Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-13/2025 18.07.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Ağcabədi rayon vəkil bürosunun vəkili X1 iştirakları ilə xx xxx 1970-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 15 mart 2023cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 13 (on üç) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 09 aprel 2024cü ildə cəzasının sonu başa çatmış, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2025-ci ildə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd şüşə flakonda xeyli miqdarda – 0,340 qram narkotik vasitə – heroni əldə edib, sərnişi olduğu “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üstündə saxlamaqla, daşıyarkən Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 19 radələrində saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və orada qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilərkən həmin maddə aşkar edilərək götürülmüşdür İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən uzun müddətdir istifadə edir. Tanışı Şahid3 idarə etdiyi “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobillə 10 mart 2025-ci ildə Xankəndi şəhərinə gəlmişlər. Həmin gün saat 19 radələrində Şahid3 istifadəsində olan avtomobil üçün boş qarajlardan ehtiyyat hissəsi axtaran zaman polis əməkdaşları onları saxlamış və polis şöbəsinə gətirmişdir. Polis şöbəsində iştirakları ilə avtomobilə baxış keçirilən zaman arxa oturacağın üstündə 1 (bir) ədəd şüşə flakonda olan heroin aşkar edilərək götürülmüşdür. Həmin heroini şəxsi istifadə məqsədi ilə götürmüş və avtomobilə qoymuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Qeyd olunan heroini şəxsi istifadə məqsədi ilə əldə edib saxlamasına baxmayaraq, əməli düzgün tövsif olunmamışdır. Ona görə, əməlidüzgün tövsif olunmaqla, ona yüngül cəza təyin edilməsini xahiş edir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci ildə saat 19 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olan zaman “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobilin Xankəndi şəhərində yerləşən boş qarajların birinin qarşısında dayandığını və iki nəfər nəfər şəxsin qarajlarda nəsə axtardığını görmüşlür. Bu zaman həmin şəxsləri çağırıb şəxsiyyətlərini müəyyən etdikdən sonra avtomobilə vizual baxış keçirən zaman arxa oturacağın üzərində bir ədəd flakon görmüşlər. Onun nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs həmin flakonda narkotik vasitə – heroin olmaqla, özünə aid olduğunu və şəxsi istifadə məqsədilə daşığını bildirmişdir. Bundan sonra “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobilə polis şöbəsində baxış keçirən zaman həmin maddə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər icra olunsa da, eləcə də, onun istifadəsində olan mobil telefon nömrəsi ilə ətrafındakı şəxslərin dairəsi müəyyən edilsə də, heç bir nəticə əldə olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2025-ci il tarixli aktdan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs həmin tarixdə videoçəkilişlə “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobildən götürərək 1 (bir) ədəd şüşə flakonda olan narkotik vasitə – heroinə bənzər kütləni və 2 (iki) ədəd şpritsi polis əməkdaşlarına təqdim etmiş və həmin əşyalar qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2025-ci il tarixli 16/249 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim olunmuş üzərində “10 mart 2025-ci il tarixdə vət.Təqsirləndirilən şəxs məxsus içərisində narkotik vasitəyə bənzər kütlə olan şüşə flakon 01 ədəd” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzərində “Valerianı Gkstrakt 20 mq” əmtəə yazısı olan şüşə flakonda təmiz çəkisi 0,340 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir». Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «heroinin ümumi təmiz çəkisi – 0,340 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,290 qram». Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat 80 (səksən) qəpikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 09 aprel 2025-ci il tarixli 522 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə kannabinoidlərdən sui-istiafdə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülaicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 10 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 12 mart 2025-ci il və 04 iyun 2025-ci il tarixli qərarlarında görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin müddəti əlavə olaraq 15 (on beş) gün müddətə uzadılmışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 26 may 2020-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0,290 qram olan narkotik vasitə – heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 31 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, «8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 13 (on üç) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 09 aprel 2024-cü ildə cəzasının sonu başa çatmışdır. İş materiallarında olan elektron məhkəmə sistemindən çap edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər yetkinlik yaşına çatmayan– xx.xx.2010-cu il təvəllüdlü Hüseynağa Ağazadə adlı uşaq var. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda – bir ədəd flakonda təmiz çəkisi 0,340 qram olan narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız onun əvvəllər, yəni külli miqdarda narkotik vasitənin satışına görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli hökmü ilə məhkum olunmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə, telefonla aparılan danışıqlarının götürülməsi) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri (şübhəli şəxs – iş v. 99-101; təqsirləndirilən şəxs – iş v. 135-138; Şahid1 – iş v. 228- 231; Şahid2 – iş v. 232-235), nə təqsirləndirilən şəxsin hadisəyədək istifadəsində olmuş mobil telefon nömrəsindən məlumatların götürülməsi ilə bağlı Xankəndi Şəhər Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarının icrasının nəticəsi, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2025-ci il tarixli məktub – iş v. 226-227) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı iki aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 26 may 2025-ci il tarixli qərarı ilə 12 mart 2025-ci ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi iki nəfər şahid – Şahid2 və Şahid1 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri icra etdiklərini, lakin heç bir nəticə əldə olunmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitənin satışına görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli hökmü ilə məhkum olunmasına münasmibətdə qeyd edir ki, bu hal narkotik vasitələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hal kimi çıxış edə bilməz, ümumiyyətlə əməlin hüquqi qiymətləndirilməsində belə halın nəzərə alınması yolverilməzdir. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən işin digər halları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 10 mart 2025-ci ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək verdiyi bütün izahat və ifadələrdə üzərindən aşkar olunmuş heroini məhz şəxsi istifadəsi üçün əldə edib, saxlayaraq daşıdığını bildirmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə – heroindən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa narkotik vasitə “ehtiyatı” olmadığı halda bir ədəd flakonda olan 0,340 qram heroini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs sərnişin olduğu avtomobildən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmasını, narkotik vasitənin çəkilib xırda bağlamalara bükməməsini, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsa qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını, əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli hökmü və Ağcabədi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə (təhlükəli residivə görə CM-nin 234.1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən, yəni 2 ildən az olmamaq şərti ilə) azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 10 mart 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi – 0,290 qram olan narkotik vasitə – heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi – 0,290 qram olan narkotik vasitə – heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-13/2025
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-13/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver