Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-58/2023 28.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1966-cı il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zavod üsulu ilə 1986-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, ******* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, texniki cəhətdən saz vəziyyətdə olmaqla, hissə və mexanizmləri üzərində əlavə-dəyişiklik edilməmiş, atəş üçün yararlı, yivli odlu silah olan avtomatı, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə olmaqla, istifadəyə yararlı, 5,45x39 mm. kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, Kalaşnikov konstruksiyalı avtomat silahlarının komplekt hissəsi olan darağı və həmin darağın içərisində olan, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə olmaqla, Kalaşnikov konstruksiyalı avtomat silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatı olan 5,45x39 mm. kalibrli 30 ədəd patronları qanunsuz olaraq əldə etmiş, 02 sentyabr 2023-cü il tarixdə əlindəki bir ədəd ağ rəngli kisənin içərisində Füzuli rayonu, Horadiz şəhəri ərazisinə daşımışdır. Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə saat 15:30-da Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Füzuli rayonu, Horadiz şəhəri ərazisində saxlanılmış, şübhəli şəxs qismində tutulduqdan sonra əlindəki bir ədəd ağ rəngli kisəyə baxış keçirilərkən kisənin içərisindən göstərilən avtomat silah, onun darağı və 30 ədəd patronlar aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarında orduya dəstək məqsədilə edilmiş yardımların daşınmasında iştirak etməsi ilə əlaqədar Füzuli rayonuna olarkən Füzuli rayonu, Horadiz şəhəri yaxınlığındakı boş ərazidən hər hansı şəxsin iştirakı olmadan bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat silah, onun bir ədəd darağı, onun içərisində olmuş 30 ədəd patronlar və iki ədəd partlayıcı fişəng tapmış, həmin predmetləri özü üçün maraq doğurduğuna görə gələcəkdə yaşadığı evə aparıb orada saxlamaq məqsədilə tapdığı yerdə daş və qumun altında gizlətmişdir. 02 sentyabr 2023-cü il tarixdə səhər saatlarında həmin predmetləri götürmək məqsədilə yaşadığı Salyan rayonundan Füzuli rayonu, Horadiz şəhərinə gəlmişdir. Göstərdiyi ərazidə gizlətdiyi bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat silah, onun bir ədəd darağı, onun içərisində olmuş 30 ədəd patronlar və iki ədəd partlayıcı fişəngi bir ədəd kisəyə qoymuşdur. Oradan geri qayıdarkən Füzuli rayonu, Horadiz şəhəri ərazisində polis əməkdaşları onu saxlayıb Füzuli RPŞ-yə gətirmişdir. Orada müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla əlində olmuş bir ədəd kisəyə baxış keçirilərkən kisənin içərisindən bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat silah, onun bir ədəd darağı, onun içərisində olmuş 30 ədəd patronlar və iki ədəd partlayıcı fişəng aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamı hər hansı hissədə mübahisələndirmir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək göstərmişlər ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə qanunsuz olaraq odlu silah əldə etməsi və Salyan rayonuna daşımaq istəməsi barədə daxil olmuş əməliyyat məlumatı üzrə əməliyyat qrupu yaradıldıqdan sonra saat 15:30-da Füzuli rayonu, Horadiz şəhəri ərazisində saxlayıb Füzuli RPŞ-yə gətirmişlər. Orada Təqsirləndirilən şəxs əlində olmuş bir ədəd kisəyə müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla baxış keçirilərkən kisənin içərisindən bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat silah, onun bir ədəd darağı, onun içərisində olmuş 30 ədəd patronlar və iki ədəd partlayıcı fişəng aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 02 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun qanunsuz olaraq odlu silah əldə etməsi və Salyan rayonuna daşımaq istəməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun əlində olmuş kisəyə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və əlində olmuş kisəyə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxsin və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (səh. 3-5, 21, 24-29). - Məhkəmə-ballistik ekspertizasının 03 sentyabr 2023-cü il tarixli, 23/691R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd ******* nömrəli silah, zavod üsulu ilə 1986-cı ildə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Avtomatın hissə və mexanizmləri üzərində əlavə-dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz vəziyyətdə olmaqla istifadəyə yararlı 5,45x39 mm. kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı avtomat silahlarının komplekt hissəsi olan darağıdır, həmin darağın içərisində olan zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 30 ədəd patronlar 5,45x39 mm. kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomat silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatıdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş iki ədəd silindrik əşyalar zavod üsulu ilə keçmiş SSRİ dövlətlərində istehsal olunmuş, fəlakət zamanı təhlükə barədə xəbər vermək üçün nəzərdə tutulmuş, “PRB-40” modelli, xüsusi təyinatlı paraşütlü qırmızı işıqlı siqnal raketidir, təyinatı üzrə istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmirlər. Tədqiqata təqdim edilmiş 30 ədəd 5,45x39 mm. kalibirli patronlardan üç ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur (səh. 37-41). - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 04 sentyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı bir ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, onun bir ədəd darağı, darağın içərisində olmuş 30 ədəd patronlar və iki ədəd partlayıcı fişəngi Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Burğa dərəsi” adlanan yerdə gizlətdiyini bildirməklə yerində göstərmişdir (səh. 50-53). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, daşımaya görə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 228.1-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid4 və Şahid5 verdikləri ifadələr, Təqsirləndirilən şəxs əlində olmuş kisəyə baxış keçirilməsi barədə 02 sentyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, məhkəmə-ballistik ekspertizasının 03 sentyabr 2023-cü il tarixli, 23/691R nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, onun bir ədəd darağı, darağın içərisində olmuş 30 ədəd patronlarla tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Salyan Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(057)32/2022 nömrəli hökmü və 07 iyul 2022-ci il tarixli, 7(057)484/2022 nömrəli qərarının surətlərindən görünür ki, həmin qərarla göstərilən hökmlə Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, sonuncu həmin cəzanı 07 aprel 2023-cü il tarixdə çəkib qurtarmışdır (səh. 98, 99, 107-110). Təqsirləndirilən şəxs həmin əmələ münasibətdə məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən bu məhkumluq cinayətlərin residivini yaratmır. Buna görə də sonuncu iş üzrə məhkumluğu olan şəxsdir. - Salyan rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilmiş 18 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı və iki nəfər yetkinlik yaşına çatmış uşaqları ilə birlikdə yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir (səh. 113, 114). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat silah, onun darağı və darağın içərisində olmuş 30 ədəd patronlarla bağlı törədilməsi halını, Salyan Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(057)32/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əmələ görə məhkumluğu olan şəxs olması və yaşayış yeri üzrə mənfi xarakterizə edilməsindən ibarət şəxsiyyətini səciyyələndirilən halları, iş üzrə törətdiyi əməldən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə təyin edilməsi zəruridir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş (müvafiq protokol əsasında – səh. 21, 22), 04 sentyabr 2023cü il tarixdə barəsində polisin nəzarəti altına vermək qətimkan tədbiri seçilməklə Füzuli RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş (müvafiq qərarlar əsasında – səh. 73-76), Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və məhkəmə iclasında dərhal həbs edilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ******* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat, onun komplekt hissəsi olan bir ədəd darağ, döyüş sursatı olan 5,45x39 mm. kalibrli 27 ədəd patronlar və “PRB-40” modelli, xüsusi təyinatlı paraşütlü qırmızı işıqlı iki ədəd siqnal raketlər xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan bir ədəd ******* nömrəli, 5,45 mm. kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat, onun komplekt hissəsi olan bir ədəd darağ, döyüş sursatı olan 5,45x39 mm. kalibrli 27 ədəd patronlar və “PRB-40” modelli, xüsusi təyinatlı paraşütlü qırmızı işıqlı iki ədəd siqnal raketlər xüsusi müsadirə edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-58/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-58/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver