Məhkəmə qərarları › İş №1(065)-18/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-18/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-18/2025 18.08.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyətilə məşğul olan, Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi döngə 6-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.5ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 mart 2025-ci ildə Xankəndi şəhəri ərazisində məlum olmayan mənbədən 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, üzərində "Brownıng" yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 101 mm, orta hissədə eni 28 mm, qalınlığı 3,87 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı və 1 (bir) ədəd kustar üsulla hazırlanmış, tiyəsinin uzunluğu 154 mm, maksimal eni 42 mm, qalınlığı 5 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib, daşıyaraq sərnişini olduğu “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağının qarşısındakı saxlanc yerində gizlətməklə saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 19 radələrində saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş və orada qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilərkən həmin əşyalar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Şahid3 ilə birlikdə sonuncunun istifadəsində olan “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobillə 10 mart 2025-ci ildə Xankəndi şəhərinə gəlmişlər. Həmin gün saat 19 radələrində avtomobili boş qarajların qarşısında saxlayaraq nəqliyyat vasitəsinə ehtiyyat hissəi axtarmağa başlamışdır. Bu zaman qapısı açıq olan qarajdan üç ədəd bıçaq taparaq avtomobilə qoymuşdur. Bir qədər sonra polis əməkdaşları onları saxlamış və polis şöbəsinə gətirmişdir. Polis şöbəsində iştirakları ilə avtomobilə baxış keçirilən zaman digər əşyalarla yanaşı, avtomobilin sağ ön oturacağının qarşısındakı saxlanc yerinə qoyduğu üç ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci ildə saat 19 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə xidmətdə olan zaman “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobilin Xankəndi şəhərində yerləşən boş qarajların birinin qarşısında dayandığını və iki nəfər nəfər şəxsin qarajlarda nəsə axtardığını görmüşlür. Bu zaman həmin şəxsləri çağırıb şəxsiyyətlərini müəyyən etdikdən sonra avtomobilə vizual baxış keçirən zaman arxa oturacağın üzərində bir ədəd flakon görmüşlər. Onun nə olduğunu soruşan zaman Şahid3 həmin flakonda narkotik vasitə – heroin olmaqla, özünə aid olduğunu və şəxsi istifadə məqsədilə daşığını bildirmişdir. Bundan sonra “Chevrolet Cruze” markalı 45BK192 qeydiyyat nişanlı avtomobilə polis şöbəsində baxış keçirən zaman həmin maddə ilə yanaşı, sağ ön oturacağının qarşısındakı saxlanc yerindən üç ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bıçaqların özünə məxsus olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2025-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "Chevrolet Cruze" markalı 45BK192 dövlət nömrə nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilən zaman sağ ön oturacağın qarşısındakı saxlanc yerindən 3 üç) ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 mart 2025-ci il tarixli 16/248 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş ("1" rəqəmi ilə işarələnmiş) bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş ("2” rəqəmi ilə işarələnmiş) bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş ("3” rəqəmi ilə işarələnmiş) bıçaq kustar üsulu ilə hazırlanmış hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Bıçaqların üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, üzərilərində hər hansı mexaniki zədə aşkar edilmədi”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 21 iyun 2025-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, üzərində "Brownıng" yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 101 mm, orta hissədə eni 28 mm, qalınlığı 3,87 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağı və 1 (bir) ədəd kustar üsulla hazırlanmış, tiyəsinin uzunluğu 154 mm, maksimal eni 42 mm, qalınlığı 5 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Şübhəli şəxsin tutulması haqqında» 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il saat 18.30-da tutulmuşdur. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina olunmuş və sonuncu dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 31 mart 2025-ci il tarixli tələbnamədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmünün surətindən və Bakı Şəhər Probasiya İdarəsinin 18 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024cü ildə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış və xx.xx.20258-ci il tarixə çəkilməmiş 10 ay 29 gün cəzası qalmışdır. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, gəncliyini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 67.1ci maddəsinin tələbi nəzəroə alınmaqla həmin Məcəllənin 228.5-ci maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, üzərində "Brownıng" yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 101 mm, orta hissədə eni 28 mm, qalınlığı 3,87 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağı və 1 (bir) ədəd kustar üsulla hazırlanmış, tiyəsinin uzunluğu 154 mm, maksimal eni 42 mm, qalınlığı 5 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının hazırki vaxtadək çəkilməmiş 10 (on) ay 29 (iyirmi doqquz) günlük hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 mart 2025-ci ildən 12 mart 2025-ci ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü üzrə Bakı Şəhər Probasiya İdarəsində xx.xx.2024-cü ildə qeydiyyatı nəzərə alınsın və onun hazırki hökm üzrə cəzanın icrası müddətinin başlanğıcı 18 avqust 2025-ci ildən hesablansın. Hazırki iş üzrə hökm qanuni qüvvəyə minənədək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş vəziflərin icrası davam etdirilsin. Təqsirləndirilən şəxs üzərinə hazırki hökm üzrə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Bakı şəhər Probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, üzərində "Brownıng" yazısı həkk olunmuş, tiyəsinin uzunluğu 101 mm, orta hissədə eni 28 mm, qalınlığı 3,87 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağı və 1 (bir) ədəd kustar üsulla hazırlanmış, tiyəsinin uzunluğu 154 mm, maksimal eni 42 mm, qalınlığı 5 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar