Məhkəmə qərarları › İş №1(064)-6/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-6/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-6/2024 09.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Füzuli rayonu, Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 16 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki dəmir yolu xəttinin yaxınlığında qoyunlarını otarmış qonşusu X3 onun bibisi Şahid3 ünvanına təhqiredici söz deməsinin səbəbini soruşub, irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı sifət nahiyəsinə yumruqla qəsdən bir dəfə zərbə vurması nəticəsində xəlbir sümüyünün sol bayır divarının yerdəyişən sınığı ilə müşayiət olunan, sol gözətrafı yumşaq toxumların hematomasından ibarət, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə, qəsdən sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, o, 02 iyun 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki dəmir yolunun yaxınlığında özlərinə məxsus mal-qaranı yaşadığı evə aparmaq istəyərkən aralarında normal münasibət olmuş həmkəndlisi X2 (bundan sonra - Sadiq) dəmiryolunun üzərində otardığı qoyunlarının bir hissəsinin onun bibisi Şahid3 apardığı inəyin üzərilərinə getməsi səbəbindən ürkərək dəmiryolundan aşağı düşməsinə görə sonuncunun ünvanına Sadiqin təhqiredici söz deməsini eşitmişdir. Sonuncudan həmin sözü kimə dediyini soruşmuş, Sadiq onun ünvanına təhqiredici söz deyib onunla mübahisə etməyə başlamış, onun sinəsindən tutub itələmiş, yumruqla sinəsinə bir dəfə zərbə vurmuş, ona dəmiryolunun digər tərəfinə keçib davanı davam etdirməyi təklif etmişdir. Sadiqdən ona nə edəcəyini soruşmuş, Sadiq yenidən onun yaxasından tutub ona tərəf yumruq atmağa başlamışdır. Buna görə də o, özünü Sadiqin zərbələrindən müdafiə etmək üçün yumruqla sonuncunun sol gözünün altından bir dəfə zərbə vurmuş, zərbənin təsirindən Sadiqin burun nahiyəsindən qan axmış və sol gözünün altında şişkinlik yaranmışdır. Sonuncu yerdən daş götürüb onu vurmaq istəyəndə Sadiqdən daşı yerə atmasını tələb etmiş, buna görə də sonuncu əlindəki daşı yerə atmışdır. O, Sadiqdən qoyunlarını da götürüb yaşadığı evə getməsini tələb etmişdir. Bundan sonra Miri və Elnur adlı həmkəndliləri hadisə yerinə gəlib onları aralaşdırmışlar. O, Sadiqə zərbə vurmaq üçün yerdən metal əşya götürməmiş, Miri onun əlindən metal əşya almamışdır. İş üzrə törətdiyi əmələ görə Sadiqlə özündən deyil, anasından üzr istəməklə barışıq əldə etməyə cəhd etmişdir. Sadiq onun bibisi Aybənizə təhqiredici söz dediyinə və iş üzrə hadisə bu səbəbdən baş verdiyinə görə fikrincə, ilkin olaraq Sadiq Aybənizdən üzr istəməli, bundan sonra o, Sadiqdən üzr istəmələdir. Sadiq Aybənizdən üzr istəmədiyinə görə o, da Sadiqdən üzrə istəməmişdir. Buna görə də Sadiq onunla barışmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasındakı son sözündə isə iş üzrə törətdiyi əməldən səmimi peşiman olduğunu, X3 onun bibisi Şahid3 ünvanına təhqiredici söz deməsinə görə zərbə vurarkən səhv etdiyini, bu barədə Sadiq Sadıqovun valideynlərinə məlumat verməli olduğunu bildirmiş, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 02 iyun 2023-cü il tarixdə saat 16 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki dəmir yolu üzərində qoyunlarını otararkən qoyunların bir hissəsi ürkərək dəmiryolundan aşağı düşdüyünə görə qoyunlar barəsində təhqiredici söz demişdir. Həmin vaxt qonşusu Təqsirləndirilən şəxs (bundan sonra - Əhliman) ondan təxminən 60-70 metr məsafə aralıda öz mal-qaralarının yanında olmuş, Əhlimanın bibisi Şahid3 (bundan sonra – Aybəniz) isə apardığı inəyi ilə onun yanından keçmişdir. O, Aybənizin ünvanına təhqiredici söz deməmiş, əksinə, sonuncu ilə salamlaşmış, Aybəniz ona hansısa sözünə və hərəkətinə görə irad bildirmədən yoluna davam etmişdir. Əgər, o, Aybənizin ünvanına təhqiredici söz desəydi, sonuncu onunla salamlaşmazdı, yaxud buna görə ona irad bildirərdi. Bu özü-özlüyündə onu sübut edir ki, o, Aybənizin ünvanına təhqiredici söz deməmişdir. Əhliman onun üzərinə əsəbi vəziyyətdə gəldiyinə görə o, Əhlimanın onun təhqiredici sözü Aybənizə deməsini zənn etmiş, bu səbəbdən Əhlimana təhqiredici sözü Aybənizə demədiyini demişdir. Buna baxmayaraq, Əhliman ona tərəf gəlib ondan təhqiredici sözü kimə dediyini soruşmuşdur. Yenə də Əhlimana cavabında təhqiredici sözü sonuncu və Aybənizə demədiyini bildirmişdir. Əhliman ona inanmamış, onun təhqiredici sözü Aybənizə deməsini zənn edib, onun yaxasından tutub onunla mübahisə etməyə başlamışdır. Əhlimanı özündən aralamaq məqsədilə yaxasından tutub itələmişdir. Sonuncu onun sol gözünün altından yumruqla bir dəfə zərbə vurmuş, zərbənin təsirindən onun burnundan qan axmış və sol gözünün altında şişkinlik yaranmışdır. Bundan sonra Əhliman onun baş nahiyəsinə də yumruqla bir neçə dəfə zərbələr vurmuşdur. Özünü Əhlimanın zərbələrindən qorumaq məqsədilə yerdən daş götürmək istəsə də, sonuncunun zərbələrinin təsirindən başı gicəlləndiyinə görə yerdən daş götürə bilməmiş, ayağa qalxıb yaşadığı evə tərəf getmişdir. Əhliman ona zərbə vurmaq məqsədilə yerdən dəmir parçası götürüb onun arxasınca gəlmişdir. Qonşuları Şahid2 və Şahid1 (bundan sonra – Elnur, Miri) həmin vaxt hadisə yerinə gəlmiş, sonuncu Əhlimanın əlindən dəmir parçasını alıb kənara atmış, Elnur və Miri Əhlimanı ondan aralaşdırıb yaşadığı evə göndərmişlər. Elnur və Miri Əhlimanın ona zərbə vurmasını görməslər də, onun burun nahiyəsindən qan axması və sol gözünün altında şişkinlik yaranmasını görmüşlər. Buna görə də o, Elnur və Miriyə Əhlimanın yumruqla onun sifətinə zərbə vurduğunu demişdir. Yaşadığı evdə qardaşları Cabir və Bəhruz onun burun nahiyəsindən qan axması və sol gözünün altında şişkinlik yaranmasını görmüşlər. Cabir və Bəhruza da Əhlimanın yumruqla onun sifətinə zərbə vurduğunu demişdir. Cabir və Bəhruz da Əhlimanın ona yumruqla zərbə vurmasını görməmişlər. İş üzrə hadisə barədə dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə mobil telefon vasitəsilə, Füzuli RPŞ-yə isə yazılı qaydada məlumatlar vermişdir. Əgər Əhliman ondan üzr istəsəydi, o, Əhlimanla barışardı. Sonuncu iş üzrə ona qarşı törətdiyi əmələ görə onun anasından üzr istəməklə onunla barışıq əldə etməyə cəhd etsə də, ondan üzr istəmədiyinə görə Əhlimanla barışmır. Bununla belə, Əhliman qonşusu və cavan olduğuna görə sonuncuya azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəmir. Zərərçəkmiş şəxs X4 məhkəmə çıxışında isə Təqsirləndirilən şəxs iş üzrə ona qarşı törətdiyi cinayət əməlinə görə ondan üzr istəmədiyinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişlər ki, 02 iyun 2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus inəyi yaşadığı evin həyətinə aparmaq üçün dəmir yolu üzərindən keçirəndə qonşusu X4 (bundan sonra - Sadiq) otardığı qoyunlarının bir hissəsinin ürkərək dəmiryolundan aşağı düşməsinə görə onun ünvanına təhqiredici söz demişdir. Sadiqə etiraz etmək istəsə də, bu halın yaxınlıqda olmuş qardaşı övladı Təqsirləndirilən şəxs ilə Sadiq arasında dalaşmaya səbəb olacağını və sonuncunun dediyi təhqiredici sözlər barədə anasına deyəcəyini düşünüb oradan uzaqlaşmışdır. Həmin ərəfədə Sadiqlə Əhlimanın mübahisə etdiklərini eşitmiş, lakin onlar arasında dalaşmanın olmasını görməmişdir. Sonradan Əhliman ona Sadiqin sifətinə yumruqla bir dəfə zərbə vurduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid5, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək, ifadələrində işin faktiki hallarının özlərinə aid olan hissələri barədə zərərçəkmiş şəxs X4 ilə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - X2 02 iyun 2023-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, o, həmin tarixdə qonşusu Təqsirləndirilən şəxs ona yumruq zərbələri vurub xəsarət yetirməsini göstərmiş, buna görə də Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir (səh. 7). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, baxışda iştirak etmiş X2 göstərməsinə əsasən iş üzrə cinayət hadisəsinin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisindəki dəmir yolu xətti ilə avtomobil yolu arasındakı ərazidə, qonşuluqda yaşayan sonuncu və Təqsirləndirilən şəxs yaşadıqları evin yaxınlığında baş verdiyi müəyyən edilmişdir (səh. 20, 21). - Məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 188/23 nömrəli rəyində göstərilmişdir ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəlbir sümüyünün sol bayır divarının yerdəyişən sınığı ilə müşayiət olunan, sol gözətrafı yumşaq toxumların hematomasından ibarət, sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət 02 iyun 2023-cü il tarixdə yumruq zərbəsinin təsirindən əmələ gələ bilərdi (səh. 22, 23). - Məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 189/23 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş üst dodaq nahiyəsində qansızma və döş qəfəsi nahiyəsində qançırdan ibarət, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər 02 iyun 2023-cü il tarixdə yumruq zərbəsinin təsirindən əmələ gələ bilərdi (səh. 24, 25). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün 02 iyun 2023-cü il tarixdə X3 yumruqla zərbəni sonuncunun zərbələrindən müdafiə olunmaq üçün vurduğu barədə dəlil irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə 02 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs il X4 arasında baş vermiş mübahisə zamanı sonuncunun hərəkətləri ilə əlaqədar Təqsirləndirilən şəxs münasibətdə zəruri müdafiə və ya bu həddi aşma vəziyyətləri yaranmadığına görə sonuncunun özünü müdafiə etmək üçün irəli sürdüyü göstərilmiş dəlil işin faktiki halları ilə tam təkzib edilir. Məhkəmə göstərilən fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillə bağlı olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 127.1-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, X2 zərərçəkmiş şəxs, Şahid3, Şahid1, Şahid2, Şahid4 və Şahid5 şahid qismində verdikləri ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 sentyabr 2023-cü il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 188/23 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 63). - Füzuli RİHB-nın Bala Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası və iki nəfər qardaşı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 61, 62). Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan aydın olur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs cinayət hadisəsini onun bibisi Şahid3 ünvanına zərərçəkmiş şəxs X4 tərəfindən təhqiredici söz deyilməsi səbəbindən, beləliklə də zərərçəkmiş şəxsin əxlaqsız hərəkətinin təsiri altında törətməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə həmin halı həm göstərilən səbəbdən, həm də iş materialları ilə təsdiqini tapmasına görə Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə bununla yanaşı, zərərçəkmiş şəxs X2 məhkəmə istintaqı zamanı ifadəsində təsdiq etdiyi kimi, onunla Təqsirləndirilən şəxs barışıq əldə etməyə cəhd etməsi, sonuncunun əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halı və səbəbini, eləcə də, onun hadisə zamanı üst dodaq nahiyəsində qansızma və döş qəfəsi nahiyəsində qançırdan ibarət, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasını, şəxsiyyətini, iş üzrə cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətinin təsiri altında törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə, konkret olaraq 2 (iki) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar