Məhkəmə qərarları › İş №1(065)-11/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-11/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-11/2025 12.05.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 iştirakları ilə 20 avqust 1997-ci ildə Gəncə şəhəri Kəpəz rayonu Hacıkənd qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə sosial işçi işləyən, Xocalı rayonu Kosalar kəndində qeydiyyatda olan, faktiki olaraq Gəncə şəhəri 2 nömrəli qəsəbədə yaşayan, Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdludlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarına əsasən qeyd olunan hökm üzrə cəzasının çəkilməmiş hissəsi 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, 11 iyun 2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 Xankəndi şəhərində qeyri-yaşayış sahəsi icarəyə götürmək niyyətində olmasını bildikdən sonra, sonuncunun etibarından suiistifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Xankəndi şəhərində geniş şəxsi və işgüzar əlaqələrinin olmasını deməklə Zərərçəkmiş şəxs2 aldatmış və 4000 manat pul müqabilində müvafiq qeyri-yaşayış sahəsini sonuncunun adına icarə əsasında rəsmiləşdirəcəyi barədə yalan vəd verib, ondan Xankəndi şəhəri ərazisində müxtəlif vaxtlarda – 04 noyabr 2024-cü il saat 15.26-da 500 manat, 06 noyabr 2024-cü il saat 13.08-də 1000 manat və həmin gün saat 13.29-da 2500 manat pulu **********300399 plastik bank kartı hesabına köçürtdürməklə almış, bununla da zərərçəkmiş şəxsin ümumilikdə 4000 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirib, ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Zərərçəkmiş şəxs1 Xankəndi şəhərində qeyriyaşayış sahəsi, habelə üç ədəd yaşayış evini icarəyə götürmək niyyətində olmasını bildikdən sonra, sonuncunun etibarından sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Xankəndi şəhərində geniş şəxsi və işgüzar əlaqələrinin olmasını deməklə Zərərçəkmiş şəxs1 aldatmış və 5500 manat pul müqabilində müvafiq qeyri-yaşayış sahəsini və üç ədəd mənzili icarə əsasında sonuncunun adına rəsmiləşdirəcəyi barədə yalan vəd verib, ondan Xankəndi şəhəri ərazisində müxtəlif vaxtlarda – 04 noyabr 2024-cü il saat 16.55-də 1000 manat, 05 noyabr 2024-cü il saat 10.22-də 1000 manat və 07 noyabr 2024-cü ildə saat 13.17-də 3500 manat pulu **********462781 və **********300399 plastik bank kartları hesabına köçürtdürməklə almış, bununla da zərərçəkmiş şəxsin ümumilikdə 5500 manat məbləğində pulunu vahid niyyətlə ələ keçirib, ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun tanışlarıdır. 2024-cü ilin noyabr ayının əvvəllərində onların Xankəndi şəhəri ərazisində icarəyə obyekt götürdüklərini bilmiş, bu məsələdə şəxsi əlaqələri vasitəsi ilə onlara yardımçı olacağını demişdir. Bu məqsədlə 04 noyabr 2024-cü ildə Zərərçəkmiş şəxs1lə birlikdə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi”nin inzibati binasına getmişlər. Özü inzibati binaya daxil olmuş, Zərərçəkmiş şəxs1 isə onu binanın qarşısında gözləmişdir. Xüsusi nümayəndəliyinin binasında obyektin icarəyə götürülməsi ilə bağlı maraqlındıqda, bunun üçün qanunla müəyyən edilmiş qayadada müvafiq sənədlərlə müraciət etməyi zəruriliyi nəzərinə çatdırılmışdır. Buna baxmayaraq inzibati binadan çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 yalandan qeyri-yaşayış sahəni icarəyə götürdüyünü demiş və hətta onu tam inandırmaq üçün üzərində “Cacado” yazısı olan obyekti ona göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1lə “Azərişıq” Açıq Səhmdər Cəmiyyətinin Xankəndi elektrik şəbəkəsinə gəlmiş və özünü qazi kimi təqdim edərək üzərində “Cacado” yazısı olan obyekti icarəyə götürdüyünü və müqavilərnin 05 noyabr 2024-cü ildə veriləcəyini bildirmişdir. Buna görə də, təmizlik işləri görmək üçün obyekti elektrik enerjisi ilə təmin etməyi xahiş etmişdir. Xankəndi elektrik şəbəkəsinin müdiri onun qazi olmasını nəzərə alaraq həmin obyekti elektrik enerjisi ilə təmin etmişdir. Bütün bunların fonunda Zərərçəkmiş şəxs1 ona tam inanmış və bundan sonra müxtəlif vaxtlarda obyektin sənədləşdirilməsi adı ilə ondan ümumilikdə 5500 manat pul almışdır. Bununla yanaşı Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 da ona inanmış, həminr üsulla da onun, ümumilimkdə 4000 manat pulu ələ keçirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Buna görə də, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayınını əvvəllərində Xankəndi şəhərində icarəyə obyekt və üç ədə yaşayış evini götürmək qərarına gəlmişdir. Bu məqsədlə qaynı Zərərçəkmiş şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü ona geniş əlaqəli şəxs kimi təqdim etmiş və bu işdə ona kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə 04 noyabr 2024-cü ildə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi”nin inzibati binasına etmişlər. Cəmşid binanın içərisinə daxil olmuş və qısa müddət sonra qayıdaraq məsələni həll etdiyini, hətta üzərində “Cacado” yazısı olan obyekti artıq icarəyə götürdüyünü bildirmişdir. Bununla yanaşı təqsirləndirilən şəxs həmin obyektə elektrik enerjisinin də verilməsini təmin etmişdir. Buna görə də, ona inanmış və obyektin icarə əsasında sənədləşdirilməsi üçün ona 04 noyabr 2024-cü ildə 1000 manat, 05 noyabr 2024-cü ildə 1000 manat və 07 noyabr 2024-cü ildə 3500 manat, ümumilikdə 5500 manat pul vermişdir. Sonradan təqsirləndirilən şəxs tərəfindən aldanıldığını bilmişdir. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödəndiyindən təqsirləndirilən şəxslərlə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayınını əvvəllərində Xankəndi şəhərində icarəyə obyekt götürmək qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü ona geniş əlaqəli şəxs kimi təqdim etmiş və bu işdə ona kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsin qısa müddət ərzində yeznəsi Zərərçəkmiş şəxs1 qeyri-yaşayış sahəsini icarəyə götürməsini deməsi və hətta özünün göstərdiyi obyektə elektrik enerjisinin verilməsini təmin etməsi, onda Təqsirləndirilən şəxs qarşı inam yaratmış və özü də, Xankəndi şəhərində qeyri-yaşayış sahəsi, habelə üç ədəd yaşayış evini icarəyə götürmək niyyəti ilə ona 04 noyabr 2024-cü ildə 500 manat, 06 noyabr 2024-cü ildə 3500 manat pul vermişdir. Lakin sonradan aldığını yəqin etmiş və təqsirləndirilən şəxsdən pulunu geri tələb etməyə başlamışdır. Hazırda ona dəymiş maddi ziyan tamamilə ödəndiyindən təqsirləndirilən şəxslərlə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş “Azərişıq” Açıq Səhmdər Cəmiyyətinin Xankəndi elektrik şəbəkəsinin rəisi Şahid4 ifadəsində göstərmişdir ki, 2024cü ilin noyabr ayının əvvələrində xidməti otağında olan zaman Təqsirləndirilən şəxs qəbul gəlmiş və özünü qazi kimi təqdim etmişdir. Buna görə də, onun növbəsiz qəbul etmişdir. Qəbul zamanı Təqsirləndirilən şəxs Xankəndi şəhərində icarəyə obyekt götürdüyünü və müqaviləsinin bir gün sornra veriləcəyini bildirmiş, eyni zamanda təmizlik işlərinə başlamaq üçün obyektin elektrik enerjisi ilə təmin olunmasını xahiş etmişdir. Onun mübaribə iştirakçısı olmasını nəzərə alaraq göstərdiyi qeyri-yaşayış sahəsini elektrik şəbəkəsinə qoşmuşdur. Lakin bir gün sonra Təqsirləndirilən şəxs icarə müqaviləsini təqdim etmədiyi üçün həmin yerə elektrik enerjisinin verilişi dayandırılmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ödəniş qəbzlərindən görünür ki, **********462781 və **********300399 plastik bank kartları hesabına 04 noyabr 2024-cü il saat 15.26-da 500 manat, saat 16.55-də 1000 manat, 05 noyabr 2024-cü il saat 10.22-də 1000 manat, 07 noyabr 2024-cü ildə saat 13.17-də 3500 manat pul köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdludlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin 21 may 2024-cü il tarixli şərarına əsasən qeyd olunan hökm üzrə cəzasının çəkilməmiş hissəsi 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, 11 iyun 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan «Axtarışda olan şəxsin tutulması barədə» 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.54-də tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» növündən qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncuların ona qarşı şikayət və tələblərininn olmamasını, əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 fevral 2025-ci ildən 13 fevral 2025-ci ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Gəncə şəhər Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar