Məhkəmə qərarları › İş №1(065)-17/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-17/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-17/2025 24.07.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxx 1978-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru işləyən, Şuşa şəhəri Pənahxan küçəsi ev 1-də qeydiyyatda olan, faktiki olaraq Şuşa şəhəri «Dəmir Yumruq» küçəsi bin 11 mənzil 1-də yaşayan, barəsində «başqa yerə yetməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 22 noyabr 2023-cü il tarixli 1-1-2/2-797/2023 nömrəli məktubuna əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş yaşayış sahələrinin qarşısında olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 19 fevral 2025-ci ildə saat 23 radələrində Xankəndi şəhərində “Delux” restoranının yaxınlığındpa yerləşən və faliyyət göstərməyən qeyri-yaşayış sahəsinin qarşısında olan 1 (bir) ədədi 120 manat olmaqla 5 (beş) ədəd ümumi dəyəri 600 manat olan divanı və 1 (bir) ədədi 15 manat olmaqla 2 (iki) ədəd ümumi dəyəri 30 manat olan çilçırağı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xankəndi şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 19 fevral 2025-ci ildə Xankəndi şəhərində gəzərkən “Delux” restoranının yaxınlığındpa yerləşən və faliyyət göstərməyən qeyri-yaşayış sahəsinin qarşısında beş ədəd divan və iki ədəd çilçıraq görmüşdür. Həmin əşyalar icarəsində olan otelə lazım olduğu üçün onları götürmək qərarına gəlmişdir. Bu məqsədlə Xankəndi şəhərində sifariş əsasında yük daşıma xidməti göstərən Şahid2 yaxınlaşmış və sonuncu 30 manat pul qarşılığında həmin əşyaları “Mersedes-Ateko” markalı 77JD250 qeydiyyat nişanlı avtomobil ilə daşıyacağını nəzərinə çatdırmışdır. Həmin gün saat 23 radələrində qeyd olunan əşyaları “Mersedes-Ateko” markalı 77JD250 qeydiyyat nişanlı avtomobilə yükləyib yola düşdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs 19 fevral 2025-ci ildə saat 23 radələrində Xankəndi şəhərində zərərçəkmiş hüquqi şəxsə məxsus ümumilikdə 630 manat məbləğində əmlakı ələ keçirmişdir. Hazırda bütün əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, “Mersedes- Ateko” markalı 77JD250 qeydiyyat nişanlı avtomobilə həmin tarixdə baxış keçirilən zaman avtomobilin yük yerindən 5 (beş) ədəd divan və 2 (iki) ədəd çilçıraq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əmlak Mərkəzi” Məhdud Məsluiyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 18 iyun 2025-ci il tarixli ƏM- P/002/2025 nömrəli rəydən görünür ki, 1 (bir) ədədi 120 manat olmaqla 5 (beş) ədəd divanın ümumi dəyəri 600 manat və 1 (bir) ədədi 15 manat olmaqla 2 (iki) ədəd çilçırağın ümumi dəyəri 30 manatdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması barədə” 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.00-da tutulmuşdur. İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər – xx.xx.2012-ci il təvəllüdlü Yaşar və xx.xx.2019-cu il təvəllüdlü Ayla adlı uşaq var. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 03 oktyabr 2024cü il tarixli qərardan görünür ki, 5 (beş) ədəd divan və 2 (iki) ədəd çilçıraq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 5 (beş) ədəd divan və 2 (iki) ədəd çilçıraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 may 2025-ci ildən 05 may 2025-ci ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün islah işləri cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddət islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə yetməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 5 (beş) ədəd divan və 2 (iki) ədəd çilçıraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar