Məhkəmə qərarları › İş №1(064)-62/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-62/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-62/2025 07.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Rusiya Fedarasiyası, Tatarıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-nin Füzuli filialında elektrotexnik vəzifəsində işləyən, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanı çəkən, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 29 may 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə 11 aprel 2025-ci il tarixdə, saat 23:50 radələrində Füzuli rayonu, Arayatılı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının dəmir barmaqlıqdan ibarət giriş qapısının üzərində olan kilidi sındırmaqla mağazaya qanunsuz daxil olub sonuncuya məxsus cəmi 384 (üç yüz səksən dörd) manat dəyərində ərzaq məhsullarını və 100 manat nağd pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında oğurluq hadisəsini o, törətmiş, həmçinin o, əvvəllərdə oğurluq etdiyi üçün Füzuli rayon Polis şöbəsində barəsində araşdırma aparılaraq təqsirləndirilməyinə dair cinayət işi baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilib, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hazırda cəzasını çəkir. Oğurluq etdiyi mağazanın sahibi Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, o iş yoldaşının Füzuli rayonu, Horadiz şəhərində keçirilən toy məclisində iştirak edib, orada həddindən artıq dərəcədə spirtli içki qəbul etdikdən sonra saat təxminən 23 radələrində Füzuli rayonu, Horadiz şəhəri ərazisindən çıxıb, orada yerləşən marketlərin birindən spirtli içki olan pivə alaraq içə-içə piyada yaşadığı Füzuli rayonu, Arayatılı kəndi istiqamətində getmişdir. Həmin tarixdə, saat 23:50-də Füzuli rayonu, Arayatılı kəndi ərazisində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yanından keçən zaman sərxoş vəziyyətdə olduğu üçün həmçinin ətrafda başqa şəxslərin olmadığından mağazaya daxil olaraq oradan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə mağazanın giriş qapısına yaxınlaşmış, qapının dəmir barmaqlıqlarının kilidli vəziyyətdə olduğunu görüb, mağazanın yan hissəsində olan kiçik ölçülü armaturu götürüb həmin kilidi qırıb, dəmir barmaqlıqları açıb, daha sonra mağazanın plastik materialdan olan və kilitlənməmiş vəziyyətdə olan giriş qapısını əli ilə açaraq içəri daxil olmuşdur. Bundan sonra o, mağazanın kassa hissəsinə yaxınlaşmış, ilk olaraq orada olan 10, 20 və 50 qəpiklik, həmçinin 1 manatlıq pul əskinaslarını, daha sonra siqaret qutusunda olan “Winchestr”, “Kent 4” “Milano”, “Sobranie” və “Pallmall” markalı siqaretləri, 01 manatlıq Azercell danışıq kartlarını, enerji içkiləri olan “Hell” “Bizon” və “Horss", Snikers şokaladını, Pivə, “Dirol” markalı saqqız, alışqan, çay və orada olan müxtəlif markalı şokoladları oğurlayaraq sellafon torbalara yığmışdır. O həmin mağazada təhlükəsizlik kamerası olduğunu bildiyi üçün mağazanın içərisindəki montaj aparatını, yəni “DVR aparatının naqillərini orada olan rəfin üzərindəki kəlbətini götürərək kəsib aparatı özü ilə götürərək mağazaya daxil olduğu yerdən çölə çıxıb qapını bağlayaraq əvvəlki vəziyyətinə gətirmişdir. Bundan sonra oğurladığı əşyaları, həmçinin kəlbətini, “DVR” aparatını, qırmış olduğu kilidi və armaturu götürüb sellafon torbalardan birinin içərisinə qoyub oradan uzaqlaşıb mağazanın arxa hissəsinə yerləşən su kanalının yanına gedərək oğurluğun onun tərəfindən törədildiyinin bilinməməsi üçün içərisində kəlbətin, “DVR” aparatını, qırmış olduğu kilidi, armaturu və həmin sellafon torbanın içərisində olan oğurladığı əşyaların bir hissəsini su kanalına tullamışdır. Həmçinin həmin vaxt o, sərxoş vəziyyətdə olduğu üçün danışıq kontorlarını və oğurladığı nağd pulları da su arxına tullamışdır. Bundan sonra o oğurladığı əşyaları gizlətmək üçün həmin yerdən bir qədər kənarda yerləşən əmisinə məxsus və hazırda yaşayış olmayan evin həyətinə gedərək oğurladığı əşyaları orada gizlətmişdir. Həmçinin oğurladığı sulardan bir neçəsini içmiş, yerdə qalan oğurladığı əşyaları isə həmin ərazidə gizlədərək yaşadığı evə getmişdir. O, növbəti gün etdiyi əməldən peşman olduğu üçün oğurladığı əşyaları gizlətdiyi yerə getməmiş və onları istifadə etməmək qərarına gəlmişdir. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət edən zaman o, etdiyi oğurluğun onun tərəfindən törədilməsini öyrəndiklərini bildiyi üçün olanları səmimi olaraq etiraf edərək etdiyi əməldən peşman olduğunu bildirmişdir. Onun oğurluq etməyindən heç kimin məlumatı olmayıb, o, bu barədə heç kimə məlumat verməmiş, həmçinin oğurluq edən zaman onu heç kim görməmişdir. O, sözü gedən hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün, həmçinin hava qaranlıq olduğu üçün yuxarıda qeyd etdiklərindən başqa oğurladığı əşyaların tam olaraq adlarını və dəqiq sayını bilməmişdir. O, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ona məxsus ərzaq mağazasından hər birinin qiyməti 2 (iki) manat olmaqla ümumilikdə 40 manat dəyərində 20 qutu “Milano" markalı, hər birinin qiyməti 3(üç) manat olmaqla ümumilikdə 75 manat dəyərində 25 qulu “Winchester” markalı, hər birinin qiyməti 3(üç) manat olmaqla ümumilikdə 45 manat dəyərində 15 qutu “PalİMalİ” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik (dörd manat əlli qəpik) olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Kent 4” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik (dörd manat əlli qəpik) olmaqla ümumilikdə 45 manat dəyərində 10 qutu “Sobranie” markalı siqaretləri, hər birinin qiyməti 50 (əlli qəpik) qəpik olmaqla ümumilikdə 5 manat dəyərində 10 ədəd alışqanı, hər birinin qiyməti 1 manat 40 qəpik (1 manat qırx qəpik) olmaqla ümumilikdə 14 manat dəyərində 10 ədəd “Snigkers” markalı, hər birinin qiyməti 60 qəpik (altmış qəpik) olmaqla ümumilikdə 12 manat dəyərində 20 ədəd “Super" markalı, hər birinin qiyməti 50 qəpik (əlli qəpik) olmaqla ümumilikdə 5 manat dəyərində 10 ədəd Touristy” markalı şokoladları, hər birinin qiyməti 60 qəpik (altmış qəpik) olmaqla ümumilikdə 3 manat dəyərində 5 ədəd “Dirol” markalı saqqızı, hər birinin qiyməti 2 (iki) manat olmaqla ümumilikdə 4 manat dəyərində 2 ədəd “Berqa” markalı çayı, hər birinin qiyməti 40 qəpik (qırx qəpik) olmaqla ümumilikdə 2 manat dəyərində 5 ədəd “Patron” markalı tum ləpəsini, hər birinin qiyməti 50 qəpik (əlli qəpik) olmaqla ümumilikdə 5 manat dəyərində 10 ədəd “Patron” markalı tumu, hər birinin qiyməti 2 manat 20 qəpik (iki manat 20 qəpik) olmaqla ümumilikdə 11 manat dəyərində 5 ədəd “Xırdalan” markalı spirtli içki olan pivəni, hər birinin qiyməti 1 (bir) manat olmaqla ümumilikdə 10 manat dəyərində 10 ədəd “Bizon” markalı, hər birinin qiyməti 1 (bir) manat olmaqla ümumilikdə 5 manat dəyərində 5 ədəd “Hell” markalı, hər birinin qiyməti 60 qəpik (altmış qəpik) olmaqla ümumilikdə 3 manat dəyərində 5 ədəd “Horss” markalı enerji içkiləri, cəmi 10 manat dəyərində 10 ədəd 1 manatlıq danışıq kontorları və 100 manat nağd pulun oğurlanması nəticəsində ona ümumilikdə 484 (dörd yüz səksən dörd) manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs, həmçinin onu da bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və onunla barışmış, bu səbəbdən ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid Müseyib qızı ifadəsində bildirmişdir ki, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Həmin kənd ərazisində onların ailəsinə məxsus ərzaq mağazası vardır. Həmin mağazanı həyat yoldaşı Zərərçəkmiş şəxs və özü işlədir. Belə ki, gündüz vaxtlar mağazada o, olur, həyat yoldaşı isə axşamlar mağazada olur və həyat yoldaşı gəldikdən sonra o, yaşadığı evə gedir. 11 aprel 2025-ci il tarixdə, saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs mağazaya gəlmiş, o, isə yaşadığı evə getmişdir, həmin tarixdə saat təxminən 23 radələrində Rizvan mağazanı bağlayaraq yaşadığı evə gəlmişdir. 12 aprel 2025-ci il tarixdə saat 07 radələrində Rizvan mağazaya getdikdən sonra ona zəng edərək mağazanın giriş qapısında olan kilidin üzərində olmadığını, mağazadan oğurluq olduğunu demişdir. Bundan sonra o, da mağazaya gedib mağazaya daxil olaraq içəriyə baxan zaman mağazanın təhlükəsizlik kamerasının montaj aparatının yerində olmadığını, həmçinin naqillərinin kəsilmiş olduğunu görmüş, daha sonra mağazaya diqqət yetirən zaman tütün məmulatlarının, yəni siqaret qutularının, nağd pulun, danışıq kartlarının, həmçinin müəyyən ərzaq məhsullarının yerində olmadığını bilmişlər. Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək müəyyən yerlərdən barmaq izləri götürmüşlər. Sonradan müəyyən edilmişdir ki, onlara məxsus ərzaq mağazasında oğurluq etmiş şəxs həmkəndliləri Təqsirləndirilən şəxsdur, həmin şəxs həyat yoldaşına dəymiş maddi ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır. Cinayət işinin 46-48-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-11/2- 4849/2025 nömrəli məktubda göstərilmişdir ki, Füzuli RPŞ-nin məktubu vasitəsi ilə Füzuli rayonu, Arayatılı kənd sakini vət. Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin ovuc (stolun üstündən götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan Zərərçəkmiş şəxsnın xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Polis Şöbəsinə ünvanladığı ərizə əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Bu səbəbdən dəymiş maddi zərərlə bağlı ondan şikayət və tələbi yoxdur. Cinayət işinin 102-107-ci vərəqəsində olan Füzuli rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(064)-32/2024 №-li hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin məktubunda göstərilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü Füzuli rayonu, Arayatılı kənd sakini Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüş və hazırda cəzanın çəkilməsi davam edir. Cinayət işinin 101-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli 18-1-36/2-730/2025 nömrəli “Füzuli rayon mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs rayon mərkəzi xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəzasını çəkir. İş materiallarına əlavə edilmiş vəsiqənin sürəti əsasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs “İİ Qarabağ müharibəsi” iştirakçısıdır. Həmçinin iş materiallarında olan vəsiqələr əsasında müəyyən olunur ki, o,”Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Həmçinin məhkəmə iş materialları əsasında müəyyən edir ki, Təqsirləndirilən şəxs Füzuli rayon İcra Hakimiyyəti Başçısının Arayatılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməyə əsasən həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini və Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən “İİ Qarabağ müharibəsi” iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları nəzərə almaqla Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)- 32/2024 saylı hökmü ilə təyin olunmuş və 07 oktyabr 2025-ci il tarixinə çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin pridmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(064)- 32/2024 saylı hökmü ilə təyin olunmuş və 07 oktyabr 2025-ci il tarixinə çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Füzuli rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 20 qutu “Milano” markalı, 18 qutu "Winchester” markalı, 08 qutu “PalİMalİ” markalı siqaretlərin, 04 ədəd alışqan, 20 ədəd “Super” markalı, 10 ədəd “Touristy” markalı şokoladların, 4 ədəd “Dirol” markalı saqqızın, 01 ədəd “Berqa” markalı çayın, 5 ədəd “Patron” markalı tum ləpəsinin, 5 ədəd “Patron” markalı tumun, 4 ədəd “Xırdalan” markalı spirtli içki olan pivənin, 7 ədəd “Bizon” markalı, 4 ədəd “Hell" markalı, 02 ədəd “Horss” markalı enerji içkilərinin maddi sübut kimi tanınaraq qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar