Məhkəmə qərarları › İş №1(064)-65/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-65/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-65/2025 09.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2a yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə tərtib edilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Qayıdış qəsəbəsi 3, ev-101 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yaşadığı atası evinə getmiş, hamam otağında həyat yoldaşı Zərərçəkmiş şəxs kiminləsə telefonla görüntülü danışdığını görüb qapını döymüş, Zərərçəkmiş şəxs qapının azyaşlı uşaqları tərəfindən döyülməsini zənn edib qapını açmış, Təqsirləndirilən şəxs cibində gəzdirdiyi təhqiqata məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vuraraq sol çiyin nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Sevinc ilə 2019-cu ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, nikahlarından iki uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə aralarındakı münasibətlər pozulduğundan Sevinc öz valideynlərinin yanında qalır. Həmçinin bildirmişdir ki, Sevinc aralarındakı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, 5 saylı Qayıdış qəsəbəsində yerləşən, qaynatası Malikə məxsus evə, küsülü olduğu, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışmaq üçün getmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs hamamdan səsinin gəldiyini eşidib hamamın pəncərəsindən içəri baxdıqda həyat yoldaşı Zərərçəkmiş şəxs ilə baldızı Arzu Məmmədovanın telefonla görüntülü kiminləsə danışdığını görüb əsəbləşərək qapını döymüş, həyat yoldaşı Zərərçəkmiş şəxs qapını açdıqda cibində gəzdirdiyi dəstəyi qara kauçukdan olan qatlanan bıçaqla qəsdən sol çiyin nahiyəsinə bir bıçaq zərbəsi vuraraq ona bədən xəsarəti yetirmiş, daha sonra hadisə yerindən uzaqlaşıb həmin bıçaqı qəsəbə ərazisinin kənarından keçən su kanalına atmışdır. Hazırda əməlindən peşmandır. Bundan sonra Zərərçəkmiş şəxs uzaq duracaqdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2019-cu ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, nikahlarından iki uşaqları doğulmuşdur. Təqsirləndirilən şəxs ilə aralarındakı münasibətlər pozulduğundan o öz valideynlərinin yanında qalır. Həmçinin bildirmişdir ki, o, aralarındakı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində atası Malikə məxsus evdə olarkən, bacısı Arzu Məmmədova hamama getmiş, o, bacısı Arzu Məmmədovaya bir neçə dəqiqə sonra paltar aparmış, hamamda olarkən qapı döyülmüş, qapının azyaşlı uşaqları tərəfindən döyüldüyünü başa düşüb qapını açmış, qapının qarşısında olan şəxsin həyat yoldaşı Təqsirləndirilən şəxs olduğunu görmüş, Təqsirləndirilən şəxs əlində olan bıçaqla onun sol çiyin nahiyyəsinə qəsdən bir zərbə vuraraq ona bədən xəsarəti yetirmiş, bacısı Arzu Məmmədova ilə qapını çəkib bağlamış, Təqsirləndirilən şəxs qapını açmağa çalışsa da qapını aça bilməyib hamamın pəncərəsində olan və bacısı Arzu Məmmədovaya məxsus mobil telefonu götürüb çıxıb getmişdir. O, Təqsirləndirilən şəxsla barışmamış, sonuncuya qarşı şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini və təqsirləndirilən şəxsin ondan uzaqlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bacısı X5 izahatında göstərilən xüsusatları mahiyyəti üzrə tam olaraq təsdiqləmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2021-ci il tarixdə 19 nömrə ilə Füzuli rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Polis Şöbəsinə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə həyat yoldaşı Təqsirləndirilən şəxs onu bıçaqla vurub ona bədən xəsarəti yetirdiyini göstərərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. -İlkin yoxlama zamanı hadisə yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs bıçaqla həyat yoldaşı Zərərçəkmiş şəxs vurduğu yeri təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək toplanmış materiala əlavə edilmişdir. - Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müsdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Mərkəzinin Füzuli regional MTE bölməsindən tibbi müayinədən keçirilməsi barədə xx.xx.2025-ci il tarixli, 814/25 nömrəli canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinin kəsilmiş yarasıkəsici deşici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2025) və şəraitdə yetirməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Füzuli Rayon Mərkəzi Xəstəxanasının 29 iyul 2025-ci il tarixli, 18-1-36/2-787/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon X3 və Ruhi-Əsəb kabinetində qeydiyyatda olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixliı məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının sonu ilə ələqədar olaraq şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş və öz müdafiəsi üçün dəlil gətirməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əməlini səmimi etraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzadan nisbətən az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı belə zorakılığının mütəmadi xarakter daşımamasına görə preventiv tədbirlərin görülməsi zərurətidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Opuz Türkiyəyə qarşı” işi üzrə 9 iyun 2009- cu il tarixli qərarında, dövlət orqanlarının ərizəçini və ailəsini ailədaxili zorakılıqdan müdafiə etmək üçün adekvat tədbir görməmələri səbəbindən Konvensiyanın 3-cü maddəsinin, məhkəmə sisteminin ciddi ailədaxili zorakılıq hallarına qarşı adekvat reaksiyanı təmin etməməsinə görə Konvensiyanın 14-cü maddəsinin pozuntusu kimi tanımışdır. Avropa Məhkəməsinin bir cox qərarlarına o cümlədən “Hajduova Slovakiyaya qarşı”, “Bevacqua və S.v. Bolqarıstana qarşı”, “X2rşı” işi üzrə qəbul etdiyi qərarlara nəzər yetirdikdə, Konvensiyanın fərdin yaşamaq hüququnu tənzimləyən 2-ci, işgəncəni qadağan edən 3-cü, şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı 13-cü, ayrıseçkiliyi qadağan edən 14-cü, ər və arvadın bərabər hüquqlarını tənzimləyən 7 saylı protokolun 5-ci, ayrı-seçkiliyə ümumi qadağanı nəzərdə tutan 12 saylı protokolun 1-ci maddələrinin məişət zorakılığı halları nəticəsində daha çox pozulduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin həyat yoldaşına qarşı fiziki zorakılıq törətdiyini, hazırda tərəflərin boşanma ərəfəsində olduqlarını nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən o cümlədən rabitə və sair vasitələr vasitəsilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Cinayət işi üzrə maddi sübut, verilmiş mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəldilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Eyni zamanda Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla, zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə və sair vasitələr vasitəsilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar