Məhkəmə qərarları › İş №1(065)-10/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-10/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-10/2025 03.04.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx xxx 2000-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Birinci Şahvesən kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında Xankəndi şəhəri ərazisində məlum olmayan yerdən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “CK- 172P” nömrəli 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd “Makarov” konstruksiyalı “PM” modelli tapançanı – odlu silahı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 16 ədəd patronu, zavod üsulu ilə istehsal olunmuş, 8 (səkkiz) ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi – 1 (bir) ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 9x18 mm kalibirli patronları üfüqi vəziyyətdə bir yerdə saxlayan lövhə formasında olan patron darağı – 1 (bir) ədəd “oboyma”nı əldə edib daşıyaraq, Xankəndi şəhərində yerləşən “Mandarin” marketin qarşısındakı qarajda saxlamış, 18 dekabr 2024-cü ildə saat 15 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin qaraja baxış keçirilən zaman müvafiq odlu silah və döyüş sursatları aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 oktyabr 2024-cü ildə işləmək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və dayısı Şahid3 müvvəqəti yaşadığı – həmin şəhərdə yerləşən “Mandarin” marketin qarşısındakı beşmərtəbəli binanın ikinci mərtəbəsində qalmışdır. Həmin binanın qarşısında yerləşən qarajlardan birini də 2024-cü ilin noyabr ayında müvəqqəti istifadəyə götürmüşlər. Qarajı götürdükdən sonra oranı təmizləyən zaman, divardakı dəmir şkafın üstündə 1 ədəd tapança, 16 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd “oboyma” tapmışdır. Silah paslı olduğu üçün onu dizellə təmizləmiş və kənar şəxslərin görməməsi üçün sellofona qoyaraq yenidən şkafın üstünə qoymuşdur. Hətta həmin silahla da şəkil çəkdirmişdir. 18 dekabr 2024-cü ildə saat 15 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin qaraja baxış keçirilən zaman müvafiq odlu silah və döyüş sursatları aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 dekabr 2024-cü ildə Təqsirləndirilən şəxs Xankəndi şəhərində yerləşən “Mandarin” marketin qarşısındakı qarajda silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qəbul etdiyi qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra özü də daxil olmaqla digər polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və Xankəndi şəhərində Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra, onun iştirakı ilə həmin qaraja baxış keçirilmişdir. Baxış zamanı qarajdakı dəmir şkafın üzərindən olan sellofandan 1 (bir) ədəd “Makarov” konstruksiyalı “PM” modelli tapança, 16 ədəd patron, 1 (bir) ədəd daraq, 1 (bir) ədəd “oboyma” aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş 18 dekabr 2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Xankəndi şəhərində yerləşən “Mandarin” marketin qarşısındakı qarajda silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair» 18 dekabr 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan əməliyyat məlumatının yoxlanılması məqsədi ilə baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmənin keçirilməsi barədə» 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə Xankəndi şəhərində yerləşən “Mandarin” marketin qarşısındakı qaraja baxış keçirilən zaman, dəmir şkafın üzərindən olan sellofandan 1 (bir) ədəd “Makarov” konstruksiyalı “PM” modelli tapança, 16 ədəd patron, 1 (bir) ədəd daraq, 1 (bir) ədəd “oboyma” aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin silah-sursatın ona məxsus olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 19 dekabr 2024-cü il tarixli 24/1802 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd CK-172P №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 16 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 01 ədəd metal əşya zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli patronları üfüqi vəziyyətdə bir yerdə saxlayan lövhə formasında olan patron darağıdır «oboyma», texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır”. Həmin rəyin tədqiqat hissəsindən görünür ki, təqdim edilmiş 16 ədəd 9x18 mm kalibrli patronlardan 06 ədədi eksperemental atəş zamanı istifadə edilmişdir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 17 fevral 2025-cü il tarixli qərardan görünür ki, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “CK-172P” nömrəli 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd “Makarov” konstruksiyalı “PM” modelli tapançanı – odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 16 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 8 (səkkiz) ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi – 1 (bir) ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 9x18 mm kalibirli patronları üfüqi vəziyyətdə bir yerdə saxlayan lövhə formasında olan patron darağı – 1 (bir) ədəd “oboyma” iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 20 dekabr 2024-cü il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşman olmasını, əvvəllər məhkum olunmadığın Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 66 və Cinayət-Prosessual Məcəlləsinin 91.7-ci maddələrinin tələbinə görə heç kəs özunə qarşı ifadə verməyə məcbur edilə bilməz və cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Özünə qarşı ifadə vermək məcburiyyətində olmayan şəxsin tamamilə əks davranış variantı seçərək təqsirini etiraf etməsi onun şəxsiyyət baxımından tam aşınmadığından, ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Təqsirləndirilən şəxs də təqsirini etiraf etməklə məhz belə davranmışdır. Səmimi peşmançılıq isə şəxsin cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun ictimai təlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığından, törətdiyi cinayətə görə özünü öz vicdanı qarşısında mühakimə etməsindən və artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Şəxsin düzgün və cəzanın məqsədlərinə xidmət edən davranışı isə ona cəza təyin edilən zaman nəzərə alınmaya bilməz. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına, əsasən, vicdanlı munasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meylli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqətəlayiq cizgiləridir. Məhkəmənin fikrincə, mütəmadi kriminal davranışa meylli olmayan və hakim əxlaq tərəfindən təqdir edilən xarakterə malik olan belə şəxsin cəmiyyətdən təcrid edilərək barəsində daha ciddi cinayət-hüquqi xarakterli məhrumiyyət tədbirlərinin tətbiq olunması cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 18 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “CK-172P” nömrəli 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd “Makarov” konstruksiyalı “PM” modelli tapançanı – odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 16 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 8 (səkkiz) ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi – 1 (bir) ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 9x18 mm kalibirli patronları üfüqi vəziyyətdə bir yerdə saxlayan lövhə formasında olan patron darağı – 1 (bir) ədəd “oboyma” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 dekabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “CK-172P” nömrəli 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı 1 (bir) ədəd “Makarov” konstruksiyalı “PM” modelli tapançanı – odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 16 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş, 8 (səkkiz) ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi – 1 (bir) ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 9x18 mm kalibirli patronları üfüqi vəziyyətdə bir yerdə saxlayan lövhə formasında olan patron darağı – 1 (bir) ədəd “oboyma” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar