Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-70/2025 09.12.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1966-cı il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, hazırda barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir, ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qəsdən satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyi xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq öz üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq 01 ədəd kibrit qutusunda təmiz çəkisi xeyli miqdarda -5,61 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib əynində olan şalvarın yan cibində qanunsuz olaraq saxlamaqla Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində qanunsuz olaraq daşımışdır. Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 12 iyun 2025-ci il tarixdə saat 19:05-də Təqsirləndirilən şəxs Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində özünü şübhəli aparması səbəbindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qəsdən şəxsi istifadəsi üçün əldə edərək qanunsuz olaraq əynində olan şalvarın yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi -5,61 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, uzun illərdir ki, nəşə adı ilə tanıdığı narkotik vasitə marixuanadan istifadə edir, narkotik vasitəni siqaretə dolduraraq qəbul edir. İstifadəsində 050 *** ** ** saylı mobil nömrəsi vardır, həmin mobil nömrə oğlu Sənan Aslanovun adına qeydiyyatdadır. Həmin mobil nömrəni uzun müddətdir ki, istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. 12 iyun 2025-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsə məxsus taksi ilə Xankəndi şəhərinə getmişdir. Həmin gün Xankəndi şəhərində olarkən sahibsiz evlərə baxarkən oradan bir ədəd kibrit qutusu diqqətini çəkmiş, həmin kibrit qutusunu açıb baxarkən içində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olan marixuana olmasını görmüşdür. Həmin kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı kibrit qutusu ilə birlikdə götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin gün axşam tərəfi Xankəndindən çıxaraq tanımadığı yol maşınları ilə yaşadığı Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisinə gəlmişdir. 12 iyun 2025-ci il tarixdə saat təxminən 19 radələrində Böyük Bəhmənli kəndi ərazisində mağazanın qarşısında gəzərkən əvvəldən tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olmasını bildirmişlər və ondan üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşduqda polislərə üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində dövlət hesabına vəkil təyin olunmuş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibində saxladığı bir ədəd kibrit qutusunda narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Hər hansı şəxs narkotik vasitə satmamış və pay verməmişdir. Üzərində narkotik vasitə olmasından hər hansı şəxsin məlumatı olmamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zor tətbiq olunmamış, özü səmimi olaraq polis əməkdaşlarına üzərində olan narkotik vasitə olmasını etiraf etmişdir. Həm özü son sözündə, həm də müdafiəçisi məhkəmə çıxışında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsinin nəzərə alınaraq, barəsində yüngül cəzasının təyin edilməsini xahiş etmişlər. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində isə 2025-ci ildən yəni xidmət edir, polis kapitanı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs əvvəldən tanımamış, kim olmasını bilməmişdir. Onunla əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 12 iyun 2025-ci il tarixdə saat 19 radələrində Post Patrul Xidməti bölüyünün taqım komandiri polis leytenantı Şahid3, Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid4 və X5 kiçik inspektoru polis baş serjantı Şahid2 ilə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olarkən adının sonradan Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxs onları görərkən özünü şübhəli aparmağa başlamışdır. Belə ki, tələsik halda onlardan aralanmaq istəmiş, Təqsirləndirilən şəxs bu hərəkətlərini görərək ona yaxınlaşıb saxlamışlar. Bundan sonra özlərini təqdim edib üzərində hər hansı qadağan olunmuş əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edərək gətirmişlər. Polis şöbəsində Şahid3 raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmiş və raportun araşdırılması təhqiqat bölməsinin təhqiqatçısı Mahir Abbasova həvalə olunmuşdur. X7 Aslanovu şübhəli şəxs qismində vəkilin iştirakı ilə tutmuş və bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon, 20 manat məbləğində pul, siqaret və içində yaşıl rəngli narkotik vasitəyə bənzər kütlələr olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. Bundan sonra həmin kütlələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid2 işin əsas mahiyyəti üzrə yəni, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamış, kim olmasını bilməmişdir. Onunla əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 12 iyun 2025-ci il tarixdə saat 19 radələrində o, Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1, Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid4 və X5 kiçik inspektoru polis baş serjantı Şahid2 ilə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olarkən adının sonradan Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxs onları görərkən özünü şübhəli aparmağa başlamışdır. Belə ki, tələsik halda onlardan aralanmaq istəmiş, Təqsirləndirilən şəxs bu hərəkətlərini görərək ona yaxınlaşıb saxlamışlar. Bundan sonra özlərini təqdim edib üzərində hər hansı qadağan olunmuş əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edərək gətirmişlər. O, raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmiş və raportun araşdırılması təhqiqat bölməsinin təhqiqatçısı Mahir Abbasova həvalə olunmuşdur. X7 Aslanovu şübhəli şəxs qismində vəkilin iştirakı ilə tutmuş və bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon, 20 manat məbləğində pul, siqaret və içində yaşıl rəngli narkotik vasitəyə bənzər kütlələr olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. Bundan sonra həmin kütlələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışdır. Məhkəmə iclasında iş materialları tədqiq edilmişdir: Belə ki, ibtidai istintaq zamanı Füzuli rayon X6 bölməsinin təhqiqatçısı, polis kapitanı Mahir Abbasov tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli «Şəxsi axtarış aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarının sağ yan cibindən markalı mobil telefon, bir ədəd özü üçün istifadə etdiyi içərisində qurudulmuş marixuana olduğunu bildirdiyi kibrit qutusu, şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq kağız pul əskinazları və həmçinin üzərində olan qırmızı rəngli qısaqol köynəyin sol sinə cibindən “X7” markalı siqaret qutusunu təqdim etmişdir. Üzərinə şəxsi axtarış aparıldıqda isə əlavə heç bir əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin “Redmi 12” markalı mobil telefonun telefon kaburasından bir ədəd “Azərişıq” abonent kartı, bir ədəd “Birbank” bank kartı, bir ədəd “Azəriqaz” abonent kartı olmaqla 03 ədəd plastik kart aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə kibrit qutusu birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi-8.8 qram olmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq Füzuli RPŞ-nin «Zərflər üçün 114» №-li möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış keçirilən zaman videokamera ilə qeydə alınmış videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş “Məhkəmə-bioloji ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizanın 13 iyun 2025-ci il tarixli 18/463 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,61 qram olan bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə bir ədəd kibrit qutusunda təmiz çəkisi- 5,61qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 14 iyun 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 5,59 qram narkotik vasitə qurudulmuş marixuananın Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmalıdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3923 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəxsi axtarış aparılması haqqında protokolda isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin 8,8 qram olması göstərilmiş, həmçinin həmin narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Məhkəmə bioloji ekspertizasının 13 iyun 2025-ci il tarixli 18/463 nömrəli rəyində isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisinin 5,61 qram olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən ekspert rəyi daha dəqiq və düzgün olduğuna görə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisinin ekspert rəyində göstərilən çəkidə olması qəbul edilməlidir. Təqsirləndirilən şəxs məxsus “Redmi 12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən 15 iyun 2025-ci il tarixli qəbzlə ona geri qaytarılmışdır. Həmin mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İstintaq zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil nömrəsindən 13 iyun 2024-cü il tarixdən, 13 iyun 2025-ci il tarixədək olan müddət ərzində daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsini, anten dairələrini, qəbul edilən və ötürülən mesajların mətninin, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən götürülməsi ilə bağlı Füzuli rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli 5(064)-40/2025 nömrəli qərarı ilə müvafiq olaraq "xxxx" MMC-dən mobil operatorundan götürülmüşdür. Həmin qərar əsasında Füzuli RPŞ-yə daxil olmuş "xxxx" MMC-nin 28 iyul 2025-ci il tarixli, 18368 №-li nömrəli məktubunda Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədəki məlumatlar 1 (bir) ədəd CD diskdə göndərilmişdir. Həmin məktubla göndərilmiş 1 (bir) ədəd CD disk “Lenovo” markalı komputerə yerləşdirilməklə həmin diskdə olan məlumatlara tərəfimdən baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: - Təqdim edilmiş bir ədəd disk ağ rəngli xüsusi boya ilə boyanmışdır. Üzərində göy rəngli kapilyar qələmlə “8525” rəqəmləri yazılmışdır. Təqdim edilmiş həmin disk «Windows 7» proqram təminatı ilə işləyən personal kompüterin disk ötürücüsünə qoyularaq açıldıqda diskdə bloknot tipli «505357515_sms.txt», “**********15.txt”, «abuneciler.xls», «antena2024.xls» və «antena2025.xls» adlı fayllar olmaqla cəmi beş ədəd fayllar vardır. Bloknot tipli həmin fayllara baxan zaman iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı məlumatlar aşkar olunmamışdır. "xxxx" MMC-nin 28 iyul 2025-ci il tarixli, 18368 nömrəli məktubla göndərilmiş təsirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələri ilə aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş 15 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Füzuli RPŞ-dən verilmiş əməliyyat tapşırığının cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün öz üzərində saxlayaraq daşıması, həmçinin Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması halı müəyyən olunmamışdır Füzuli mərkəzi rayon xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyata alınmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Əməlindən səmimi peşman olması, yaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlilərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, yaşını və iş üzrə törətdiyi əməli etiraf edib onlardan səmimi peşman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının, konkret olaraq 02 (iki) il 06 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə, saat 19:50-də təhqiqatçı Mahir Abbasov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, faktiki azadlığı isə polis əməkdaşları tərəfindən saxlanıldığı 12 iyun 2025-ci il tarix, saat 19:05-dan məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs 14 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində həmin tarixli qərarla “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, həmin tarixdə Füzuli Rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən tutulmadan azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 14 iyun 2025-ci il tarixli qərarla elan olunmuş ittiham 31 avqust 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla qüvvədə saxlanılmış və “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə maddi sübut – 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə bir ədəd kibrit qutusunda təmiz çəkisi- 5,61qram bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 14 iyun 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və ekspert tədqiqatından sonra qalıq qalmış 5,59 qram narkotik vasitə qurudulmuş marixuananın Füzuli rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. İş üzrə məhkəmə xərci – “məhkəmə-bioloji ekspertizası” üçün 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Cinayət işi üzrə maddi ziyan və mülki iddia yoxdu, eləcə də əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdən (saat 19:05-dən) 14 iyun 2025-ci il tarixədək (saat 12:20-dək) iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəflərinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5,59 qram təşkil edən marixuana məhv edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-70/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-70/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver