Məhkəmə qərarları › İş №1(064)-57/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-57/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-57/2024 21.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə İmişli rayonu, Muradalılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də ikinci dərəcəli operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Muradalılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 11 radələrində "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai SantaFe” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili BC kateqoriyalı, AE817059 nömrəli sürücülük vəsiqəsi və 09 aprel 2024-cü il tarixli, AL002/024/015 nömrəli etibarnamə əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 141-ci km-də Mincivan istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu, hadisənin qarşısını almağa texniki imkanının olduğu və həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olduğu halda, göstərilən qanunun tələblərinə əməl etməyərək, həmin avtomobil üzərində idarəetməni itirməsi və avtomobilin yoldan çıxaraq yolun sol kənarında olan dərəyə aşması nəticəsində ehtiyatsızlığından idarə etdiyi avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş qohumu – atasının əmisi oğlu X2 İİ-İİİ-İV-V-Vİ, sağ İİİ-İV-V-Vİ- Vİİ qabırğaların fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı, ağciyərin hər iki tərəfdən cırılmaları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qan yığılması), daxili üzvlərin venoz azqanlılığından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, həmin gün “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmalarından törənmiş çoxlu qanitirmə və ağır travmatik şok səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 may 2024-cü il tarixdə saat 11 radələrində "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai SantaFe” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən hissəsində Mincivan istiqamətində sağ hərəkət zolağı ilə təxminən 100-105 km/saat sürətlə idarə edərkən 35- 40 metr məsafə aralıda qarşı hərəkət zolağı ilə Hacıqabul istiqamətində hərəkətdə olmuş boz rəngli, “Mercedes E Class” markalı, xatırlamadığı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin avtomobili onun hərəkətdə olduğu zolağa çıxarıb yük avtomobilini ötmə əməliyyatını icra etməyə başladığını görmüşdür. Həmin anda göstərdiyi avtomobillər arasındakı məsafə az olduğuna görə onların toqquşmasının qarşısını almaq üçün idarə etdiyi avtomobilin sükanını hərəkətdə olduğu istiqamətə nisbətdə sağa fırlatmış, nəticədə idarə etdiyi avtomobilin arxa və qabaq sağ təkərləri yolun sağ kənarına çıxmış, sol təkərləri isə yolun asfalt örtüyü, yəni hərəkət hissəsində qalmışdır. Göstərdiyi “Mercedes E class” markalı avtomobilin sürücüsü ötmə əməliyyatını icra edib həmin avtomobili öz hərəkət zolağına qaytardıqdan sonra o, da idarə etdiyi avtomobili sükanını sola fırlayıb tam şəkildə yolun hərəkət hissəsinə çıxarmaq istəyərkən yolun sağ ehtiyat hissəsi çınqıllı olduğuna və asfalt örtüyü nəm olduğuna görə avtomobil yolun hərəkət hissəsində fırlanmış, o, avtomobil üzərində idarə etməni itirmiş və idarə etdiyi avtomobil qarşı hərəkət zolağının sol kənarında, yolun hərəkət hissəsindən 2-3 metr enişdə yerləşən əkin sahələri istiqamətində bir neçə dəfə çevrilib yaxınlıqdakı su arxına düşmüş, təkərləri üzərində dayanmışdır. O, gözünü açanda avtomobildən 6-7 metr kənarda əkin sahəsində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, hadisə zamanı idarə etdiyi avtomobilin sağ ön sərnişin oturacağında əyləşmiş atasının əmisi oğlu X3 xəsarət alıb-almadığını dəqiqləşdirmək üçün olduğu yerdən qalxıb idarə etdiyi avtomobilə doğru getmək istəyəndə aldığı xəsarətlərin təsirindən yerindən tərpənə bilməmişdir. Buna görə də o, həmin vaxt ona köməklik etmək üçün yaxınlaşmış şəxslərdən idarə etdiyi avtomobildə olmuş şəxsin səhhəti ilə maraqlanmalarını xahiş etmiş, həmin şəxslər ona əvvəlcə idarə etdiyi avtomobildə hər hansı şəxsin olmadığını, bir neçə dəqiqə sonra isə dediyi şəxsin avtomobildən su arxına düşdüyünü bildirmiş və X7ynar xəttinə zəng edib hadisə barədə məlumat vermişlər. Hadisə yerinə X9 avtomobili gəlib X12 Rayon Mərkəzi Xəstəxanasına apardıqdan sonra polis əməkdaşları gəlmiş, bundan sonra o, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün başqa X13 avtomobili ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri almış, Akif Vəliyev isə aldığı xəsarətlərdən Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Sonuncuya aztəminatlı olduğuna, aralarında qohumluq və mehriban münasibətlər olduğuna görə dəfələrlə maddi yardım etmiş, həmin hərəkətlərini Akif Vəliyevin ailə üzvlərinə münasibətdə iş üzrə hadisənin baş verməsindən sonra və hazırda da etmiş, bundan sonra da davam etdirəcəkdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Göstərdiklərinə əsasən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, sonradan iş üzrə cinayət hadisəsinin baş vermə mexanizmi və nəticəsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda eşitdiyini, X3 onun qardaşı, Təqsirləndirilən şəxs isə onun və Akif Vəliyevin əmisi nəvəsi olduğunu, əvvəllər Təqsirləndirilən şəxslə Akif Vəliyev arasında mehriban münasibətlər olduğunu, əvvəllər Təqsirləndirilən şəxs Akif Vəliyevə aztəminatlı olduğuna görə dəfələrlə maddi yardım etdiyini, həmin hərəkətlərini Akif Vəliyevin ailə üzvlərinə münasibətdə iş üzrə hadisənin baş verməsindən sonra və hazırda da etdiyini, Təqsirləndirilən şəxslə göstərdiyi hallara görə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmiş, məhkəmə çıxışında Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, X5 ibtidai istintaq orqanı və məhkəməyə təqdim etdiyi yazılı ərizələrində Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir (səh. 72). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Şahid2, Füzuli RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid3 Maarif oğlu, Şahid1 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, hadisə yerinə X3 Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmasından sonra çatdıqlarını, sonradan iş üzrə cinayət hadisəsinin baş vermə mexanizmi və nəticəsi barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda eşitdiklərini, Şahid1 isə əlavə olaraq, X3 onun qardaşı, Təqsirləndirilən şəxs isə onun və Akif Vəliyevin əmisi nəvəsi olduğunu, əvvəllər Təqsirləndirilən şəxslə Akif Vəliyev arasında mehriban münasibətlər olduğunu, Təqsirləndirilən şəxs Akif Vəliyevə aztəminatlı olduğuna görə dəfələrlə maddi yardım etdiyini, həmin hərəkətlərini Akif Vəliyevin ailə üzvlərinə münasibətdə iş üzrə hadisənin baş verməsindən sonra və hazırda da etdiyini, Təqsirləndirilən şəxslə göstərdiyi hallara görə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 may 2024-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilərkən hadisənin Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Fin qəsəbəsi ərazisindən keçən 141-ci km-də baş verməsi, “Hyundai SantaFe” markalı, **-AK-*** dövlət nömrəli nişanlı avtomobilin aşdıqdan sonra həmin yolun Mincivan istiqamətində qarşı hərəkət zolağının hərəkət hissəsinin kənarından 9 metr məsafədə yerləşən su arxında dayanması müəyyən edilmişdir (səh. 7-16). - 25 aprel 2018-ci il tarixli, AE817059 nömrəli sürücülük vəsiqəsi, 09 yanvar 2023cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” və “Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair sərəncam verilməsi haqqında” 09 aprel 2024-cü il tarixli, AL002/024/015 nömrəli etibarnamənin surətlərindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Hyundai SantaFe” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil “X4” əsasında bir ay müddətinə, yəni 09 may 2024-cü il tarixə kimi Təqsirləndirilən şəxs lizinqə verilmiş, iş üzrə hadisənin baş verdiyi tarixdə sonuncunun həmin avtomobilə dair sürücülük hüququ olmuşdur (səh. 48-50). - Füzuli RPŞ-nin DYPB-nin 22 may 2024-cü il tarixli, 3-13-73/1-7722/2024 nömrəli raportunda göstərilmişdir ki, iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə maksimum sürət həddi saatda 90 kilometrdir (səh. 43). - Məhkəmə-tibbi eskpertizasının 06 may 2024-cü il tarixli, 09/24 nömrəli rəyində göstərilmişdir ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sol İİ-İİİ- İV-V-Vİ, sağ İİİ-İV-V-Vİ-Vİİ qabırğaların fraqmentlərinin yerini dəyişmiş qapalı sınığı, ağciyərin hər iki tərəfdən cırılmaları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qan yığılması), daxili üzvlərin venoz azqanlılığından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid həyati xəsarətlər 06 may 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil salonunun qabarıq interyerinə zərblə dəymə nəticəsində əmələ gəlmişdir. Onun ölümünə göstərilən xəsarətlər nəticəsində qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmalarından törənmiş çoxlu qanitirmə və ağır travmatik şok səbəb olmuşdur (səh. 95-100). - Məhkəmə-tibbi ekspertizasının 31 may 2024-cü il tarixli, 145/24 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş L2 (ikinci bel fəqərəsi) fəqərəsinin sağ köndələn çıxıntısının fraqmentlərinin yerini dəyişməyən qapalı sınığından ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarət 06 may 2024cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomobil salonunun qabarıq interyerinə zərblə dəymə nəticəsində əmələ gəlmişdir (səh. 101-104). - Məhkəmə-kimyəvi ekspertizasının 15 may 2024-cü il tarixli, 1671/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabioid aşkar edilməmişdir (İ cild, səh. 82-84). - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 02 avqust 2024-cü il tarixli, 8/1869 nömrəli rəyində göstərilmişdir ki, “Hyundai SantaFe” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır (səh. 108-110). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda cinayət əməlini törətməsi əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş X5, Şahid2, Şahid3 Maarif oğlu və Şahid1 verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 may 2024-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllər, məhkəmə-tibbi eskpertizasının 06 may 2024-cü il tarixli 09/24 nömrəli və 31 may 2024-cü il tarixli 145/24 nömrəli rəyləri, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 02 avqust 2024-cü il tarixli, 8/1869 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış “Hyundai SantaFe” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 91). - “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 06 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda alınmamışdır (səh. 120). - İmişli RİHB-nın Muradalılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli arayış və yaşayış yeri üzrə xasiyyətnamə, "xxxx" MMC tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə, 18 mart 2016-cı il tarixli, AZ-İİ 105469 nömrəli nikah haqqında şəhadətnamənin, 05 sentyabr 2024-cü il tarixli, AZ-V 004537 nömrəli doğum haqqında şəhadətnamənin və 09 oktyabr 2024-cü tarixli əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, İmişli rayonu, Muradalılı kəndində arvadı, 30 avqust 2024-cü il təvəllüdlü bir nəfər azyaşlı qız övladı ilə birlikdə yaşayır, "xxxx" MMC-nin yanacaq doldurma məntəqəsində ikinci dərəcəli operator vəzifəsində işləyir, ailəsinə yeganə qazanc gətirən şəxsdir, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilmişdir (səh. 112, 113, 165). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu – qardaşı olan hüquqi varisi X5 ilə barışıq əldə etməsi və cinayət hüquqi mənada zərərçəkmiş şəxs olan X3 ailə üzvlərinə maddi yardım etməsini həmin Məcəllənin müvafiq olaraq 59.1.12 və 59.1.14-cü maddələrinə, ailəsinə yeganə qazanc gətirən şəxs olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, bununla bağlı cinayət hüquqi mənada zərərçəkmiş şəxs olan X6 ilə qohumluq, əvvəllər mehriban və yaxın münasibətdə olması, əvvəllər sonuncuya aztəminatlı olduğuna görə dəfələrlə maddi yardım etməsi və məhkəmə iclaslarındakı müsbət davranışlarından ibarət halları, himayəsində bir nəfər azyaşlı uşağının olması, iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət hüquqi mənada zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etməsi, ailəsinə yeganə qazanc gətirən şəxs olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, göstərilən cinayət qanunu normaları, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzalarının aşağı həddə yaxın, yəni müvafiq olaraq 3 (üç) il və 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CM-in: - 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən yuxarıda nəzərə alındığı göstərilmiş bütün halların məcmusuna, eləcə də, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsin şəxsiyyətinə və onun barəsində təyin ediləcək cəzaya dair müsbət məzmunlu münasibətinə əsaslanaraq hesab edir ki, həmin hallar bütövlükdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə barəsində təyin ediləcək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkün olmasını tam həcmdə şərtləndirir. Buna görə də Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sonuncunun davranışı üzərində nəzarətin həyata keçirilməsi İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Buna görə də Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən 09 sentyabr 2024-cü il tarixli qərarla (səh. 174, 175) Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Maddi sübut hesab edilməsi haqqında” 06 may 2024-cü il tarixli qərar və 06 iyun 2024-cü il tarixli qəbzdən (səh. 27, 76) görünür ki, “Hyundai SantaFe” markalı, **-AK-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs qaytarılmışdır. Buna görə də bu hal iş üzrə nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar