Məhkəmə qərarları › İş №1(064)-62/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-62/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-62/2024 03.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 avqust 2024-ci il tarixdə saat 24 radələrində Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində piyada hərəkət edərkən həmkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda sonuncuya onunla spirtli içki içməyi təklif etmiş, onun təklifini qəbul etməməsinə görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yerdən götürdüyü şüşə butulka ilə Zərərçəkmiş şəxs alın nahiyəsinə qəsdən bir dəfə zərbə vurması nəticəsində həmin nahiyədə yaradan ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 24 radələrində yaşadığı Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən küçə ilə yaşadığı evə tərəf piyada gedərkən qarşı tərəfdən gəlmiş, tanımadığı şəxsin idarə etdiyi avtomobilin işıqları onun gözlərini qamaşdırmışdır. Həmin avtomobil yaxınlığında dayandıqdan sonra avtomobildən düşmüş həmkəndlisi Zərərçəkmiş şəxs (bundan sonra – Mirzə) ona tərəf gəlib onunla salamlaşmışdır. O, Mirzəyə avtomobilin işıqlarının onun gözlərini qamaşdırdığını deyəndə Mirzə onun ünvanına nalayiq sözlər və həmin avtomobilin sürücüsünün ondan yaxşı insan olduğunu demişdir. O, Mirzədən onu təhqir etməməsini tələb edəndə Mirzə onun sifət nahiyəsinə yumruqla iki dəfə zərbə vurub onu boğmağa başlamışdır. O, Mirzənin əlindən çıxıb qaçmaq istəyəndə buna gücü çatmadığına görə yerdə olmuş şüşə butulkanı götürüb sonuncunun alın nahiyəsinə bir dəfə zərbə vurmuş və Mirzənin əlindən çıxıb qaçmışdır. Həmin vaxt ətrafda başqa şəxs olmamış, o, sərxoş olmamış, Mirzəyə spirtli içki qəbul etməyi təklif etməmişdir. İş üzrə baş vermiş hadisəni başqa şəxs görməmişdir. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Mirzə onunla barışmış, o, iş üzrə Mirzəyə vurduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də barəsində iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 24 radələrində yaşadığı Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində tanışının idarə etdiyi avtomobildən düşüb piyada yaşadığı evə tərəf gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs (bundan sonra – Cəsur) ilə qarşılaşmış, sonuncu ona düşdüyü avtomobilin işıqlarının gözlərini qamaşdırdığını deməklə irad bildirmiş, o, cavabında bu halın ona aidiyyətinin olmadığını demişdir. Həmin vaxt Cəsur sərxoş vəziyyətdə olmuşdur. Sonuncu ona spirtli içki qəbul etməyi təklif etmiş, o, bu təklifdən imtina edəndə Cəsur əlində olmuş şüşə butulka ilə onun alın nahiyəsinə bir dəfə zərbə vurmuş, onun başından qan axdığını görüb qaçmışdır. Həmin vaxt o, Cəsurə zor tətbiq etməmiş, orada başqa şəxs olmadığına görə iş üzrə baş vermiş hadisəni başqa şəxs görməmişdir. O, dərhal oğlu Bəhrama baş vermiş hadisə barədə mobil telefon vasitəsilə məlumat vermişdir. Sonuncu hadisə yerinə gəlib onu Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmış və DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. O, Cəsurla barışmış, sonuncu ona vurduğu ziyanı tamamilə ödəmişdir. Buna görə də Cəsura qarşı şikayət və tələbi yoxdur. Buna görə də sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, Zərərçəkmiş şəxs ilə işin onunla bağlı olan müvafiq halları barədə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı 13 avqust 2024-cü il tarixli yazılı şikayətindən görünür ki, o, həmin tarixdə Füzuli RPŞ-yə təqdim etdiyi müraciətində 12 avqust 2024-ci il tarixdə saat 24 radələrində Təqsirləndirilən şəxs onun baş nahiyəsinə butulka ilə zərbə vurması nəticəsində xəsarət yetirdiyini göstərib, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh. 8). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxışda iştirak etmiş Zərərçəkmiş şəxs iş üzrə Əhmədbəyli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisindən keçən hissəsində yolun kənarında baş vermiş hadisə yerini göstərmişdir (səh. 11-13). - Məhkəmə-tibb ekspertizasının 13 avqust 2024-cü il tarixli, 521 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş alın nahiyəsində yaradan ibarət xəsarət 12 avqust 2024-cü il tarixdə müxtəlif şəraitdə, o cümlədən şüşə butulka ilə vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir (səh. 23, 24). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittihama dair özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs və Şahid1 verdikləri ifadələri, cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli baxış protokol, məhkəmə-tibb ekspertizasının 13 avqust 2024-cü il tarixli, 521 nömrəli rəyi və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in: - 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. - 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuş hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. - 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələri, eləcə də, məhkəməyə yazılı qaydada təqdim etdikləri yazılı ərizələri əsasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışması, sonuncunun iş üzrə Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəməsi və barəsində iş üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsi ilə razı olması, məhkumluq haqqında tələbnamə (səh. 57) əsasında isə Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmədiyi müəyyən edildiyinə görə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən iş üzrə cinayət təqibinə xitam verilməli və sonuncu cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirinin ləğv edilməsi barədə qərar daxil edilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməli olduğuna görə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübüt və ekspertiza xərci yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CM-in 73.2-ci, Azərbaycan Respublikası CPM-in 43.1.2, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar