun girişində öz hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ ehtiyat hissəsində dayanıqlı halda olan ağ rəngli Nissan X Trail markalı avtomobil dönmə işıq siqnalını yandırmadan yolun sağ hissəsindən onun yol ilə hərəkət etdiyi hissəyə çıxmış, həmin vaxt ilk öncə maşına tormoz vermiş lakin, məsafə yaxın olduğuna görə hadisənin qarşısını ala bilməmiş və onun öz yolunda idarə etdiyi avtomobilinin sağ hissəsi həmin avtomobilin qarşı tərəfi ilə toqquşmuş və daha sonra avtomobilin idarəetməsini itirdiyindən avtomobil hərəkət etdiyi istiqamətdə yolun sol hissəsinə çıxaraq orada ağaca dəymiş, ağacı da qıraraq bir neçə metr getdikdən sonra dayanmışdır. Hadisədən dərhal sonra maşından yerə düşmüş və avtomobildə arxa oturacaqda oturan Vilayət adlı şəxsin xəsarət almasını görmuşdür. Hadisə nəticəsində avtomobilin hava şarı onun sinəsinə dəymişdi, hadisə zamanı Həmid avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. “Nissan X Trail” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü əvvəldən tanımır, kim olmasını bilmir, həmin şəxslə arasında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. “Nissan X Trail” markalı avtomobili yolun kənarında uzaq məsafədən 300-400 metr məsafədən görmüş, lakin həmin avtomobilə çatmağa təxminən 15 metr qalmış həmin avtomobil dönmə əməliyyatı etməyə başlamış, tormoz pedalına bassa da məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və öz hərəkət zolağında həmin avtomobillə toqquşaraq idarəetməni itirmiş və idarəetdiyi avtomobil ağaca çırpılmışdır. xx.xx.2023-cü il tarixli izahatında Nissan X Trail markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun qarşısına 50 metr məsafədən, xx.xx.2024-cü il tarixdə nümayəndəsi ilə verdiyi izahatında Nissan X Trail markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun qarşısına 30 metr məsafədən çıxmasını bildirməsinə səbəb kimi savadsız olduğuna görə riyazi hesablamaları bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam şəkildə ödəmiş və onlarla barışmışdır. Odur ki, cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs bildirdi ki, o, Füzuli rayonu Mədəniyyət işçiləri Həmkarlar ittifaqının mühasib vəzifəsində işləyir. Bakı şəhərində yaşayır, iş yeri isə Füzuli rayonu ərazisində yerləşir, ona görə də Füzuli rayonuna gəlib-gedir. Şahid3 onun işlədiyi müəssisənin müdiri vəzifəsində işləyir, Təqsirləndirilən şəxs isə Həmidin dostu kimi tanıyır, İsa ilə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Şahid1 isə əvvəldən tanımır, kim olmasını bilmir. 19 dekabr 2023-cü il tarixdə səhər saat 07 radələrində Füzuli rayonuna gəlmək üçün Bakı şəhərindən çıxmışlar, həmin vaxt Həmidə məxsus markasını bilmədiyi avtomobillə yola çıxmış, maşını İsa idarə etmiş, Həmid qarşı sağ oturacaqda, o, isə arxa sol oturacaqda oturmuşdur. Bakı şəhərindən çıxdıqdan sonra saat təxminən 11 radələrində Füzuli rayonuna çatan zaman, yəni Füzuli rayonunun girişinə az qalmış qəflətən yolun sağ hissəsindən ağ rəngli markasını bilmədiyi avtomobil onun olduğu avtomobilin qarşısına çıxmış və həmin vaxt İsa toqquşmanın qarşısını almaq üçün avtomobili yolun sol tərəfinə qarşı hərəkət zolağına çəkmiş, həmin vaxt İsa hadisənin qarşısını ala bilməmiş və həmin avtomobilin qarşı tərəfi onun olduğu avtomobilin sağ tərəfi ilə toqquşmuş, həmin zərbədən sonra onun olduğu maşın yolun kənarında olan ağaca dəymiş, daha sonra ağacı yerindən qopardaraq yolun sol hissəsində dayanmışdır. Hadisədən sonra özünə gəldikdə bel nahiyəsindən xəsarət almasını hiss etmiş və xəstəxanaya müraciət etmiş, müayinə olunanda bel fəqərəsində sınıq olması aşkar olunmuşdur. Şahid1 idarə etdiyi “Nissan X- Trail” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin onun olduğu avtomobilin qarşısına neçə metrlikdən çıxmasını görməmiş, onun olduğu avtomobil sol zolaqda olarkən toqquşmağa təxminən 10-15 metr qalmış görmüş və sonra toqquşma baş vermişdir. Həmin vaxt İsanın avtomobili hansı sürətlə idarə etməsini bilməmişdir. Nissan markalı avtomobilin qarşı tərəfi ilə onun olduğu avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs həmçinin onu da bildirdi ki, yol-nəqliyyat hadisəsi zamanı ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənilmiş və onunla barışmışdır. Odur ki, cinayət işinə xitam verilməsini xahiş edir. 240760042 nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus olan BC dərəcəli, AE 805645 nömrəli, xx.xx.2024-cü il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi vardır. Həmçinin onun özünə məxsus olan “Nissan X Trail” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobili özü idarə edir. Zərərçəkmiş şəxs, Şahid3 və Təqsirləndirilən şəxs əvvəldən tanımamış, həmin şəxslərlə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, kim olmalarını bilməmişdir. 19 dekabr 2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus olan “Nissan X Trail” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndlisi Şahid2 və yeznəsi X4 ilə birlikdə Beyləqan rayonu Mil qəsəbəsində yerləşən iş yerinə getmişdir. Həmin gün saat təxminən 11 radələrinə qədər işdə olmuş və yenidən Şahid2lə birlikdə geri yəni Əmirzeyidli kəndində geri qayıtmaq üçün yola düşmüşdür. Həmin vaxt maşını özü idarə etmiş, Mehman isə sağ qabaq sərnişin oturacağında əyləşmişdir. Yeznəsi isə iş yerində yəni Mil qəsəbəsində qalmışdır. İş yerindən çıxıb gəldikdə Füzuli rayonunun girəcəyinə çatan zaman yeznəsi Elvin ona zəng edərək onu işdən götürməsini demiş, həmin vaxt geriyə yəni, Mil qəsəbəsinə qayıtmaq üçün geriyə dönmə əməliyyatı etməyə görə maşını yolun sağ ehtiyat hissəsinə sürmüşdür. Yolun sağ hissəsinə çıxdıqda surəti azaltmış, həmin vaxt yan güzgüdən arxaya baxdıqda arxadan yəni uzaq məsafədən, təxminən 500 (beş yüz) metrlikdən maşın gəlməsini görmüş, həmin maşının uzaqda olmasını düşünərək sola işıq siqnalı verərək geriyə dönmə əməliyyatına başlamışdır. Geriyə dönərkən qarşı hərəkət zolağının kənarına çatan anda həmin arxa tərəfdən gələn maşının onun maşını ilə toqquşacağını görüb ayağını tormoza qoymuş, lakin həmin avtomobillə toqquşmanın qarşısını ala bilməmiş və onun maşınının qarşı tərəfi ilə həmin avtomobilin sağ qapı hissəsi toqquşmuş və həmin toqquşmadan sonra BMW markalı avtomobil oradan gedərək yolun kənarında olan ağaca dəyərək həmin ağacı qırıb yolun sağ kənarında dayanmışdır. Toqquşmadan dərhal sonra maşından düşdükdə maşının qarşı hissəsinin əzilməsini görmüş, daha sonra isə digər maşına baxdıqda həmin avtomobilin arxa sağ qapısından bir nəfər yaşlı adamın düşməsini görmüş, həmin vaxt maşının yanında isə iki nəfər cavan oğlan olmuşdur. Bundan sonra oraya yol polis əməkdaşları gəlmişlər, orada olan zaman xəsarət alan şəxsləri müayinə olunması üçün Füzuli rayon xəstəxanasına aparmışlar, daha sonra isə onun iştirakı ilə polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər və sonra isə xəstəxanada sərxoşluq müayinəsindən keçirilən zaman onda sərxoşluq aşkar olunmamışdır. Həmin yol nəqliyyat hadisəsi zamanı hər hansı bədən xəsarəti almamış, ona görə də tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Spirtli içki və narkotik vasitə ümumiyyətlə qəbul etməmiş, hadisə zamanı da spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Həmin avtomobillə qarşı hərəkət zolağının bitəcəyində yəni, sarı zolağın yanında toqquşmuşdur. 240760042 nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə iş yoldaşı və həmkəndlidir, Əjdərlə arasında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Əjdərlə eyni idarədə işlədiyi üçün işə Əjdərə məxsus olan “Nissan X-Trail” markalı ağ rəngli avtomobillə gedib-gəlirlər. İş yeri Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində yerləşir və işə bir yerdə gedib gəlirlər. 19 dekabr 2023-cü il tarixdə saat 11 radələrində işdən çıxaraq yaşadığı kənd istiqamətində gəlmişlər, həmin vaxt Əjdər özünə məxsus yuxarıda qeyd etdiyi avtomobili idarə etmiş, o, isə sərnişin kimi sağ qabaq oturacaqda oturmuşdur. Füzuli rayonunun girişinə çatdanda Əjdərin yeznəsi olan Elvinin işdə qalmasını görüb maşını yolun sağ ehtiyyat hissəsinə saxlayıb geriyə dönmək üçün yola çıxmış və qarşı hərəkət zolağında geri dönərkən qəflətən qara rəngli avtomobillə Əjdərin maşının qarşı tərəfi toqquşmuş və nəticədə həmin digər avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca dəyib dayanmışdır. Əjdər öz avtomobili ilə yolda geri dönərkən yüksək surətlə gələn qara rəngli avtomobil Əjdərin avtomobili ilə qarşı hərəkət zolağında toqquşmuş, hadisə digər avtomobilin yüksək sürətlə gəlməsi nəticəsində baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonunun Hacıqabul istiqamətində giriş hissəsindən keçən 139-cu kilometrliyində yerləşir. Toqquşma yeri həmin avtomobil yolunun Füzuli rayonu Horadiz şəhər istiqamətində hərəkət edərkən yolun qarşı hərəkət zolağında yolun sol ehtiyat hissəsindən yolun mərkəzinə doğru 1,2 metr məsafədə asfalt yolun üzərində yerləşir (İ cild i.v. 9-16). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 Beyləqan rayon Şöbəsindən verilmiş 09 mart 2024-cü il tarixli, 58/24 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs L1 və L2(bel) fəqərələrinin sağ köndələn çıxıntısının yerdəyişməyən sınığı və L2 fəqərəsinin kompression sınığı aşkar olunmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (İ cild i.v.88-91). Аzərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8dən verilmiş xx.xx.2023-cü il tarixli, 4618/K nömrəli kimyəvi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, balbitur urşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenetiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (İ cild i.v.47-50). Аzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasından verilmiş 12 fevral 2024-cü il tarixli, 8/146 nömrəli ekspert rəyindən görünür ki, Nissan X Trail markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “BMW” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü İsmayılov avtomobili hərəkət sürəti 90 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-ci maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur (İ cild i.v. 60-64). Аzərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzini tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 8/918 nömrəli yol-nəqliyyat hadisələri barədə ekspert rəyindən görünür ki, BMW markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Nissan X Trail markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (İ cild i.v.92-96). İstintaq zamanı “Nissan X Trail” minik markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobil 30 dekabr 2023-cü il tarixli qəbzlə mülkiyyətçisi Şahid1 qaytarılmışdır. (İ cild i.v.162-170). İstintaq zamanı “BMW” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil 26 yanvar 2024-cü il tarixli qəbzlə Şahid3 qaytarılmışdır. (İ cild i.v. 162-170). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild i.v. 140). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild i.v.141). Cinayət işinə əlavə edilmiş BB 022059 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, DİN BDYPİ Qİİ/1 saylı ASAN x.m. tərəfindən Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi etibarlıq müddəti olan “B1, B” dərəcəli sürücülük vəsiqəsi verilmişdir (İ cild i.v. 126). Zərərçəkmiş şəxs notarial qaydada verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödədiyindən onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlillər, onun özünün ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib olunduğundan onun Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı (xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6) övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində qeyd edilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 09 mart 2022-ci il tarixli Qərarında aşağıdakıları göstərmişdir:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır.

2. Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir.

3. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində AR CM-in 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 256 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq MEM-in hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 256 (iki yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün Füzuli rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar