Məhkəmə qərarları › İş №1(064)-8/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-8/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-8/2024 19.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla tutulanadək orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olmaqla, ümumi təmiz çəkisi 6,29 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı - Füzuli rayonu, Kürmahmudlu kənd sakini Şahid5 satmaq məqsədi ilə sonuncu ilə 14 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən kənd icra nümayəndəliyinin binasının yaxınlığında görüşməklə, satıb qazanc əldə etmək məqsədilə üzərində olan 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olmaqla, ümumi təmiz çəkisi 6,29 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 40 manat pula Şahid5 satmış, o, 14 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olan Füzuli rayon Polis şöbəsinin əməkdaşlarını görüb qaçmaq istəyərkən polis əməkdaşları onu və Şahid5 narkotik vasitələrin aludəçisi kimi tanıdıqlarından və onların üzərlərində narkotik vasitə olması şübhəsi olduğu üçün kənd icra nümayəndəliyinin binasının yaxınlığında saxlayıb hər ikisini Füzuli rayon X4 rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 114 ünvanında yerləşən inzibati binasına gətirmiş, Şahid5 üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan ondan qanunsuz olaraq 40 manat pul müqabilində alıb əldə etməklə üzərində saxladığı 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda hər birinin təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olan, ümumilikdə isə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,29 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək bildirdi ki, o, narkotik vasitələrin istifadəçisidir. 4 sentyabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırıldıqdan sonra Füzuli rayonu, Kürdmahmudlu kənd sakini İlkinlə tanış olmuşdur. Bir müddətdən sonra İlkinlə danışıqlar zamanı ikisinin də narkotik vasitə istifadəçisi olmaları bir-birilərinə məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, narkotik vasitə olubolmadığını soruşmuşdur. O, da cavab olaraq 4 büküm narkotik vasitə olan marixuna olduğunu demiş, bu zaman Şahid5 onunla görüşmək istədiyi üçün Füzuli rayonu, Böyük Bəhmənli kəndinə gələcəyini demişdir. Bir müddət sonra İlkin ona zəng edərək, Füzuli rayonunun Böyük Bəhmənli kəndinə çağırmışdır. O, da İlkinin ona dediyi yerə gedərək orada İlkinlə görüşmüşdür. Bu zaman İlkin onda olan narkotik vasitəyə baxmaq istəmiş və o, cibində olan 2 bükümdə narkotik vasitə olan marixuananı İlkinə göstərmişdir. Əslində həmin gün İlkinlə kafedə görüşüb həmin narkotik vasitəni istifadə etməli idilər. Bundan sonra, İlkin polis əməkdaşlarının onlara yaxınlaşdığını dediyi üçün onlar birlikdə polis əməkdaşlarından uzaqlaşmaq üçün qaçan zaman polis əməkdaşları onları saxlayıb Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. O, İlkinə narkotik vasitə satmamış, sadəcə olaraq ona iki büküm narkotik vasitə göstərmiş və İlkindən pul almamışdır. O, özünü narkotik vasitələri saxlamaqda təqsirli bilir. Onun üzərində cəmi iki büküm narkotik vasitə olmuş və çəkisi az, yəni 029 qram olmuşdur. İbtidai istintaq zamanı fiziki və psixi təsirlərə məruz qaldığından öz əleyhinə ifadə vermək məcburiyyətində qalmışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. O, təxminən 8 ay bundan əvvəl narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. 04 sentyabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırıldıqdan sonra Xocavənd rayonu ərazisində təlimlərdə olan zaman Füzuli rayonu, Kürdmahmudlu kənd sakini İlkin adlı şəxslə tanış olmuş, həmin şəxslə Xocavənd rayonu ərazisində keçirilən təlimlərlə əlaqədar qaldıqları 5-6 gün müddətində münasibətləri yaranmış və İlkinlə danışıqlar zamanı narkotik vasitə istifadəçisi olmaları bir-birilərinə məlum olmuşdur. Onlar münasibətləri yarandığı üçün bir-birilərinin mobil telefon nömrələrini telefonlarında qeyd etmişlər və planlaşdırmışlar ki, Füzuli rayonuna qayıdan zaman görüşsünlər. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, hal-əhval tutduqdan sonra narkotik vasitə olan marixuana olubolmadığını soruşmuş, o, da cavab olaraq, 4 büküm narkotik vasitə olan marixuana olduğunu demiş, bu zaman Şahid5 onunla görüşmək istədiyi üçün Füzuli rayonu, Böyük Bəhmənli kəndinə gələcəyini demişdir. Təxminən 1 saat sonra İlkin ona zəng edərək, Füzuli rayon, Böyük Bəhmənli kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığında olduğunu demiş, o, da İlkinin ona tərif etdiyi yerə gedərək, İlkinlə görüşmüşdür. Bu zaman İlkin onda olan 4 büküm narkotik vasitəyə baxmaq istəmiş və o, cibində olan 4 ədəd kağız bükümdə narkotik vasitə olan marixuananı İlkinə göstərmişdir. İlkin bükümləri açaraq içərisindəki narkotik vasitəyə baxdıqda bükümlərin balaca olduğunu demiş, o, İlkinə 2 bükümü bir dəfəyə istifadə etməyi təklif etmişdir. İlkin isə onunla birlikdə narkotik istifadə etməyə razılaşmamış, 4 bükümün qarşılığında 2 ədəd 20 manatlıq pul əskinasını ona vermiş, o, da həmin pulu cibinə qoymuşdur. Bundan sonra İlkin ona polis əməkdaşlarının onlara yaxınlaşdığını dediyi üçün onlar birlikdə polis əməkdaşlarından uzaqlaşmaq üçün qaçan zaman polis əməkdaşları onları saxlayıb Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasında öz razılığı əsasında videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, həmin vaxt üzərindən narkotik vasitə aşkar edilməmişdir. O, həqiqətən də Şahid5 Füzuli rayonu, Böyük Bəhmənli kəndinə 40 manat pul qarşılığında 4 büküm narkotik vasitə olan marixuana satmış və Füzuli rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş 2 ədəd 20 manatlıq pul əskinasını Şahid5 aldığı narkotik vasitəninin qarşılığında ona vermişdir. O, həmin narkotik vasitəni Yevlax rayon sakini, özünü ona Fərid adlı ilə tanıdığı şəxsdən pulsuz olaraq almışdır. İfadə verməmişdən əvvəl və ifadə verərkən ona heç bir fiziki və ya psixoloji zor tətbiq olunmamışdır. Şahid (digər cinayət işi üzrə təqsirləndirilən şəxs) Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxslə Səfərbərlik və Hərbi Çağırış üzrə xidmətdə tanış olmuş və onunla danışıqlar zamanı ikisinin də narkotik vasitə qəbul etmələri bir-birilərinə məlum olmuşdur. Tanış olduqdan sonra bir-birilərinə mobil telefon nömrələrini vermişlər və bundan sonra 3-4 dəfə telefonla danışmışlar. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində narkotik vasitə qəbul etmək istəmiş və istifadəsində olan mobil telefonla Ümidin mobil nömrəsinə zəng edərək narkotik vasitə olan marixuana olub-olmadığını soruşmuşdur. Ümid hazırda üzərində narkotik vasitə olan marixuana olduğunu, almaq istəyirsə Böyük Bəhmənli kəndinə gəlməyini bildirmişdir. O, da bir müddətdən sonra avtomobillə Böyük Bəhmənli kəndi ərazisinə gedərək Ümidlə görüşmüşdür. Ümidlə danışıqlar zamanı ona marixuana lazım olduğunu söyləmiş, Ümid də ona cavab olaraq üzərində dörd büküm narkotik vasitə olduğunu, bir bükümünü 10 manata satdığını demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə razılaşaraq ona verdiyi içərisində narkotik vasitə hesab edilən marixuana olan 4 bükümə görə Təqsirləndirilən şəxs 40 manat vermişdir. Bu zaman anidən Ümid polislərin gəldiyini, tez qaçmalarını söyləmiş və onlar birlikdə oradan qaçmaq istəyən zaman tanımadığı polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları Füzuli rayon Polis Şöbəsinə aparmışlar. O, həmin vaxt polis əməkdaşlarına üzərində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni Ümiddən aldığını bildirmiş, bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə gətirmişlər. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman o, şalvarının sağ yan cibindəki içərisində narkotik vasitə hesab edilən marixuana olan 4 ədəd bükümü çıxararaq təqdim etmişdir. Onun üzərindən 4 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunsa da çəkisi 6,29 qramdan az olmuşdur. Lakin həmin narkotik vasitəni Ümiddən pul verib almışdır. Bundan əvvəl Ümidlə alış-verişi olmamışdır. Şahid Füzuli RPŞ Narkotiklərlə Mübarizə qrupunun əməkdaşı polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 14 sentyabr 2023-cü il tarixdə Füzuli rayon Polis Şöbəsinin digər əməkdaşları ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində xidmətdə olarkən narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdıqları Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs ilə narkotik vasitə istifadəçisi kimi tanıdıqları Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Şahid5 bir yerdə söhbət etdiklərini görmüşlər. Həmin şəxslər özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşmaq istəmişlər. Bu zaman həmin şəxslər onları görüb qaçmışlar. Həmin şəxsləri saxladıqdan sonra qaçmalarının səbəbini soruşduqda, həmin şəxslər birbirinə zidd fikirlər ifadə etməyə başlamışlar. Onları Füzuli rayon Polis Şöbəsinə gətirmişlər. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Əvəz Həsənli tərəfindən onun iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış keçirilərkən Şahid5 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağıza bükülü vəziyyətdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 4 ədəd bükümü çıxardıb təqdim etdiyini görmüşdür. Şahid5 həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitəni Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Ümid adlı şəxsdən 40 manat pul qarşılığında aldığını deməsini eşitmişdir. Bundan sonra, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan boz rəngli gödəkçənin sol cibindən 2 ədəd 20 manatlıq aşkar edilməsini görmüşdür. Şahid Füzuli RPŞ Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində Füzuli rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 Rafayıl oğlu, Füzuli RPŞ NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman saat 17-18 radələrində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdıqları Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs ilə narkotik vasitə aludəçisi kimi tanıdıqları Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Şahid5 bir yerdə söhbət etdiklərini görmüşlər. Həmin şəxslər şübhəli davranışlar etdikləri üçün onlara yaxınlaşmağa qərar vermişlər. Bu zaman həmin şəxslər qaçmaq istəyərkən onları saxlamışlar. Həmin şəxsləri saxladıqdan sonra qaçmalarının səbəbini soruşduqda, həmin şəxslər bir-birinə zidd fikirlər ifadə etməyə başlamışlar. Onların etdikləri bu şübhəli danışıqlara və hərəkətlərə görə onları Füzuli rayon Polis Şöbəsinə gətirərkən Şahid5 onu rayon Polis Şöbəsinə aparmamalarını, üzərində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitə olan marixuananı yanında olan Təqsirləndirilən şəxs 40 manata aldığını bildirmişdir. Bundan sonra, hər iki şəxsi rayon polis şöbəsinə gətirmişlər. Füzuli rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Əvəz Həsənli tərəfindən onun iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış keçirilərkən Şahid5 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağıza bükülü vəziyyətdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 4 ədəd bükümü çıxardıb təqdim etdiyini görmüş və Şahid5 həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitəni Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Ümid adlı şəxsdən 40 manata aldığını deməsini eşitmişdir. Bundan sonra, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan boz rəngli gödəkçənin sol cibindən 2 ədəd 20 manatlıq aşkar edilməsini görmüşdür. Şahid Füzuli RPŞ Cinayət-Axtarış bölməsinin əməkdaşı polis kiçik leytenantı Şahid4 Rafayıl oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, 14 sentyabr 2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində icra nümayəndəliyinin yaxınlığında Füzuli RPŞ NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 və NMQ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olan zaman saat 17-18 radələrində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanıdıqları Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs ilə narkotik vasitə aludəçisi kimi tanıdıqları Füzuli rayonu, Kürdmahmudlu kənd sakini Şahid5 bir yerdə söhbət etdiklərini görmüşlər. Həmin şəxslər özlərini şübhəli apardıqlarından onlara yaxınlaşmağa qərar vermişlər. Bu zaman həmin şəxslərdən biri polis deyərək qaçmaq istəyərkən onları saxlamışlar. Həmin şəxsləri saxladıqdan sonra qaçmalarının səbəbini soruşduqda, həmin şəxslər bir-birinə zidd fikirlər ifadə etməyə başlamışlar. Onların etdikləri bu şübhəli danışıqlara və hərəkətlərə görə onları Füzuli rayon Polis Şöbəsinə gətirərkən Şahid5 onu rayon Polis Şöbəsinə aparmamalarını, üzərində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs 40 manata aldığını bildirmişdir. Bundan sonra, hər iki şəxsi rayon polis şöbəsinə gətirmişlər. Cinayət işinə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Şahid5 üzərində şəxsi axtarışın aparılması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi tutulduqdan sonra həmin gün, saat 19:30 dəqiqədə Füzuli rayon X4 rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 114 ünvanında yerləşən inzibati binasında müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Beyləqan rayon Vəkillər Bürosunun direktoru X2 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən Şahid5 əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən “X7 6 pro” markalı mobil telefon, şalvarın sol yan cibindən “LD” markalı bir paket siqaret, şalvarın sağ arxa cibindən 2 ədəd 20 manatlıq pul əskinasını bir ədəd 10 qəpiklik pul, bir ədəd “Leo banka” məxsus plastik kart, bir ədəd şəxsiyyətini təsdiq edən sənəd və əynində olan şalvarının sağ yan cibindən 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda hər birinin çəkisi 2 qram, 1,2 qram, 2,1 qram və 1,6 qram olan, ümumilikdə çəkisi 6,9 qram narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüş, Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı 40 manat pul qarşılığında Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi tutulduqdan sonra həmin gün, saat 21:00 dəqiqədə Füzuli rayon X4 rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 114 ünvanında yerləşən inzibati binasında müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Beyləqan rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 50 qəpik və 1 ədəd 10 qəpik pullar, əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən “Xiaomi Redmi 11S” markalı mobil telefon, 1 ədəd alışqan və "xxxx" ASC-yə məxsus bir ədəd plastik bank kartı aşkar edilərək müvafiq qaydada götürülmüşdür. ********* nömrəli cinayət işinin istintaqı zamanı 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs Şahid5 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və həmin videoçəkiliş 1 ədəd diskə köçürülmüşdür. Füzuli rayon X3 Bölməsinin müstəntiqi, polis baş leytenantı Cehun Ağakişiyevin 05 dekabr 2023-cü il tarixli qərarı ilə həmin bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində Füzuli rayon Polis Şöbəsində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 2 ədəd 20 manatlıq pul əskinasları və “Xiaomi” markalı, “Redmi Not 11s” modelli, **********52721/78 və **********2739/78 İMEİ kodlu, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış və həmin videoçəkiliş 1 ədəd diskə köçürülmüşdür. Həmin bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmmişdir. İstintaq zamanı Şahid5 15 sentyabr 2023-cü il tarixdə aralarında videoçəkiliş vasitəsilə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan Regional bölməsindən verilmiş 15 sentyabr 2023-cü il tarixli, 18/917 nömrəli ekspert rəyindən görünür ki, Şahid5 üzərindən aşkar olunaraq götürülmüş 4 ədəd kağız bükümdə ayrıayrılıqda hər birinin təmiz çəkisi 2,80 qram, 1,61 qram, 1,17 qram və 0,71 qram olan, ümumilikdə isə təmiz çəkisi 6,29 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi- 6,29 qram, cəmi tədqiqata sərf edildi-0,08 qram (hər ob-0,02 qr), qalıq-6,21 qram. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 manat təşkil edir. Təqsirləndirilən şəxs Şahid5 üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 6,21 qram (ekspertin istifadə etdiyi nümunələr çıxıldıqdan sonra qalan) olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana Füzuli rayon X3 Bölməsinin müstəntiqi, polis baş leytenantı Cehun Ağakişiyevin 25 sentyabr 2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Füzuli rayon Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 7557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 04 noyabr 2023-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinə daxil olmuş 01 ədəd disk maddi sübut kimi, həmin diskdə olan məlumatlar isə cinayət işi üzrə sübut kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində Füzuli rayon Polis Şöbəsində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 2 ədəd 20 manatlıq pul əskinasları və “Xiaomi” markalı, “Redmi Not 11s” modelli, **********52721/78 və **********2739/78 İMEİ kodlu, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxslər- Şahid5 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefonlara 10 sentyabr 2023cü il tarixdən, 15 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində daxil olan, həmin nömrədən xaric olan zənglərin nömrəsini, anten dairələrini, qəbul edilən və ötürülən mesajların mətninin, həmçinin həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi haqqında Füzuli rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qərarı 31 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-dən Füzuli rayon Polis Şöbəsinə daxil olmuş, 01 ədəd diskə tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd diskin üzərində göy rəngli qələmlə “19300” rəqəmləri yazılmışdır. Təqdim edilmiş diskə «Windows 7» proqram təminatı ilə işləyən personal kompüter vasitəsi ilə baxıldıqda diskdə blaknot tipli «506400714_sms.txt», “509762827_sms.txt”, “**********14.txt”, “**********27.txt”, «abuneciler19300.xls» və «antena19300.xls» adlı fayllar olmaqla, cəmi 6 ədəd fayllar vardır. Blaknot tipli həmin fayllara baxan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Şahid5 istifadəsində olan 050 ***-***-**-** nömrəli mobil telefonla xx.xx.2023-cü il tarixdə, saat 19:37-da 62 saniyə, saat 20:40-da 66 saniyə, saat 20:44-də 57 saniyə, xx.xx.2023-cü il tarixdə saat 14:17-da 46 saniyə, 15:31-də 43 saniyə, saat 16:14-də 35 saniyə, saat 16:20-də 61 saniyə, saat 16:29-da 74 saniyə, saat 16:36-da 40 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 19:09-da 61 saniyə, saat 19:25-də 22 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 14:10-da 29 saniyə, saat 14:12-də 18 saniyə, saat 16:44-də isə 56 saniyə, saat 17:33-də 32 saniyə, saat 18:08-də 38 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 14:42-də 08 saniyə, saat 15:05-də 12 saniyə danışmaları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslə Şahid5 arasında hər hansı mesajlaşma olmamışdır. Həmçinin, «antena.xls» adlı fayla baxış keçirilən zaman Təqsirləndirilən şəxs və Şahid5 14 sentyabr 2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində olmaları müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs məxsus olan “Xiaomi” markalı, “Redmi Not 11s” modelli, **********52721/78 və **********52739/78 İMEİ kodlu, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefona 15 sentyabr 2023-cü il tarixdə tərəfimdən baxış keçirilmişdir. Telefonun menyusuna daxil olduqda SMS-MMS eləcə də mobil telefonda olan digər mobil tətbiq etmələrinə baxış keçirildi, baxış zamanı Təqsirləndirilən şəxs Şahid5 istifadəsində olan ***- ***-**-** mobil nömrəsini “İlkin” adı ilə qeyd etməsi müəyyən olundu. Həmçinin, telefonda son danışıqlara dair qeydiyyatlara baxış keçirilərkən Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 14 sentyabr 2023-cü il tarixdə, saat 14:42-də 7 saniyə, 15:05-də 11 saniyə danışmaları, həmçinin, həmin tarixdə, saat 15:10-də Şahid5 zənginə cavab verməməsi müəyyən olundu. “Whatsapp” mobil tətbiqinə, “Mənim fayllarım”, «video», “foto” və «audio» yazı qovluqlara baxış keçirtdim. “Whatsapp” mobil tətbiqində yazışmalarda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:22-də “İlkin” adı ilə qeyd olunmuş +994 50 976 28 27 mobil nömrəsinin sahibinə “Mən hərəkət etdim uje”, “Gəlməlidi birazdan” “İlkin” adı ilə qeyd olunmuş şəxs “Yaxşı” demiş, 14 sentyabr 2023-cü il tarixdə, saat 11:49-da Təqsirləndirilən şəxs Şahid5 istifadəsində olan mobil nömrəyə “Salam brat”, “necesen” yazmış, Şahid5 Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:18-də “Qaqa”, “1 karofka”, “Sey lazımdı” Təqsirləndirilən şəxs cavab olaraq, saat 12:20-də “Yoxdur brat”, “Dənə ancaq olar” Şahid5 “neçə dənə varındı” demiş, Təqsirləndirilən şəxs də “5 6 dənə” deyə cavab vermiş, Şahid5 “Saxla”, “Gelem”, “evde”, “ol” demişdir. Həmin tarixdə, saat 13:00-da Təqsirləndirilən şəxs Şahid5 “Gelirsən brat?” saat 14:47-də isə “Hardasan brat?” sözlərini yazmışdır. Həmçinin, Təqsirləndirilən şəxslə Şahid5 arasında 14 sentyabr 2023-cü tarixdə, saat 12:16-dan 13:04-dək olan müddət ərzində “Whatsapp” mobil tətbiqində səsli zəng danışıqları olmuşdur. Baxış zamanı həmin mobil telefonda olan zəng və yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi C.Ağakişiyevin xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu Yevlax rayon sakini Fərid adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Şahid5 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq dörd gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Şahid5 qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pul Şahid5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,21 qram qurudulmuş marixuana məhv edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsə də onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən Şahid5 ifadəsi, eləcə də digər şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Bununla yanaşı, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilərək həqiqətən də Şahid5 Füzuli rayonu, Böyük Bəhmənli kəndində 40 manata 4 büküm narkotik vasitə olan marixuana satdığını və Füzuli RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunmuş 2 ədəd 20 manatlıq pul əskinasını Şahid5 aldığı narkotik vasitəninin qarşılığında ona verdiyini bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında Şahid5 narkotik vasitəni satmaması və istifadə etmək üçün verməsinə, eləcə də İbtidai istintaq zamanı fiziki və psixi təsirlərə məruz qaldığından öz əleyhinə ifadə vermək məcburiyyətində qalmasına dair məhkəmə iclasında səsləndirdiyi fikirlərini səmimi və inandırıcı hesab etmir və bu ifadəni daha ağır maddəyə görə cinayət məsuliyyətindən yayınmaq və özünümüdafiə cəhdi kimi qiymətləndirir. Odur ki, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Məhkəmə Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında sərgilədiyi özünü təqsirli bilməməsində ifadə olunan davranışını da nəzərə alaraq ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza növünü nisbətən yuxarı həddə təyin etməyi ədalətli sayır. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bununla yanaşı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pulun təqsirləndirilən şəxs Şahid5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, eləcə də Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,21 qram qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi nəzərə alınmalıdır. İstintaq zamanı 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus iş materiallarında saxlanılan “Xiaomi” markalı, “Redmi Not 11s” modelli, **********52721/78 və **********2739/78 İMEİ kodlu, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bununla yanaşı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 2 ədəd 20 manatlıq əskinas xüsusi müsadirə qaydasında dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CPM-in: 99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 31,95 manat pulun təqsirləndirilən şəxs Şahid5 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, eləcə də Füzuli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,21 qram qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarında saxlanılan “Xiaomi” markalı, “Redmi Not 11s” modelli, **********52721/78 və **********2739/78 İMEİ kodlu, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd 20 manatlıq əskinas xüsusi müsadirə qaydasında dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu (surəti məhkuma verildiyi) andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar