Məhkəmə qərarları › İş №1(064)-60/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-60/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-60/2023 17.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 və onun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, X2 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayətində X1 19 iyun 2023-cü il tarixdə “Teleqram” kanalında “Xiaomi” adı altında onun şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrənin ardınca “Aytən görüşür. Vpda şəkil atın. 32 yaş” məzmununda SMS yazıb paylaşması, beləliklə də onu əxlaqsız qadın kimi göstərməsi nəticəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla, ona qarşı böhtan cinayət əməlini törətdiyini qeyd etmiş, buna görə də X1 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında ilkin olaraq, məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(003)798/2023 nömrəli qərarı ilə həmin xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə toplanmış materiallar baxılması üçün məhkəmə aidiyyəti qaydasında Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi gəldiyi nəticəni xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 barəsində məlumatların paylaşılmasının göstərildiyi “Teleqram” kanalının xaricdə qeydiyyata alınması, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 isə Füzuli rayonu, Əbdürrəhmanlı kəndində qeydiyyatda olduğuna görə Azərbaycan Respublikasında axırıncı yaşayış yerinin həmin ünvan olması, buna görə də həmin xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə toplanmış materiallara Füzuli Rayon Məhkəməsində baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin gəldiyi nəticə və bununla bağlı etdiyi əsaslandırma ilə razılaşmadığına, həmin xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə toplanmış materiallara məhz Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olmasını hesab etdiyinə görə həmin fikirləri əsaslandırmaq üçün işin müəyyən edilmiş müvafiq prosessual halları, onlara tətbiq edilməli olan cinayət-prosessual qanunvericilik normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətdə X4 barəsində məlumatların paylaşılmasının göstərildiyi “Teleqram” kanalı xaricdə qeydiyyata alındığına görə həmin şikayətə barəsində verilmiş X1 Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə bu baxımdan X1 Azərbaycan Respublikasında axırıncı yaşayış yerinin düzgün olaraq müəyyən edilməsini zəruri hesab edir. “Elektron məhkəmə portalı”ndan əldə edilmiş məlumatdan görünür ki, X3 məcburi köçkündür. Füzuli Rayon İcra Hakimiyyəti başçısının Əbdürəhmanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 5-43-36/2-220 nömrəli arayışda göstərilmişdir ki, X3 Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olsa da, həmin kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyinə görə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır və yaşayır. Qeyd edilənlərdən belə aydın olur ki,: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsi X1 şəxsiyyət vəsiqəsi haqqında məlumatlar əsasında Azərbaycan Respublikasında axırıncı yaşayış yerinin qeydiyyat ünvanı üzrə ünvan 293-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 27 sentyabr 2020-ci il tarixdə işğaldan azad olunması, bu səbəblərdən həmin kənddə hazırda da yaşayışın olmaması, nəticədə həmin kəndin məcburi köçkün olan X1 Azərbaycan Respublikasında axırıncı yaşayış yeri kimi nəzərə alınmasının mümkün olmamasını nəzərə almamışdır. - Məcburi köçkün olan X1 Azərbaycan Respublikasında axırıncı və hazırki yaşayış yeri müvəqqəti qeydiyyata alındığı Bakı şəhəri, ünvan 1 ünvanıdır. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətə X1 Azərbaycan Respublikasında axırıncı yaşayış yaşayış yeri üzrə fəaliyyət göstərən Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də X4 xüsusi ittiham qaydasında şikayətini baxılması üçün düzgün olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikası CPM-in: - 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. - 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 və onun nümayəndəsi Nümayəndə da məhkəmə iclasında qeyd edilən mövqedən çıxış edərək iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olduğunu bildirməklə, bununla bağlı müvafiq məsələnin həll edilməsi üçün toplanmış materialların Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı yarandığına görə həmin məsələnin həll edilməsi üçün müvafiq şikayət üzrə toplanmış materiallar Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsini rəhbər tuturaq, Q Ə R A R A A L D İ: X2 X1 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə toplanmış materiallar məhkəmə aidiyyətinə dair məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar