Məhkəmə qərarları › İş №1(064)-62/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-62/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-62/2023 26.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X3 İdarəsində nəzarətçi işləyən, məhkumluğu olmayan, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Füzuli rayonu 1 saylı Qayıdış qəsəbəsi, 176 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Füzuli rayon İcra Hakimiyyəti başçısınin xx.xx.2017-ci il tarixli, 26 saylı sərəncamına əsasən qohumu X1 Rayon İcra Hakimiyyəti ilə bağladığı xx.xx.2017-ci il tarixli, 18 saylı icarə müqaviləsi əsasinda 45 il müddətinə icarəyə götürdüyü, Füzuli rayonu ərazisində yerləşən, ehtiyat fondu torpaqlarına aid olan 600,0 hektar torpaq sahəsində əkib-becərdiyi taxıl sahəsinə İnqilab Həziyevin şifahi tapşırığı əsasında sonuncunun rəhbərlik etdiyi 4 saylı taxılçılıq təsərrüfatında təsərrüfat üzrə köməkçi işləyən Şahid1 idarə etdiyi “Toyota Prado” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobillə yuxarıda qeyd edilən təsərrüfatda briqadir işləyən Zərərçəkmiş şəxs və qeyriləri ilə birlikdə həmin torpaq sahəsinə baxış keçirmək üçün gəldiklərini görüb oların yanına yaxınlaşmış, onlara həmin torpaq sahəsini özünün icarəyə götürdüyünü bildirib, onlarla şəxsi münüsibətlər zəminində mübahisə edərək Zərərçəkmiş şəxs ilə dalaşmış, dava zamanı yumruq və təpiklə qəsdən Zərərçəkmiş şəxs başına, sifətinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol təpə-gicgah nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol gözaltı-almacıq nahiyəsində isə hematoma xarakterli olmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Beyləqan rayon şöbəsinin 26 yanvar 2023-cü il tarixli, 25/23 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol təpə-gicgah nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol gözaltı-almacıq nahiyəsində isə hematoma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən vurulmuş xx.xx.2023-cü il tarixli teleqramda və özü tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 197.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərərin aradan qalxdığına dair zərərçəkmiş şəxsin məhkəməyə təqdim edilmiş ərizəsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar