Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-1/2024 13.06.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə 14 avqust 1984-cü ildə Tərtər rayonu Rəcəbli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu Rəcəbli kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayana vaxtda Xankəndi şəhəri ərazisində 1 (bir) ədəd soyuq silahı – döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağı əldə edərək üzərində saxlamaqla gəzdirmiş və 22 mart 2024-cü ildə saat 01 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən həmin soyuq sihal aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı “Bakı Abadlıq Xidməti”ndə fəhlə işləməklə fəaliyyətini Xocalı rayonu Malıbəyli kənddində icra etmişdir. 21 mart 2024-cü ildə axşam saatlarında iş yoldaşı Şahid1 ilə Xankəndi şəhəri ərazisində olan zaman yerdə bir ədəd bıçaq görmüş və həmin bıçağı götürərək gödəkçəsinin iç cibinə qoymaqla üzərində gəzdirmişdir. Bundan təxminən bir neçə saat sonra polis əməkdaşları tərəfindən saxlanılmış və Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilərək orada videoçəkilişlə şəxsi axtarışa məruz qalmışdır. Şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən həmin bıçaq aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Bakı Abadlıq Xidməti”ndə fəhlə işləməklə fəaliyyətini Xocalı rayonu Malıbəyli kənddində icra etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə 22 mart 2024-cü ildə gecə saatlarında Xankəndi şəhərində gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmişlər. Orada videoçəkilişlə üzərinlərində şəxsi axtarış aparılan zaman ondan hər hansı bir qanunsuz predmet aşkar olunmasa da, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd süngü bıçaq tapılmışdır. Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olmasını etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkliyyat müvəkkili işləyir. 22 mart 2024-cü ildə gecə saatlarında xidmətdə olan zaman Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğuna görə sonuncu saxlanılaraq şəxsiyyətinin müəyyən olunması üçün polis şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Təqsirləndirilən şəxs orada tutulub videoçəkilişlə şəxsi axtarışa məruz qalarkən əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olmasını etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti taqımının manqa komandiri Şahid3 digər Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübularla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə barədə” 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2024-cü il tarixli 3-16-16/2-3/585 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçağdır, soyuq silah hesab edilir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02.30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Tutulmuş şəxsin azad edilməsi haqqında» 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 24 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü nümunəvi aparmış, ictimaiyyət arasında həmişə özünün müsbət keyfiyyətləri ilə fərqlənmiş, kənd sakinləri ilə mülayim rəftar etmiş və ağsaqqalların hörmətini qazanmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan – xx.xx.2008-ci il təvəllüdlü Aytac adlı övladı var. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 10 may 2024-cü il tarixli qərardan görünür ki, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 60.1ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 228.4-cü maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 mart 2024-cü ildə həbsdə olduğu 1 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün islah işləri cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddət islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-1/2024
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-1/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver